Rasim Ocaqov

Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperatorluq fakültəsində təhsil aldıqdan sonra kinoya olan sevgisini yaradacağı ekran əsərlərində sübut etmək üçün vətənə qayıdır.
Kinooperator kimi fəaliyyətə başlayan Rasim Ocaqov, sonralar M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində də oxuyaraq kino təhsilini tamamlayır. O, 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator (“Sən niyə susursan”, “Skripkanın qayıtması”, “Onun böyük ürəyi” və s.), 1973-cü ildən etibarən isə quruluşçu rejissor (“İstintaq”, “Ad günü”, “Ölsəm, bağışla”, “Qatır Məmməd”, “Tütək səsi” və. s.) kimi Azərbaycan kinosunda zəngin yaradıcılıq fəaliyyəti göstərib. Rasim Ocaqovun filmoqrafiyasına (sənədli və bədii janrda) 70-ə yaxın ekran əsəri daxildir.
Rasim Ocaqovun həyat hadisələrini, ətrafındakıları kameranın ştativindən dəqiq görüb-göstərmək bacarığı sonralar onun rejissorluq fəaliyyətinə də uğur qazandırdı. Belə ki, o, melodrama (“Ölsəm, bağışla”, “Təhminə”), detektiv (“İstintaq”), komediya (“Həm ziyarət, həm ticarət”) janrlarında, tarixi (“Qatır Məmməd”) və müharibə (“Tütək səsi” və s.) mövzusunda çəkdiyi filmlərin hər birində mövcud hadisələrin ictimai mahiyyətinin bədii təhlilini bacarıqla əks etdirməyə nail olub.
R.Ocaqovun yaradıcılığının əsas qayəsi insan mənəviyyatı, psixologiyası, həyatdakı mövqeyini ekranda dəqiq xarakterizə etmək, müasirlərinin mənəvi keyfiyyətlərinin təhlil obyektinə çevirmək idi. O, çəkdiyi filmlərdəki personajları yalnız tamaşaçıya təqdim etmək məqsədi güdmürdü. Müxtəlif fonlu çəkilişləri ilə həm naturanın əhəmiyyətini, dekorasiyaların uyğunluğunu, personajların xarakterik sifətlərində əks olunan hadisələrin dəqiq ünvanını tamaşaçıya çatdırıb, onu kinonun ibrətamiz, dəyərli keyfiyyətlərinə heyran qoyurdu.
Rasim Ocaqovun yaradıcılığına müraciət etdikdə sənətkarın insan psixologiyasının, yüksək-mənəvi əxlaqi keyfiyyətlərinin doğru, obyektiv təfsirinə üstünlük verdiyini görürük. O, kino sənətinin keyfiyyət kateqoriyasını bədii və texniki biliyinin vəhdəti sayəsində yüksək formada reallaşdırırdı. Məsələn, psixoloji dram janrında çəkdiyi “İstintaq” filmində monoloqlar və iki nəfərin dialoqlarını əks etdirən kadrların panoramlı və saniyələrlə ölçülən müxtəlif rakurslu çəkilişləri mövzunun məğzini, filmin qayəsini, personajların həyat mövqeyini tamaşaçıya dəqiq çatdırır. Nəticədə güclü dramaturgiya ilə rejissor traktovkasının vəhdətindən mükəmməl ekran əsəri yaranır. Və yaxud “Tütək səsi” filmini götürək. II Dünya müharibəsində Azərbaycanda arxa cəbhədəki insanların maddi və mənəvi durumları filmdə çox qabarıq formada xarakterizə edilib. Rejissorun mükəmməl operatorluq sirlərini bilməsi, faktların dəqiq mizanlarla işləmə üslubu filmin ekran həllinin uzunömürlü olmasına zəmin yaradır. Filmdə müharibənin dəhşətli fəsadlarını insanların məzlum simalarında aydın görmək olur.
Rasim Ocaqov-Azərbaycan kinosunun nəhənglərindən biri
