Şoular vasitəsilə qurulan biznes

Nə mədəniyyət işçisiyəm, nə musiqişünas. Teatr və kinodan da bir o qədər başım çıxmaz. Televiziyaşünaslıqdan da uzağam. Amma mədəniyyəti də sevirəm, musiqini də! Teatr və kinomuzun hazırkı vəziyyəti ürəyimi ağrıdır. Xalqımı, milli-mənəvi dəyərlərimizi, ölkəmizin gələcəyi sayılan gəncləri çox istəyirəm. Millətimin imzasını daim imzalar içində görmək, mentalitetimizə sadiq qalmaq, gənclərimizi Qərb təfəkkürlü, amma Şərq əxlaqlı görmək arzusundayam. Bu qeydləri də adi Azərbaycan vətəndaşı, görüb susa bilməyən jurnalist kimi qələmə alıram!

«Palatka müğənnisi»ndən əsl sənətkar olmaz


Şou-əyləncə deməkdir. Tum satmaqdan çoxmərtəbəli binalar tikib onu reallaşdırmağa qədər isə hər şeyə biznes demək mümkündür (Kasıb itinin adını Qızıl qoyanda qiyamət qopmaz ki). Şou-biznes isə bir qədər əndirəbadi şeydir. Niyə? Çünki bu sözü hərə öz istədiyi, daha doğrusu, özünə sərf edən formada işlətməyə, yəni mənalandırmağa çalışır. Mahiyyətinə varanda isə içindən başqa şeylər çıxır. Bunu bir qədər xırdalayaq.
Sovet dönəmində bir «palatka müğənniləri» (yəni həyətlərdə qurulan çadır- mağarlarda çalınan toylarda oxuyanlar) vardı, bir də əsl sənətkarlar. Əsl sənətkarlar deyəndə isə (doğrudur, onlar da toya gedirdilər, amma hər toya və hər yerə yox) opera teatrında və filarmoniyada oxuyanlar, radio-televiziyadakı ifaçılar nəzərdə tutulurdu. «Palatka müğənniləri» pul qazanırdı, əsl sənətkarlar isə ad-san, hörmət və titul.
İqtisadi inkişaf və demokratikləşmə bu sahəyə də əl gəzdirdi. Məsələn, artıq şadlıq evləri o qədər çoxalıb ki, daha çadır qurub toy çaldırmağa (söhbət ölkə paytaxtından gedir) ehtiyac qalmayıb. Deməli, «palatka müğənniləri» adı, bir növ, arxaikləşib. İkincisi, televiziya kanalları çoxaldığından və bazar iqtisadiyyatı prinsipləri işə düşdüyündən ekranlarda görünmək xeyli asanlaşıb. Necə deyərlər, keçəl halva yeyər, puluna minnət! Ən nəhayət, bir çox keçmiş «palatka müğənniləri» də fəxri adlar alıblar. Yəni onların sənətkarlar cərgəsinə «qoşulmalarına» yol açılıb. Bəs həm onlar, həm də digərləri yaradılan fürsətdən səviyyələrini qaldırmaq üçün istifadə ediblərmi? Demək olar ki, yox! Çünki toy gəlirini əldən buraxmamaqdan ötrü "şou-biznes" adlı bir «zad» qurublar.
İndi də həmin «zad»ı xırdalayaq.

Əl əli yuyar...


