Amerikada korporasiyalar

ABŞ-da kiçik və orta həcmli şirkətlər nə qədər çox olsa da, böyük biznes quruluşları ölkə iqtisadiyyatında aparıcı rol oynayır. Bunun bir neçə səbəbi var. İri şirkətlər daha böyük sayda insanları mal və xidmətlərlə təchiz edir və bir çox hallarda kiçik şirkətlərə nisbətən daha səmərəli fəaliyyət göstərirlər. Bundan əlavə, onlar adətən çox böyük həcmdə mal istehsal etdiklərinə və bu səbəbdən hər bir mal vahidinə az xərc çəkdiklərinə görə öz məhsullarını daha ucuz qiymətə sata bilirlər. Onlar bazarlarda da üstün mövqeyə malikdirlər, çünki alıcıların çoxu daha məşhur firma adlarına rəğbətlə yanaşır, təkcə adın müəyyən keyfiyyət ölçüsü olduğuna inanır.
İri biznes müəssisələri bütün iqtisadiyyatın inkişafı üçün də mühüm əhəmiyyət kəsb edir, çünki müəyyən tədqiqatlar aparmaq və yeni məhsul növləri yaratmaq üçün onlar kiçik firmalara nisbətən daha çox maliyyə mənbələrinə malikdirlər. Onlar, həmçinin, ümumən daha çox və daha müxtəlif iş imkanları, böyük iş stabilliyi, yüksək maaş və daha yaxşı tibbi və pensiya imtiyazları təklif edirlər.
Bütün bunlara baxmayaraq, amerikalılar iri şirkətlərə bir qədər ikili münasibət bəsləyir, bu şirkətlərin iqtisadiyyatın sağlamlaşmasında vacib rol oynadıqlarını qəbul etməklə yanaşı, onların getdikcə güclənərək yeni müəssisələri boğa və alıcıları seçim hüququndan məhrum edə biləcəklərindən əndişələnirlər. Bundan əlavə, iri şirkətlər bəzi vaxtlar daim dəyişməkdə olan iqtisadi şəraitlərə uyğunlaşmaqda qeyri-çeviklik göstərirlər. Məsələn, 1970-ci illərdə avtomobil istehsalı ilə məşğul olan ABŞ şirkətləri benzinin qiymətlərinin artması nəticəsində kiçik, az yanacaq işlədən maşınlara böyük tələbat yarandığını çox ləng dərk etdilər. Bu səbəbdən daxili bazarlardakı paylarının böyük bir hissəsini itirərək onu xarici, xüsusilə də yapon istehsalı olan maşınları ixtiyarına buraxdılar.
Birləşmiş Ştatlarda iri biznes təsisatlarının əksəriyyəti korporasiyalar kimi təşkil olunmuşdur. Korporasiya spesifik, qanuni biznes təşkilatı forması olub 50 ştatın birində qeydiyyatdan keçirilir və hüquqi şəxs kimi fəaliyyət göstərir. Korporasiyalar öz əmlakına malik ola, məhkəmədə iddia qaldıra və mühakimə oluna, müqavilələr bağlaya bilər. Korporasiya öz-özlüyündə hüquqi etibara malik olduğundan onun sahibləri öz hərəkətlərinə görə məsuliyyətdən qismən qoruna bilirlər. Korporasiya sahiblə həmçinin məhdud maliyyə öhdəliklərinə malikdirlər, məsələn, onlar korporativ borclara cavabdeh deyillər. Əgər səhmdar korporasiyanın əsas fondunun 10 səhminə 100 dollar ödəyibsə, həmin korporasiya iflasa uğradıqda o, yalnız 100 dollarlıq kapital qoyuluşunu itirir və bununla da iş bitmiş olur. Korporativ fondlar ötürülə bildiyi üçün sahibkarlardan birinin vəfatı və yaxud bu işdən imtina etməsi korporasiyaya heç bir ziyan gətirmir Çünki sahibkar öz payını istədiyi vaxt başqasına sata və yaxud öz varislərinə ötürə bilər.
Ancaq korporativ formanın da bəzi zəif cəhətləri var. Açıq hüquqi orqanizm kimi korporasiyalar vergi ödəməlidirlər. Onların səhmdarlara ödədikləri dividendlərə, borc öhdəlikləri faizindən fərqli olaraq, biznes xərcləri vergisi qoyulmur. Və korporasiya bu dividendləri payladıqdan sonra səhmdarlar həmin dividendlərə görə vergi ödəyirlər (Tənqidçilərin fikrincə, korporasiya artıq öz mənfəətlərinə görə vergi ödəmiş olduğundan səhm sahiblərinə dividend ödəmələrinə görə vergi tutulması korporasiya gəlirlərinə «ikiqat» vergi qoyulması demək olur).
