İkinci dil tədrisini neçə yaşından başlamaq lazımdır

Alimlər uşaqların ikinci dil tədrisinə nə vaxt başlamaqı məsləhət görürlər?
Tədqiqatlar göstərir ki, təzə dil açan uşaqları ana dillə yanaşı xarici dil öyrətməyə çalışan valideynlər əslində inkişafı ləngitmiş olurlar.

Gəlin dil tədrisində olan mif və reallıqlardan danışaq.

Mif 1: Uşaqlar xarici dili tez və asan öyrənirlər.
Etiraf edək, uşaqlar oynamaq, top dalınca qaçmaq istədiyi halda onlara ikinci dil öyrətmək məcburiyyətində olduğumuzu düşünürük. Çünki hesab edirik ki, uşaq beyni suçəkən kimi bilikləri özünə hopdurduğu halda, yaşa dolduğca, xarici dil öyrənməyimiz çətinləşir.
Əslində böyüklər üçün ikinci dil öyrənmək nə qədər çətindirsə, uşaqlar üçün də bir o qədər mürəkkəbdir. Kaliforniya Universitetinin apardığı tədqiqatlar göstərir ki, ikinci dil öyrənilməsində olan fərq bioloji amildən daha çox, psixoloji və sosial faktorlarla bağlıdır.
Sual edə bilərsiniz. Axı, nə qədər görmüşük ki, böyüklər dil öyrəmmək üşün külüng çaldığı halda, uşaqlar dil açıb danışırlar. Mütəxəssislər bunu ikinci dil öyrənməyə həvəs və stimilun az və çox olması ilə izah edirlər.  Məsələn, oyun meydançasında digər uşaqlarla danışa bilmək və ya sevdiyi cizgili filmi başa düşmək istəyi böyüklərin iş xatirinə dərs oxumaq istəyini üstələyə bilir.


Amerikalı mütəxəssislərin apardığı eksperimentlər göstərir ki, ikinci dil öyrənilməsində böyüklər, ənənəvi olaraq, uşaqlardan daha yaxşı nəticə göstərmiş olurlar. Bununla belə, cəmiyyətdə buna əks düşüncə hakimdir.
Kimin dilə daha asan yiyələndiyini müqayisə etmək ona görə çətindir ki, uşaqlarla böyüklərə eyni kriteriyaları tətbiq etmək olmur. Uşaq cümlələri daha qısa, söz ehtiyatı daha kasad olur. Ona görə də dilə yiyələnməsi də tez başa gəlir. Böyüklərdən isə 2-ci dildə ana dilindəki kimi danışmaq üçün daha çox bilgi tələb olunur. Uşaqların tez öyrənməsi haqqında illüziya da, ola bilsin, buradan yaranır.

Mif 2: Uşaqlar nə qədər balaca olsalar, xarici dili bir o qədər tez öyrənərlər.
Bu mifə inananlar hesab edirlər ki, xarici dil tədrisi nə qədər tez başlasa, bir o qədər yaxşıdır. Brutaniyada 17 000 məktəbli arasında keçirilən sınaq təcrübəsi göstərib ki, Fransız dilinin tədrisini 11 yaşında başlayan məktəblrlər 7 yaşında başlayanlardan daha yaxşı nəticə göstəriblər. Dil sahəsində keçirilən ən böyük araşdırma olan bu hesabatın müəllifləri hesab edirlər ki, ikinci dil tədrisini nisbətən gec yaşlarında başlama lazımdır. Yeganə istisna ləhcədən ibarətdir. Uşaqlıqdan öyrənilən dildə ləhcəsiz danışmaq ehtimalı daha yüksəkdir.

Mif 3:  Uşaqlar elə danışdıqca, dili mənimsəmiş olurlar. Bundan ötrü dil tədris etməyə ehtiyac yoxdur.

Bu da geniş yayılmış miflərdəndir. Hesab edirik ki, məktəbdə rusça oxuyub, evdə azərbaycanca danışsaq, uşaq hər 2 dilə eyni səviyyədə yiyələnmiş olacaq. Yenə də Avropalı mütəxəssislərin apardığı tədqiqatlara müraciət etsək, görərik ki, şifahi dil öyrənilməsi 2-3 il çəkirsə, dilə səlis yiyələnməkdən ötrü 4-6 il tələb olunur. Məktəbdə öyrənilən dil evdə də şifahi ünsiyyət dili olrsa, arzu olunan səviyyəyə nail olmaq olar. Odur ki, Azərbaycan dilini məktəbdə deyil, evdə ünsiyyət yolu ilə öyrənən uşaqlaqda ana dilinin səviyyəsi yüksək olmur.
Əlbəttə, biz uşaqlarınıza xarici dil öyrətməyin demirik. Əksinə, tədqiqatlar göstərir ki, xarici dil öyrənən uşaqlar digər fənlərdə də uğurlu olurlar. Söhbət dil öyrənilməsinə neçə yaşından başlamaqdan gedir. Əvvəl ana dilini, daha sonra xarici dili öyrənənlər daha çox qazanmış olurlar.
Xarici dil öyrənən şagirdlər gələcək karyera imkanlarını artırmış olurlar. Onlar daha yaradıcı olur və kompleks problemləri daha yaxşı həll edirlər. Bunun cəmiyyət üçün də əhəmiyyəti böyükdür. Əcnəbi dillərdə danışan azərbaycanlılar bizim xaricdə iqtisadi rəqabət qabiliyyətimizi gücləndirir, siyasi və mədəni maraqlarımızı daha yaxşı təmsil edə birlirlər. Vacib olan odur ki,  xaruci dil doğma dilimizin hesabına yox, ona əlavə olaraq tədris olunmalıdır.
Odur ki, tədqiqatlara inansaq, xarici dil öyrənmək üçün heç vaxt gec deyil, amma tez ola bilir. Sanki yaradan da analara ana dilinin qədrini bilməyi məsləhət görür.

Müəllif: Sevinc Osmanqızı

0 şərh