İsmin hallanması

İsimlər cümlədə asılı olduğu sözlərin tələbi ilə formaca dəyişir, yəni müəyyən qrammatik şəkilçilər qəbul edir.
Isimlərin əlaqəyə girdiyi sözlərin tələbi ilə dəyişməsi hallanma adlanır. Dilimizdə ismin altı halı var. Hər bir hal özünəməxsus sualları və xüsusiyyətləri ilə seçilir.

Adlıq hal

İsimlərin başlanğıc formasıdır. Adlıq hal kim? nə? hara? suallarına cavab olur. Məsələn: şagird (kim?), kitab (nə?), Bakı (hara?) və s. İsimlər adlıq halda cəm, mənsubiyyət və xəbərlik şəkilçiləri ilə işlənə bilir. Məsələn: atam (kim?), kitabım (nə?), evlər (nələr?), kəndimiz (hara?), qələmdir (nədir?) və s.
Adlıq halda olan isim cümlədə ən çox mübtəda olur. Məsələn: Anar gedir. Kitabım evdədir və s. Adlıq halda olan isim xəbərlik şəkilçisi qəbul etdikdə cümlədə xəbər olur. Məsələn: Gələn tələbələrdir. Mən müəlliməm və s. Bu halda olan isim sifətləşdikdə cümlədə təyin də olur. Məsələn: Şəkidə kərpic evlər çoxdur. Uşağa dəri çanta aldım. və s.

Yiyəlik hal

Yiyəlik, sahiblik mənalarını bildirir. Kimin?, nəyin?, haranın? suallarına cavab olur. Məsələn: uşağın (kimin?), qələmi, kitabın (nəyin?) cildi, kəndin (haranın?) bulağı və s. İsimlər yiyəlik halda -ın4 (-nın4) şəkilçisi qəbul edir. Məsələn: ağac-ın (qapı-nın), ev-in (sahə-nin), yol-un (quyu-nun), üzüm-ün (ütü-nün) və s.
Yiyəlik halın iki növü var: müəyyənlikbildirən yiyəlik hal, qeyri-müəyyənlik bildirən yiyəlik hal.
Müəyyənlik bildirən yiyəlik hal yuxarıdakı suallara cavab olur və sahiblik, yiyəlik məzmununu konkret şəkildə ifadə edir. Məsələn: məktəbin həyəti, kitabın cildi birləşmələrində konkret bir məktəbin həyəti və müəyyən bir kitabın cildi mənası anlaşılır.
Qeyri-müəyyənlik bildirən yiyəlik hal isə nə? sualına cavab olur və sahiblik, yiyəlik məzmununu ümumi şəkildə bildirir. Məsələn: məktəb (nə?) həyəti, kitab (nə?) cildi birləşmələrindəki məktəb və kitab isimləri qeyri-müəyyən əşyaları ifadə edir. Bunu aşağıdakı nümunələrdə də aydın görmək olar:
Müəyyənlik bildirən yiyəlik hal: dağın havası, elin gücü, ananın laylası, dəftərin üzü, gülün ətri.
Qeyri-müəyyənlik bildirən yiyəlik hal: dağ havası, el gücü, ana laylası, dəftər üzü, gül ətri. Göründüyü kimi, belə isimlərin çoxunu müəyyənlik bildirən yiyəlik hala çevirmək mümkündür. Lakin bu halda olan bəzi sözləri müəyyən yiyəlik hala çevirmək olmur. Məsələn: müstəqillik günü, istirahət günü və s.
Yiyəlik halda işlənən isim, bir qayda olaraq, ayrılıqda işlənə bilmir.Belə isim özündən sonra gələn başqa bir isimlə — üçüncü şəxsin təkində olan mənsubiyyət şəkilçili isimlə məna və qrammatik cəhətdən bağlı olur. Bu iki isim birləşmə əmələ gətirir və birlikdə cümlənin bir üzvü olur. Məsələn: Məktəb illəri arxada qaldı. Qonşunun oğlu diş həkimidir. Torpağın sirrini əli torpaqda olandan soruş və s.
Müəyyənlik bildirən yiyəlik hal bəzən ayrılıqda işlənir və bu zaman cümlənin xəbəri olur. Məsələn: Qələm Anarındır. Kitab kitabxananındır və s. Qeyri — müyyənlik bildirən yiyəlik hal isə ayrılıqda işlənməz.
Qeyd: Samitlə bitən isimlərin qəbul etdiyi yiyəlik hal şəkilçisi –ın4 ilə II şəxs təkin mənsubiyyət şəkilçisi -ın4 bır-biri ilə omonimdir. Məsələn: otağın açarı, sənin otağın, qələmin ucu, sənin qələmin və s. Bunları daşıdıqları mənaya görə fərqləndirmək olar. Yuxarıda qeyd olunduğu kimi, yiyəlik hal şəkilçisi qəbul etmiş isim özündən sonra ikinci bir isim tələb edir (eləcə də mənsubiyyət şəkilçili ismin əvvəlində yiyəlik hal şəkilçisi qəbul etmiş sənin əvəzliyini işlətmək olur: kitab-ın cildi, sənin kitab-ın). Bundan əlavə mənsubiyyət şəkilçisi qəbul etmiş ismi hallandırmaq olur: sənin kitabını, kitabına, kitabında və s. Yiyəlik hal şəkilçisi qəbul etmiş ismi isə hallandırmaq mümkün deyil (ümumiyyətlə, bir isim iki hal şəkilçisi qəbul edə bilməz).

