Рейтинг
+10.70

Azərbaycan kinosu

28 üzv, 43 topik

Azərbaycan kinosunun icmalı

Kinematoqrafiya – (yunan sözləri «kinema» – hərəkət və “qrafi” – yazmaq, təsvir etmək- sözlərinin birləşməsindən yaranıb, hərəkətdə olan təsvir deməkdir) XIX əsrdə Fransada meydana çıxmışdır. 1895-ci il dekabrın 28-də Lui və Ogüst Lümyer qardaşları Parisin Kaputsino bulvarındakı “Qrand-Kafe”də özlərinin ixtira etdikləri aparatla çəkdikləri kiçik süjetlərin nümayişini keçirirlər. Elə həmin tarix də dünya kinosunun ad günü hesab olunur.

Davamı →
 

Niyazi Bədəlov

Azərbaycan kinematoqrafiyası tarixində parlaq iz qoyan görkəmli sənətkarlardan biri də sənədli filmlər ustası, kinorejissor Niyazi Bədəlov olub.

Niyazi Mustafa oğlu Bədəlov 10 iyul 1909-cu ildə Şəkidə dünyaya göz açıb. 1927-ci ildə Şəkidə “Yeni yol” kinoteatrında kinomexanik köməkçisi işinə qəbul edilir. Kino dünyasına bağlanan gənc 1931-1936-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alır. Burada görkəmli sənətkar S.Eyzenşteyndən rejissorluq sənətinin sirlərini öyrənir.

Bakıya döndükdən sonra “Azərbaycanfilm” kinostudiyasında işə düzəlir və ilk işlərini — “Komsomol nəsli” və “Azərbaycan aşıqları” (1938) sənədli filmlərini ərsəyə gətirir. Sonra görkəmli rejissor H.Seyidzadə ilə birgə “Ayna” adlı bədii filmin çəkilişlərinə başlasalar da, iş yarıda dayandırılır. Ancaq o, çəkilmiş materiallardan istifadə edərək 1942-ci ildə “Sovqat” adlı qısametrajlı bədii filmini hazırlayır. Film II Dünya müharibəsinin qızğın çağlarında arxa və ön cəbhədə nümayiş olunur, döyüşçülərdə yüksək əhval-ruhiyyə yaradır.
Davamı →
 

Adil İsgəndərov

Onunla bir yerdə çalışanlar, dostları, tələbələri, bir sözlə, bu nəhəng sənət fədaisi ilə təmasda olan bütün insanlar Adil İsgəndərov haqqında xoş xatirələr danışırlar. Doğrudan da, Adil müəllim işıqlı insan idi. Özü işıqlı olduğu kimi, uzun illər teatr, kino sənətimizin də yoluna işıq saçmış, respublikamızda bu incəsənət sahələrinin inkişafı üçün böyük məktəb yaratmışdı.

Bu gün həmin sahələrin yükü də elə onun məktəbinin yetirmələrinin çiyinlərində qərar tutub. 40 ilə yaxın teatrımızın, ekran sənətimizin inkişafına xidmət etmiş bu fenominal şəxsiyyət bütün yaradıcı fəaliyyətini milli-mənəvi dəyərlərimizin qorunmasına yönəldib. Adil müəllim bütün ruhu ilə azərbaycanlı idi, o, bu xalqı sevirdi və yaratdıqları da xalqın ruhundan güc alırdı.

Adil İsgəndərov 1910-cu il baharın təravətli günlərindən birində — mayın 5-də Gəncədə dünyaya göz açmışdı. Bəlkə ona görə idi ki, ruhunda, qəlbində bir bahar ovqatı var idi. Ağır təbiətli idi, ancaq həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş ovqat bəxş etməyi sevərdi. Sənət adamları ona “Ədil müəllim” deyə müraciət edirdilər. Zabitəli insan idi. Onunla təmas yaratmaq o qədər də asan deyildi, ancaq dostları, yaxınları deyirdilər ki, Adil müəllimə yaxınlaşdınsa, ondan aralanmaq da müşkül işə çevrilir. “Köhnə kişilər”in təbiəti var idi onda. Elə kinoda rol seçəndə də, görünür təbiətindəki bu ştrixləri nəzərə alırdı.

