“Bankrot” kimdir və termin necə yaranıb?

Böhran zamanı biz tez-tez “müflis” sözünü eşidirik. Müəssisələrin, maliyyə strukturlarının müflisləşməsi zamanla adi hala çevrilir. Bəs “müflis” (bankrot) termini necə yaranıb və dəqiq olaraq hansı mənanı ifadə edir?

Qədim zamanlarda bir dövlətin sikkəsini digər dövlətin sikkəsi ilə dəyişən şəxslər sərraf adlanırdı. Onların fəaliyyəti müasir valyuta mübadilə məntəqələrinin işini xatırladırdı. Onlar adətən nəhəng liman şəhərlərində və yaxud ticarət aparılan yerlərdə qərarlaşırdılar. Sərraflar öz işlərinin əsl ustadı idilər; onlar sikkənin saxta olub-olmadığını və onun digər ölkə valyutaları ilə münasibətdə məzənnəsini anındaca təyin edə bilirdilər. Bizneslərini uğurlu şəkildə idarə etsinlər deyə, onlar daim digər ölkə valyuta ehtiyatına sahib idilər. Sərraflar tərəfdaşlıq cəmiyyətlərində birləşir və dünyanın müxtəlif yerlərində öz nümayəndələrinə sahib olurdular.

Bir çox varlı tacirlər öz pul ehtiyatlarını sərraflar vasitəsilə saxlamağa üstünlük verirdilər. Tacirlər başqa ölkəyə yollanarkən üzərlərində nağd pul aparmağa ehtiyat edirdilər və bu səbəbdən də səraflardan qəbz alaraq lazımi ölkəyə gəldikdə onu yerli sərraflara təqdim edir, “nağdsız ödəniş” üçün bir qədər məbləğ ödəyir və lazımi məbləği əldə edirdilər.

Hələ XII əsrdə Genuyada sərraflar italyan dilində “banco” sözündən yaranan bankir adlandırılırdı ki, bu da tərcümədə piştaxta və yaxud skamya mənasını verirdi. Bu zaman skamya dedikdə dünyanın müxtəlif pul sistemlərindən xəbəri olan və pul mübadiləsi ilə məşğul olan şəxsin əyləşdiyi skamya nəzərdə tutulurdu.

Məhz bu skamya öz adını banklara vermişdir. Sərraflar zamanla böyük kapitala sahib olur,  yüksək elitadan tutmuş ən adi vətəndaşların pullarını saxlayırdılar. Zamanla onlar şübhəli layihələri – dəniz quldurlarının yürüşlərini, qul ticarətini maliyyələşdirməkdə təqsirli bilinirdilər.  Kapitalın ilkin yığım dövrü dəhşətli cinayətlərsiz, fırıldaq olmadan və yalan əməliyyatlar olmadan ötüşməyib. Bu zaman heç kəs sərraflar qədər maliyyə biliyinə sahib deyildilər.

Bu səbəbdən də, ümumiyyətlə məlumatsız olan vətəndaşa aşağı məzənnə ilə mübadilə edilə və hətta ona saxta sikkə də verilə bilirdi. Lakin hər hansı bir sərrafın fırıldaqçılıq etdiyi aşkar edilsəydi cəza mütləq olaraq təyine dilirdi. Qəzəbli vətəndaşlar fırıldaqçı sərrafı oturduğu yerdən qovur, skamyasını isə sındırırdılar. Bu səbəbdən də, “Banca rotta” hərfi mənada tərcümədə “sınmış skamya” deməkdir.

Mənbə: banker.az
 

1 şərh

azadmamedov90
O vaxtkı camsəydi ki, uşaqları belə əziyyət çəkəcəklər, banklardan asılı olaraq yaşayacaqlar, elə ordaca sərrafları şəffafcasına suda, boğazlarına daş bağlayıb atardılar.