Yazıq Abituriyent

Ah Abituriyent! Abituriyent! Çoxları bu adı daşımağa məcbur olurlar. Bu adı daşımağa məhkumdurlar. Neyləsinlər? Əlacları nədi? Getməsələr evdə günləri qara olacaq, valideyn tənqidinə, ailə və ictimai qınağa düçar olacaq. Ən yaxşısı elə YVG eləyəsən. Abituriyentlərin bir çoxu bir — birinə elə bunu məsləhət bilirlər- Yola Ver Getsin. Özünü oxumuş kimi göstər — bəsindir. Mama otağa girdi ciddi sifət al, guya dərin düşüncəyə qərq olubsan, sonra özünü məşğul apar guya bir misalın üstündə iki saatdı baş sındırırsan, riyaziyyatın atasısan, müəllimin sənin yanında söz deməyə çəkinir ki, birdən səhv tutarsan onda, bağ belə, bostan belə. Elə ki, gördün mamanın başını yastığa qoydun dayy səni bir müddət narahat eləyən olmayacaq. Kef elə də facebookda. Ən krutoy statusları yaz ki yazasan, like gəlsin. Yoxsa neynirsən açıq sualları, 5 dənə guya yazsan nolacaq, yazmasan nolacaq, lap 10 -nu olsun alim olan deyilsən ki? Camaat ödənişlidə oxuyur, bəyəm pulları azalır? İndiki zamanda əsas puldu. Oxumaq nədi eee? Havayı vaxt itirmək!!! Görürəm də oxuyanları. Məncə «savadlı» və «savadsız» sözlərini artıq arxaizm hesab etmək lazımdı, voobşe mənə görə lüğətdən də çıxarmaq olar. Kimə lazımdı? Əşi, indi oxumaq ancaq müəllimlərə lazımdı və başqa heç kimə. Yazıqlar ömürlərinin sonuna kimi elə hey oxuyur, imtahan verirlər ən az maaş da alan onlardır. Adamı gülmək tutur. İndi repetitorluqla məşğuldurlar, day neyləsinlər çörəkləri ondan çıxır, azca axsasalar kim gələcək onların yanına? Yenə hər uşaqdan 60-70 manat cib xərci edirlər də. Bu Azərbaycan dili və ədəbiyyat fənnini qəbulda ayırmaq lap onlara əl verdi. Bunu fikirləşənin atasına rəhmət. Yoxsa dil müəllimlərini lap  pis çıxmasın lom yerinə qoymuşdular iki fənnə eyni qiymət. Elə şey olar? Camaat fizikadan, nə bilim kimyadan bir fənnə eyni pul alır, bu həm Azərbaycan dili keçir, həm ədəbiyyat, iki fənnə eyni qiymət. İnsafsızlıqdı. Belə də ki, indi ədalət öz yerini tutdu. Müəllimləri demirəm bizi- abituriyentləri deyirəm, lazım idi hələ bir ədəbiyyat oxumaq? Lap ağın çıxarıblar. Az qala desinlər gedin fransa, italiya ədəbiyyatını da oxuyun. Onlar Azərbaycan ədəbiyyatını bilirlər, mən də onların ədəbiyyatını öyrənim? Yaxşı ki, Eurovision -2012 oldu. Yoxsa hardan biləcəkdilər ki, Bakı Azərbaycanın paytaxtıdır, Xəzərin sahilində yerləşir. 

«Oxumaq, oxumaq, yenə də oxumaq!» deyəsən bunu rəhmətlik Lenin baba demişdi, mamadan eşitmişəm. Amma mama bunu səhv anlayır. Lenin bildiyimə görə çox uzaqgörən adam idi. Kişi bilirdi ki, vaxt gələcək Şou- biznes deyilən bir termin yaranacaq və bu cəmiyyətdə tüğyan edəcək. Kim oxusa onun pulu, evi, maşını olacaq. Kim iki dəfə oxusa iki maşını, iki dəfə çox pulu olacaq. Kim onun dediyi kimi 3 dəfə oxusa, axı deyib də " oxumaq, oxumaq yenə də oxumaq" lap kef eləyəcək. Özü üçün gedəcək Bodruma, Londona, nə bilim canım sizə desin Misirə piramidalarda şəkil çəkdirəcək, «Versace», «Dolce gabbana»dan geyinəcək elə bir ayaqqabısı «roberto botticelli» olsa bəh bəh bəh. Yox,  kişi uzaqgörən olmağına söz ola bilməz, indi camaatdı da qazançanı tapança eşidir onun bir günahı yoxdu.

