Gecə avtobusu

İşdən gec çıxanda havaya baxıram, xoşdursa, əlimi belimdə çarpazlayıb yolun qırağı ilə Yasamala doğru üz tuturam, küləklidirsə, acıdırsa, yaxınlıqdakı gecə avtobusukörpünün sonundakı beton dirəyin arxasına daldalanıb 94 nömrəli avtobusu gözləyirəm. Yolum çox uzaq olmasa da, bəzən elə olur ki, səhər mindiyim avtobusla da axşam geri dönürəm. Avtobusları bir-birindən ayırd edə bilməsəm də, sürücülərin sifəti yadımda qalır. Nədənsə mənə elə gəlir ki, avtobuslar səhər bir cür olurlar, axşam başqa cür. Bəlkə də, bu duyğunun avtobuslarla hər hansı əlaqəsi yoxdur, sərnişinlərin ovqatı ilə bağlıdır.  Səhər sərnişinlər həyəcanlı olurlar, əsəbi olurlar, ucadan danışırlar, axşamsa sakit, həlim, yorğun. Sanki adamlar səhər evdən uşaq şıltaqlığı ilə çıxıb axşam qoca müdrikliyi ilə geri dönürlər, bir gündə bir ömür yaşayırlar.

 Səhərlər təxminən eyni mənzərələr diqqətimi çəkir. İki nəfər yanaşı oturub, bəlkə, heç dönüb bir-birinin üzünə də baxmayıblar, hərəsinin də qulağında bir telefon, kiminləsə telefonla danışırlar. Ümumiyyətlə, yol gedərkən telefonla danışmaq geniş yayılıb, xoşumuza gəlir, xüsusilə də, avtobusda. Bilimirəm yol boyu öz başını qatmaq üçündür, başqallarına göstəriş üçündür, ya həqiqətən də, o zəngə ehtiyac var…

 Sürücünün arxasındakı yerdə oturmuş təxminən 55-60 yaşlı kişi telefonda bayaqdan bəri kiməsə tapşırıqlar verir, bazara gedib nəyisə almağı, dünən aldığını da geri qaytarmağı tapşırır. Görünür ustadır, kiminsə evini təmir edir və köməkçisinə tapşırır ki, o gələnə qədər hazırlıq işlərini tamamlasın. Kimsə telefonda kiməsə torpaq sənədlərini düzlətməyin yollarını öyrədir. Yanında oturanın üzünə baxmayan, salam verib salam almayanlar telefonda kiminsə canına dayanmadan dua oxuyurlar.
 

 avtobusda telefon mədəniyyətiBu mobil telefon çıxandan bəri daha sirr deyilən bir şey qalmayıb. İctimai yerlərdə səsini başına atıb danışanlar səni hər cür məlumatlarla təmin edirlər. Danışmaq, eşitmək istəmədiyin məsələləri danışırlar, sən də məcburi qaydada eşidirsən və ürəyin sıxılır.

 Gecə avtobusları qoca kişilərə oxşayır, bənizi solğun, hərəkəti ağır. Salona girirsən, tavanın solğun işığında adamların bənizi də solğun görünür. Sürücü ilə köməkçisindən başqa kimsənin səsini eşitmirsən, onlar da gün boyu qazandıqlarını üzü yuxarı sıralanıb gedən xozeyinlər arasında bölüb evə aparacaqları məbləği ortaya çıxarırlar. Axırıncı reys sürücü üçün istirahətin, rahatlığın astanasıdır. Bir azdan özünü yatağına atıb adam balası kimi dincələcək, hələliksə, bu gün “neçəyə işlədiyini” öyrənir.
 

Gecə avtobusunun sərnişinləri sanki daha səmimi olurlar, camaatın şirin-şirin yatdığı bu saatda hələ yollarda olmaları elə bil yaxınlaşdırır, doğmalaşdırır onları. Onlar kömür çıxarmaq üçün eyni liftdə yerin tərkinə enən şaxtaçılara bənzəyirlər.

 Bu “94”ün bir başını yeni açılmış yarmarkalara qədər uzadıblar, o biri başı da 8-ci kilometr adlanan yerdən keçib gedir, camaat 8-ci kilometrə hələ də sovet dövründəki kimi “vasmoy” deyir. Bu məsələdə mən çoxları kimi narahat olmuram, ha 8-ci kilometr demiş, ha vasmoy demiş, nə fərqi var axı, əsas odur ki, camaatın dilinə rahat yatır.

 Əslində bu cür əhəmiyyətsiz məsələlər bizlərdə ucuz qəhrəmanlıq vasitəsidir. Ağzı köpüklənə-köpüklənə, qızara-qızara elə danışırlar ki, deyirsən bəs millətin bütün dərd-səri elə vasmoyu 8-ci kilometr eləmək imiş. Amma bu son illərdə vasmoy elə dəyişdi ki, indi onun adını dəyişib “toyxana məhləsi”, ya da bənzəri bir ad qoysalar, yaxşı olar. Şəhərin ən bahalı, ən mötəbər şadlıq evləri, restoranları burada yerləşir. Kasıblar da varlılarla bəhsə düşüb övladlarının toyunu oradakı “pristijni” yerlərdən birində keçirmək istəyirlər.

 Bizim bu əziz-xələf, alternativi olmayan “94” də o məhəllənin yaxınlığından keçdiyi üçün işdən gec çıxıb evə gedəndə salonda “toy” iyi verən adamlara tez-tez rast gəlirəm. Bəziləri şəhərin o başından bu başına qədər yol gəldiyi üçün avtobusa minən kimi oturmağa bir yer tapıb rahatlanır, sonra da əməlli-başlı yatır. Mümkün qədər uzaq durmağa şalışıram ki, ən müxtəlif qoxuların qarışığından hasil olan üfunətdən başım çatlamasın. İki addım arxaya çəkilirəm, həə, burda vəziyyət o qədər də pis deyil. 

 Lap arxa oturacaqda oturmuş orta yaşlı iki adam bu gün də tamamlaya bilmədikləri iş haqqında astadan danışırlar. Deyəsən, pullarını xozeyinin kəsəcəyindən qorxurlar.

 Bayaqdan gözlərini çöldəki qaranlığa zilləyən gəncin sifəti pəncərə şüşəsində açıq-aydın görünür. Bəlkə də, heç çölə baxmır, güzgüdə öz sifətinə baxır.

 İki nəfərlik yerdə tək oturmuş qız təlaşlıdır, dayanmadan zəng edib qardaşınımı, yoldaşınımı, kimisə çağırır ki, onu dayanacaqda qarşılasın.

 Onun qarşısında əyləşmiş kişi ilə qadın ər-arvada oxşayırlar. Özü də yaman pərt görünürlər, yol boyu dodaq tərpədib kəlmə kəsməyiblər, elə bil elçilikdən əliboş dönürlər.

 Avtobus mənim düşəcəyim dayanacağa çatıb dayanır və iyirmi qəpiyi köməkçinin ovcuna qoyub pillələrlə aşağı enirəm. Saymışam, özü də bir neçə dəfə, buradan evimizə qədər üç yüz on beş- üç yüz iyirmi addımlıq yolum var. Ya Allah!

 

3 şərh

error
cox maraqli yazi idi :)
Kenan_Elxanoglu
Əla bədii təsvir qabiliyyətiniz var, özümü lap «94»  nömrəli avtobusda sizinlə birlikdə gedirmiş kimi hiss elədim… Əhsən..
 
Ferbara
Mən də oxudum. Yaxşı yazıb Əli Çərkəzoğlu. :)