Özəl televiziya kanallarında şou-proqramlara çıxa bilməyən oxuyanlar (onları necə adlandırmaqda çətinlik çəkirik) əllərinə qəzet müxbiri keçən kimi ürəklərini boşaldırlar: «Hər dəfə ekrana çıxmaq üçün filan qədər pul verməlisən (bəzən konkret rəqəm də söyləyirlər). Məndə o imkan hanı? Filankəslərin (hərdən ad da çəkirlər) yaxşı sponsoru var, pulları çoxdur. Odur ki, bütün proqramlara çağırılırlar».
Belə etiraflara inansaq, həm məsələnin mahiyyəti aydınlaşar, həm də şou-biznesin düzgün tərifini verə bilərik. Məlum olur ki, şou-biznes heç də müğənnilərin və şou-proqramların aparıcılarının biz tamaşaçıları inandırmaqdan ötrü dəridən-qabıqdan çıxdıqları kimi «toylara və ad günlərinə gedərək pul qazanmaları» deyil. Və bu terminin oxuyanlara heç dəxli də yoxdur! Elə olsaydı, lap sovet dönəmində də «palatka müğənniləri»nə "şou-biznes ustaları" deyərdilər. Əslində, bu anlayış televiziyaçılar tərəfindən yaradılıb. Əsl mənasını isə "əl əli yuyar, əl də çönüb üzü" prinsipi təşkil edir. AçmasıE Hər hansı özəl telekanalın şou-proqramına çıxmaq üçün «bozbaş-müğənni» (daha bir yeni termindən istifadə edək) müəyyən məbləğ ödəyir (Cinayət sayılmaması üçün gəlin buna «rüşvət» deməyək!). Tanınmış parodiyaçılarımız Rəfael-Coşqun duetinin ifa etdikləri bir çox səhnəciklərdə bu məsələ kifayət qədər açıq-aşkar göstərilib. Nəticədə televiziyadakılar oxuyanlar vasitəsilə özlərinə (müxtəlif cür adlandırılan) şou-proqramları vasitəsilə biznes qurublar. İkinci tərəfin «xeyrini» bildik. Bazar iqtisadiyyatı olduğu üçün birinci tərəf də (gəlin bu dəfə atılıb-düşən, soyunub — boğaz cıran adlandıraq) nə isə qazanmalıdır. Yoxsa bütün günü kanalları gəzib pul xərcləməz ki! Onların qazancı isə ucuz reklamdır. Çünki teleekranda çox görünən, verilişlərin «ulduzuna» çevrilən oxuyanlar toylara daha baha qiymətə gedirlər. Bunu dövri mətbuatda «manısların» vaxtaşırı dərc olunan toy «stavka»larını əks etdirən cədvəllər də aydın göstərir. Daha iki nüansa diqqət çəkirik. Əgər oxuyan özünü reklam hüququ ilə təbliğ elətdirsə, görün dəqiqəhesabı nə qədər pul xərcləməlidir. Odur ki, pərdəarxası sövdələşmə ona daha ucuz başa gəlir. Kanalın da gəliri olur. Məsələn, «Kim çox sevilir» devizi ilə «xoruz döyüşdürməsi»ni təşkil edib SMS dilənməklə yüz minlərlə manatlıq (heç bir telekanal bu sahədə aşkarlıq göstərmir) xeyir götürə bilir. Uduzan isə dövlətdir. Çünki hər iki halda vergidən yayınma açıq-aşkardır. Amma itirilən təkcə pul deyil. Mənəviyyatımız daha çox ziyan çəkir!