İri korporasiyaların əksəriyyətinin çox sayda sahibi və yaxud səhmdarı var. Belə bir böyük şirkətin yüzdən az səhm payına sahib olan milyon nəfər və ya daha çox sahibkarı ola bilər. Sahibkarlığın bu cür geniş yayılması amerikalıların çoxu üçün ölkənin bəzi ən iri şirkətlərində birbaşa pay sahibi olmaq imkanı yaratmışdır. 1990-cı illərin ortalarında ABŞ ailələrinin 40 faizdən çoxu birbaşa, yaxud qarşılıqlı və digər vasitəçi fondlar vasitəsilə əsas fond səhmlərinə sahib olmuşdur.
Ancaq sahibkarlığın bu cür geniş miqyasda səpələnməsi sahibkarlıqla nəzarətin bir-birindən qopmasına səbəb olur. Səhmdarlar, ümumiyyətlə, korporasiya biznesinin bütün detallarından xəbərdar ola və onları idarə edə bilmədiklərindən korporasiyanın ümumi siyasətini müəyyənləşdirmək üçün direktorlar şurasını seçirlər. Bir qayda olaraq hətta korporasiyanın direktorlar şurasının üzvləri və menecerlər əsas səhmlərin 5 faizdən azına malik olurlar; hərçənd, bəziləri bundan da çox səhmə sahib ola bilər. Ayrı-ayrı şəxslər, banklar və pensiya fondları adətən səhm bloklarına sahib olsalar da, bu holdinqlər, ümumiyyətlə, ümumi səhmin yalnız kiçik bir hissəsini təşkil edir. Adətən korporasiyanın işi ilə faktiki olaraq direktorlar şurası üzvlərinin kiçik bir qismi məşğul olur. Bəzi direktorlar bu quruma nüfuz qazandırmaq üçün seçilir, bəziləri isə müəyyən məsələlərdə məsləhətçi rolunu oynayır və yaxud kredit institutlarını təmsil edirlər. Eyni adamın eyni vaxtda bir neçə müxtəlif korporasiya şurasına üzv olması heç də qeyri-adi hal deyildir.
Direktorlar şurası, həmçinin, bu şuranın prezidenti və ya sədri ola bilən icraçı rəhbər məmurun başçılığı altında idarəçiliklə bağlı gündəlik qərarlar çıxarır. Baş icraçı məmur korporasiyanın müxtəlif funksiyalarına nəzarət edən vitse-prezidentlər də daxil olmaqla, baş maliyyə məmuru, baş əməliyyat məmuru və baş informasiya məmurunun fəaliyyətinə rəhbərlik edir. Baş informasiya məmuru korporasiya səhnəsinə 1990-cı illərin sonlarında, yüksək texnoloji nailiyyətlər ABŞ-da biznes işlərinin həlledici tərkib hissəsinə çevrildiyi zaman çıxmışdır.
Baş icraçı məmur direktorlar şurasının etibarını itirmədikcə korporasiyanın idarəolunmasında ona böyük sərbəstlik verilir. Ancaq bəzi hallarda şura üzvlüyünə dissident namizədlərlə sövdələşməyə girən və onlara arxalanan fərdi və institusional səhmdarlar kifayət qədər güc toplayaraq idarəçilikdə dəyişikliyə nail ola bilərlər.
İllik səhmdar yığıncaqlarında, bir qayda olaraq, yalnız bir neçə nəfər iştirak edir. Səhmdarların əksəriyyəti direktorlar seçkisində və korporasiyanın fəaliyyətilə bağlı ən mühüm təkliflərin qəbulunda «etibarnamə», yəni seçki formalarını doldurub göndərmək yolu ilə səs verirlər. Ancaq son illərdə bəzi illik yığıncaqlarda daha çox - təxminən bir neçə yüz səhmdarın iştirak etdiyi müşahidə olunur. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası korporasiyalardan idarəçilikdə dəyişiklik istəyən qrupların öz rəylərini bildirmələri üçün səhmdarlara poçt vərəqi göndərmələrinə icazə verilməsini tələb edir.

