Qaşı tatulu, dodağı qalın – bizim qadın

Heç yerdə qadınlar bizimkilər kimi dodaq şişirtməyə meylli deyillər. Harda üzü-gözü əyilmiş qadın görsən, dərhal bizimki olduğunu bilirsən. Azərbaycan qadını artıq sifətindəki deformasiya ilə tanınır.

Bir neçə il öncə Türkiyəyə müayinəyə gedirdim. Gözləmə zalında oturmuşdum. Birdən tanımadığım bir xanım üstümə cumdu. Sevincək “Aysell, nə yaxşı gördüm səni, gör nə vaxtdı görüşmürük” dedi. İstanbula uçursan? Əla oldu, mən də tək darıxırdım bayaqdan”. Xanıma key-key baxdım, kim olduğunu heç cür xatırlaya bilmədim. Özü də hiss etdi. “Tanımadın? Filankəsəm də, nə qədər görüşmüşük”.

Bu yerdə məni elə bil silkələdilər. Haqlıydı, dediyi qızla əvvəllər tez-tez görüşmüşdük, ortaq tanışlarımız vardı. Bu o idimi? Ağzım rəsmən açıla qaldı. İnanılmazzz idi… Qızı tanımaq olmurdu. Dodaqları üzünün yarısını örtürdü, tatuaj qaşları alnının ortasından qulağınacan uzanırdı. Elə pis görünürdü, açıq deyim, onunla yanaşı olmaqdan utanırdım. Uçaqda yerini dəyişdirib mənlə oturdu. Söhbətcil, şən qız idi. Danışırdı. Birdən sözünü yarıda kəsib üzüntüylə dedi: “Aysel, mənə elə baxırsan, elə bil dinozavram”. Özümü itirdim. O an ayıldım ki, doğrudan da bayaqdan gözüm qalıb qızın ağzında, mat-mat dikilib qalmışam. Məndə günah yoxdu, inanın, qız heç özünə oxşamırdı, heyrətimi gizlədə bilmirdim. Dinozavra oxşamasa da, dikburun Birma meymununu yadıma salırdı. Bu meymunlar balaca, dik, dəlikləri görünən burunları və iri, ətli dodaqları ilə seçilirlər.

Göydən su töküləndə bu şirin meymunlar üzə çıxıb budaqlarda oturur, başlarını əlləri ilə gizlədirlər. Onlar 2010-cu ildə Birmanın, indiki Myanmanın yağışlı, nəm meşələrində tapılıblar. Təxminən bizim qadınlar dodaqlarını şişirtməyə başlayan vaxtlarda. Şəklini tapıb yazıya yerləşdirəcəm. Bənzərliyi özünüz görəcəksiz. Başlarının kənarlarındakı tükü təmizləsən, elə də böyük fərq olmaz. Təmizləməsən, bizim silikon dodaq qadınların kürklü versiyasına oxşayar.



Bu tutuşdurmayla nə heyvanı, nə qadını aşağılamaq kimi pis fikrim var. Sadəcə əminəm ki, Birma meymunu Birma meymununa, insan da insana oxşamalıdı. Müəyyən yaşdan sonra qadının cavan görünmək cəhdləri kimi hansısa estetik əlavə etməsini anlamaq olar, ancaq gənc qadının özünü elə zorlamasını başa düşmək böyük anlayış fədakarlığı istəyir. Bir də mənə elə gəlir ki, kişilərin də rolu az deyil. Onlar qadına süni dodağın gözəl görünmədiyini, təbiiliyin çəkici olduğunu hiss etdirsələr, mənzərə dəyişər. Bütün dünya “estetoloqları” yığışıb məni inandırmağa çalışa bilməz ki, bu, gözəllikdi. Kosmetikadan aşırı istifadə belə doğru sayılmır, o ki qala kosmetik müdaxilə. Təbii üz tapmaq çox çətin olub. Qadınların sifəti bir-birinə oxşayır, üzlərdə özəllik qalmayıb. Gerçəkdən də indi yalnız özünü xatırladan qadın görəndə gözlərimiz dincəlir. Təsəvvür etməzsiz, üzü dartılmış, dodağı şişirdilmiş, burnu yonulmuş qadınla söhbət edəndə necə gərgin oluram. Ona inanmıram. Sadəcə inanmıram. Yapmacıq gəlir. Danışdığı, düşündüyü hər şey, özü, hətta mənimlə söhbət etməsi yalana, mövcud olmayan nəyəsə oxşayır.

Əlbəttə, işə cərrahın qarışmasına gərək olan hallar da var. Burun çox böyükdüsə, insanda ömürlük kompleks yarada bilər. O zaman əməliyyat ən doğrusudu. Amma formasını dəyişmək, üzü, burunu standartlaşdırmaq qadını cilddən çıxarır. Ən önəmlisi, estetik müdaxilə böyük bir biznesdi. O preparatlar hamısı külli miqdarda gəlir gətirir. Heç kimin də vecinə deyil, bu gerçəkdən sizə yaraşır, vacibdi, uyğundu, yoxsa yox. Hansısa klinikaya gedib burnumu kəsdirmək, dodağımı şişirtmək, üzümə botoks etdirmək, məməmi böyütmək istəyirəm desəz, kimsə sizə “yox, sizə ehtiyac yoxdu” söyləməyəcək.

Üstəlik, biləsiz, azca sümüklü burun həmişə seksuallıq sayılıb…

Aysel Əlizadə

1 şərh

Lutfu
düzdü...aktual mövzuya toxunmusuz..təşəkkür…