Səviyyəsizliyin və mənəviyyatsızlığın reklamı


Dostunu mənə göstər, kim olduğunu sənə deyim. Müdrik xalq kəlamıdır. Hər seçimdə biz həm də zövqümüzü, mahiyyətimizi, nəyə üstünlük verdiyimizi bəlli edirik. Konkret desək, özümüz kimi adamlarla dostluq etməyə çalışırıq. Aparıcı və qonaqlar da hər telekanalın və verilişin seçimi, həm də simasıdır. Bir məqam da var, verilişdə təkcə qaldırılan məsələlər təbliğ olunmur, eyni zamanda kamera qarşısında saatlarla görünən aparıcı reklam olunur. Reklam isə təkcə zahiri görkəmə aid deyil. Mahiyyətin, əməllərin və hərəkətlərin də reklamı gedir. Elə isə kanallardakı bir çox verilişlər, qonaqlar və aparıcılarla biz eyni zamanda səviyyəsizliyi və mənəviyyatsızlığı da təbliğ etmirikmi? Əlbəttə, edirik!
Aparıcılıq xüsusi qabiliyyət tələb edir. Bu missiyanı üzərinə götürən insan Azərbaycan dilində düzgün və təmiz danışmalı, hazırcavab və intellekt sahibi olmalı, apardığı veriliş və mövzuya dair zəngin biliyə yiyələnməlidir. Eyni zamanda, zahiri görkəmi və boy-buxunu da başqalarından müsbət mənada fərqlənməlidir. Ən nəhayət, istər qadın olsun, istərsə də kişi — geyimi, mimika və jesti belə onun azərbaycanlı olduğunu dərhal hiss etdirməlidir. Telekanalda hansısa avropalının, yaxud türk müğənnisinin aparıcılığının «surətini çıxarmağa» ehtiyac yoxdur. Onsuz da onun saxtalığı dərhal bilinir. Təəssüf ki, son vaxtlar oxuyanların veriliş aparmaları dəbə minib. Bir vaxtlar ekranda namaz qılan, sonra isə siqaret çəkən Nisə Qasımova başına gələnləri yaxşı danışa bilər. Faiq Ağayev ifaçılara əllə dirijorluq etməklə vəziyyətdən çıxar. Bu da bir neçə verilişə çatacaq. Sonra başlayacaq mənasız, məntiqsiz «dalay-dalay»lar. Röya qalmaqal doğuran söz-söhbəti, açıq-saçıq və yüngül davranışı ilə tanınmış müğənnidir. Səhnədə soyunmaqda birinciliyi əldən versə də, ilk dəfə kişi ilə ağız-ağıza öpüşən, erotik səhnədə filmə çəkilən olub. İndi onun «namus-qeyrətdən», ailə münasibətlərindən danışan verilişə aparıcı təyin edilməsi kimin ağlına gəlib?
Baba «statusu» olan Yusif Ağayevin veriliş zamanı özünə əl qatması, hətta qonağı geridə buraxaraq əcaib-qəraib hərəkətlərlə «rəqs etməsi» bayağı və gülünc deyilmi? Azərbaycanlı kişisi Faiq və Yusif Ağayevləri təkcə tez-tez saçlarını qadınlarsayağı müxtəlif formada və dəbdə rənglətmələri ilə deyil, həm də müəyyən söz-söhbətlərə (bu barədə ekran və efirdə, mətbuatda müəyyən atmacalar vaxtaşırı dolanır) görə sevmirlər. İndi onları gözə soxmaqla nə demək, nəyi təbliğ etmək istəyirlər?! "Ən məşhur prodüser" kimi Toliki ekranlara çıxararaq «mən öz oriyentasiyamı gizlətmirəm» dedirdənlərin məqsədləri nədir? Haçanacan Azərbaycan tamaşaçısı Kamran Həsənlinin səviyyəsiz şoularının iştirakçısına çevrilməlidir? Bəli, kanalı dəyişə bilərik! Amma bu verilişin ünvanlandığı teleməkandakı gənclər bizimdir. Onları niyə səhv yola salmalıyıq?
Qeybət həmişə avara arvadların peşəsi sayılıb. ATV və «Space» ("Çal-çağır" və «Maqazin» verilişləri ilə) kanalları isə bu yaramaz vərdişi teleproqram səviyyəsinə qaldıraraq vətəndaşlıq hüququ qazandırıblar. «Maqazin» verilişi «filankəs sənə bunu dedi, sənin ona cavabın» üzərində qurulub. Xoruz döyüşdürürmüş kimi «sənət dostlarını» bir-birinin üstünə qaldıraraq "şok açıqlama", «mesaj», «xəbərdarlıq» və s. və i.a. ilə süni effekt yaradırlar. Bu gün bir-birinin dalınca danışaraq asıb-kəsənlər müəyyən vaxtdan sonra ad günlərində görüşüb-öpüşür, şənlərinə tost deyirlər. Bunun bir oyun olduğunu anlamayan gənc tamaşaçı isə ikiüzlülüyü və riyakarlığı, dalca danışmağı normal hal hesab edə bilər. Dilarə Əliyevanın "Çal-çağır" (ATV) şousu isə kənd çayxanası səviyyəsinə enib. Onun «sağdış» və «soldış»ı sayılan Toppuş və Keyxanım verilişə yamaq olduqlarını gizlətmək üçün dəridən-qabıqdan çıxır, şit geyimləri, danışıq və ədaları ilə əldən-ayaqdan gedirlər. «El içində» şousunda isə (ATV) adamları bir-biri ilə vuruşdurmaq, dava-dalaş və qarşıdurma yaratmaq başlıca məqsəddir. (Təbii ki, sonda bütün bu qaba və hörmətsiz hərəkətlər aparıcı Elçin Əliyevə ünvanlanır). Heç vaxt Azərbaycan ekranı indiki qədər səviyyəsiz və əttökən olmayıb! Diqqət yetirsək görərik ki, Azərbaycanda teleekrana yüngüllüyü Yusif Ağayev, düşüklüyü Kamran Həsənli, qeybəti Dilarə Əliyeva, qarşıdurmanı Elçin Əliyev, lütlənməyi isə Aygün Kazımova və Röya gətirib. Ekrandan səslənən şok-bəyanatlara baxın:
  • Nisə Qasımova: «Azərbaycana şou-biznesi mən gətirmişəm».
  • Nüşabə Ələsgərli: «Mənim toy məktəbim var».
  • Yaxud, xalqa muştuluq xəbərləri:
  • Zülfiyyə Xanbabayeva: «Ana olacam, amma uşağın atasının adını kimsə bilməyəcək».
  • Rəqsanə: «Mən hamiləyəm, doğulacaq uşağı bic saymıram».
  • Röya: «Manana ərə getdi, biz qaldıq».
  • Problem: «Görəsən, Ayğünün həkim çıxaran iki qabırğası haradadır?» Və ya «Ayğünlə Namiq Qaraçuxurlu evlənəcəkmi?»
Cəhrə qarı demişkən, nə dərdimizə, kim-kimnən şingildəşir, kim-kimnən dingildəşir. Özəl telekanallar və bəzi qəzetlər bu biabırçılıqları «ictimai müzakirə»yə çıxarmaqla nə demək istəyirlər. Məlumatlı insanların dediyinə görə, bir «raskrutka» üçün hər oxuyan üç min manat tərləyir. Pul qazanırsan, əcəb! Bəs mənim xalqımın mənəviyyatını niyə korlayırsan? Bineyi-qədimdən bic doğan, evli kişilərlə yaşayan qadınlar el tənəsindən qaçıb gizləniblər. Ekrana çıxıb ayıbı ilə fəxr etmək təzə çıxıb? Əslində, belələrini reklam edənlər onların adlarına və əməllərinə də şərik olurlar.
 