Korporasiyalar kapitallarını necə artırırlar

İri korporasiyalar genişlənməni maliyyələşdirmək üçün öz kapitallarını artırmağın yeni-yeni yollarını axtarıb tapmadan bugünkü miqyaslarına çata bilməzdilər. Korporasiyalar bu pulları başlıca olaraq beş üsulla əldə edirlər.
İstiqraz vərəqələrinin buraxılışı. İstiqraz vərəqəsi müəyyən, spesifik miqdarda pulun müəyyən vaxtda və yaxud gələcəkdə müəyyən vaxtda geri ödəniləcəyi haqda yazılı öhdəlikdir. Həmin müddət ərzində istiqraz sahibləri spesifik müddətlərdə konkret həcmdə ödənişin faiz haqqını alırlar. İstiqraz sahibləri öz istiqrazlarını başqalarına sata da bilərlər.
Korporasiyalar istiqraz vərəqələri buraxılışından fayda götürürlər, çünki onların investorlara ödədikləri faiz normaları adətən bütün borc tiplərinə görə ödənən normalardan aşağı olur və istiqraz vərəqələri üçün faiz ödənişləri vergi tutulmayan biznes xərcləri sayılır. Buna baxmayaraq, korporasiyalar istiqraz vərəqələri gəlir gətirmədiyi hallarda da faiz haqlarını ödəməyə məcburdurlar. İnvestorlarda şirkətin faiz haqlarını ödəmə qabiliyyətinə şübhə yaranarsa, onlar bu şirkətin ya istiqrazlarını almır, ya da onları almaqla riskə girdikləri üçün yüksək faiz norması tələb edirlər. Bu səbəbdən kiçik korporasiyalar çox nadir hallarda istiqraz vərəqələri buraxılışından yararlana bilirlər.
İmtiyazlı səhmlərin buraxılışı. Şirkət öz kapitalını artırmaq üçün imtiyazlı səhmlər buraxılışı üsulunu da seçə bilər. B səhmləri alanlar şirkət maliyyə çətinlikləriylə üzləşdiyi halda xüsusi statusa malik olurlar. Əgər şirkətin gəlirləri məhdudlaşarsa, imtiyazlı səhm sahiblərinə dividendlər, bütün səhmdarlar təminatlı faiz ödənişlərini aldıqdan sonra, amma adi səhmlərə gör dividendlər ödənilməmişdən əvvəl ödənilir.
Adi səhmlərin satışı. Əgər şirkətin maliyyə vəziyyəti yaxşıdırsa, o öz kapitalını adi səhmlər buraxmaqla da artıra bilər. Bir qayda olaraq investisiya bankları şirkətlərə səhm buraxmaqda kömək edir və ictimaiyyət onun səhmlərini müəyyən minimum qiymətə almaqdan imtina etdiyi halda onun yeni buraxılan səhmlərini qabaqcadan təsbit edilmiş qiymətə satın almağa razılıq verirlər. Adi səhmdarlar korporasiyanın direktorlar şurasının seçilməsində müstəsna hüquqa malik olsalar da, gəlir paylarının ödənilməsi zamanı onların payı istiqraz və imtiyazlı səhm sahiblərindən sonra ödənilir.
İnvestorlar səhmlərə iki yolla cəlb olunurlar. Bəzi şirkətlər investorlara sabit gəlir təklif edərək geniş həcmdə dividendlər ödəyirlər. Bəziləri isə ya az həcmdə, ya da ümumiyyətlə dividend ödəməyərək şirkətin korporativ mənfəət qabiliyyətinin, yəni payların özünün dəyərini artırmaqla səhmdarları cəlb edəcəklərinə ümid bağlayırlar. Ümumiyyətlə, investorların korporativ qazancların artmasına ümidləri çoxaldıqca payların dəyəri artır. Səhmlərinin qiymətləri xeyli dərəcədə artan şirkətlər çox vaxt hər bir səhm sahibinə, deyək ki, bir səhmə görə bir əlavə pay ödəməklə payları «parçalayırlar». Korporasiyanın öz kapitalını artırmasına bunun heç bir köməyi olmur, amma o, səhm sahiblərinin öz paylarını açıq bazarda sata bilməsini xeyli asanlaşdırır. Məsələn, bir səhmə görə iki pay verilməsi səhmin ilkin qiymətini yarıbayarı azaldaraq onu investorlar üçün cəlbedici edir.
Borcalma. Şirkətlər adətən hazır mal ehtiyatlarını maliyyələşdirmək üçün öz kapitallarını banklardan və digər kreditorlardan qısamüddətli borclar almaqla da artıra bilərlər.
Mənfəətdən istifadə. Qeyd edildiyi kimi, şirkətlər öz əməliyyatlarını öz qazanclarını qoruyub saxlamaqla da maliyyələşdirə bilərlər. Bəzi korporasiyalar, məsələn, elektrik, qaz və digər kommunal şirkətləri öz gəlirlərinin əksəriyyətini dividend şəklində öz səhmdarlarına ödəyirlər. Digərləri isə öz gəlirlərinin, deyək ki, əlli faizini dividend şəklində səhmdarlara ödəyir və qalan əlli faizi öz əməliyyatları və genişlənmələri ilə bağlı xərcləri ödəmək üçün saxlayırlar. Bəzi, xüsusilə də kiçik korporasiyalar öz təmiz gəlirlərinin əksər hissəsini və yaxud onun hamısını təkrar investisiya qoyuluşuna sərf edir və öz paylarının dəyərini artırmaq yolu ilə investorları mükafatlandıracaqlarına ümid edirlər.

 

0 şərh