Leksika-2

Ümumişlək sözlər
Dilimizdəki sözlər işlənmə dairəsinə görə iki qrupa bölünür: ümumişlək sözlər və ümumişlək olmayan sözlər.
Mənası hamı tərəfindən anlaşılan sözlərə ümumişlək sözlər deyilir.
Dilimizdə işlənən sözlərin böyük əksəriyyəti hamı üçün anlaşıqlı olan ümumişlək sözlərdir. Məsələn: od, su, hava, torpaq, vətən, şən, azad, çalışmaq, oxumaq, öyrənmək və s.

Ümumişlək olmayan sözlər

Hamı tərəfindən istifadə olunmayan və anlaşılmayan sözlərə ümumişlək olmayan sözlər deyilir.
Ümumişlək olmayan sözlər iki qrupa bölünür: dialekt sözləri, ixtisas sözləri (terminlər).
Yalnız ayrı-ayrı bölgə və kəndlərdə işlədilən sözlərə dialekt sözləri deyilir.
Məsələn: döşəkcə ümumişlək sözdür - hamı tərəfindən başa düşülür. Eyni mənanı bildirən nimdər sözü ısə yalnız ayrı-ayrı bölgə və kəndlərdə yaşayanların işlətdiyi dialektsözüdür. Hancarı (necə?), doqqaz (küçə), becid (tez), digə (dağ yerində yaşayış yeri), gəvəzə (çox danışan, boşboğaz), əlardan (dəsmal),  manşırlamaq (nişanlamaq), maş (lobya), əppək (çörək), məhrəba (dəsmal), təlis (dəsmal), qarqundey (qarğıdalı), kəbə (qarğıdalı), yerpənək (xiyar), qəlbi (hündür), tapdan (qəfıldən) və s. sözləri də dialekt sözləridir.

Terminlər
(İxtisas sözləri)
Müxtəlif ixtisas və peşə sahələrinə aid sözlərə terminlər (ixtisas sözləri) deyilir. Məsələn: frazeologiya, mübtəda, orfoepiya, folklor, süjet, epitet, subtropik, flora, qələvi və s. Cəmiyyət mədəni cəhətdən inkişaf etdikcə bəzi terminlər get-gedə ümumişlək sözlərə çevrilir. Məsələn: ekran, süita, solo, fauna, flora və s.
Terminlərdən elmi üslubda daha çox istifadə olunur. Bu, elmi üslubu başqa üslublardan fərqləndirən əsas səciyyəvi xüsusiyyədir. Hər elm və ya peşə sahəsinin özünəməxsus terminləri var. Bəzən bədii əsərlərdə də təsvir olunan hadisə ilə bağlı terminlərə rast gəlirik.

Yeni sözlər
(neologizmlər)
İctimai həyat dəyişdikcə baş verən yeniliklərlə bağlı olaraq, dildə ayrı-ayrı anlayış, hadisə və əşyaları bildirən yeni sözlər yaranır. Belə sözlərə yeni sözlər (neologizmlər) deyilir.
Məsələn: özəlləşdirmə, soyqırımı, nəfəslik, işbirliyi, soykökü, bölgə, yayım, açıqca, soyad, soydaş, durum, cangüdən, çağdaş və s. Bu sözlər son beş-on il ərzində dilimizdə yaranan yenı sözlərdir. Yeni sözlərin yaranması daha çox elm və texnikanın inkişafı ilə bağlıdır.
Yeni sözlərin bir hissəsi başqa dillərdən alınma yolla yaranır. Məsələn: investisiya, spiker, birja, kompüter, mer,faks, menecer, biznesmen, ekologiya, internet, distributer və s. Dilin öz söz ehtiyatı hesabına yaranan yeni sözlər daha çoxdur. Yuxarıdakı sözlərin çoxu buna numunə ola bilər. Dildəki yeni sözlərin bir hissəsi zaman keçdikcə ümumişlək sözlərə çevrilir. Məsələn: tozsoran, çimərlik və s. Yeni sözlərin bir hissəsi isə ixtisas sözlərinin sırasına daxil olur. Məsələn: printer, rotoprint, fızioterapiya və s.