Şou-biznesin «faydası» kimədir, ziyanı kimə


Azərbaycan tamaşaçısına xas olan bir psixoloji məqamı xatırlatmaq istəyirəm (Həm də təkcə Azərbaycan tamaşaçısına yox!). O şey ki televiziyada göstərilir, böyük əksəriyyət onu nümunə, öyrəniləsi örnək kimi qəbul edir! Xüsusən gənclər! Və yeniyetmənin belə düşünməyə haqqı çatır ki, «pis şey olsa, televiziyada göstərərək alqışlamazlar». Əgər həyata təzə-təzə göz açan oğlanlar və qızlar illər boyu zəhmətlə oxuyub, sonra işləyərək dolanmaqdansa, bütün günü geyinib-kecinib bahalı maşınlarda gəzməyin, toylarda oxuyub-oynamaqla pul qazanmağın, televiziya ekranlarında müsahibələr verib alqışlanmağın daha asan və sərfəli olması qənaətinə gəlsələr, yəqin ki, fikirlərində çox da yanılmazlar. Çünki bunun üçün onlara bircə şey lazımdır: atdanıb-düşüb oxumaq! Hətta səsin olmasa da, qorxulu deyil! Kompüterdə «düzəltdirib» fonoqramdan istifadə etmək mümkündür! Budur telekanalların təbliğ etdikləri «ideya»lar! Həyatı başa düşməyən cavanlar üçün bundan gözəl və cazibədar nə olar ki?!

