Serialomaniya

-   Alo, nətərisən, ay Nəzakət, evdə-eşikdə nə var nə yox? Balalar necədi? Əsas balalardı.
-   Ağəz, çox sağ ol, sən soruşandan bəri yaxşıyıq. Sizdə nə var nə yox? Kişi neyləyir?
-   Əşi, kişidi dəə, sabah çıxır, axşam qayıdır, neynəsin yazıq? Bir tikə çörək dalınca qaçır, türklər demiş, əkmək qazanır. Bura bax, iki gündü işıqlarımız sönüb, o seriallara baxa bilməmişəm, Çakırın axırı necə oldu, öldürdülər onu?
-   Yox, ağəz, ağzını xeyirliyə aç, Çakıra noolub, hələ ki qıra-qıra gedir. Bir balaca Poladnan araları dəyib. Polad Cananı sevir axı, deyəsən. Çakırın da ona gözü düşüb.
-   Sən Ətağa, ağəz, mən heç Çakırdan belə şey gözləməzdim. Yaxşı deyir belə… Bəs Polad duyuq düşübmü?
-   Deyəsən, bir az duyuq düşüb, indi onu izlətdirir, görək axırı necə olacaq? Şəxsən mən istəyirəm, o qız Çakıra qismət olsun. Çakır oğuldu ee, amma qız da yaxşıdı ha!..

-   Gör ee, köpəyuşağı işığı vermədilər, gör nələri görə bilməmişəm. Bəs Mimati nə deyir bu işlərə?
-   Mimati nə deyəcək? Onun özünün gözü Maraldadı. Qıza bir iri qaşlı brilyant üzük bağışladı, gəl görəsən.
-   Gör ee, necə baxa bilməmişəm. Ancaq Abdullanı öldürməkdə düz elədi haa Çakır. Köpəyoğlu gedib Poladı hökumətə satırdı. Belə dee… Demək, bu gün lap müsibət olacaq haa. Qırğın olacaq. O gün baxıram, bilirsən, nə qədər ağlamışam? Bir də onda ayıldım ki, qazan yanıb, toyuq olub qapqara kül.
-   Hələ məni demirsən, ütünü qoymuşam kişinin şalvarının üstündə, Hadinin qışqırığına yüyürdüm. Gəldim gördüm ki, Hadi ərindən ayrılır. Dava-qırğın gedir. Hadinin qızı atasını qucaqlayıb ki, ata, öldürmə anamı. Özümün o köhnə hadisəm yadıma düşdü.
-   Ağəz, bunların da işi lap müsibətdir ee… İki qardaş bir qızı sevir. Qız da qalıb ortalıqda, neyləsin ee? Qız hər ikisini sevir axı. Belə bir çıxılmaz vəziyyət yaranıb. Sən olsan, neyləyərsən? Doğrudan, neyləyərsən, tutaq ki, hər ikisi səni sevir, sən də hər ikisini sevirsən, neyləyərsən?
-   Nə bilim ee, Allaha canım qurban, qismətdən artığını yemək olmaz. Bıyy ağız, muştuluğumu ver, o biri serialda Lukasnan Roberto doğma qardaş çıxdılar axı! Özü də əkiz!
-   Sən Allah, bıy, Allah səni sevindirsin. Mən elə bil hiss eləmişdim ee bunu. Onlar bir-birinə çox oxşayırdılar axı. Nə yaxşı oldu, ağəz, bu!
-   Bilirsən, necə olub? Sən demə, doğum evində bunlar doğulanda anası hafizəsini kayb eləyib. Həkimlər də bundan istifadə eləyib, uşağın birini satıblar varlı bir kişiyə.
-   Gör həyatda nələr olur ee. Belə şeyləri görəndə fikirləşirsən ki, görəsən, bizim uşaqları da o doğum evində çırpışdırmayıblar ki? Sən məni lap sevindirdin ee. Bəs nədən bildilər ki, onlar qardaşdı?
Qurdlar Vadisi
-   Açdılar, baxdılar məhkəmədə. İkisinin də düz köbəyinin qırağında bu boydana qara xal! Anası cumdu, duz kimi yaladı oğlunu. Daha o qədər ağlamışam, o qədər ağlamışam, Samış deyir, ana, bəsdi dəə, qoy kinomuza baxaq. Deyirəm, a qızım, sən hələ belə şeyləri başa düşməzsən.
-   Bəs o Mahsun Kırmızıgüldən nə xəbər var?
-   Onu düşmən tayfanın uşaqları zəhərləmək istəyir. O gün qışqırmışam ki, ay Mahsun, ehtiyatlı ol,  a bala. Kimə deyirsən? Belə boylu-buxunlu oğlan…
-   O arvad kimlərdəndi, gəlib həkimə deyir ey, uşaq əlli qəpiyi udub?
-       Ay qız, o reklamdı ee, sən lap aləmi qarışdırmısan…

Müəllif: Murad Köhnəqala
Həmçinin bax:
Seriallar haqqında
Serialların həyatda rolu
 

6 şərh

Nonsense
Nənəm: «Ay bala gözün açığ olsun orda-burda, indi dünyanın işini bilməy olmur, bajı bajının başına min oyun açır. Bax, o bədbaxt Zaranı görürsən, o nağayırmışdı ki, kopaqqızı Zinət ona o qədər zulum elədi, ya da elə yadında olmamış olmaz, Laura Vikinin başına azmı oyunlar aşdı, o gədənin adı nəydi… həəə… Xulyodan ötrü...»
Cavid
Həqiqətə uyğun və acınacaqlıdır. Əgər türklər bu yazını görsə ən azından 100 bölümlük serial çəkə bilərlər. Bu cür insanların isə danışmağa daha çox mövzusu olar.
rdgr
illərdir  baş boğaz kəsən kurtlar vadisi  və kurtlar vadisi pusunu izləyən siz deyilsiz

onda 100 bölümlük olmur digərləri olur?

bir də bu cur insanlar hər ailədə var bilməm anlata bildimmi
bahar
Bu bir Azərbaycan reallığıdır