Bakı Birinci Cahan Müharibəsi illərində

Birinci cahan müharibəsinin əsas cəbhələrindən biri yaxın Qafqaz cəbhəsi olduğu üçün Bakıda müharibə daha çox hiss olunurdu. Qafqaz cəbhəsində əməliyyatlar 1914-cü ilin 31 dekabrından başlamışdı. Türk qoşunları Qars və Batum istiqamətində irəliləyərək, Zaqafqaziya torpaqlarına girmişdilər. Türkiyə hərbi dairələri də bu cəbhəyə xüsusi əhəmiyyət verdiklərindən Türkiyənin  ən böyük hərbi qüvvələri bu istiqamətdə toplaşmışdı. Türkiyənin 40 piyada diviziyasından 11-i bu regionda vuruşurdu. Döyüşlərə Türkiyənin hərbi naziri Ənvər paşa özü rəhbərlik edirdi. Sarıqamış rayonunda döyüşlərin planı da onun yaxından iştirakı ilə hazırlanmışdı. Lakin məlum olduğu üzrə Sarıqamışda türklər rus ordusu tərəfindən məğlub edilib böyük itki vermişdilər. Bundan sonra türk qoşunları İran torpaqlarından keçərək, cənubdan Bakı və Gəncə üzərinə hücuma hazırlaşdılar.
Çar ordusu azərbaycanlıları silah altında saxlamağa qorxduğu üçün onları orduya çağırmırdı. Bunuhla belə cəbhə arxasında işləmək  üçün  Azərbaycandan 3000 nəfər işçi qüvvəsi tələb etmişdi. Azərbaycandan çıxmış bir çox hərbi sərkərdələr müharibənin ilk günlərindən almanlara qarşı vuruşurdular. Bunlar Rusiyada hərbi biliklərə yiyələnmiş yüksək  dərəcəli  zabitlərdi.  Müharibə cəbhələrində şöhrət qazanmış general Səmədbəy Mehmandarov, general Əliağa Şıxlinski, Hüseyn xan Naxçıvanski və başqaları rus silahına böyük şöhrət qazandırmışdılar. General Mehmandarovun qoşunları dəfələrlə almanlara  ağır zərbələr endirmiş, onları böyük xəsarətə uğratmışdılar. Xüsusilə 1914-cü ildə Lodz əməliyyatında almanların bütün hücum planları onun qoşunları tərəfindən, alt-üst edilmişdi. Bu əməliyyatdan sonra Mehmandarov 11-ci Qafqaz ordusu korpusunun komandiri təyin edilmişdi ki, bu da ordu komandiri vəzifəsinə bərabərdi. General Əliağa  Şıxlinski  rus  ordusunda  topçuluq  sahəsində  ən  böyük  mütəxəssis  sayılırdı.
 