Adil müəllim Teatr Texnikumunu bitirmişdi, sonra isə A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil almışdı. Ustəlik Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçmişdi. Buna baxmayaraq, bütün yaradıcı ruhuna milli klassik teatr ənənələri hakim idi.


Ardı →
 

Telman Adıgözəlov

Uşaqlığı və…
Abasqulu kişinin ailəsi Balakəndə sovxozda işləyirdi. Ailədə iki oğlan uşağı böyüyürdü, ailə bütün o vaxtkı Sovet ailələri kimi sadə, xudmani dolanırdı. Elə bir dərdi-sərləri də yox idi, ailə sadəcə özlərini yerlərində hiss etmirdilər, elə bil qəribçilikdə yaşayırdılar.
Adıgözəlovlar ailəsi əslən Ordubaddan idilər. Tarixin gedişatı ilə o vaxt Ordubaddan bir çox ailələr Balakənə köçürülüb. Sovet rəhbərliyinin nə isə düşünülmüş siyasəti olub ki, Ordubaddan Balakənə insanları nəsillikcə köçürüb. Bu ailə də daxil olmaqla Balakəndə Ordubaddan olan ailələrin yaşadığı məhəlləyə “Ordubad” məhəlləsi də deyirmişlər.
Bir gün ailənin kiçik oğlu Telman möhkəm soyuqlayır, anası onu çimdirdikdən sonra həyətdə oynamağa qaçan uşaq soyuqlamadan müalicə alır və sağalır. Ancaq uşağın bir qolunda soyuqlamış limfalar şişir, irinləyir sağalmaq bilmirdi. Həkim deyir ki, Balakənin iqlimindən çıxmasa bu uşağın qolu qanqrena eləyəcək, kəsməli olacayıq. 
Ailə uşağı da götürüb Bakıya köçməli olur, həm uşağın müalicəsini elətdirmək, həm də nə qədər zaman da keçmiş olsa sürgün həyatının alınlarına vurduğu möhürdən xilas olmaq üçün. Cənnət də olsa Abasqulu kişiyə Balakənə məcburən köçürüldükləri fikri rahatlıq vermirdi.  
O vaxt dördüncü sinifdə oxuyan Telman və qardaşı Vaqif üçün Balakən doğma idi, çünki bu dünyaya gözlərini orda açmışdılar, orda dostları, doğma məktəbləri vardı.
Bakıya da tez öyrəşdi, tezliklə özünə yeni dostlar tapdı, yarası da sağalıb keçdi.
Bir gün məktəb yoldaşları ilə dərsdən qaçıb kinoya getmişdilər. O vaxt çox sevilən bir hind filminə baxmaq üçün dərsdən qaçmağa dəyərdi, həm də bunun zövqü təkcə kinoya baxmaqla bitmirdi, dərsdən qaçıb kinoya getməyin öz romantikası vardı.
Kinodan çıxanda bir nəfər Telmana yaxınlaşıb ona televiziyaya gəlməyi təklif etdi. Yuxarı siniflərdə oxusa da hələ peşə seçimi barədə müəyyən bir fikrə gələ bilməyən Telman təklifi qəbul etdi. Dövlət televiziyasında çalışan rejissor Nazim Zeynalov onu “Evrika” verilişində fantastik səhnələrə çəkir. “Yasəmən” televiziya teatrında iştirak edir. Yeddinci sinifdə oxuyanda isə Adil İsgəndərovun kinoaktyor kurslarına yazılır. Beləliklə, Azərbaycan incəsənətinə yeni bir imza gəlir – Telman Adıgözəlov.
İlk obrazları
1975-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirəndə Telman Adıgözəlovu tamaşaçı artıq televiziyadan tanıyırdı. Aktyor beş il Tədris Teatrında, televiziya tamaşalarında, səhnəciklərdə işlədi. 1980 –ci ildə Milli Dram Teatrında işə başlayan aktyor ömrünün sonuna qədər bu teatrda çalışdı. Bir-birindən maraqlı, müxtəlif xarakterli obrazlar oynadı. C. Məmmədquluzadənin “Dəli yığıncağı" əsərinin eyniadlı tamaşasında Zəncirvuran obrazından tutmuş, İ.Əfəndiyevin «Xurşidbanu Natəvan»ında Daşdəmir, «Mahnı dağlarda qaldı»da Rəhman, Şekspirin “Maqbet”ində Flins, M. İbrahimovun «Közərən ocaqlar»ında Xanəhməd,  H.Cavidin "İblis" pyesində şeypurçu,  S.Vurğunun  «Vaqif» əsərində təlxək,  S.Rəhmanın  «Nişanlı qız»ında çeşməkli kişi, E. Baxışın «Qədr gecəsi»ində oyunbaz, Elçinin «Ah Paris…Paris!..»ində Əhməd, «Mənim sevimli dəlim» də professor,  R.Novruzun «Hələ „sevirəm“ deməmişdilər»ində qumarbaz obrazlarına qədər. 