Az.TV və İTV-dən başqa bütün kanallar, demək olar ki, həftənin bütün günü və gün ərzində bir neçə şou-proqramda məhz bunu reklam və təbliğ edirlər. Şou-verilişlərə baxanda adam lap məəttəl qalır. İlk baxışdan belə təsəvvür yaranır ki, oxuyanlar kanalları da, kanaldakıları da satın alıblar. Çünki hər dəvətli özünü şounun da, şoudakıların da sahibi kimi aparır. Nə istəyir edir: ağlına və ağzına gələni danışır, «aranjiman» adı ilə bəstəkar və xalq mahnılarını biabırçı günə salaraq oxuyur, soyunub-geyinir və s. Nə qabağına duran var, nə söz deyən, nə də etiraz edən! «Ev sahibi» qonaq, qonaqsa «ev sahibi» statusunda davranır. Nə qədər «Röya, Röya» demək olar? Röya səhnədə, filmdə və kinoda mənəviyyatsızlıqların bütün mümkün nümunələrini göstərdi. Di gəl, hansı özəl kanalı açırsan, oradan Röya çıxır! Çap mətbuatı onun bayağı hərəkətlərini doyunca tənqid etdikdən sonra «Lider» telekanalı yüksək səviyyədə mükafatlandırdı. Bəs kimin acığına? Yəqin ki, milli-mənəvi dəyərlərimizin! Hər kanal özünə bab kadr tapır. Aparıcı isə, şübhəsiz, kanalın simasıdır. Onda görün telekanallar hansı simadadır.
Şəxsi sponsoru olan xanım-müğənni, yaxud şadlıq saraylarını «karuselə» döndərən «kişi müğənni» telekanala «xeyir» də verər, çoxlu SMS də qazandırar. Amma görək fərdlərin qazancı cəmiyyətimizə nəyə və neçəyə başa gəlir? Kanallardakı şou-proqramların kontingentinin əksər hissəsi (bəzən isə hamısı) yeniyetmələr və gənclər olur. Aparıcının «dirijorluğu» ilə fit çalıb, hay qoparan bu yaşlılar əslində nə öyrənib gedirlər. Utanmazlıq, abırsızlıq, qeybət, dalca danışmaq, latayır söz-söhbətE Mərdlik, kişilik, vətənpərvərlik, təmizlik, vicdanlılıq təbliğ olunmur, əsl sənət nümunələri görünmür. Elədə isə daş-tərəziyə qoyaq görək qazanc çoxdur, yoxsa itki?

