Kür çayı

Kür çayı Cənubi Qafqazın ən böyük çayıdır.
Onun uzunluğu 1515 km-dir. (Müqayisə üçün, dünyanın ən uzun çayı - Nilin uzunluğu 6670, Avropanın ən uzun çayı Volqanın isə - 3692 km-dir). Kürün 906 km-i Azərbaycan ərazisindən keçir.

Kür çayının hövzəsi 188 min kvadrat kilometri əhatə edir. (Müqayisə üçün, Hövzəsinə görə dünyanın ən böyük çayı sayılan Amazon çayının hövzəsi 7 milyon 180 min kvadrat kilometr təşkil edir)

Kür çayı öz mənbəyini Türkiyədən, Qars vilayətinin ərazisindəki Qızıl Gədik dağının şimal-şərq yamacından, 2740 metr yüksəklikdən götürür. 3 dövlətin - Türkiyə, Gürcüstan və Azərbaycan ərazisindən axan Kür Xəzər dənizinə tökülür.

Türkiyədən Gürcüstana qədər dağ çayı kimi axan Kür ensiz dağ vadilərindən - dərələrdən keçir. B elə vadilərdən ən böyüyü Gürcüstandakı Borjomi dərəsidir. Tbilisi yaxınlığında Kür düzən çaylarına məxsus forma alır, yatağı enlənir.

Kürün ən böyük qolu Araz çayıdır, Sabirabad yaxınlığında Kürə tökülür. Araz, əslində su hövzəsinə görə Kürdən də böyükdür. Kürün digər böyük qolları - Liaxvi, Çisandon, Araqvi, Qanıx (Alazani), Türyan, Ağstafa, Şəmkir və Tərtər çaylarıdır.

Kür çayı suyunu haradan alır? Onun su mənbəyinin 36 faizini əriyən qarlar, 30 faizini yeraltı qrunt suları, 20 faizini yağış, 14 faizini isə buzlaqlardan əriyib axan sular təşkil edir.

Kür çayı üzərindəki böyük şəhərlər: Borjomi, Qori, Mtsxeta, Tbilisi, Rustavi, Mingəçevir, Yevlax, Sabirabad, Şirvan (keçmiş Əli-Bayramlı), Salyan.

Oxşar məqalələr

 

0 şərh