Rasim Ocaqov həm operator, həm də rejissorluq peşəsində xarakterlər ustası olduğunu çəkdiyi ekran əsərlərində dəfələrlə sübut edib. Bəzi rejissorlar natura çəkilişlərini, bəziləri isə personajları ştativin tədqiqat mənbəyinə çevirirlər. Onun işlədiyi bütün filmlərdə, demək olar ki, boş kadrlar yoxdur. O, dramaturgiyanın bədii məziyyətlərini, mətləbini personajların xarakterlərində cəmləşdirərək əks etdirirdi. Məsələn, rejissoru olduğu “İstintaq”, “Ad günü”, “Təhminə” və s. filmlərdə natura və pavilyonda müxtəlif dekorasiya çəkilişlərindən maraqlı şəkildə istifadə olunsa da, bizi obrazların durumu, hadisələrin ciddiliyi, ümumilikdə dramaturgiyanın əsasları düşündürür. Çünki onun yaradıcılığının ciddiliyi bizə hadisələri tam mənimsəyib düşünməyə, nəticə çıxarmağa imkan yaradır. Ədəbi əsərlərin uğurlu ekran taleyinə rəvac verən bu kimi amillər də kino estetikasının monumentallığını dönə-dönə təsdiq edirdi.
Onun bütün filmlərində dramaturq, rejissor, bəstəkar ideyalarının kompleksləşmiş əksi aktyor ifaçılığında özünü aydın göstərib, milyonların rəğbətini qazanıb. Rasim Ocaqovun hər filmi aktyorlar üçün yeni bir məktəb idi. Çünki aktyorlarla fərdi işləmək bacarığı onun filmlərində koloritli üslubda təqdim olunurdu. O, həyatı boyu müasiri olduğu zamanın və insanların mikroaləmini ekranlara məqsədyönlü şəkildə gətirməkdə, filmlərində bədii-estetik dəyərləri yüksək səviyyədə təqdim etməkdə israrlı idi və bunu da edirdi. Onun ekranda yaratdığı personajlar həyatiliyinə, təbiiliyinə görə düşüncələrimizin bir hissəsində kök sala bilirdilər.
Rasim Ocaqovun yaradıcılığında xüsusi poetiklik var ki, bu da həyatın gərgin detallarının insan mənəviyyatındakı rolunu dəqiq xarakterizə edərək tamaşaçıya çatdırmasında özünü göstərir. Bu baxımdan rejissorun unudulmaz bəstəkar Emin Sabitoğlu ilə birgə işləri (“Ad günü”, “Ölsəm, bağışla”, “Təhminə” və s.) xüsusilə diqqətəlayiqdir. Bəstəkar musiqiləri bu ekran əsərlərinə xüsusi emosionallıq gətirir.
Rasim Ocaqov üçün xarakterik sima vacib şərtlərdən idi. Bu mənada o, psixoloji dramları (“Ölsəm, bağışla”, “Təhminə” və s.) ekranlaşdırmağa daha çox üstünlük verirdi. Rejissorun filmlərində aktyorların yaradıcılığı daha qabarıq göstərilir, fərdi istedadları sayəsində onlar milli kinomuzun simasına (məsələn, Fəxrəddin Manafov) çevrilirdilər. “Tütək səsi”ndə Qılınc Qurban (Yusif Vəliyev), İsfəndiyar kişi (Məmmədrza Şeyxzamanov), “Ad günü”, “Həm ziyarət, həm ticarət”də Mustafa (Hacı İsmayılov) obrazları da bu qəbildəndir. O, monoloqları bol olan psixoloji dramları belə (“Otel otağı”) maraqlı nüanslarla işləyir, qəhrəmanın daxili aləmini tamaşaçıya daha yaxın edirdi.
Rasim Ocaqovun filmləri mövzu aktuallığı və texniki qüsursuzluğu ilə seçilir, dəyərli ekran əsərləri kimi tamaşaçılar tərəfindən sevilərək baxılır. 2006-cı il iyulun 12-də dünyasını dəyişən sənətkar bütün yaradıcılığı boyu Azərbaycan kino estetikasının yüksək nümunələrini yaradıb. Bu mənada istedadlı kino xadiminin adı, filmləri kimi daim hörmətlə anılacaq.