İki faktı xatırladaq. Bir neçə il öncə Rusiyada Azərbaycan mədəniyyəti günləri keçirilirdi. Bir-birinə fors edən müğənnilər «filankəs getsə, mən Moskvaya getməyəcəyəm» deyərək tədbirin bədii hissəsini boykot vəziyyətinə saldılar. Əlbəttə, açılış mərasimi uğurlu keçdi, mədəniyyət naziri Polad Bülbüloğlu özü mikrofonu götürüb səhnəyə çıxdı. Bu il isə daha bir dəstə çalıb-oxuyub-oynayan Xocalı soyqırımı günü İsraildə qırmızı paltar geyinib konsert verdi. Hər iki halda Azərbaycanın milli maraqlarına və beynəlxalq imicinə ləkə gətirə biləcək belə addım atanların qınanması, konsert salonlarına və telekanallara çıxmalarının məhdudlaşdırılması üçün təkliflər verildi və hamı tərəfindən bəyənildi. Amma yenə pul şirin çıxdı. Onları nəinki «məhdudlaşdırdılar», hətta şou-proqramlar vasitəsilə «tribuna» verərək özlərinə və əməllərinə «bəraət» qazandırmaq imkanı yaratdılar!
Hərdən hansısa telekanal «qara məni basınca» prinsipi ilə guya belə verilişlərə qarşı çıxır. Məsələn, ANS-in «Hesabat» proqramlarının birində Mirşahin mənəviyyatsızlığı təbliğ edən, lütlənən şou və müğənnilərdən bəziləri barədə konkret faktlarla danışdı, etirazını bildirdi. Amma, deyəsən, «xurma» məsələsi unudulmuşdu! Çünki ANS-in özündə də belə tipli şoular və aparıcılar mövcuddur. Üstəlik, bir neçə müddət sonra «tənqid olunanlar» «Xoş vaxt olun»a dəvət edilərək könülləri alındı. Biabırçı pozalarda və vəziyyətdə çəkilən şəkillərin, biabırçı müsahibələrin «Sarı» jurnalında verilməsi isə faktiki olaraq belə təbliğatın tirajın artırılmasından və telekanallardakı rüsvayçılıqların çap variantının yaradılmasından başqa bir şey deyil!

Tamaşaçı aclığı, intellekt möhtaclığı


Şou-biznes adı altında özəl telekanallarda yaranan vəziyyət Azərbaycan ziyalılarının böyük əksəriyyətini narahat edir. Bir müddət öncə görkəmli teletənqidçi Elşad Quliyevlə bu barədəki söhbətimiz yaxşı yadımdadır. Elşad müəllim uğurlarla yanaşı, nöqsan və çatışmazlıqlardan da peşəkarlıqla danışdı, bir sıra qiymətli fikirlər söylədi. Başlıca arqumentdə isə fikirlərimiz eyni idi. Bu gün Azərbaycan televiziyasındakı ən mühüm çatışmazlıq maarifçiliyə çox az diqqət yetirilməsidir. Söhbət sürətli inkişaf dövründə, informasiya əsrindəki geniş məna daşıyan maarifləndirmədən gedir. Azərbaycanda fəaliyyət göstərən bütün telekanalların informasiya proqramlarının bir-birinə bənzəməsinə (hər cür fərqləndirmə və özgünləşdirmə cəhdlərinə) baxmayaraq, tamaşaçı ehtiyacını az-çox ödəyə bilirlər. Əyləndirmə funksiyası isə şoular vasitəsilə artıqlaması ilə yerinə yetirilir. Tamaşaçının ağıllı, yığcam və zəruri bilgilər verən verilişlərə olan aclığı isə cüzi miqdarda təmin olunur. Necə deyərlər, dodağımız qaçmaqdan, dişimiz «ağarmaqdan» yorulub, beynimiz və qəlbimiz isə korluq çəkir!
Bunun bir səbəbi şou (asan, əziyyətsiz və xərcsiz başa gələn) proqramlarının xüsusi bacarıq, qabiliyyət və vəsait tələb edən verilişləri sıxışdırmasıdır. «Melodist»lərin (bəstəkarların yox ha) ağızda bəstələdiklərini (onların bir çoxu not bilmir) oxumağa nə var ki? Amma bu çal-çağır Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Arif Məlikovun, Tofiq Quliyevin və başqalarının əsərlərinin təbliğində, deməli, həm də yaşadılmasında əngələ çevrilib. Azərbaycan simfonik musiqisi olan Şərq xalqıdır. Nə vaxtadək biz korifeylərimizin dünyada məşhur əsərlərini yalnız matəm günlərində dinləyəcəyik?! Axı müasir Azərbaycan gənci də onları tanımalı, sevməli, əsərləri ilə tanış olmalıdır. Azərbaycan da, dünya da sürətlə inkişaf edir. Daha çox bilənlər çevik və səmərəli fəaliyyət göstərirlər. Hamının akademik təhsil almaq, bütün sahələrdəki yenilikləri vaxtında oxuyub öyrənmək imkanı yoxdur. İşdən yorğun gələn Azərbaycan vətəndaşı mavi ekran qarşısında oturub dincələrkən, informasiya «tədarük» edərkən həm də öyrənmək, bilgi almaq istəyir! Belə bilgilər ona hırıltıdan daha vacibdir. Özündənrazı televiziyaçı bu ehtiyacı nə vaxt ödəmək niyyətindədir? Onun tamaşaçısı başqa kanallara meyil salıb, özgələri ilə ülfət bağlayandan sonramı?