O «Topçuluq allahı» kimi yüksək şöhrətə çatmışdı. Müharibənin ilk günlərindən Peterburqun artilleriya müdafiəsi ona tapşırılmışdı. 1914-1917-ci illərdə rus ordusunda 200 nəfərədək azərbaycanlı zabit iştirak edirdi. Bunlardan biri Nijniqorod draqon polkunun rotmistri Teymur Novruzov idi. O öz eskadrası ilə düşmən süvarilərinə qarşı hücuma keçərək, onları darmadağın etmiş və düşmənin iki ağır topunu ələ keçirmişdi. Azərbaycanlı təyyarəçi poruçik Fərrux Qayıbov da savaşda böyük şöhrət qazanmışdı. Özünün "İlya Muromets-16" təyyarəsi ilə cəbhədə düşmənin canına vahimə salmışdı. Hələ Neman çayı üzərində olan ilk döyüşündə alman qoşunları üçün böyük əhəmiyyəti olan körpünü partlatmışdı. 1919-cu ilin sentyabr ayında Vilis üzərində qızğın döyüşlər zamanı təkbaşına düşmənin dörd təyyarəsi ilə vuruşmuş və dörd saat ərzində onlardan üçünü vurub salmış və özü də qəhrəmanlıqla həlak olmuşdu.
Müharibə cəbhələrində, habelə azərbaycanlılardan təşkil olunmuş bir süvari polku da «Yerli Qafqaz diviziyası» tərkibində düşmənə qarşı qəhrəmanlıqla vuruşurdu. Çar generalları onları təhqiramiz surətdə «Dikaya diviziya» adlandırırdılar. Müharibədən sonra bu polkun Bakıya qayıtmış hissəsi Azərbaycan Demokratik Respublikası ordusunun əsas özəyini təşkil etmişdi.
Qafqaz cəbhəsində gedən vuruşmalarda yaralanmış əsgərlər vaqon-vaqon Bakıya daşınaraq, şəhərdə yerləşdirilirdi. Şəhərdə elə iri bir bina qalmamışdı ki, orada yaralılar yerləşdirilməmiş olsun. Məktəblər, ictimai binalar tələm-tələsik hərbi xəstəxanalara çevrilmişdi. Hətta «Səadət» məktəbinin tikilib başa çatdırılmamış  binasının  da  (indiki  göz  xəstəxanası)  üstü  tələsik  örtülərək, yaralıların sərəncamına verilmişdi. Şəhərin, demək olar ki, bütün xeyriyyə cəmiyyətlərinin yerləşdiyi "İsmailiyyə" binası da yaralılar üçün ayrılmışdı. Burada müalicə olunanların əksəriyyəti rus ordusunun zabitləri idi. Yalnız 1917-ci ilin fevralında, Nikolay taxtdan salındıqdan sonra bu binada rus zabitlərinin mahnıları kəsilmişdi. Hamı öz vətənlərinə qaytarılmışdı.
Müharibə cəbhələrindən Bakıya daşınan alman və türk əsirlərinin də sayı- hesabı yox idi. Bu əsirlərin əksəriyyəti Nargin adasında yerləşdirilmişdi. Xüsusilə 1917-ci ilin aprel-may aylarında Türkiyədən, Rum elindən Bakıya xeyli qaçqın gəlmişdi. Şəhərdə onların əlindən tərpənmək mümkün deyildi. Bu qaçqınlara "İsmailiyyə" binasında ərzaq paylanır və elə oradaca onlar üçün pal-paltar tikilirdi. Bakının xeyriyyə cəmiyyətləri çox canfəşanlıqla onlara əllərindən gələni əsirgəmirdilər. Bunda H. Z. Tağıyev, Musa Nağıyev, Mirzə Əsədullayevin xüsusilə böyük xidmətləri vardı.
1916-cı ilin axırlarında Rusiyanın hər tərəfini bürüdüyü kimi Bakıda da qıtlıq başlamışdı. Sənaye, kənd təsərrüfatı, nəqliyyat ağır vəziyyətdə idi. Neft istehsalı gündən-günə azalırdı. Bunun da əsas səbəblərindən biri neft mədənlərində işləyən  rus  fəhlələrindən  13  min  nəfərinin  ordu  sıralarına  alınması  idi.  Təzə quyular da qazılmırdı. Petrovok-Bakı dəmir yolu ilə əsasən hərbi yüklər daşındığından neft quyularının qazılması üçün lazım olan ləvazimat vaxtında çatdırılmırdı. Yüklər Petrovskdan ancaq dəniz vasitəsilə daşınırdı. Fəhlə qüvvəsi çatışmadığından işə dünənədək xışın dəstindən yapışmış kəndlilər götürülürdü ki, onların naşılığı ucbatından ya dəzgahlar qırılıb sıradan çıxır, ya da iş ləngiyirdi.
Əhalinin vəziyyəti daha dözülməzdi. Qıtlıq başlamış, bazarda qiymətlər 4-5 dəfə artmışdı. 1916-cı ildə çörəyin qiyməti 1914-cü ilə nisbətən 266 faiz artmışdı. Başqa ərzaq mallarının da, o cümlədən südün qiyməti 305 faiz, ətin qiyməti 327 faiz, düyünün qiyməti 355 faiz, ərinmiş yağın qiyməti isə 520 faiz artmışdı. Şəhərdə əhalinin yoxsul təbəqələri içərisində acından ölmə halları da çoxalmışdı. Buğda olmadığından şəhərdə dəyirmanların çoxu işləmirdi.
Mədən və zavodlarda dözülməz şəraitdən cana doymuş fəhlələr içərisində iğtişaş və tətillər gündən-günə genişlənirdi. Fəhlələr əmək haqqının artırılmasını, iş gününün qısaldılmasını tələb edirdilər. Tətillər getdikcə daha qəti və daha  kəskin şəkil alırdı. 1916-cı il fevral ayının ortalarında qıtlıqdan və qiymətlərin artmasından cana doymuş şəhər əhli də qiyam qaldırdı. Qiyam birinci olaraq, Səbzi bazarda arvadlar tərəfindən qaldırıldı. Sonra bütün şəhərə yayıldı. Bu qiyam Bakının tarixində «Arvad qiyamı» («Babiy bunt») adı ilə  məşhurdur.  «Açıq  söz» qəzeti özünün 1916-cı il 2 mart tarixli nömrəsində qiyam haqqında belə yazırdı: «Yekşənbə günü (fevralın 28-də) Bakıda iğtişaşlar başladı. Ərzağın, xüsusilə kartofun bahalanması ilə əlaqədar olaraq iğtişaş göyərti dükanlarından başlamış, baqqal, bəzzaz dükanlarına da yayılmışdır. Düşənbə günü arvad və uşaqlar şəhərin mərkəzində olan mağazaları yarmağa başladılar. Çərşənbə günü un dəyirmanlarını (Skobelevin dəyirmanını), un anbarlarını (Tağıyevin) yarmağa başladılar. Polis və jandarma da uzaqda durub tamaşa edirdi. Onlar əksinə,  camaatı  qızışdırırdılar. Sonra qradonaçalnikin tədbiri ilə iğtişaşçı dəstələr dağıdıldı və hətta atəş açıldı. Ölən və yaralanan da oldu. Bu iğtişaş Moskvadakı iğtişaşların təkrarı idi.
Sonra polis məmurları evləri axtarıb, oğurlanmış malları geri qaytarmış və mal oğurlayanlar həbs edilmişlər».
O biri qəzetlər də bu hadisəni təfərrüatı ilə qeyd edirdilər. Arvad və uşaqlar mağazaların şüşəli qapılarını sındıraraq, dükanlara girir və qabaqlarına çıxanları qarət edirdilər. Bazar küçəsində Lalayevin karvansarasındakı bütün bəzzaz dükanları  dağıdılmışdı.  Camaat  top-top  parçaları  çiyinlərinə  alaraq,  evlərinə daşıyırdı. Polis bu tarmar qarşısında aciz qalmışdı. Camaatı qorxutmaq üçün Nikolay küçəsində qoyulmuş pulemyot da camaatı bu işdən çəkindirə bilməmişdi.
Nəhayət, polis iğtişaşçılara atəş açmaq əmrini aldı. Çoxlu ölən və yaralanan oldu.
İğtişaş yatırılandan sonra polis və  jandarma  evbəev  gəzərək,  oğurlanmış  malları geri qaytarır və oğurlayanları həbsə alırdılar. Bu qiyam fevralın  14-dən  16-sınadək davam  etmişdi.
 
