Sərdar məscidi - İrəvan xanlığı


Ayrı-ayrı dövrlərdə səyyahların əsərlərində, tədqiqatçıların araşdırmalarında İrəvan qalasındakı Sərdar sarayının yaxınlığında yerləşən “Sərdar”, “Abbas Mirzə”, “Şah Abbas” kimi məscidlərinin adları çəkilir. Təhlillər göstərir ki, ayrı-ayrı adlar altında təqdim edilməsinə baxmayaraq, əslində söhbət son dövr tədqiqat əsərlərində və rəsmi sənədlərdə adı Sərdar məscidi kimi qeyd olunan dövrün nadir memarlıq abidəsindən gedir. Yəni, bir məscid müxtəlif dövrlərdə müxtəlif cür adlandırılmışdır. İrəvan qalasının çar Rusiyası işğalı dövrünə aid bəzi sənədlərdə bu məscidin adı Abbas Mirzə məscidi kimi hallandırılır. Görünür, həmin məscid XIX əsrin əvvəlində vəliəhd Abbas Mirzə tərəfindən yenidən qurulduğu üçün məhz onun adı ilə adlandırılmışdır. Alman tədqiqatçısı Avqust Haksthauzen 1843-cü ilin avqust ayında İrəvan şəhərində olmuş və Qalada olan iki məsciddən birinin (yəni Rəcəb paşa məscidinin) rus-yunan kilsəsinə, digərinin – Sərdar məscidinin isə silah anbarına çevrildiyini qeyd etmişdir. 
Tanınmış rus arxeoloqu qrafinya Praskofya Uvarova 1880-ci ildə İrəvan şəhərində olmuş, əsrlər boyu yaradılan tarixi-memarlıq abidələrinin dağıdılmasını ürək ağrısı ilə təsvir etmişdir. Erməni müəllifi Yervand Şahəzizin 1931-ci ildə İrəvanda çap edilən “Qədim İrəvan” əsərində P.Uvarovadan sitat gətirərək, onun Xan sarayının yaxınlığında yerləşən Sərdar məscidini Vereşşaginin fırçasından çıxan tabloya bənzətdiyini yazır. P.Uvarovaya istinadən Y.Şahəziz yazır ki, Sərdar məscidinin əsas günbəzi, xarici divarları, sütunları, iç divarları, çoxsaylı digər günbəzləri rəngli kaşılarla və gözəl təsvirlərlə bəzədilmişdir. P.Uvarova Sərdar məscidinin tünd mavi rəngli günbəzinin açıq səma ilə bütöv bir ahəng təşkil etdiyini, onun portalındakı tünd mavi lövhə üzərində ərəb əlifbası ilə ağ rənglə mətn həkk olunduğunu, divar sütunları üzərində ucalan minarələrinin üzərinin kvadrat şəkilli tünd mavi və açıq mavi kaşılarla bəzədildiyini qeyd etmişdir.
Daha sonra P.Uvarovanın dili ilə Y.Şahəziz yazır ki, Sərdar məscidinin önündə Şərq ənənəsinə uyğun, hər iki tərəfində hücrələrinin izləri hələ də qalan geniş həyətdə daha bir kiçik yay məscidi yerləşir. Hansı ki, adətən bu tip yay məscidləri Şərqdə əsas tikilinin qarşısında, üzü şimala doğru tikilir. Bundan əlavə, P.Uvarova həmin həyətin ortasında müsəlmanların yuyunması üçün tikilən hovuzdan 1870-ci ilədək istifadə edildiyini qeyd etmişdir. İmperator Arxeoloji Komissiyasının qərarına əsasən 1911-ci ildə professor Nikolay Marr İrəvan xan sarayına baxış keçirmiş və saray kompleksinə daxil olan Abbas Mirzə məscidinin də vəziyyətini təsvir etmişdir. N.Marr İmperator Arxeoloji Komissiyasının 17 may 1912-ci il tarixli