Eyni vaxtda dövlət televiziyasında hazırlanmış «Yaşıl eynəkli adam», «Ordan-burdan», «Qonşular», «Azərbaycanfilm» kinostudiyasında istehsal olunmuş «Nəsimi», "Üzü küləyə", «Xatirələr üzü» kimi filmərdə bəzən xarakterik, bəzən epizodik rollar oynadı. Kinoda bəxti o qədər də gətirməmişdi, bütün öz nəslinin aktyorları kimi onun çəkilə biləcəyi illərdə kinematoqrafiya tənəzzül dövrünü yaşadı. “Nəsimi” filmində yalnız bir epizoda çəkilib, həmin epizod isə artıq Telman Adıgözəlov siması televiziyadan və teatrdan tanış, sevimli olduğu üçün gözə çarpır.  
Şəxsiyyət
Telman Adıgözəlov siması olan, şəxsiyyətli insan olub. Nə öz işi üçün kiminsə qapısını döyər, nə də ev üçün, pul üçün, yaxud fəxri ad, rol xətrinə minnətçi düşərdi. El-obada isə hamının xeyir-şərinə yarayırdı. Kim zəng eləsə ki, mənimlə filan işin arxasınca gedək, sənin xətrinə o iş həll olunar, gedərdi. Bilirdilər ki, Telman Adıgözəlovun adı gələn yerdə ən sərt məmur da yumşalacaq. O tay Azərbaycandan uzaq qohumları gəlib Bakıda işlərini Telman Adıgözəlovun köməkliyi ilə yola verirdilər. Heç kimi rədd etməzdi, təmənnasız onlara yardımçı olardı. Balakənlilər, hətta başqa millətlərin nümayəndələr də onun üstünə kömək üçün müraciətlə gələrdilər.
Evdə bütün problemləri təkbaşına həll edərdi. Ailəsi – xanımı və iki övladı atanın hansı çətinliklər bahasına onların firavan yaşayışını təmin etdiyini bilməzdilər. Pis yaşamırdılar, amma xalq artistlərinin hamısı onlardan daha yaxşı yaşayırdı. Niyə hamısına ev verilir, amma Telman Adıgözəlovun mikrorayonda dar mənzili genişləndirilmir ki genişləndirilmir.
Hamıya prezident mükafatı, təqaüd verilir. Siyahıdan Telman Adıgözəlovun adı çıxarılıb, ötən il aldığı pul bu il artıq ona verilməyəcək, deməli ailə maddi cəhətdən geri gedəcək. Üstəgəl oğlu ordudan qayıdıb, nişanlıdır, amma işləmir. Qızı Tibb Universitetini bitirib işə düzəltmək lazımdır.  
Teatrda isə son vaxtlar  “Hələ sevirəm deməmişdilər” tamaşasındakı rolundan sonra bir rol oynamayıb. Yaş gedir, işləmək, yaratmaq istəyir, rol oynamalıdır, bu gün olmasa sabah gec ola bilər, amma yoxdur. Teatr təmirə dayandığından “Mir” telekanalında onlar üçün ayrılan bir zalda məşqlər edirlər, tamaşalar isə hələ oynanılmır. Yeni rolu olmadığından Telman Adıgözəlov elə vaxt olur ki, heç ora getmir.
Bütün bu fikirlər ona rahatlıq vermir. Yaxşı ki, arada “Müsyo Jordan Dərviş Məstəli şah” tamaşası bir qığılcım kimi parladı onun yaradıcı ruhunda. Müsyo Jordan rolu ürəyincə idi, həvəslə işlədi üstündə.
Bir gün ürək bütün bu yükə tab gətirməyib – bəsdir məni yüklədin dedi, küt, dözülməz ağrı verdi kürək nahiyəsində.
Telman Adıgözəlov birinci dəfə bu ağrıya elə də böyük əhəmiyyət vermədi. Həm də bu qədər problem içində elə bir həkimim, iynə-dərmanım çatmır –deyə ürəyinə cavab verdi.
İkinci dəfə ağrı elə dözülməz oldu ki, fikir verməyə bilmədi. Getdi həkimə, ürəyinin kardioqramasını çıxartdılar, dedilər ki, ürəyində heç nə yoxdur, həkim – “görünür, duzlaşmadır” deyə duzlaşma əleyhinə müalicə yazdı. Müalicəni keçdi, heç ağlına da gəlmədi ki, bəzən ürəyin çəkdiyini heç bir peşəkar həkim, kardioqrama belə göstərə bilmir.
