Ərinin onu döyməyini istəyən Azərbaycan qadını

Bu tragikomik əhvalatı yaxın dostlarımdan biri danışıb. Ailəvi dostlarından birinin evinə qonaq gediblər. Ev yiyəsi qonaqlar üçün toyuq kəsir. Amma arvad mətbəxdən həyətə, kəsilmiş toyuğa yetişənə kimi həyətdəki qoyun iti ondan cəld tərpənir. Qadın əlində iri yun çubuğu ərinə yaxınlaşır, qarşısında üzü üstə uzanır: “Vur Nizami, haqqındır”! Qadın səmimiyyətlə deyir bunu. Və ər heç nə olmamış kimi arvadın cəzasını verir…

Bu ayın əvvəlində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi maraqlı bir açıqlama vermişdi. Mərkəz ölkədə qadınlara qarşı məişət zorakılığı xüsusiyyətlərinin, səbəblərinin araşdırılması üzrə sorğunun nəticələrini elan etmişdi.

Lənkəran, Beyləqan, Füzuli və Şəmkirdə aparılan sorğuda qadınlardan hansı hallarda kişinin arvadını döyməyə ixtiyarı olub-olmaması haqqında soruşulmuşdu.

Ümumilikdə qadınların 28 faizi qeyd etdikləri (xörəyi yandıranda, əri ilə mübahisə edəndə, ərindən icazəsiz harasa gedəndə, uşaqlara nəzarət etməyəndə və cinsi əlaqədən imtina edəndə) hallara görə kötək yemələrinə haqq qazandırıb.

Ancaq niyə bu baş verir, qadınların şiddətə haqq qazandırmasının səbəbləri nədən, hansı amillərdən qaynaqlanır? Sorğunun nəticələri ilə bağlı bir neçə qadın haqları, psixoloqun cavabına rastladım. Verilən cavablar əsasən ümumi, natamamdır. Bu suallara cavab, detallı araşdırmalar hələ ki, ortaya qoyulmayıb.

Müstəqillik illərimizdən bu yana diqqətə layiq az araşdırmalardan biri 2002-ci ildə Açıq Cəmiyyət İnstitutunun dəstəyi ilə çəkilmiş “Yeddi oğul istərəm bircə dənə qız gəlin” (rejissor Əli İsa Cabbarov, ssenari müəllifləri Mila Fərəcullayeva, Ayişə Kərimova) sənədli filmidir. Selektiv abortların, ailələrdə qız uşağının əhəmiyyətsiz plana atılmasının səbəbləri əsasən cənub rayonlarında və Bakıda tədqiq edilib.

Cənub rayonlarından kişi sakinlərin qənaəti ümumidir: qız ailədə artıq yükdür. Yük sözü ilk növbədə mənəvi kateqoriya anlamında işlədilir, yəni onun namusunu daim çəkməlisən, davranışlarına nəzarəti əldən buraxmamalısan. Əks halda bu, ailənin kişi üzvlərinin ictimai fikir qarşısında mənəvi məsuliyyətini artırır. Onlar üçün isə bu xoşagəlməz məsuliyyətdir. Onların dilindəki “yük” sözü eyni zamanda iqtisadi məna daşıyır. Yəni qızın özünü dolandıra, öz qayğısına qala bilməməsi ata, qardaş üçün əlavə yükdür. Qızlara işləmək fürsətini isə ona görə vermirlər ki, o ev işləri, uşaq tərbiyə etmək üçün yaranıb. Onun başqa yaşam modeli ola bilməz. Hərçənd, filmdə çox maraqlı, ziddiyyəti ifadə edən kadr var. Çayxanada laqqırtı vuran, qadınların işə yararsızlığını, əlavə yük olduğunu vurğulayan kişilərin fonunda əli yabalı qadınlar tarlaya, əkinə-biçinə tələsir.

Bununla belə qadının əməyə, ailəyə yararsızlığı düşüncəsi əsasən bölgələrdə hakimdir. İqtisadi, özəl azadlığın, fürsətlərin olmaması onlar üçün fərqli həyat tərzi seçimlərini heçə endirir.

Seçim, fürsət yoxluğu qadınların ailədə arzuolunmaz, lazımsız şəxs statusunda olmaq qorxusunu gücləndirərək şiddətə dözməyə məcbur edir.

Bir tərəfdən də uzun illər kişilərin qadınlar üçün düzüb quraşdırdığı mənəviyyat konstitusiyası (ailədəki rolu, öhdəliyi, davranışı, daşıdığı əxlaqi məsuliyyət və s.) qadını kişinin “ailənin tanrısı” düşüncəsinə səmimi şəkildə inandırıb.

Filmdə qızın ikinci planda olması “oğul evin dirəyidir, arxasıdır” fikriylə qüvvətləndirilir. Gəlinini pirə aparan qadın isə dua edir: “Ona oğul çörəyi, zəhməti qismət elə, çünki oğul evin bərəkətidir”. Çox güman ki, oğlanın arxa, dirək, bərəkətlə simvolizə edilməsi insanların cəmiyyətdə oturuşmuş məişət, sosial güvənsizliyindən, özəl mülkiyyətin hər an itirilməsi qorxusundan doğur. Və onlar oğlan uşağını bir növ güc mənbəyi – evin, özəl mülkiyyətin qoruyucusu kimi görürlər. Bu səbəbdən qız gücsüzlük-sonsuzluq mənası daşıyır. 

Sevda Sultanova
 

0 şərh