Telefon şüası melotonin hormonunu azaldır

Texnologiyaların insanları əsir aldığı bir dövrdə cəmiyyətdə istər gənc, istərsə də yaşlı nəsli telefonsuz təsəvvür etmək olmur. 7-dən 70-ə hər kəsin istifadə etdiyi müxtəlif növ ağıllı telefonlar insan orqanizminə ciddi ziyan vurur.

Xərçəng xəstəliyinin yaranma səbəblərindən biri olan güclü şüalarla zəngin telefonları gecə yatarkən baş ucumuza qoyuruq. Bütün gün boyu əlimizdən düşməyən telefonlar, yatarkən də bizi müxtəlif xəstəliklərin astanasına sürükləyir.

Telefondan asılılıq insanları daha ağır xəstəliklərə düçar edir. Gecə süni işıq, yuxunu və oyaqlığı tənzimləyən melatonin hormonunun istehsalını azaldır. Melotonin hormonu beyində yerləşən epifiz vəzi (onu həm də "üçüncü göz" adlandırırlar) tərəfindən ifraz olunur. Melotonin yuxu hormonudur və onun qanda olan səviyyəsi xüsusilə gecə saatlarında qalxır. Melotonin hormonun ifrazı saat 00:00-dan 04:00-a kimi yüksəlir. Məhz buna görə insanlar sağlam və cavan qalmaq üçün bu saatlarda kəsintisiz dərin yuxu yatmalıdır. Gecə ərzində ifraz olunan hormon orqanizmi bərpa edir və onu cavanlaşdırır.

Aşağı melatonin hormonu isə əksinə depressiya, xərçəng xəstəliyi, köklük, bir sıra ürək xəstəlikləri və immunitet sisteminin zəifləməsi ilə nəticələnə bilər. Bu səbəbdən mümkün qədər yuxu rejiminə riayət etmək, gecə saatlarında telefon istifadəsindən imtina etmək tövsiyyə olunur.

0 şərh