Müalicə getdi, amma aktyor özündə yaxşılığa doğru bir dəyişiklik hiss etmədi, əksinə.
Yaxın dostu Ramiz Novruz danışır ki, heç bir şikayəti yox idi, amma görürdüm ki, tez-tez təngnəfəs olur, durduğu yerdə tərləyir: “Deyirdim yəqin müalicə duzlaşmanı əridir, ona görə belə olur. Sonuncu dəfə də işə gələndə, girdi içəri, aktyorlar bufetdə nərd oynayırdılar, zarafat elədi ki, ey, nardovşiki, xarakteri nardovşiki. Qaydayın bir filmində işlədilən bu ifadə ilə zarafat elədi, sonra ikimiz oturub mənim məhz onun üçün, qəhrəmanını onu düşünüb yazdığım pyesi müzakirə elədik. Oxumuşdu çox xoşuna gəlmişdi, istəyirdik tamaşanı hazırlayaq. Hər axşam da zəngləşib bu barədə danışırdıq. Həmin axşam da zəng eləmişdi mənə, danışmışdıq”.
Ağrı
Həmin axşam – Telman Adıgözəlov bir qohum toyuna getmişdi, amma nədənsə tez qayıtmışdı toydan. Çəkilib otağa pyesi oxuyurdu. Daxildə narahatlığı vardı, həm səhhətində, həm də özünə yer tapa bilmirdi, mənən də rahat deyildi, amma bunların heç birini kimsəyə açıb deməmişdi, xoşlamırdı içini kimlərəsə açmağa.
Ömür boyu bir kiməsə öz dərdlərini yükləməyi, bir də ailəsini üzə çıxardıb onlar barəsində danışmağı xoşlamazdı. Nə vaxt zəng edərdin evdə dəstəyi də özü qaldırardı. Şikayət də etməzdi nə səhhətindən, nə daxili problemlərindən, amma simasından hiss olunurdu ki, içində təlatüm var bu adamın, bu adamın haqqı tapdanır. Çünki heç vaxt kiminsə çaldığı havaya oynamazdı, öz musiqisi, sümüyünün öz ritmi vardı, süni havalara girməzdi.
Oğlu Tural danışır: “O gün atamın adi günlərindən biriydi. Həm də həmin gün səhhətində də bir nasazlıq olmamışdı, ağrımamışdı. Mən məşqdən qayıtmışdım. Yorulmuşdum deyə bir az tez yatmışdım. Bir az keçəndən sonra atam yanıma gəldi. Soruşdu: “Özünü necə hiss edirsən? Xəstə zad deyilsən ki?” Dedim: “Yox, yaxşıyam. Sadəcə bir az yorulmuşam.” Vəssalam, bu, bizim son danışığımız oldu.
Bir də gecə saat 4-ə işləmiş anamın səsinə oyandım. Uca səslə atamı çağırırdı. Tez onların otağa getdim, gördüm atam xırıldayır, elə bil boğazında nəsə qalıb. Biz əvvəl elə bildik ki, yuxuda təngnəfəs olub. Başladıq silkələməyə ki, yuxudan ayılsın. Amma gördük yox, düşündüyümüz deyil. Artıq rəngi də qaralmışdı. Demə, can verirmiş, biz də bilmirik. Çünki indiyə qədər elə şey görməmişdik. Təcili yardıma zəng vurduq. Nə olduğunu aydınlaşdıra bilmədilər. Təzədən ikinci təcili yardım briqadasını çağırdıq. 10 dəqiqədən sonra ikincisi gəldi. Təzyiqini ölçdülər, sonra da elektroşok elədilər. Amma xeyri olmadı. İki-üç dəfə elədilər, sonra dedilər keçinib. Elə xırıldayaraq canını tapşırdı. Nə bilim, yəqin bu da belə taledir”.
2010-cu ildə aprelin 15-i gecə teatr sənətimiz Telman Adıgözəlovu, yüzlərlə, minlərlə tamaşaçı öz sevimli aktyorunu, ailəsi arxa – dayağını, əzizini itirdi.
Sən demə ürək damarlarında tromblaşma gedirmiş, onu kardioqrama göstərmir, daha müasir aparatlar göstərir, vaxtında düzgün diaqnoz qoyulsaydı yüngülvari müalicəsi varmış, həkim isə ostroxondrozdan müalicə edib onu. Allah hamımızı pis həkimdən qorusun.


