Uşaq dünyası haqqında filmlər

Dünya kinosunun təşəkkül tarixi ilə üst-üstə düşən Azərbaycan kinematoqrafiyasında uşaq filmlərinin xüsusi yeri var. Bu filmlərdən “Asif, Vasif, Ağasif”, “Qaraca qız”, “Mən mahnı qoşuram”, “Qərib cinlər diyarında”, “Şərikli çörək”, “Ögey ana”, “Skripkanın sərgüzəştləri”, “Bir qalanın sirri”, “Sehrli xalat” və sairlərinin adlarını çəkmək olar.
Bu gün də geniş tamaşaçı auditoriyası tərəfindən sevilə-sevilə baxılan bu filmlərin ictimai məzmun və əhəmiyyəti, mənəvi-tərbiyəvi rolu böyükdür.

Kinorejissor Həbib İsmayılovun “Ögey ana” filminin qəhrəmanı dəcəl İsmayılın (Ceyhun Mirzəyev) personajı ərköyün uşaqlığın mənəviyyatında və zəkasında kök salmış xudbinliyin, tənbəlliyin müsbət keyfiyyətlərlə necə əvəzləndiyini nümayiş etdirir. Nəticədə İsmayıl obrazı uşaqlar üçün mənəvi tərbiyə örnəyinə, mərd, daim yaxşı mənada yaşıdları arasında fərqlənməyə can atan uşaq simvoluna çevrilir.

Əlisəttar Atakişiyevin “Bir qalanın sirri”, “Sehrli xalat”, “Qərib cinlər diyarında” filmləri Azərbaycan kinematoqrafiyasında nağıl janrında çəkilən uğurlu filmlər kimi ibrətamiz ideyalar daşıyırlar. Hər üç filmdə Xeyirin Şər üzərində qələbəsi, bu zəfərin məhz elm, bilik vasitəsilə əldə olunması, insanların elinə, obasına, torpağına məhəbbəti əks olunub.
Görkəmli kinorejissor, operator, rəssam Əlisəttar Atakişiyev elmi-fantastik üsulların kinoda o qədər də təşəkkül tapmadığı bir dövrdə kifayət qədər bədii keyfiyyətlərə malik filmlər çəkməyə müvəffəq olub. O, çəkdiyi filmlərin bir çox rekvizitlərini, heyvan maskalarını və s. şəxsən özü düzəldirdi.
“Qərib cinlər diyarında” filminin qəhrəmanı asan qazanc əldə etmək məqsədilə vətənindən uzaqlaşıb mənəviyyatını, şəxsiyyətini cinlərə satmaqla əslində ailəsinə xəyanət etmiş olduğunu gec anlayır. Asanlıqla cinin belində uçub qaranlıq dünyaya gedən Qərib oradan canını çox çətinliklə qurtarır. Filmin ideyası hər dövr üçün aktualdır və yüksək bədii ifadə elementlərilə zəngindir. Film uşaqlar üçün nəzərdə tutulsa da, böyüklər tərəfindən də maraqla baxılır.

“Sehrli xalat” filmində xalatın sehrindən yalnız mərd və zəkalı, dostluqda sədaqətli insanların istifadə edə biləcəyi ideyaları, fantastik quruluşdakı maraqlı kadrlar, dinamik və effektiv zaman, məkan dəyişikliyi uşaqlarda elmə, biliyə maraq hissi oyadır. Rəşidin (Azər Qurbanov) müxtəlif zamanlarda göstərdiyi şücaətlər əslində uşaqların xəyallarında canlandırdıqları qəhrəmanlıqlardır ki, bunları da rejissor fərdi yaradıcılıq üslubunda göstərib.

“Bir qalanın sirri” filmində isə biz Hadı (T.Əliyev) ilə Bıdı (F.İsmayılov) obrazlarının dəqiq, koloritli dialoqlarında gərəkli insan övladının təkamül prosesini, inkişaf mərhələsini görürük. Müəlliminin bütün tapşırıqlarına sözsüz əməl edən Hadının elmi qavraması, onun dəyərini bilməsi, insanların nicatı üçün lazımlı olan cövhəri gizlətməsi filmin qəhrəmanlarının, ona elm, təhsil öyrədən insanların həyatını xilas edir. Filmin qəhrəmanı, güclü, iradəli Elşənin (Gündüz Abbasov) timsalında isə rejissor animasiya effektləri ilə kitabın, təhsilin insan intellektindəki əvəzolunmaz rolunu vurğulayır.

