İri qara eynək

Rüstəm Fəvvarələr meydanına gəlib çatanda qızı həmişəki yay kafesində üzü küçəyə sarı oturmuş halda gördü. Havanın dözülməz bürküsü Rüstəmi taqətdən salmışdı və o, boğazının tamamilə quruduğunu hiss edirdi. Bakıda hər iyul ayındakı kimi yenə səmadakı buludları belə hürkütmüş əzazil hərarət hökm sürürdü. Göydən yerə odun yağdığı və küləyin qorxudan qeybə çəkildiyi bu bazar günündə şəhər mərkəzi hər şeyə rəğmən saysız-hesabsız adamlarla qaynayırdı. 
 
  Rüstəm kafedən bir qədər aralıda ağacların altındakı kölgəlikdə dayandı, dincini aldı və yaxınlıqdakı süni bulaqda boğazını yaşlayıb, üz-gözünə su çilədi. Elə ki taqətə gəldi kafeyə sarı addımladı. O, qızın oturduğu masaya çathaçatda yanından ötən ofisiant dərhal ayaq saxladı və nə buyuracaqlarını xəbər aldı. Rüstəm ofisiantın səbrsizliyinə daxilində qəzəbləndi və ilk olaraq qızın sifariş etməsini üstün tutduğundan masa arxasında yer tutana qədər bir söz demədi. Amma qız dinməyərək ofisiantın sualını cavabsız qoydu. Onda Rüstəm təsdiq gözləmədən ikisi üçün də soyuq qazlı mineral su sifariş etdi.  

Ofisiant masadan ayrılan zaman qəflətən sərin meh əsdi və Rüstəmin bədəninin açıq yerlərinə — üzünə, boğazına, qollarına xəfifcə toxundu. O, bu gözlənilməz məmnuniyyətdən hələ tam doymamış qızla tanış olduğu müddət ərzində birinci dəfə onunla görüşə gecikdiyini, hətta xeyli gecikdiyini dərk etdi.   

  Rüstəm qıza nəzər saldı. O, sinəsi açıq nazik çiyinbağılı bəyaz bluz və zolaqlı tünd boz ətək geymişdi, gözlərində iri qara eynək vardı. Həmişəki kimi cazibədar idi. Rüstəm onun geyim seçimindən hər zaman zövq alardı. Üstəlik, onun bu məharətini zərif vücudu və valehedici gözəlliyi də tamamlayırdı. Ona görə Rüstəm bu qızla yanaşı yeriməkdən, onunla birlikdə masa arxasında oturmaqdan çox qürurlanardı. Hətta indi də o, bu qısa zamanda artıq qonşu masalardakı oğrun baxışları da sezə bilmişdi. Lakin qızın rəftarında bir qəribəlik vardı bu gün. Özünə bənzəmirdi. Susmuş, dik oturmuş və təkəbbürə bənzər ifadə ilə ciddi dayanmışdı. Onda Rüstəm – “Bəlkə də, artıq hər şeydən xəbərdardır” – deyə öz-özünə güman etdi.

  Ofisiant sinidə iki şüşə gətirib, masaya qoydu və qədəhləri su ilə doldurdu. Sonra onlara buz əlavə etdi və başqa bir şeyin lazım olub-olmadığını soruşdu. Rüstəm sakitcə başını buladı və ofisiant masadan uzaqlaşdı. 

  -  İstidir yaman. – deyə şikayətlənərək Rüstəm suyundan bir qurtum içdi və soyuq suyun boğazının təzədən qurumuş divarlarında necə süzüldüyünü duyaraq məmnuniyyətlə ətrafa baxdı. Qızsa onun qeydinə heç bir təpki göstərmədi. O, gözləri bir nöqtəyə zillənmiş kimi hərəkətsiz dayanmışdı. 

  Rüstəm xəlvətcə qızı nəzərdən keçirdi. O, ilk dəfə idi ki qızı bu iri qara eynəkdə görürdü. Maraqlıdır, bugünmü, görüşdən öncəmi, ya, bəlkə, çoxdan almışdı? Birlikdə olduqları son iki ildə bir kərə belə taxmışmıydı qız bu eynəyi? Rüstəm xatırlamırdı. Hafizəsini nə qədər qurcalasa da, yadına bir şey düşmürdü. Bəlkə də, qız bu eynəyi çox taxmışdı. Çox baxmışdı bu eynəyin şüşələrindən ona. Çox görmüşdü öz əksini Rüstəm o cüt şüşələrdə. Çox axtarmışdı o eynəyin oğurladığı ala gözləri. Bəlkə də, belə olmuşdu, bəlkə də, yox. Xatırlamırdı. Unutmuşdu. Buxarlanmışdı. İtmişdi hər şey.
 