Yönlük hal

Hərəkətin yönünü, istiqamətini, son nöqtəsini bildirir. İsimlər yönlük halda kimə? nəyə? haraya? suallarından birinə cavab olur və -a2 (-ya2) şəkilçisini qəbul edir. Məsələn: O, Anara (ata-ya) baxır — kimə? Mən qrafın-ə (güzgü-yə) yaxınlaşıram — nəyə? Qız məktəb-ə (Şəki-yə) çatır — haraya? və s.
Qeyd: Sonu a, ə açıq saitləri ilə bitən isimlərin yönlük halda tələffüzü həmin sözlərin yazılışından fərqlənir. Həmin saitlər tələffüzdə ahəngə uyğun olaraq qapalı saitlərdən birinə keçir. Məsələn: babaya – [babıya], nənəyə — [nəniyə], Şuşaya – [Şuşuya], kölgəyə — [kölgüyə] və s.
Kimə? nəyə? sualına cavab olan isimlər cümlədə həmişə vasitəli tamamlıq, haraya? sualına cavab verən isimlər isə zərflik olur.

Təsirlik hal

Hərəkətin təsir obyektini, yəni üzərində iş icra olunan əşyanı bildirir. İsmin təsirlik halı da yiyəlik hal kimi iki növə bölünür: müəyyənlik bildirən təsirlik hal, qeyri-müəyyənlik bildirən təsirlik hal.
Müəyyənlik bildirən təsirlik hal kimi? nəyi? (bəzən də haranı?) suallarından birinə cavab verir. Bu növ təsirlik halda işlənən isimlər -ı4 (-nı4) şəkilçisinı qəbul edir. Məsələn: Tural-ı (Sona-nı) çağır -kimi? Qələm-i (düymə-ni) götürdüm — nəyi? və s.
Qeyri-müəyyənlik bildirən təsirlik hal isə şəkilçisiz işlənir və nə? sualına cavab olur. Məsələn: Aysel kitab (nə?) oxuyur. Ana corab (nə?) toxuyur. Quzu su (nə?) içir. və s. Təsirlik halın bu növü formaca adlıq halda nə? sualına cavab olan isimlərə oxşasa da, qrammatik mənaca onlardan tamamilə fərqlənir:
1. Qeyri-müəyyənlik bildirən təsirlik halı müəyyənlik bildirən təsirlik hal şəklində işlətmək olar. Məsələn: O, alma (almanı) yeyir. Bağban ot (otu) biçir və s.
2. Qeyri-müəyyənlik bildirən təsirlik halda olan ismi cümlədə xəbərin yanından uzaqlaşdırdıqda həmin isim müəyyənlik bildirir. Məsələn: Aygün dostuna məktub yazır. Aygün məktubu dostuna yazır.
3. Qeyri-müəyyənlik bildirən təsirlik halda olan ismin əvvəlinə o, bu işarə əvəzliklərindən birini artırdıqda həmin isim yenə də təsirlik halın şəkilçisini qəbul edir. Məsələn: Günay qələm aldı. Günay bu qələmi aldı.
4. Qeyri-müəyyənlik bildirən təsirlik hal da müəyyənlik bildirən təsirlik hal kimi yalnız təsirli fellərlə bağlı olur. Bunu yuxarıdakı nümunələrdə aydın görmək olar. Adlıq halda olan və nə? sualına cavab verən isim isə əksər hallarda təsirsiz fellərlə və ya ismi xəbərlərlə bağlı olur. Məsələn: Kitab yerə düşdü. Kitab bilik mənbəyidir. Kitab maraqlıdır və s.
Qeyd 1: Samitlə bitən isimlərin təsirlik halının şəkilçisi -ı4 ilə III şəxs təkin mənsubiyyət şəkilçisi –ı4 omonimdir. Məsələn: Kitabı oxu. Onun kitabı evdədir. Qələmi götürdüm. Uşağın qələmi sındı və s. Bunları fərqləndirmək üçün ilk növbədə mənaya fıkir vermək lazımdır. Formaca oxşar olan belə isimlərdən birincisi (təsirlik halda olan isim) nəyi? sualına, ikincisi (mənsubiyyət şəkilçili isim isə nə? sualına (bütövlükdə, birləşmə şəklində) cavab olur. Məsələn: Qonaq çayı (nəyi?) içir. Qonağın çayı (nə?) soyudu. Deməli, təsirlik hal şəklçili isim həmişə cümlədə tamamlıq, formaca oxşar olan mənsubiyyət şəkilçili isim isə mübtəda olur. İkinci fərq isə yuxarıda qeyd olunduğu kimi, təsirlik halda olan isimlərin yalnız təsirli fellərlə bağlı olmasıdır.
Qeyd 2: Təsirlik halın şəkilçisi –ı4 həm də isim düzəldən -ı4 leksik şəkilçisi ilə omonimdir. Məsələn: sanc-ı, yaz-ı, çək-i və s.
Təsirlik halın hər iki növündə olan isimlər cümlədə yalnız vasitəsiz tamamlıq olur.

