Həsən Seyidbəyli

Ssenarist, rejissor, yazıçı, əməkdar incəsənət xadimi, xalq artisti Həsən Seyidbəyli. Uzun illər Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri olmuş bu unudulmaz şəxsiyyət haqqında düşünəndə onun genişşaxəli yaradıcılıq yolu göz önündə canlanır. Kinorejissor kimi də, yazıçı kimi də çox uğurlara imza atmış, nailiyyətlər qazanmış Həsən Seyidbəylinin mənəvi dünyamızın formalaşmasında böyük xidmətləri var. O, nəinki Azərbaycan, hətta sovet kinosunun aparıcı rejissorlarından və ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri olub. Onun hər iki sahədəki yaradıcılığını araşdırarkən heyrətlənməyə bilmirsən. Elə mövzulara toxunub, elə bəşəri ideyalara söykənib ki, həmişəyaşardır, həmişə seviləndir.

Həsən Seyidbəyli 1920-ci ilin 22 dekabrında Bakıda anadan olub. İlk təhsilini 132 saylı orta məktəbdə alıb. Hələ kiçik yaşlarından kinoya, ədəbiyyata böyük marağı olub. Bir çox nasirlər kimi o da bədii yaradıcılığa şeirlə başlayıb. Bioqrafiyasından məlum olur ki, əvvəlcə Leninqradda (indi Sankt-Peterburqda) Kino Mühəndisləri İnstitutunda, sonra isə Moskva Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb. Yaradıcılığa böyük marağı onu ilk dəfə ədəbi etüdlər, bədii lövhələrlə bağlı ssenarilər yazmağa sövq edib. İlk təcrübə filmləri böyük uğur qazanıb. Mütəxəssislər, kinonəzəriyyəçiləri birmənalı olaraq onun istedadlı kino rejissoru kimi uğur qazanacağını, məşhurlaşacağını əvvəlcədən söyləyiblər.
1943-cü ildən Bakı kinostudiyasında işləyən Həsən Seyidbəyli bir sıra rəngli kino oçerklər, qısametrajlı filmlər çəkməyə başlayıb. Bir əlində kamera, bir əlində də qələmi möhkəm saxlayan Həsən Seyidbəyli ötən əsrin ortalarında Sovet Xəbərlər Bürosunun müxbiri kimi də fəaliyyət göstərib.

Həsən Seyidbəylini yaxından tanıyanlar söyləyirlər ki, nikbin, səmərəli həyatsevər təbiəti onun yaradıcılığına da hakim olub. Bu səbəbdən də əsərlərində həmişə milli ruh lövbər salıb. Tariximizə, adət-ənənəmizə, soy kökümüzə olan marağı, dürüst münasibəti əsərlərində də öz əksini tapıb. Həsən Seyidbəyli son dərəcə həssas, duyumlu, yurdsevər, torpağa bağlı bir şəxsiyyət idi. Ötən əsrdə 37-ci il repressiyalarının doğurduğu faciələri yaşamaq, millətin mənəviyyatına sancılan oxlardan xəbərdar olmaq, təzyiqlərin, diktələrin burulğanlarından salamat çıxmaq, həm də həyat həqiqətinə sadiq qalaraq bunu bütün yaradıcılığı boyu əsərlərində bildirmək, gizli məqamlarla təzadların doğurduğu haqsızlıqları əks etdirmək çox çətin idi. Zülmün üstünə getmək həyat bahasına başa gəlirdi, amma nə xoş ki, Həsən Seyidbəyli bunu bacardı. Bu gün də onun bir rejissor kimi çəkdiyi, ssenaristi olduğu filmlərə baxanda gizli mətləblərlə böyük mənalar bildirməyi, tamaşaçını, oxucunu heyrətləndirir. Çox haqlı olaraq deyirlər ki, Həsən Seyidbəylinin bədii əsərləri, filmləri milli tariximizin bədii salnaməsidir. Həqiqətən də, onun təlqin etdiyi ideyalar həmişə işıqlıdır. Millətini sevən bir şəxsiyyət kimi Həsən Seyidbəyli xalqımızın yaşadığı problemi də bilirdi və ona həssas yanaşmağın yolunu da. Bunun da nəticəsində çəkdiyi filmlərlə milli kinomuza, yazdığı əsərlərlə ədəbiyyatımıza yeni uğurlar gətirdi. Ən diqqətçəkən məqam budur ki, imza atdığı əsərlərin, çəkdiyi filmlərin heç biri quruluşun quluna çevrilmədi. Zamanın sınaqlarından qalib çıxdı, yaşadı, yaşayır və yaşayacaq.
Həsən Seyidbəylinin ssenarisi əsasında «Doğma xalqımıza» (1954), «Qızmar günəş altında» (1956) filmləri çəkildi. «Uzaq sahillərdə» filmi isə bu istedadlı yazıçının çox uğurlu addımlarından biri oldu. Onun İmran Qasımovla birgə yazdıqları «Uzaq sahillərdə» ssenarisinə kinorejissor Tofiq Tağızadə çox orijinal quruluş verdi. 1958-ci ildə ekranlarımızda nümayiş etdirilən film müəlliflərinə böyük şöhrət gətirdi. Sonrakı illər də onun həm rejissor, həm ssenarist kimi yaradıcılığında yeni nailiyyətlərlə naxışlandı. «Telefonçu qız» (1962), «Kimi daha çox sevirik» (1964), «Möcüzələr adası» (1965), «Sən niyə susursan» (1966), «O qızı tapın» (1970), «Xoşbəxtlik qayğıları» adlı filmlərin ssenari müəllifi də, rejissoru da Həsən Seyidbəylinin özüdür. Bu arada iki filmə quruluş verib. Onun rejissorluğu ilə doğulan və milli kino tariximizin qızıl fonduna daxil olan «Bizim Cəbiş müəllim» və «Nəsimi» filmləri böyük şöhrət qazandı.

