"Da", "də" haqqında

 Qrammatikamızın qlobal problemlərindən biri də «da», «də» ədatları və bağlayıcılarının "-da", "-də" yerlik hal şəkilçilərindən fərqləndirilməməsi, bitişik yazılmasıdır. 
Əslində, məsələ çox sadədir:
1. Ədatlar və bağlayıcılar ayrı, şəkilçilər bitişik yazılır.
2. Söz Kimdə? Nədə? Harada? sualına cavab verirsə, deməli, -da, -də şəkilçidir və bitişik yazılır.
3. İştirak mənasını verən da, də bağlayıcıları və da, də ədatları isə ayrı yazılır.
Məsələn:
Şəkilçi kimi:

  • Məndə çoxlu otaq bitkisi var. (kimdə?)
  • Sizdə bu barədə məlumat var? (kimdə?)
  • Bergen şəhəri Norveçdə yerləşir. (harada?)
  • Kitabda bu barədə heç nə deyilməyib. (nədə?)

Bağlayıcı kimi:

  • Mən də ora gedəcəm. ( həmçinin mən, həm də mən)
  • Bəs sən də gələcəksən?
  • Norveç də Skandinaviya ölkəsidir?
  • Artıq qaranlıq gec düşür, havalar da isinir.

Ədat kimi:

  • Belə də vicdansızlıq olar?
  • Gəl çıx da!

Cümlədə həm bağlayıcı, həm də yerlik hal şəkilçisi:


  • Məndə də o kitabdan var.
  • Sizdə də işıq yoxdur?
  • Norveçdə də hava soyuqdur.

Bağlayıcı, ədat və yerlik hal şəkilçiləri birlikdə:


  • Məndə də o kitabdan var da!
  • Norveçdə də hava soyuqdur da!
  • Mən də elə onu deyəcəkdim də!
 

1 şərh

Ferbara
«Da», «də» seçə bilməyənlərə kömək.