Yerlik hal

Əşya və ya hərəkətin yerini bildirir. İsmin yerlik halı kimdə? nədə? harada? suallarından birinə cavab olur və -da5 şəkilçisi ilə düzəlir. Məsələn: Günayda, Ayseldə (kimdə?), kitabda, dəftərdə (nədə?), bağda, həyətdə (harada?) və s. Kimdə? nədə? sualına cavab verən isim cümlədə vasitəlitamamlıq,harada? sualına cavab olan isim isə zərflikolur.

Çıxışlıq hal

Hərəkətin çıxış (başlanğıc) yerini bildirir. İsmin çıxışlıq halı kimdən? nədən? haradan? suallarından birinə cavab olur və -da2 şəkilçisi ilə düzəlir. Məsələn: Turaldan, Sevincdən (kimdən?), kitabdan, dəftərdən (nədən?), bağçadan, küçədən (haradan?) və s. Çıxışlıq hal mənaca yönlük halın daşıdığı mənanın əksini bildirir. Məsələn: bağçaya (çatılacaq nöqtə) -bağçadan (çıxış nöqtəsi) və s.
Sonu n, n samitləri ilə bitən isimlərin qəbul etdiyi çıxışlıq hal şəkilçisi tələffüzdə (-nan3) şəklində deyilir. Məsələn: babam-dan- [babamnan], nənəmdən — [nənəmnən], Naxçıvandan-[Naxçıvannan], çəməndən — [çəmənnən] və s.
Çıxışlıq halda olan isim, əsasən, təsriflənən fellərlə əlaqəyə girir. Məsələn:Uşaq məktəbdən gəlir. O, anasından soruşdu və s.
İsim basqa nitq hissələri ilə də əlaqələnə bilər. Məsələn:Mən Anardan böyüyəm. Aysel Günaydan irəlidədir və s.

Bəzi ikihecalı isimlərdə son saitin düşməsi

Dilimizdəki bəzi ikihecalı isimlərə saitlə başlanan hər cür şəkilçi qoşulduqda kökdəki son sait düşür (yazıda və tələffüzdə). Məsələn:sinif — sinfın, sinfə, sinfımiz və s. Belə isimlər, əsasən ərəb-fars mənşəlidir və aşağıdakı sözlərdən ibarətdir: qədir, qisim, zehin, eyib, ətir, isim, izin, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, cisim, şəkil və s.
Ağız, ağıl, alın, beyin boyun, burun, qarın, qoyun (qoltuq mənasında), oğul, çiyin sözləri isə (bunlar, əsasən, əsl Azərbaycan sözləridir) yalnız mənsubiyyət şəkilçisi qəbul etdikdə kökdəki son sait düşür (yazıda və tələffüzdə). Məsələn: quşun ağzı, onun oğlu, sənin beynin və s. Bu sözlərə saitlə başlanan hal şəkilçiləri qoşulduqda kök dəyişmir. Məsələn: oğu-lun yaxşısı, çiyinin şəkli və s.

İsmin cümlədə rolu

İsimlər cümlədə, daha  çox mübtəda və tamamlıqolur. İsimlər cümlədə başqa sözlərlə əlaqəyə girərkən başqa cümlə üzvləri vəzifəsində də işlənə bilir. Məsələn: Anar şagirddir (mübtəda və xəbər). O, məktəbdə oxuyur (zərflik), Dəmirçi dəmir qapını döyür (mübtəda, təyin və tamamlıq).

İsmin morfoloji təhlil qaydası

Morfoloji təhlil zamanı ismin aşağıdakı əlamətləri göstərilir:
1. İsmin sualı və başlanğıc forması
2. Quruluşca növü
3. Ümumi və ya xüsusi (konkret və ya mücərrəd) isim olması
4. Tək və ya cəm olması
5. Mənsubiyyət şəkilçisi (əgər varsa) və halı
6. Cümlədəki vəzifəsi
Nümunə: Aygün bağçada anasına kömək edir.
Aygün — kim? sulına cavab olar. Başlanğıc formadadır. Quruluşca mürəkkəbdir: ay gün isimlərindən yaranıbdır. Xüsusi isimdir. Təkdədir. Adlıq haldadır. Cümlədə mübtədadır.
Bağçada — harada? sualına cavab olur. Başlanğıc forması: bağça. Quruluşca düzəltmədir: bağ-ça. Ümumi isimdir. Təkdədir. Yerlik haldadır. Cümlədə zərflikdir.
Atasına — kimə? sualına cavab olur. Başlanğıc forması: ata. Quruluşca sadədir. Ümumi isimdir. Təkdədir. III şəxs təkin mənsubiyyət şəkilçisini qəbul etmişdir: atası. Yönlük haldadır ata-sı-na. Cümlədə tamamlıqdır.

 

0 şərh