 
Vida
Xalq artistinin ailəsi nə qədər gözlədi dinlənməli instansiyaların səsi çıxmadı. Yalnız yas mərasiminə gələn Mədəniyyət və Turizm nazirliyi bəyan etdi ki, Fəxri Xiyabanda yer olmadığı üçün aktyoru ailəsi harda istəsə orda dəfn edə bilər. Çalışdığı səhnədən isə vida mərasimi olmayacaq, çünki teatrda təmir gedir.
Telman Adıgözəlovu onu sevənlər yaşadığı mənzildən son evinə — Fatmayi məzarlığına qədər yola saldılar. Yol boyu ardıcıl insan axını gedirdi onun tabutunun arxasınca. Hamı onu 57 yaşında itirməyin təəssüfünü yaşayırdı o gün də, ondan sonrakı günlər, illər ərzində də, indi də.
Yas mərasimlərinin xərcini dövlət özü çəkdi, məzarının üstü də dövlət vəsaiti ilə götürüldü.
Qızının sənədlərini özü sağlığında nazirliyə təqdim etmişdi. Qızı çağırıb işə qoydular. Oğlu da indi Fövqəladə Hallar Nazirliyinin sıralarında işləyir.
Ötən ilin martında qızı ailə həyatı qurdu, artıq bir övladı dünyaya gəlib. Telman Adıgözəlov həyatdan köçəndə oğlu nişanlı idi, ötən ilin oktyabrında evlənib. Xanımı Büllur xanım da həmişəki kimi bağçada uşaqların tərbiyəsi ilə məşğuldur, qəlbinin yarasına onlarla məlhəm qoyur.  
Həyat davam edir. Bircə o, yoxdur həyatda, xatirələrdə obrazları, maraqlı jestləri və bir də şəxsiyyəti ilə qalıb – Telman Adıgözəlov. Allah ruhuna rahatlıq versin.
”Anamla bacımı televiziya kanallarında atamın hansısa tamaşasını göstərəndə qoymuram baxsınlar. Dözə bilmirlər, ağlayırlar… Biz hələ də onun yoxluğuna alışmamışıq. Atamın yeri, o boşluq çox hiss olunur. Neyləsək də, o boşluq heç nəylə dolmaz. Bu itki bizi həmişə göynədəcək ” – oğlunun dediklərindən.