Dövlətin müdaxiləsi vacibdir!


Azərbaycanda, sözün geniş mənasında, mətbuat və söz azadlığı mövcuddur. İstənilən qədər qəzet çıxır, radio, televiziya kanalı, informasiya agentlikləri fəaliyyət göstərir. Kim nədən, necə istəyirsə yazır, təqdim edir! Amma hər şeyi demokratiya adı ilə qurban vermək də olmaz! Milli Məclisin bir neçə hörmətli deputatı ilə də bu barədə söhbətimiz oldu. Millət vəkilləri televiziyaların proqram siyasətini, biabırçı şouları çox kəskin tənqid atəşinə tutdular.
Fərrux ZEYNALOV:
— Torpaqları da, Qarabağda itirdiklərimizi də gec-tez qaytaracağıq. Amma mənəviyyatı, milli əxlaqımızı itirsək, onu heç zaman qaytara bilməyəcəyik!
Madər MUSAYEV:
— Bir əlili, imkansız xəstəni müalicə etmək, ölümdən qurtarmaq üçün telekanallar on dəfə elan versələr də, göstərilən hesaba bir manat pul keçirən olmur. Amma bir gecədə iki toy müğənnisinin hərəsinə 300 min manatlıqdan çox SMS göndərilir. Belə "ürəyiyumşaqların" da adlarını xalqa açıqlamaq lazımdır.
Zahid ORUC:
— Səviyyəsiz və mənəviyyatsız teleşoular Azərbaycan mədəniyyətinin viruslarıdır. Mədəniyyətimizi tezliklə bu xəstəlikdən qurtarmalıyıq.
Asim MOLLAZADƏ:
— Azərbaycan telekanalları niyə klassik musiqini təbliğ etmirlər? Nə vaxtadək dəyərli bəstəkarlarımız və musiqi əsərlərimiz ermənilər onlara sahib çıxandan sonra yada düşəcək?
Ərəstun CAVADOV:
— Görəsən, niyə bir qrup işbazın mədəniyyətimiz və mənəviyyatımız hesabına pul qazanmasına dözməliyik?!
Deputat həmkarlarım bir məsələdə də yekdildirlər: dövlətin qəti addımlar atması vaxtıdır! Artıq ictimai qınaqdan keçib! Əvvəla, Mədəniyyət Nazirliyi passiv müşahidəçi mövqeyinə son qoyaraq özəl telekanallardan musiqimizin və milli-mənəvi dəyərlərimizin qorunması qayğısına qalmalı, müvafiq təsir vasitələri tapmalıdır. İkincisi, Milli Televiziya və Radio Şurası milli-mənəvi dəyərlərin qorunması istiqamətində də qətiyyət göstərməli, monitorinqlər apararaq ölçü götürməlidir. Lazım gəlsə, onun nizamnaməsində zəruri dəyişikliklər də edilməlidir.
Əsrlər boyu qazanılanları korporativ maraqların, mənəviyyatsızların reklamının güdazına vermək olmaz! Gənclərin tərbiyəsi özəl telekanalların əlindən dövlətin nəzarətinə keçməlidir. Bunu dövlətin və xalqın mənafeyi tələb edir!
Müəllif: Bəxtiyar SADIQOV
Mənbə: Azərbaycan qəzeti 9 aprel 2008
 

0 şərh