Rasim Ocaqovun filmləri

1. Abidələr danışır (film, 1964)(qısametrajlı sənədli film)
2. Abşeron ritmləri (film, 1970)(tammetrajlı musiqili film)
3. Ad günü (film, 1977)(tammetrajlı bədii film)
4. Alayarımçıq (1984)
5. Arayış (1986)
6. Arzu (1972)
7. Azərbaycan Kinosu-80 (1996)
8. Azərbaycanın Səhnə Ustaları (1965)
9. Bağlı Qapı (1981)
10. Bakı Bu Gün (1958)
11. Bəhrə (1984)
12. Bir Cənub Şəhərində (1969)
13. Bir Məhəllədən İki Nəfər (1957)
14. Bizim Küçə (1961)
15. Cazibə Qüvvəsi (1964)(Kinoalmanax)
16. Çardaş (1973)
17. Çay Daşının Göz Yaşı... (1971)
18. Çexski Unitaz (1985)
19. Çiçək Yağışı (1971)
20. Çıxış Yolu (1984)
21. Dağıstan Konserti (1964)
22. Əlavə İz (1981)
23. Əmək və Qızılgül (1962)
24. Ən Vacib Müsahibə (1971)
25. Ənvər Həsənov. Yeddi Oğuldan Biri (2007)
26. Əsl Dost (1959)
27. Fövqəladə Hadisə (1982)
28. Gözdən Uzaq... (1985) (I)
29. Hami (1981)
30. Heyif Siqnalından (1978)
31. Həm Ziyarət, Həm Ticarət... (1995)
32. Xəbərdarlıq (1984)
33. İcazə (1972)
34. İntizam (1983)
35. İstintaq (film, 1979)
36. Kinorejissor Həsən Seyidbəyli (2002)
37. Konsert Proqramı (1964)
38. Qatır Məmməd (1974)
39. Qətldən Yeddi Gün Sonra (1991)
40. Mastika (1986)
41. Matteo Falkone (1960)
42. Metamarfoza (1983)
43. Məhəbbət Haqqında Əfsanə (1967)
44. Məhəmməd Füzuli (1958)
45. Məhkumlar (2007)
46. Mən ki Gözəl deyildim (1968)
47. "...Mən Salim Olum, Cümlə Cahan Batsa da Batsın..." (1980)
48. Məsələ Yerdə Deyil... (1985)
49. Müşavirə (1971)
50. Onun Böyük Ürəyi (1958)
51. Otel Otağı (1998)
52. Ögeylik (1985)
53. Ölsəm... Bağışla (1989)
54. Ömrün İlk Saatı (1973)
55. Özgə ömür (film, 1987)
56. Özgə Vaxtın Doğma Anları (2002)
57. Park (1984)
58. Rənglərdə Yaşayan Kino (2009)
59. Rəngli Yuxu (1982)
60. Sən Niyə Susursan? (1966)
61. Skripkanın Sərgüzəşti (1972)
62. Süd Dişinin Ağrısı (1987)
63. Şur (1967)
64. Təhminə (1993)
65. Tütək Səsi (1975)
66. Uzaq Sahillərdə (1958)
67. Yolda əhvalat (film, 1960)

Həmçinin bax: Stiven Spilberq
Müəllif: Şəhla Bürcəliyeva, kinoşünas
Mənbə: Mədəniyyət qəzeti

 

1 şərh

2ral
Azərbaycanın deyil,dünyanın ən istedadlı rejissorlarından biri.