Müəllif: Ramilə Qurbanlı Cəfər qızı, jurnalist-publisist, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda məsləhətçisi, Azərbaycan Jurnalistlər Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü.
 

Hacıbaba Bağırov

Bağırov Hacıbaba Ağarza oğlu (12.06.1932-6.10.2006) — 1932-ci il iyun ayının 12-də Bakı şəhərində, fəhlə ailəsində anadan olub. Kiçik yaşlarından teatr sənətinə olan böyük həvəsi 1947-ci ildə orta məktəbi bitirəndən sonra, onu Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına gətirib-çıxarıb. Orada sənət korifeylərindən dərslər alıb – nəzəri və təcrübi vərdişlər teatra marağını və məhəbbətini daha da artırıb və 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil yaradıcılıq fəaliyyətinə başlayıb.

1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirib, bir müddət Biləcəri deposunda maşinist köməkçisi işləyib.

1959-1960-cı illərdə Daxili İşlər Nazirliyinin klubuna rəhbərlik edib.

1960-cı ildə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub. Bu kollektivdə Fuad («Almas»), Şahsuvar («Komsomol poeması»), Rəşid («Anacan») kimi müxtəlif səpgili rollar oynayıb. 1962-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox surətin onun gülüş ustası kimi püxtələşməyində və populyar olmağında böyük təsiri olub.


Ardı →
 

Bəşir Səfəroğlu

Səfəroğlu (Səfərov) Bəşir Səfər oğlu — 11 mart 1925-ci ildə Bakıda doğulub. Yeddi illik təhsilini Bakıda alıb və ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşmalı olub. On dörd yaşlarından şoferlər klubunun dram dərnəyinə gedib. Kiçik intermediyalarda, birpərdəli məsxərələrin tamaşalarında kiçik rollar oynayıb.

1941-ci ilin axırlarında faşistlərlə müharibəyə yollanan Bəşir 1942-ci ildə hərbdən kontuziyalı qayıdıb. Dili tutulub və qulaqları çox ağır eşidib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifov ona məsləhət görüb ki, müntəzəm olaraq teatrın tamaşalarına gəlsin. O, tamaşalara baxmağa başlayıb. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər.

Yaradıcılıq ehtirası ilə çırpınan Səfəroğlu həyəcanlanır, daxili iztirablar keçirirdi. Ömrünün bu gərgin çağlarında o, yuxuda bərk həyəcanlanıb və bununla da dili açılıb. Həmin vaxtdan Bəşir Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlayıb.

Bəşir Səfəroğlu Üzeyir və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edib.


Ardı →
 

Filmləri "toxuyan" Rasim Ocaqov

Rasim Ocaqov təbiətcə qaraqabaq, başıaşağı adam idi, fikirli görkəmi vardı.

Onu həmişə barmaqlarının arasında siqaret nə isə düşünən görərdin. Özü heç vaxt ünsiyyətə can atmazdı.Amma elə ki, səni tanıdı məmuniyyətlə söhbət edərdi, cana yaxın biri idi.

Rasim 1933-cü ildə Şəkidə dünyaya gəlmişdi.  Uşaqlıqdan foto ilə maraqlanmağa başladı.  Həvəskar şəkillər çəksə də, arzusu geoloq olmaq idi. Bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlir. Bu vaxt fotoqrafiya ilə ciddi məşğul olan Rasim peşəkarların necə işlədiklərini görmək üçün yanlarına gedir. Möcüzəli kino aləmi onu özünə elə çəkir ki, gənc fotoqraf bu sənəti dərindən öyrənməyi qərara alır. Orta məktəbi bitirdikdən sonra Moskvaya gedir. MÜDKİ-nun kinooperatorluq fakültəsində (1951-1956, B.Qolovnya və L.Kosmatovun emalatxanası) təhsil alır. 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi çalışmağa başlayır.

