Cümlə üzvlərinin əlavəsi, həmcins üzvlər

Cümlədə özündən əvvəiki üzvü izah edən, dəqiqləsdiran sözə və ya söz birləşməsinə əlavə deyilir.
Əlavələr aid olduğu cümlə üzvündən sonra gəlir, həmin üzvlə eyni qrammatik formada olur və ondan xüsusi fasilə, intonasiya ilə ayrılır. Məsələn: İbrahimlə İsmayıl — ata ilə oğul Kəbəni yenidən ucaltdılar. Əli özümüzünküdür — uzaq qohumumuzdur. Günaya — X sinifşagirdinə mükafat verdilər. Dünən, mayın 15-də fərdi sərgim açıldı.

Yuxarıdakı cümlələrdə sıra ilə mübtədanın, xəbərin, tamamlığın və zərfliyin əlavəsi işlənmişdir. Nadir hallarda təyinin də əlavəsi işlənir. Bu zaman əlavədən sonra çox vaxt, yəni sözü işlənir: Sonuncu, yəni iyirmi beşinci test çox çətin idi.

Əlavələr aid olduğu sözlərdən tire (-) ilə ayrılır. bəzən əlavədən əvvəl tire əvəzinə, vergül işarəsi də qoyulur. Məsələn: Biz, milli ordunun döyüsçüləri Vətəni qorumağa and içirik.
Əlavə bəzən yəni bağlayıcısı ilə də işlənir və bu halda da ondan əvvəl vergül qoyulur. Məsələn: Biz uzaqdan, yəni ucqar dag kəndindən gəlmişik.

Cümlədə bəzən üçüncü növ təyini söz birləşmələrinin, feli sifət, feli bağlama və məsdər tərkiblərinin asılı tərəflərinə, xitablara aid əlavələr də işlənir. Məsələn: Turalın — gənc döyüşçünün qəhrəmanlığı bütün alaya yayıldı. Kəndə — doğma obaya qayıdanda onun xəyalında uşaqlıq illəri canlandı. Çiçəklən, Azərbaycan, doğma Vətən və s.

Həmcins üzvlü cümlələr

Eyni bir cümlə üzvü ilə bağlı olub, eyni suala cavab verən və qrammatik cəhətdən bərabərhüquqlu olan üzvlərə həmcins üzvlər deyilir.
Həmcins üzvlər arasında tabesizlik əlaqəsi olur və onlar bir-biri ilə ya sadalama intonasiyası, ya da intonasiya və tabesizlik bağlayıcıları ilə bağlanır.

Cümlənin bütün üzvləri həmcins ola bilir. Məsələn: Sinifdə oğlanlar və qızlar var. Oqtay həm oxuyur, həm də işləyir. Aysel gülləri, çiçəkləri sulayır. İndi şəhərdə də, kəndə də qaz var. O, bacarıqlı, tərbiyəli və ağılh oğlandır və s. Bu cümlələrdə sıra ilə həmcins mübtədalar, xəbərlər, tamamlıqlar, zərfliklər və təyinlər işlənmişdir.

Həmcins üzvlər arasında və, ilə bağlayıcılarından başqa, qalan bağlayıcılar işləndikdə vergül qoyulur. Həmcins üzvləri bir birinə bağlayan qarşılaşdırma bağlayıcılarından (amma, ancaq, lakin) və təkrar olunan, həm-həm də, nə — nə də, ya — ya da, gah — gah da bağlayıcılarından (ikincisindən) əvvəl vergül qoyulur. Məsələn: Uşaq gah ağlayır, gah da gülürdü. Sən ya iqtisadçı, ya da mühəndis ol. İclasda nə mənə, nə də sənə söz verəcəklər. O həm ana dilini yaxşı bilir, həm də bir neçə xarici dildə sərbəst danışır və s.