Maraqlıdır ki, Həsən Seyidbəylinin bütün filmlərində ümumi bir ahəng var. Bu da qəhrəmanların daxili aləmini açmağa yönələn xətlər, milli dəyərlərə üstünlük, bədii ümumiləşmə vasitəsilə insan mənəviyyatının dərinliyinə işıq saçmaq. Seçdiyi qəhrəmanların mənəviyyatındakı təmizlik elə təsirli və qüdrətli verilir ki, filmdən doğan bir ruhda saflığa, paklığa bir çağırış var. İstər müharibə mövzusunda çəkilmiş «Bizim Cəbiş müəllim» filmi olsun, istərsə də Nəsiminin həyatından bəhs edən eyniadlı ekran əsəri. Bütün bu adıçəkilən və çəkilməyən filmlərdə mənəviyyatın qələbəsi öndə olur, həyat həqiqətinə sadiqlik duyulur. Həsən Seyidbəylinin ekran həyatı verdiyi qəhrəmanları milli kinomuzu zənginləşdirdi.
Həsən Seyidbəyli İsa Hüseynovla birlikdə «Nizami» filminin də ssenarisini yazırdı. Təəssüf ki, bu filmin rejissoru olmaq Həsən Seyidbəylinin qismətinə düşmədi. O, 59 yaşında dünyasını dəyişdi. Həmin filmə Eldar Quliyev quruluş verdi.
Həsən Seyidbəyli kinoya çox bağlı idi. Onu hər gün qəbul edilən həyat nemətləri — hava, su, çörək qədər sevirdi. Hətta deyirdi ki, yeri gələndə bunlarsız da yaşamaq olar, amma kinosuz yox. Zarafatından da qalmırdı: «Onsuz da Şəkər xanım (şəkər xəstəliyini nəzərdə tuturdu — F.X) mənə çox şeyi qadağan edir. Bircə kinoya gücü çatmaz». Hətta öz övladlarını da kiçik yaşlarından filmlərdə çəkərdi. Bəlkə də arzusu onları da bu sahədə görmək idi. Amma nədənsə sonra özü fikrindən daşınıb, övladları başqa sənət seçiblər. «Bizim Cəbiş müəllim» filmində oğlanlarından Ziya Namiq, Mehdi və qızı Məryəm Cəbiş müəllimin uşaqlarının rollarını yaradıblar. Hətta Məryəm altı yaşında «Telefonçu qız» filmindəki baş qəhrəmanın uşaqlığını canlandırıb. «Nəsimi» filmində də Məryəmi Fatma roluna çəkmək istəyib, amma nədənsə bu arzusu baş tutmayıb.
Kinoşünaslar da söyləyirlər ki, Həsən Seyidbəyli öz filmlərində tanınmayan, amma istedadlı insanları çəkərdi. «Nəsimi» filmi buna sübutdur. Baş rolu yaratmaq üçün namizədlərin sayı çox olub. Lakin Həsən Seyidbəylinin inadı və həssas duyumu yalnız Rasim Balayevə yönəlib. Gənc bir tələbənin belə bir tarixi şəxsiyyətin, böyük şairin obrazını məharətlə yaratmasına inanan Həsən Seyidbəyli həqiqətən də yanılmadı. Müdrik və uzaqgörən insan idi Həsən Seyidbəyli. İşinə də, sənətinə də məsuliyyətlə yanaşırdı. Seçimində həssas idi. Onun üçün əsas meyar istedad və yenə də istedad olardı.
Həsən Seyidbəyli həm də görkəmli yazıçı idi. Onun nəsr əsərləri keyfiyyətcə sanballı, məzmunca bitkin idi. Bu səbəbdən də Azərbaycan ədəbiyyatında bu müəllifin öz yeri və möhürü var. İlk kitabı — «Kənd həkimi» 1950-ci ildə çap edilib. Ömrünün sonuna kimi müxtəlif nəşriyyatlarda 20-dən artıq kitabı işıq üzü görüb. Həm uşaqlar, həm də böyüklər üçün müxtəlif mövzularda mükəmməl nəsr nümunələri yaradan Həsən Seyidbəylinin «Cəbhədən cəbhəyə», "İllər keçir" (şərikli), «Uzaq sahillərdə (şərikli)», «Tərsanə», "Çiçək" povest və romanları müəllifinə böyük şöhrət gətirmişdi. İmran Qasımovla birgə yazdığı «Uzaq sahillərdə» kitabı dəfələrlə nəşr edilib. Dövrün ədəbi tənqidində Həsən Seyidbəyli nəsri barədə də tənqidçilər xoş sözlər deyir, yazıçının uğurundan söz açırdılar.