Guya ki, Universiteti fərqlənmə ilə bitirdin noldu, bitirmədin noldu? Biri var ali təhsillidi. Elə ağız dolusu «Mən ali təhsilliyəm» -deyir ki! adama deyərlər hanı diplomların? Deyəcək şkafdadı, hələ bir lovğa — lovğa gedib gətirəcək də, Allah ətivi töksün. Bir für görüm, diplomların tozundan göz — gözü görmür, otağı bir toz- duman bürüsün ki. Kimə lazımdı? Çoxusu şöhrətə oxuyur. Bilmirəm guya? Yox, yox deməklərinə baxma, rus demiş «в глубине души» ( ürəklərinin dərinliklərində, əlçatmaz yerində) yaxşı bilir ağ ağdı, qara qaradı. Oxumaq boş şeydi. Mahnı oxumağa demirəm haa. Kitab oxumağı nəzərdə tuturam. Bir çoxları bilməz (bu sözdə arxaikləşmə gedir ondan), qoy izah edim. Kitab — üzərində hər hansı bir mətn olan vərəqlərin bir araya gətirilərək tikilib cilidlənmiş, indiki zamanda bəzən surəti çıxarılmış,  yəni kserokopiya edilmiş nəşriyyat növüdür. Deyəsən qəliz oldu. Nə isə elə vacib bir şey deyil dəqiq bilməsəniz də olar. Canı sağ olsun internetin, saytların. Necə də bu sözləri sevirəm, qulağa xoş gəlir, sevirəm də bu neologizmləri. Heyf deyil yenilikləşmə, müasirləşmə, avropalaşma. Hər axşam atamla (uşaqlıqdan bizi məcbur edib ki, ata deyək, papa deyə çağıranda cavab vermirdi, indi day öyrəşdik ata deyirik. Hələ də bu yaşıma çatdım, anlaya bilmədim fərqi nədi ee, papa ya ata? Hər nəsə, ixtiyar sahibidi deyir ata demək ata. Oyan -buyan eləsək yenə də ata) mübahisə edirəm, düzdü ağzım nədi, duram fikrimin üstündə amma YVG eliyirəm, başqa yol qoyub ki? Onun bir yolluq fikri budur ki, «müəllim yanına getdi var, döndü yoxdu». Deyir :" Bala var dövlətini əlindən alarlar, başındakı biliyi ala bilməzlər" Offf bu sovetski atalar sözləri, qınamıram ee, amma indiki zəmanədə başındakını da alarlar, lap o tərəfə keçərlər. Mənə lazımdı!!? İndi bacarıqlıların zəmanəsidi. Biri var, öndə gedən Universitetlərdən birini bitirib, CV verəndə Mühafizə işinə verir. Day diplomunu gizlət, bilən olmasın ki, əlində o boyda kağızın var. Gül kimi feyzdə keçirməli vaxtını durub nəyə xərcləmisən, sonra da daxil oldun ali təhsil ocağına. Qohum -əqrəba təbrikə gəldi ki, ay bala nənələr demiş «məktəb oldun». Lap doluyublar adamı, demirlər ki,  əsas boy buxundu, onu da Allah versin, ya da uşaqlıqda mama çoxlu yerkökü, balıq, qatıqdan, pendirdən versin ki, kalsiumun çox olsun, verəsən boya olasan şkaf, get işdə, kef elə. Heyif deyil mühafizəçilik? Gecə smende ya xorulda, başıvı at yat, ya da facebookda, internetin küçələrində veyillən özün üçün. Ayın axırı 300-500 manatıvı qoy cibinə, dünya sənin olsun. Düzdü o pula ilə saxlamaq olmur, heçnə olmaz, sənə kim deyir ee get evlen. Bir gözde 30-zu keç, ondan sonra ya Allah Kərim. Ən sevdiyim sözlərdən biri «baxarıq».