Həmcins üzvlərdə ümumiləşdirici sözlər

Həmcins üzvlərin hamısına aid olub, onları ümumiləşdirən sözə və ya söz birləşməsinə ümumiləşdirici söz deyilir.
Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gəidikdə, ondan sonra iki nöqtə, sonra gəldikdə isə ondan əvvəl tire işarəsi qoyulur.  Məsələn: Sinifdəkilər: müəllimlər və  valideynlər diqqətlə müdirə qulaq asırdılar. Məktəbdə, küçədə, bağda- hər yerdə bir səliqə — sahman gözə dəyirdi və s. Bəzən ümumiləşdirici sözdən əvvəl bir sözlə ifadəsi işlədilir. Məsələn: İndi evdəkilərdən də, dostlardan da, bir sözlə, hamıdan incimişdim.

bəzi hallarda ümumiləşdirici sözdən sonra yəni, məsələn sözləri də işlədilir. Məsələn: Lənkəran və Astarada sitrus meyvələri, yəni: limon, mandarin və apelsin yetişir. Dillərin bir qismində, məsələn: ərəb.fars, rus dillərində sözün kökü içəridən dəyişir və s.

Həmcins üzvlərdə ixtisarlar

Həmcins üzvlərdə təkrar olunan bəzi qrammatik şəkilçilər və hissəciklər sonuncusu saxlanılmaqla ixtisar oluna btlir. Hal və cəm şəkilçiləri, xəbərdə şəxs şəkilçiləri, eləcə də idi, imiş hissəcikləri və, ilə, üçün qoşmaları daha çox ixtisar olunur. Məsələn:

1. Məktəbdəki tədbirdə müəllim (-), şagird (-) və validəynlər iştirak edəcəklər.

2. Dənizkənarı parkda gəzərkən tələbə yoldaşlarımdan Anar (-), Tural (-) və Oqtayı gördum.

3. Mən dərslərimi oxumuş (-), tapşırıqları yazmış (-), ev-eşiyi yığışdırmışam.

4. Uşaq evdə oxuyur (-), yazır (-) və arabir televizora baxırdı.

5. Rəssam tez-tez buralara gələr (-), camaatla söhbət edər (-) və gözəl şəkillər çəkərmiş.

6. Bütün bunları öz gücüm (-), bacarığım (-) və qabiliyyətimlə əldə etmişəm.

7. Ata oğlu (-), qızı (-) gəlini üçün hədiyyə aldı.

Birinci cümlədə həmcins mübtədaların (müəllimlər, şagirdlər) cəm şəkilçisi, ikinci cümlədə isə həmcins tamamlıqların (Anarı, Turalı) hal şəkilçisi ixtisar edilmişdir. Üçüncü cümlədə həmcins xəbərlərdəki (oxumuşam, yazmışam) şəxs şəkilçiləri buraxılmışdır. Dördüncü və beşinci cümlələrdəki idi və imiş hissəciklərinin qısa forması ixtisar edılmişdir (oxuyurdu, yazırdı əvəzinə oxuyur, yazır; gələrmiş, söhbər edərmiş əvəzinə gələr, söhbət edər işlənmişdir) Altıncı və yeddinci cümlələrdə isə həmcins üzvlərdən sonra gələn ilə (-la, -lə) və üçün qoşmaları ixtisar olunmuşdur (gücümlə, bacarığımla əvəzinə gücüm, bacarığım; oğlu üçün, qızı üçün əvəzinə oğlu, qızı işlənmişdir).

Xəbərin həmcins mübtədalarla uzlaşması

Həmcins mübtədalar həm isimlərlə, həm də şəxs əvəzlikləri ilə ifadə olunur. Həmcins mübtədalardan heç olmazsa biri şəxs əvəzliyi ilə ifadə olunarsa, bu halda xəbərin onlarla uzlasması bu qaydada olur:

1. Həmcins mübtədalar sırasında I şəxs olduqda, xəbər I şəxsin cəmində olıır: Məsələn: Mən, sən və Anar bu gün Türkiyəyə gedirik. Mən və o yarışda birinciyik Biz və siz eyni mərtəbədə yaşayırıq. Onlar və biz tələbəyik.Mən və sən yarışa getməliyik

2. Həmcins mübtədalar sırasında yalnız ikinci və üçüncü şəxs olduqda, xəbər II şəxsin cəmində olur. Məsələn: Sən və Tural kəndə gedirsiniz. Siz və onlar yarışda iştirak etməlisiniz. Sən (siz) və o, siyahıda birincisiniz.