iclasında etdiyi məruzəsində yazırdı: “Məscid indi də yaxşı vəziyyətdədir, lakin onun qorunması üçün heç bir tədbir görülmür və hər şey Sərdar sarayının vəziyyətinə düşməsinə xidmət edir. Bununla belə, o, yerli müsəlman mədəniyyətinin qiymətli irsidir: günbəzin içərisində çevrəsi boyunca ərəb hərfləri ilə kitabə mövcuddur; mehrab üzərindəki naxışlar xalçaya bənzəyir və yüksək dərəcədə üslubludur. Günbəzi çat vermişdir və onu çoxdan təmir etmək olardı.”
Lakin İrəvanda azərbaycanlılara məxsus digər maddi-mədəniyyət abidələri kimi, Abbas Mirzə məscidi də erməni vandalları tərəfindən tədricən hissə-hissə dağıdılmışdır.
   Azərbaycan arxeoloqu və epiqrafçısı İsa Əzimbəyov 1928-ci ildə İrəvanda ekspedisiyada olmuşdur. Ekspedisiyanın nəticələrinə dair İ.Əzimbəyovun yazdığı “Tiflisin, İrəvanın və Naxçıvan SSR-in müsəlman kitabələri” adlı məqaləsində göstərilir ki, Qalanın içərisində, Sərdar sarayının yaxınlığında yerləşən şah Abbasın adına inşa edilən məscid (yəni Sərdar məscidi-N.M.) yarıuçuq vəziyyətdədir və onun həyətində bir neçə erməni qaçqın ailəsi məskunlaşmışdır. O, həmin məscidin böyük həyətinin olduğunu, həyətin ortasında hovuz inşa edildiyini yazır. İ.Əzimbəyov məsciddə ibadət edilmədiyini qeyd edir. O, məscidin divarındakı kitabədə fars dilində yazılmış aşağıdakı iki misrasını oxuduğunu qeyd edir:
Zamane şah Abbas cənnətməkan, 
Əz u kəşt abad mülke – cahan.
İ.Əzimbəyov həmin məqaləsində daha sonra yazır ki, həmin vaxt Məşədi Cabbar adlı şəxs ona yaxınlıqda Şah Abbas məscidindən daha qədim bir məscidin olduğunu və onun şah Xudabəndə (Səfəvi hökmdarı Məhəmməd şah Xudabəndə (1532-1595)) tərəfindən inşa edildiyini söyləmişdir. Müəllif evlərin arasında aşkar edilən həmin köhnə, bərbad vəziyyətdə olan  məscidin divarlarının uzunluğunun 9 m, eninin 6 m olduğunu, alçaq mehrablı, qırmızı kərpicdən inşa edildiyini qeyd edir İ.Əzimbəyov çıxış qapısının üzərindəki kitabədə əbcəd hesabı ilə
Sənge tarixe çu məqsud şod əz dur zəman, 
Kordən xədid be tarixe qədim Əhməd xan
yazıldığını və onun 1098-ci il hicri tarixində – yəni miladi tarixi ilə 1685-ci ildə inşa edildiyinin göstərildiyini yazır. P.Uvarova ilə İ.Əzimbəyovun təsvirlərindən aydın olur ki, söhbət eyni bir məsciddən – yəni Sərdar məscidindən və onun yaxınlığındakı kiçik məsciddən gedir. 1864-cü ildə İrəvan qalasından rus qoşunlarının hərbi-istehkam məqsədilə istifadəsinə son qoyulduqdan sonra qaladakı tarixi-memarlıq abidələri, o cümlədən Sərdar, yaxud Abbas Mirzə məscidi ciddi dağıntılara məruz qalmışdır. XX əsrin əvvəllərində Sərdar məscidində Türkiyədən gələn erməni qaçqınları məskunlaşdırılmışdı. Sovet Ermənistanı dövründə isə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir.

 Mənbə:iravan.info

0 şərh