Həsən Seyidbəyli həm də peşəkar publisist idi. İctimai-siyasi xadim kimi diqqət mərkəzində olan bu şəxsiyyət tez-tez xarici ölkələrdə müxtəlif səfərlərdə olurdu. Hər səfərdən qayıdışı isə mətbuat səhifələrində oçerk, təəssürat, yol qeydləri kimi öz əksini tapırdı. Müəllifin bu sahədəki xidmətləri təqdirəlayiqdir. "İlk tanışlıq", «On beş gün Yaponiyada», «Yuqoslaviya xatirələri», "İyirmi gün Amerikada", «Gördüyüm yerlər...» adlı publisistik kitablarda məhz səfər təəssüratlarından bəhs edilir.
Həm kinorejissor, həm də yazıçı kimi mükəmməl yaradıcılığa malik olan Həsən Seyidbəyli bir neçə çağırış Azərbaycan Ali Sovetinin və Bakı Sovetinin deputatı kimi də fəaliyyət göstərib. Filmləri ümumittifaq kino festivallarında priz və diplomlara layiq görülüb. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləmiş Həsən Seyidbəylinin yaradıcı əməyi həmişə qiymətləndirilib. O, "Şərəf" nişanı, «Qırmızı əmək bayrağı» ordenləri və medallarla təltif edilmişdir.
Haqq dünyasına qovuşmasından bizi 30 ildən artıq vaxt ayırsa da Həsən Seyidbəyli heç vaxt unudulmayıb. Nə qədər ki, onun filmləri nümayiş etdirilir, nə qədər ki onun kitabları oxunur, qəhrəmanlarının müdrik və yumorlu sözləri dillər əzbərinə çevrilir Həsən Seyidbəyli unudula bilərmi? O, elə mövzulara həyat verdi ki, həm əsərləri əbədiyaşarlıq qazandı, həm də müəllifinə ölümsüzlük gətirdi. Çəkdiyi filmlərin 60-70 yaşı var. Amma bu gün də baxılır və hər dəfə də tamaşaçıya təzə görünür. Gənc nəsil heyrətlənir, yaşlı nəsil «nostalgiya» keçirir. Bu da ömrün 90-cı qışı… Yenə qarşıdan illər gəlir. Hər ilin də öz münasibəti, öz oxucusu doğulur. Həsən Seyidbəyli 100-ə də, 200-ə də qovuşacaq. Amma həmişə bir xiffət səslənəcək: unudulmaz yazıçı cəmi 59 il yaşadı. Əsərlərinin yaşı isə daha çoxdur. Yaratdıqları qocaldıqca, özü də ucalacaq.

Flora XƏLİLZADƏ,
«Azərbaycan»
22.12.2010

 
loading...

2 şərh

pascal
nilufer, çox sağ olun nəşrə görə. Əvvəla, öz istedadlı, bacarıqlı, əsl sənətkarlarımızdan yazmağa, burda paylaşdığınıza görə çox bəyəndim. İkincisi isə, bilmədiyim bəzi maraqlı məlumatları öyrəndiyim. Minnətdaram +
pascal
2-ci video açılmadı nədənsə. Həsən Seyiidbəylinin şəklini qoysaydınız, daha məqsədəuyğun olardı. Tanımayanlar tanıyardı.