3. Həmcins mübtədalar yalnız III səxsdə olan əvəzlik və ya isimlə ifadə edildikdə, xəbər III şəxsin cəmində və ya təkində işlənə bilər. Məsələn: Günay, Aysel və Aytən məktəbə gedirlər. Yazda güllər, çiçəklər və ağaclar yaşıl dona bürünür.

Sadə cümlədə sözlərin sırası və məntiqi vurğu

Yalnız baş üzvlərdən ibarət olan cümlələrdə (müxtəsər cümlələrdə) əvvəl mübtəda, sonra xəbər işlənir. Məsələn: Yaz gəlir. Ağaclar çiçəkləyir. Sular dasır. Oxuyan Rəşiddir. Biz irəlidəyik və s. İkinci dərəcəli üzvlərin iştirakı ilə qurulan geniş cümlələrdə də, adətən, cümlənin əvvəlində mübtəda, axırında isə xəbər gəlir. Təyin mübtədadan (və ya tamamlıqdan) əvvəl, tamamlıq mübtədadan sonra, zərflik isə xəbərin yanında (əvvəlində) işlənir. Məsələn: Müəllim yeni sözləri ucadan və xususi vurğu ilə dəyirdi.
Lakin dilimizdə zərfliklərin cümlənin əvvəlində işləndikləri hallar da çoxdur. Məsələn: Axşam narın yağış yağdı. Dünən məktəbimizdə gənc şairlərlə görüş keçirildi.

Qeyd olunduğu kimi, təyin həmişə aid olduğu üzvdən əvvəl işlənir. Məsələn: Neft mühəndisi Bayatlı gəncfəhlələrlə şirin söhbət edirdi. Qonşumuz bacanqlı dülgərdir və s.

Cümlələrdə məqsəddən asılı olaraq, bəzi üzvlərin yeri dəyisdirilir. belə hallarda diqqətə çatdırılan söz bir qədər yüksək tonla, xösusi vurğu ilə deyilir. Bu cür qüvvətli vurğu altında deyilən sözlər, adətən, xəbərin yanında işlənir. Məsələn: Biz kəndə sabah yola düşüruk. Biz sabah kəndə yola düşüruk. Sabah kəndə biz yola düşürük.
Bu cümlələrdə məqsəddən asılı olaraq, sözlərin sıralanma qaydası dəyişdirilmiş və üzərinə vurğu düşən söz xəbərin yanına gətirilmişdir. Birinci cümlədə məqsəd yola düşməyin zamanını, ikinci cümlədə yerini, üçüncü cümlədə isə kimin yola düşməsini ifadə etməkdədir.

Cümlədə sözlərin yerini dəyişmədən də ayrı-ayrı sözləri qüvvətli vurğu altında demək mümkündür. Məsələn: Sənin qardaşın Türkiyədə oxuyur. Sənin qardaşın Türkiyədə oxuyur. Sənin qardaşın Türkiyədə oxuyur.
Cümlədə müəyyən sözün başqalarına nisbətən qüvvətli vurğu altında dəyilməsi məntiqi vurğu adlanır.

Müəllif: Möhsün Nağısoylu  Zellabdin oğlu, filologiya elmləri doktoru, professor, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda şöbə müdiri, əməkdar elm xadimi.
Mənbə: Ali təhsilə hazırlıq kurslarının dinləyiciləri üçün dərs vəsaiti

0 şərh