Çox filmlərdə operator kimi çalışıb. O cümlədən “Bir cənub şəhərində”, “Bizim küçə” filmləri onun kamerası ilə çəkilib. “Bir cənub şəhərində” filmini kino aləmində çox vaxt Eldar Quliyevin yox, Rasim Ocaqovun filmi hesab edirlər. O, bəzən heç rejissorla məsləhətləşmədən çəkilişləri aparır, sonradan bu kadrlara birgə tamaşa edəndə rejissorlar onun işinə qibtə edirdilər. “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratdı. 


Ardı →
 

Rasim Ocaqov vs Vaqif Mustafayev


1.
Ocaqov əjdahadır, Mustafayev div. 

2. Ocaqov rəssamdır. Mustafayev memar. 

3. Mustafayev gülüşü acıdır, Ocaqov gülüşü şirin.

4. Mustafayev ağlatmaq istəməyib, ağladır. Mustafayev güldürmək istəyib, güldürür. 

5. Ocaqov kinoda Manafovdur. Mustafayev Mamuka. 
Ardı →
 

Səhnəmizin əfsanəvi Məcnunu

Huseynqulu Sarabski1908-cı ildə ilk operamız “Leyli və Məcnun” səhnəyə qoyulmuş, Məcnun rolunu da Hüseynqulu Sarabski oynamışdı.

Ömrünün sonuna qədər 400 dəfə Məcnun rolu oynamışdır. Sarabskini indiki aktyorlardan fərqləndirən böyük istedadı deyildi, eyni zamanda əsərlər yazması idi. İnqilabdan qabaq yazdığı dramlar səhnəyə qoyulmuşdu.

 1938-ci ildə yazdığı “Köhnə Bakı” kitabı xüsusilə seçilir. Bu kitabda yüz il əvvəlki Bakının məişəti, adətləri, küçə həyatı haqda qiymətli məlumatlar var. Bütün gücünü Azərbaycanda teatrın inkişafına həsr etmiş bu insanın həyat xatirələri «Köhnə Bakı» kitabında çox gözəl şəkildə əks olunub. Hüseynqulu Sarabski teatra çətin bir dönəmdə gəlmişdi. Teatrı "şeytan əməli", aktyorluğu isə «kişiyə yaraşmaz peşə» hesab edənlərlə daim mübarizə aparırdı.

İlk dəfə 1902-ci ildə N.Nərimanovun «Dilin bəlası» pyesində Rəsul rolunda çıxan Hüseynqulu sonralar teatr səhnəsində M.F.Axundovun, N.Vəzirovun, Ə.Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayır.
Ardı →
 

Lütfəli Abdullayev

Həyat belədir də, bir göz qırpımı kimi. Xoş o insanın halına ki, yarım əsr yaşaya, bir əsr tamam olanda isə onun haqqında yazıla, danışıla və yubileyi qeyd oluna.Lutfəli Abdullayev

Bu günlərdə onun 100 yaşı qeyd olunur.

Sənətə 14 yaşında gəlib, tez-tez səhnələrə çıxıb. 42 yaşında evlənib. 59 yaşında isə həyata əlvida deyib.

Dahi Üzeyir bəy “Arşın mal alan” filminin çəkilişləri üçün aktyor truppasını yığanda iki obraza sınaq üçün heç kimin dəvət olunmasına icazə verməyib. “Gülçöhrə obrazını Leyla Bədirbəyli, Vəli rolunu Lütfəli Abdullayev oynayacaq” deyib.

Hə, söhbət Lütfəli Abdullayevdən gedir.

“Neynəsin yazıq, yetim oğlandır”
Yetim deyildi Lütfəli Abdullayev, bu ifadə onun obrazının dilindəndir sadəcə, “Əhməd haradadır?” filmindən.

Lütfəli Abdullayev 1914-cü il martın 22-də Şəki yaxınlığındakı Nuxa şəhərində Əmir kişinin ailəsində dünyaya gəlib. Əmir kişi ticarət adamı idi, İrandan bura, burdan da İrana mal aparıb-gətirərmiş, xüsusən də xalça-palaz. Anası evdar qadın olub. Ailədə 3 qardaş, 3 bacı idilər.
Ardı →