1916-cı ilin baharından başlayaraq, Bakı neft fəhlələri də tətilləri genişləndirdilər. Mart və aprel aylarında neft fəhlələri tərəfindən başlayan tətilə şəhərin bir sıra xırda sənaye müəssisələrinin işçiləri də qoşuldular. Məsələn, un dəyirmanlarının, mətbəələrin fəhlələri də neft mədənləri fəhlələri ilə həmrəyliklərini bildirdilər.
Aprel ayında güllə hazırlayan zavodun da 400 nəfər fəhləsi bu hərəkata qoşuldu. Benkendorfun zavodunda başlayan tətil 5 gün davam etdi. Hökümət tətilçilərlə amansız rəftar etdi. 380 nəfər fəhlə işdən qovuldu, 93 nəfər fəhlə isə ordu sırasına alındı.
1916-cı ildə tətil edən fəhlələrin sayı 16 minə çatmışdı. Hökümət tətilçiləri cəbhəyə göndərməklə hədələyirdi.
1917-ci il fevralın 27-də Petroqradın fəhlə və saldatları üsyana qalxdılar. Üsyançılar hökümət binalarını silah anbarlarını zəbt etdilər və çar nazir və generallarını da həbsə aldılar. İnqilab qalib gəldi. Martın 2-də II Nikolay öz qardaşı Mixailin xeyrinə taxt-tacından əl çəkdi. Lakin rus burjuaziyasının mütləqiyyəti bu yolla xilas etmək cəhdi boşa çıxdı. Üsyana qalxmış xalqın təzyiqi ilə Mixail də taxt-tacdan əl çəkdi. Beləliklə, inqilabın qələbəsi nəticəsində çar mütləqiyyəti yıxıldı.
Bakıda yerli mürtəce qüvvələr Petroqradda baş vermiş bu silahlı üsyanı və Nikolayın yıxılmasını camaatdan gizlətməyə çalışdılar. Ancaq bu onlara müyəssər olmadı. Çevriliş xəbəri Azərbaycanda böyük ruh yüksəkliyi ilə qarşılandı.
Fevral inqilabının ilk günlərindən Petroqradda fəhlə və saldat Sovetlərinin yaradılması xəbəri Bakıda da əks-səda verdi. Çox keçmədi ki, Bakıda da fəhlə soldat deputatları Sovetləri yaradıldı.
 
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR 
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7
 

0 şərh