Köhnəlmiş sözlər (arxaizmlər)

Dilin lüğət tərkibindəki bəzi sözlər zaman keçdikcə unudulur və ümumişlək xüsusiyyətini itirir. Belə sözlərə köhnəlmiş sözlər (arxaizmlər) deyilir.
Keçmiş həyat və məişət tərzi ilə bağlı olan köhnəlmiş sözlər tarixizm adlanır. Məsələn: dəbilqə (dəmir papaq), çarıq (gön ayaqqabı), daqqa (dəri papaq), darğa (şəhər, vilayət hakimi), toppuz (başı girdə çomaq, qədim silah növü), güyüm (iri mis qab), təknə (ağac kötüyündən hazırlanmış iri qab), yasavul (keçmişdə polis nəfəri), girvənkə (çəki vahidi), xurcun (ikigözlü heybə - torba), kəndxuda (kəndin başçısı), baqqal (ərzaq malları satan dükançı) və s.
Klassik ədəbi əsərlərdə işlənən və hazırda unudulan köhnəlmiş sözlərə isə arxaizmlər deyilir. Məsələn: "Kitabi-Dədə Qorqud" dastanında, Q. Bürhanəddin və İ.Nəsimi şerlərində işlənən ayıtmaq (demək, söyləmək), tanıq (şahid), sayru (xəstə), güz (payız), us (ağıl), əsən (sağ, salamat), əsrük (sərxoş), altun (qızıl), damu və ya tamu (cəhənnəm), uçmaq (cənnət), ün (səs), nəsnə (şey), arı (təmiz), suç (günah), danla (sabah), duş (yuxu), ayaq (qədəh) və s. kimi sözlər arxaizmlərdir.

Frazeoloji birləşmələr

Bütövlükdə bir leksik mənanı bildirən söz birləşmələrinə frazeoloji birləşmələr deyilir.
Frazeoloji birləşmələr tərkibcə dəyisməyən və macazi mənada işlənən sabit söz birləşmələridir.Məsələn: qulaq asmaq (dinləmək), başa düşmək (anlamaq), ürəyinə xal düşmək (şübhələnmək), başa çatdırmaq (qurtarmaq), əldən düşmək (yorulmaq) və s. söz birləşmələri frazeoloji birləşrnələrdir. Belə birləşmələrin tərkib hissələri olan sözlər öz həqiqi mənasını itirir və bütövlükdə cümlənin bir üzvü olur. Məsələn: "Şagirdlər diqqətlə müəllimə qulaq asırdılar" cümləsindəki frazeoloji birləşmə nə edirdilər? sualına cavab olur, deməli, cümlənin xəbəridir.

