Paris sülh konfransı

Birinci Dünya müharibəsi Antanta dövlətlərinin və ABŞ-ın qələbəsi ilə qurtardı. 1918-ci il noyabrın 11-də Fransanın Kompyen şəhərində qalib dövlətlərlə Almaniya və onun müttəfiqləri arasında barışıq haqqında saziş imzalandı. Bundan 2 ay sonra, 1919-cu ilin yanvarında Parisdə beynəlxalq sülh konfransı işə başladı. İyirmi yeddi qalib dövlətin nümayəndələri Fransanın paytaxtına gəldilər. Konfransdakı bütün işləri əslində ABŞ prezidenti V.Vilson, Fransanın baş naziri Klemanso (konfransın sədri) və İngiltərənin baş naziri Lloyd Corc həll edirdilər. Almaniyanın və digər məğlub dövlətlərin (Avstriya — Macarıstan, Osmanlı imperiyası və Bolqarıstan) nümayəndələri dəvət edilməmişdilər.

O zaman Avropada, bütövlükdə beynəlxalq aləmdə çox mürəkkəb və gərgin bir şərait yaranmışdı. Belə ki, Çar Rusiyasının xarabalıqları üzərində bolşeviklərin çevriliş nəticəsində yaratdıqları Sovet Rusiyası artıq formalaşmışdı. Şərqdən doğan yeni kommunizm təhlükəsi şəraitində Avropanı inqilablar və sarsıntılar dalğası bürümüşdü. Konfransın gündəliyində Sovet Rusiyasının nümayəndələri iştirak etməsələr də, “Rus məsələsi” onun işində əsas məsələlərdən biri idi.

Birinci Dünya müharibəsinin başa çatması nəticəsində beynəlxalq aləmdə artıq yeni geosiyasi durum yaranmışdı. Təkcə Çar Rusiyası və Avstriya – Macarıstan imperiyalarının süqutu ilə əlaqədar Avropada onlarla yeni, müstəqil dövlətlər meydana çıxmış və sərhədlər formalaşmışdı. Belə gənc dövlətlərdən biri də Azərbaycan Xalq Cümhuriyyəti idi. Cümhuriyyətin tanınmış liderlərindən olan Əlimərdan bəy Topçubaşov və Məmmədhəsən Hacınskinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də konfransın işində iştirak edirdi. Bu diplomatik gedişdə əsas məqsəd isə Qərb dövlətləri tərəfindən ölkəmizin suverenliyinin tanınmasına nail olmaq idi. Düzdür, sülh konfransının gedişində bu məsələnin müsbət həllinə nail olunmasa da, diplomatiyamızın ciddi səyi nəticəsində Antanta dövlətləri bir il sonra, 1920-ci ilin yanvarında Azərbaycanın müstəqilliyini tanımağa məcbur oldular. Sülh konfransının gedişini mürəkkəbləşdirən əsas amillərdən biri də qalib çıxmış böyük dövlətlər arasında müharibədən sonrakı dövrdə ixtilaf və ziddiyyətlərin daha da dərinləşməsi idi.
Paris sulh konfransı

Konfransın gündəliyində beynəlxalq məsələlər ətrafında böyük dövlətlər arasında kəskin mübarizə gedirdi. Almaniya məsələsi üstündə ciddi ixtilaflar ortaya çıxdı. Fransa, Almaniyadan qisas almaq ideyasını rəhbər tutaraq onun parçalanmasına nail olmağa cəhd edirdi. Klemanso, Fransanın planlarına qarşı Britaniyanın baş naziri L.Corcun inadlı müqaviməti ilə üzləşdi. Həmçinin ABŞ da Almaniyanın parçalanması əleyhinə idi. İngiltərə güclü Almaniyanın saxlanmasına dair ABŞ-ın planlarını müdafiə edirdi. Eyni zamanda, bəzi beynəlxalq problemlərlə bağlı İngiltərə və Fransa ABŞ-a qarşı birləşdilər. Beləliklə, prezident V.Vilson müharibədən sonrakı dünyada ABŞ-ın liderliyini yaratmağa dair proqramı həyata keçirə bilmədi. Onu da deyək ki, Paris konfransının gedişində beynəlxalq təşkilat olan Millətlər Təşkilatıın yaradılması bu sammitin mühüm əhəmiyyət kəsb edən ən böyük uğuru oldu. Belə ki, dünya diplomatiyası tarixində dövlətlərarası münasibətləri tənzimləyən bu qurumun ilk beynəlxalq təşkilat kimi meydana çıxması tarixçi-ekspertlər tərəfindən əlamətdar bir hadisə kimi dəyərləndirilir. Bu yeni təşkilatın nizamnaməsində deyilirdi ki, onun vəzifəsi sülh, xalqların əməkdaşlığı və təhlükəsizliyi uğrunda mübarizədən ibarətdir.

Millətlər Təşkilatının nizamnaməsi təcavüzkara qarşı kollektiv tədbirlər – həm iqtisadi, həm də hərbi tədbirlər görülməsi imkanını nəzərdə tuturdu. Almaniya və Türkiyənin keçmiş müstəmləkələrini idarə etmək mandatları qalib dövlətlərə verildi. Bu ərazilər mandatlı ərazilər adlanmağa başlandı. Paris sülh konfransı öz işini 1919-cu ilin iyununa qədər davam etdirdi. 1919-cu il iyunun 28-də Versal sarayının güzgülü salonunda məğlub Almaniyanın nümayəndələri topların yaylım atəşi altında sülh müqaviləsini imzaladılar. Bu müqaviləyə Versal müqaviləsi adı verildi. Versal sülhü Birinci Dünya müharibəsindən sonra əmələ gəlmiş yeni qüvvələr nisbətini əks etdirirdi.


Lakin böyük dövlətlər arasındakı ziddiyyətlər yox olmamışdı. Versal müqaviləsi alman militarizmini və hərbi sənayesini ləğv etməmişdi. Bu amil isə qısqanclıq və yeni gələcək bir müharibə üçün zəmin demək idi. Qalib dövlətlər çərçivəsində də ziddiyyətlər kəskinləşdi. Belə ki, dünya hegemonluğuna Avropada və Şərqdə İngiltərə ilə Fransanın mövqelərinin zəifləməsinə nail ola bilməyən ABŞ beynəlxalq aləmdə qüvvələr nibsətini öz xeyrinə dəyişdirmək uğrunda mübarizəyə başladı.

Müəllif: Elxan RZAYEV
Mənbə: Xalq qəzeti.-2009.-17 yanvar.-S.6.
 

0 şərh