 Bircə onu bilirəm ki, qonşumuzda biri var, qızı sözünə baxmayanda qarğıyır ki, " Görüm səni müəllim olasan". Müasir folklordu da. Yəni min zillətlə oxuyub diplom alasan, sonra işə düzələ bilməyəsən, əziyyətin yerdə qalsın. Ya da ikinci variant — gedib işə düzəlmək üçün yenə imtahan verəsən, bal yığsan da qıraqda qalasan yana- yana. Tarix müəllimi də olsan, ingilis dili də fərq etməz bilmirsənsə yarısının yarısının yarısının 3 misli 24 olub onun üstünə də 8 gəlib cavabı 45 dir, day sənin tarix müəllimi kimi Səfəvilərin 18 əsrdə necə böyük xanlıq qurduğundan danışmağa haqqın yoxdu, nə də day demə ki, mən Azərbaycan dili və Ədəbiyyat müəllimiyəm, bəs gəlin sizə öyrədim Hüseyn əfəndinin 6 pərdəli şah əsəri olan "İblis" faciəsi 1909 -cu ildə səhnələşdirilib. 

Ehh, deməklə bitməz, Allah valideynlərimizin canın sağ eləsin qoymurlar zövq -səfa içində dolanaq, biz sizdən nə istəyirik? -İki göz ,bir əyri monitor, bir də ayda  düz 20 manat pul ki, internet çəkək. Bundan yaxşı övlad? " Sənin evini internet yıxacaq!"- deyrsiz — hansı evi? Tikməyə vaxt olub ki, yıxsın, siz Allah, qoyun oturaq oturduğumuz yerde. O da düzələcək. Cəlil demiş vallahi, billahi, tallahi yaxşı olar, hər zamanın bir dəbi var, bizim zamanın dəbi facebookdu, likedı. Guya atamın, ya anamın zamanında internet  olsaydı, onların facebookda, ya odnoklassnikdə, vkontaktedə profili olmayacaqdı, müəllim yanına gedib, super oxuyacaqdılar. Deməyə nə var, inanan daşa dönsün. Qınamayın məni, zəmanə oğluyam, onlar da öz zamanlarının. Neylək bizimki də belə gəlib.  

 

Müəllif: Zeynalova V.M

 26 avqust 2012

 

loading...
 

9 şərh

_BUMERANQ_
Acı da olsa bütün bunlar reallıqdı.

Müəllimlərin maaşı, şagirdlərin dərsə, məktəbə münsibəti, müəllimlər üçün nəzərdə tutulmuş vakant yerlər, ümumilikdə təhsilimizin vəziyyəti acınacaqlıdı.

Əvvəllər xaricə üz tutan ziyalılarımızı qınayırdım, amma indi onlara qəti şəkildə haqq qazandırıram.
SHATENKA407
nə yalan deyim sonuna qədər oxudum..maraqdanmı,yoxsa aktual mövzu olduğundanmı,bilmirəm..amma bir çox yazılanla  razı deyiləm..bizim ailədə kimsə məni məcbur etməmişdi universitetə hazırlaşmağa...özüm məcbur etdim ki məni hazırlığa qoysunlar..məlum məsələdir məktəblərdə verilən təhsillə biz `çörək tapmarıq`.oxudum da,universitetə də daxil oldum şükür Allaha… qaldı ki diplom məsələsinə, diplom olmasada savad hər bir insana lazımdır..dahi Nizami Gəncəvi yaxşı demişdir ki:`Qüvvət elmdədir,başqa cür heç kəs,heç kəsə üstünlük eyləyə bilməz`. Təbii ki bu fikir indiki zəmanədə pulla`oxuyub` diplom alanlara şamil edilmir…
ayxansevda
burda yazılanlar satirik plandadı felyeton demək olar buna mənə görə oxumaq lazımdı qiymət verən olsa da olmasa da savad lazımdı lakin müasir gənclərin bir çoxu yuxarıdakı kimi düşünür onları qınmaq da olmur zaman belə yetişdirib lakin bu onlara haqq qazandırmaz təhsil başqa şeydi vacibdi
kulturoloq
 Reallıqdır. Öyrənmək istərdim  bloq niyə «346 saylı marşrut» adlanır?!
ayxansevda
düzü mənə də maraqlıdır
Medikamentoz
Yazı səliqəsiz,ancaq məntiqli yazıdır.Satirik etiraflar düzgün seçilib.Bəyənilsin.
ayxansevda
səliqəsiz deyəndə nəyi nəzərdə tutursunuz izah etsəniz anlamadım
Medikamentoz
Formanı səliqəsiz hesab etdim,ciddi xbir xəta deyil.Zamanla oturuşacaq.Daha da həssas olacaqsınız.Amma əlinizə sağlıq,həqiqətən də qəşəng yazıdır.
error
YVG-yola ver getsin. ilk defedir esidirem :D