Alınma sözlər
Dilimizdəki sözlər mənşəyinə görə iki qrupa bölünür: əsl Azərbaycan sözləri, alınma sözlər. Dilimizin lüğət tərkibindəki sözlərin böyük əksəriyyəti (xüsusilə say, əvəzlik fellərin, demək olar ki, hamısı) əsl Azərbaycan sözləridir. Başqa xalqlarla müəyyən əlaqələr nəticəsində dilimizə çoxlu alınma sözlər də keçmişdir. Alınma sözlər iki qrupa bölünür:
1.  Ərəb və fars dillərindən alınma sözlər
2.  Avropa dillərindən alınma sözlər.
Ərəb və fars dillərindən alınma sözlərin çoxu fəal ümumişlək sözlərdir və onları əsl Azərbaycan sözlərindən fərqləndirmək çətindir. Məsələn: kitab, alim, dünya, məktəb, tələbə, şagird və s. Belə alınma sözləri müəyyən etmək üçün əsl Azərbaycan sözləri üçün səciyyəvi olmayan aşağıdakı xüsusiyyətləri bilmək zəruridir:
1. Sözdə iki saitin yanaşı işlənməsiMəsələn: ailə, zəif, səadət, müəllim, maaş, bədii, mətbəə və s.
2. Sözdə uzun tələffüz olunan saitin islənməsi Məsələn: Arif, aləm, bəzi, məna, elan, mötəbər, xüsusi, musiqi, sufi, həqiqət, səliqə, vəzifə və s.
3. Sözün r samiti  ilə başlanması. Məsələn: razı, rahat, rəssam, rəf, rütbə, rəndə və s.
4. Sözdə j samitinin işlənməsi (istər sözün əvvəlində, sonunda, istərsə də ortasında). Məsələn: Jalə, janr, müjdə, əjdaha, qaraj, jurnal, montaj və s.
5. Əvvəllər apostrofla işlənmiş bütün sözlər.Məsələn:şe'r, ne'mət, əla, məna, mö'təbər, vüs'ət, cür'ət, sün'i, məs'ul və s. Belə sözlərin hamısı ərəb mənşəlidir.
6. Vurğusu son hecaya düşməyən sözlərin çoxu(bayaq, bildir, dünən, necə, niyə, ancaq, yalnız, sanki kimi əsl Azərbaycan sözləri istisnadır).
7. Sözdə ahəng qanununun pozulmasıMəsələn: aşiq, məktub, vəfa, ticarət və s. (ilıq, işıq, inam və s. əsl Azərbaycan sözləri istisnadır).
8. Təkhecalı sözlərin sonunda eyni samitlərin işlənməsi.Məsələn: həll, sirr, xətt, hiss, həzz, fənn, tibb, həqq, hədd, qəşş və s.
9. Qoşa yy samitli sözlərin hamısı.Məsələn: xasiyyət, əziyyət, ədəbiyyat, nəqliyyat, təyyarə və s.
Bu xüsusiyyətləri daşıyan sözlərin hamısı alınma sözlərdır.Ərəb və fars dillərindən alınma bəzi sözlər isə la, na, bi, ba ön şəkilçiləri ilə birlikdə dilimizə daxil olmuşdur. Məsələn: laməkan (məkansız), laqeyd (diqqətsiz), naşükür, naməlum, nalayiq, nanəcib, bisavad, biədəb, bişüur, bamazə və s. Məktəb, təhsil, din və ilahiyyətlə bağlı sözlərin çoxu da ərəb və fars dillərindən alınma sözlərdir. Məsələn: məktəb, kitab, dərs, tədris, sinif ,lövhə, tabaşir, elm, təlim, mədrəsə, dəftər, kati, ilahi, peyğəmbər, imam, məscid, səcdə, namaz, dəstamaz, ibadət, molla, möhür, axirət, behişt, camaat, cəhənnəm və s.
Sözün əvvəlində iki samitin yanaşı gəlməsidə əsl Azərbaycan sözləri üçün səciyyəvi xüsusiyyət deyil. Məsələn: plan, prospekt, şkaf, stəkan, tramplin və s. Belə sözlər, əsasən, Avropa mənşəli alınma sözlərdir.
Dilimizdəki Avropa mənşəli alınma sözlərin bir çoxu başqa dillərdə də işlənir. Belə sözlərə beynəlmiləl sözlərdeyilir. Məsələn: respublika, prezident, demokratiya, futbol və s.
Dilimizə müxtəlif dillərdən söz keçdiyi kimi, başqa dillərə də Azərbaycan sözləri daxil olmuşdur. Məsələn, fars dilində işlənən ordu, bağ, boran, boşqab sözləri; rus dilində işlənən kərpic,ütü (utyuq) və s. sözlər bizim dilimizdən keçmişdir.

3 şərh

papatürk
Təəssüf ki, təknə sözü arxaizmə çevrilib. Vanna sözünü tam  əvəz edə bilər.
fidan
Yazılıb axı,təknə taxtadan olur. Ona görə də vanna ilə əlaqəsi yoxdur.
2ral
Qədim dövrdə vanna bəyəm plastmassdan olurdu? Bəlkə plastik kütlədən yaxud metaldan vanna düzəldirdilər,bizim xəbərimiz yoxdur?:) Vanna sözü ilə təknə əslində eyni şeydir.