İstiotlu gürcü mətbəxinə səyahət


Gürcüstan Cənubi Qafqazda yerləşən və Azərbaycanla həmsərhəd olan qonşu dövlətlərdən biridir. Paytaxtı Tbilisi şəhəridir. 2 muxtar respublikadan və 9 regiondan ibarətdir. Zəngin və qədim tarixə malik ölkənin ərazisi 60.106 km2, əhalisi isə təqribən 4.5 milyon nəfərdir. Gürcüstan dünyada xristianlığı qəbul edən 2-ci dövlət kimi tanınır. İqlimi isə bölgələrə əsasən dəyişkəndir. Əsasən payız və qış aylarında yağışlar qərbdən şərqə getdikcə azalır.

Ölkənin şərq hissəsində yerləşən, paytaxt Tbilisi şəhəri Qafqazın mühüm sənaye və elm mərkəzi hesab olunur. Tbilisi adının gürcü dilindən hərfi mənası “isti su” anlamına gəlir. Tarixi mənbələrə görə şəhər eramızın V əsrində sərkərdə Vaxtanq Qorqassali tərəfindən yaradılıb. Şəhər 8 rayona bölünür.

Mətbəxi
Gürcü mətbəxi kulinariyada özünəməxsus yer tutur. Qomi, lobio, xarço, çaxoxbili kimi yeməklər isə mətbəxin ən ləziz nümunələridir. Müasir gürcü mətbəxində ət yeməklərinə də yer verilir. Qoyun ətindən çanaxi, mal ətindən xarço, toyuq ətindən hazırlanan çaxoxbili kimi dadlı ət yeməkləri əcnəbi və yerli əhali tərəfindən çox sevilir. Balıqdan hazırlanan yeməklər isə əsasən Gürcüstanın rayonlarında hazırlanır. Ləziz yeməklər siyahısına tərəvəz yeməkləri də daxildir. Onların əksəriyyəti paxla, badımcan, gül kələmi, şəkər çuğunduru və pomidordan hazırlanır və az kaloriyə malik olur. Gürcü yeməklərinin daha da ətirli olması və dada gəlməsi üçün sarımsaq, sirkə, qırmızı istiot, nar, zirinc və s. kimi əlavələr qatılır.

Gürcü süfrəsi xüsusi adət-ənənələrlə baş tutur. Yemək süfrəsini yumor hissinə malik tamada idarə edir. Əgər qonaqlar çox olarsa o hətta özünə “tolumbaşı” adlanan köməkçi də təyin edir. Tamada yemək ərzində gözəl və biri-birindən maraqlı əhvalatlar danışır ki, bu da qonaqlara xoş əhval-ruhiyyə bəxş edir. Adətə görə tamada danışarkən onun sözünü kəsmək ədəbsizlikdir. Beləcə gürcü qonaqlığı ancaq deyib-gülmək, şənlənmək və musiqi sədaları altında keçir.


Dəvət olunmuş qonağa hər şeydən əvvəl xaçapurini, daha sonra isə digər təamları dadmağı təklif edirlər. Balaca çay balığı, toyuqdan hazırlanmış hər hansı bir yemək bu siyahıya aid edilə bilər. Onu da qeyd etmək olar ki, bu yeməklər hər evdə, zövqə görə müxtəlif reseptlərlə hazırlanır.

Bir sözlə gürcü süfrəsində siz biri-birindən dadlı yeməklər, insaların xoş və isti münasibətini görəcəksiniz.

formaggio.az 

loading...
 

0 şərh