Görkəmli kinorejissor Şamil Mahmudbəyovun “Skripkanın sərgüzəştləri”, “Qaraca qız”, “Şərikli çörək” filmlərində talelərinə müharibənin, evsizliyin, kimsəsizliyin acıları yazılan uşaqların iç dünyalarını, mənəvi əzablarını, qürurlarını, vətəndaşlıq mövqelərini görürük.
“Qaraca qız” filmi acınacaqlı taleyi olan yetim qızın cəsarəti, nəcibliyi fonunda xeyirxahlığın həmişə xilasedici bir vasitə olduğunu psixoloji cəhətdən geniş aspektdə önə çəkir. Valideynlərindən məhrum olan azyaşlı Tutunun (Sevil Zeynalova) çalıb oynaması ətrafdakılar üçün yalnız əyləncə, varlığı isə köləlikdən başqa bir şey deyil. Mühitinin, dövrünün ona bəxş etdiyi sosial mənsubiyyəti sayəsində Tutunun cəmiyyətdəki mövqeyi acınacaqlıdır. Filmin finalında o, öz həyatı bahasına rəfiqəsi Ağcanın həyatını xilas edir.
Şamil Mahmudbəyovun hərbi-vətənpərvərlik mövzusunda çəkdiyi “Skripkanın sərgüzəştləri” filmi uşaqların “müharibəyə yox!” çağırışının əyani təzahürüdür. Filmin qəhrəmanları olan uşaqlar böyüklərdən heç də geri qalmayan cəsarətlərilə Böyük Vətən müharibəsində (1941-1945) alman faşistlərinə qarşı mübarizədə iştirak edirlər. Uşaqların mərd obrazları yeniyetmələr arasında müsbət həyat mövqeyini təbliğ edir.

“Şərikli çörək” filmində isə müharibənin arxa cəbhədə olan insanlara, uşaqlara vurduğu mənəvi zərbələrdən söhbət açılır. Filmdə təsvir olunan uşaqların düşündükləri bir şey varsa, o da bir qarın çörək tapmaqdır. Bəziləri oğurluqla, kimisi isə öz zəhməti hesabına bir parça çörək əldə edir. Filmin qəhrəmanı Vaqif fərdi cəhətlərilə cəmiyyət üçün örnək bir personajdır. Onu digər uşaqlardan fərqləndirən müsbət cəhətlərinin çoxluğudur. Vaqifin başındakı buxara papağı kişiliyin, əlində daim gəzdirdiyi kitab isə elmin, tərəqqinin simvolu kimi göstərilib. Filmdə ikigünlük ekran taleyini izlədiyimiz uşaqların məhv olmuş arzularını, kiçik yaşlarından müdrikləşmiş obrazlarını görürük.

Kinorejissor Tofiq İsmayılovun “Mən mahnı qoşuram” filmində isə kiçik bir qızın musiqi təhsili almasına mane olan atasının (Həsən Turabov) timsalında xudbin valideyn obrazı tənqid hədəfinə çevrilir. Filmdə xoşbəxt uşaq dünyasını xarakterizə edən sehrli, poetik musiqilər uşaq psixologiyasının incəliklərinə varır, onların kövrək, fidan istəklərinin, məqsədlərinin qarşısında sipər ola biləcək maneələrə həssaslıqla, emosionallıqla «yox» deyir.

“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bütün uşaq filmlərinin ideyası cəmiyyət üçün yararlı vətəndaş anlamını təbliğ etmək, uşaqların gələcək səviyyəsinin püxtələşməsində müstəsna rolu olan ibrətamiz meyarları ekranlaşdırmaq olub. Bu mənada XX əsrin ikinci yarısından etibarən çəkilən bu tipli filmlərin bədii və texniki tərəfləri kiçik seyrçilərimizin diqqətini bu gün də özünə cəlb edir. İstər bədbin, istərsə də nikbin notlara ünvanlanmış filmlərin hər birinin intellektual aləmə mühüm çağırışları olub. Bu filmlərin hər birində qurub-yaratmaq, insani keyfiyyətləri dəyərləndirmək kimi cəhətlər üstünlük təşkil edir. Bu gün dünyanı uşaqlara qavradıqları şəkildə təqdim edən keyfiyyətli filmləri görmək kiçik tamaşaçılarımız üçün ən böyük hədiyyədir.

Müəllif: Şəhla Bürcəliyeva, kinoşünas
Mənbə: Mədəniyyət qəzeti

1 şərh

burla xatun
Qərib cinlər diyarında kinosu maraqlıdır