Əllər və ayaqlar niyə üşüyür?

Soyuq və küləkli havada üşümək adi haldır. Amma temperatur normal olduğu zaman əlləriniz və ayaqlarınız üşüyürsə, bunun səbəbləri üzərində düşünməyə dəyər.

İnfeksiya xəstəlikləri
Xüsusilə qış aylarında tez-tez üzləşdiyimiz soyuqdəymə, qrip, bronxit və sətəlcəm kimi xəstəliklərin ilk əlamətləri üşümə, titrəmə və hərarətin artmasıdır.

Qanazlığı
Bəzi insanların üşüməsinin əsas səbəbi qanazlığı kimi tanınan anemiya xəstəliyidir. Bu xəstəliyə əsasən qadınlar arasında daha çox rast gəlinir. Bunun səbəbi yetərsiz qidalanma, ağır pəhriz və həddindən artıq qan itirmə (məsələn, menstruasiya müddətinin uzun olması) və ya həzm sistemindəki problemlər ola bilər.

Müalicə edilməsə, üşümə ilə başlayan halsızlığı xroniki yorğunluq müşayiət edəcək. Nəticədə insan həyatının keyfiyyəti aşağı düşəcək. Qeyd etmək laızmdır ki, qadın orqanizminin kişilərdən maraqlı fərqi var: birincilərin əllərində və ayaqlarında qan dövranı həqiqətən də zəifdir. Əvəzində bütün vacib orqanlarda qan dövranı normaldır. Hətta bu yaxınlarda məsələ ilə bağlı Yuta Universitetində araşdırma həyata keçirilib. Alimlər qadınların bədən və əllərinin temperaturunda 2,8 C fərq əldə edib.

Hipoqlikemiya
Hipoqlikemiya qanda şəkərin normadan az olmasıdır. Normada sağlam şəkərli diabet xəstəliyi olmayan insanda qanda şəkərin səviyyəsi acqarına 3,3 mmol/l-dən 5,5 mmol/l-ə qədər olmalıdır. Bəzi səbəblərdən qanda şəkərin səviyyəsinin qəfil aşağı düşməsi müşahidə oluna bilər ki, bu da hipoqlikemiya adlanır. Əlamətləri kəskin zəiflik, çox tərləmə, başağrısı, başgicəllənmə bədənin əsməsi, solğunluq, gözlərin qaralması və ikigörmə, narahatlıq, əhvalın dəyişməsi, qorxu, ürəkdöyünmənin sürətlənməsi, güclü aclıq hissi.

Diabet
Nəzarətdə saxlanılmayan diabet əllərin və ayaqlarn üşüməsinə səbəb ola bilər. Şəkərli diabet zamanı qan dövranı pozulur ki, ətrafların daim üşüməsinə səbəb olur. Yeri gəlmişkən onu da qeyd edək ki, diabet dərhal gəlmir, onun simptomları qar topası kimidir. Əgər siz birdən-birə tualetə tez-tez getməyə başlamısınızsa, özünüzü daim əzgin, yorğn və susuzluq hiss edirsinsizsə, o zaman həkimə müraciət etmək lazımdır.

Tiroid (Qalxanabənzər) vəzi xəstəlikləri
Bədənin maddələr mübadiləsini tənzimləyən tiroid vəzinin normal işləməsi bütün orqanların normal fəaliyyəti üçün olduqca önəmlidir. Qalxanabənzər vəzi çox və ya az işlədiyi hallarda üşümə ilə bərabər insanın gündəlik həyatına mənfi təsir edən daimi yorğunluq hissi, saç tökülməsi, qəbizlik, kökəlmə kimi əlamətlər özünü göstərməyə başlayır.

Qalxanabənzər vəzi kifayət qədər tiroid hormonlarını ifraz etmədikdə metabolizmi ləngiyir. Nəticədə orqanizm az enerji istehsal etdiyi üçün bədən üşüməyə, dəri qurumağa, saçlar isə tökülməyə başlayır. Bütün yer üzündə təxminən 4,5 faiz insanlar bu problemdən əziyyət çəkir. Qadınlarda xoşagəlməz əlamətlər 60 yaşdan sonra və hamiləlik zamanı tez-tez müşahidə olunur. Əgər siz tiroid vəzinin yaxşı işləməməsindən şübhələnirsinizsə, həkimə müraciət edin. Diaqnoz qan təhlili əsasında cəmi bir günə məlum olur, problem özü isə dərmanla müalicə edilir.

Qan dövranının pozulması
Qan dövranın zəif olması müvafiq orqanların qidalanma pozğunluğu, bəzi bölgələrin həssaslaşmasına, xüsusilə ayaqların və qolların üşüməsinə səbəb olur.

B12 vitamininin çatışmazlığı
Bədən B12 vitaminini qəbul etməlidir ki, qırmızı qan hüceyrələri istehsal etsin. Onlar yuxarıda dediyimiz kimi B 12 qanı oksigenlə təmin edir, oksigen isə artıq məlum olduğu kimi istilik yaradır. B 12 vitaminin çatışmazlığı soyuqdəymə və xroniki anemiyaya gətirib çıxarır.

0 şərh