  Rüstəm fikrə daldı və bir şeyi gözəl bildiyini anladı. O, bu gün nə desə də, bu qızın gözlərini görməyəcəkdi və sözlərinin o gözlərdə yaradacağı təəssüratı — kədərimi, acıyımı, həyəcanımı, təəssüfümü, yaxud, kim bilir, bəlkə, gizli sevincimi bilməyəcəkdi. Bu, Rüstəmi bu gün daha cəsarətli edəcəkdi, onu rahatladacaqdı və o, bu görüşü niyyət etdiyi kimi nəhayət lazım olan nəticə ilə bitirəcək, çoxdan həsrətində olduğu azadlığa qovuşacaqdı. Odur ki, Rüstəm nə səbəbə peyda olmasına baxmayaraq, bu eynəyin bugünkü görüşdəki mövcudluğuna həddən ziyadə minnətdardı. 
 
  Lakin nə qədər səy göstərsə də, fələyin qurduğu bu əlverişli vəziyyətdən yararlanmaq ona qismət olmayacaq kimi görünürdü, çünki Rüstəm iki gündür hazırladığı nitqinə heç cür başlaya bilmirdi. Qızın ciddi duruşu, təmkinli rəftarı və ələxsus, bu iri qara eynək onu əndişəyə salırdı. Bəlkə, qızdan onu çıxartmasını xahiş etsin? Yox, olmazdı. Ümumiyyətlə, qız, onun niyyətindən necə duyuq düşmüşdü, axı? Söyləmişmiydi? Yox. İşarə etmişmiydi? Yox. Bu da ən adi görüşlərdən biri olacaqdı. Hər şey həmişəki kimi baş verəcəkdi, eyni qaydada: bazar günü idi, hava yaxşı idi, mərkəzdə görüşəcəkdilər, kafedə dondurma yeyəcəkdilər, dənizkənarı parkda gəzəcəkdilər, bəlkə, film də seyr edəcəkdilər, sonra hələ acacaqdılar və restoranda şam da edəcəkdilər. Hər şey belə ola bilərdi. Onlar nə edəcəklərinə əvvəlcədən qərar vermirdilər, amma gəzintilərinin nələrdən ibarət ola biləcəyini də əzbərdən bilirdilər. Lakin qız bugünkü görüşün əvvəlkilərindən fərqli olacağını necə duymuşdu? Amma, məgər son həftələrdə tədricən aralarında şiddətlənən soyuqluq bu ehtimal üçün yetərli deyildimi?  
 Rüstəm qəflətən bir hadisəni xatırladı. Qız bir dəfə ona bir-birlərinə nə qədər bələd olmalarını yoxlamaq üçün bir oyun oynamağı təklif etmişdi. Növbə ilə hər biri özü haqqında digərinə sual verməli idi və kim çox doğru cavab tapacaqdısa, zəfər çalacaqdı. Beləliklə, bir-birlərinin bəyəndikləri, sevmədikləri məşğuliyyətləri, xüsusiyyətləri, rəngləri, maşınları və başqa nəsnələri sorğuladılar. Oyun sonunda qız Rüstəmi böyük hesabla məğlub etdi və xısın-xısın gülümsəyərək — “Görürsən, mən səni ovucumun içi kimi tanıyıram” — dedi. Onda Rüstəm də gülümsəmişdi, amma qızın sözlərindən narazı qalmışdı. 
  
 İndi də Rüstəm fikirləşdi: yoxsa, yenə də mi eyni hadisə baş vermişdi? Qız yenə də mi onun ağlındakını tapmışdı? Yox, cəfəngiyyatdır! Haradasa, haradasa, Rüstəm özünü ifşa etmişdi. Haradasa diqqətsizlik etmişdi. Amma, məgər bunun bir əhəmiyyəti vardımı? Önəmli olan ayrılmaq deyildimi?
 
  Onlar kafenin küçə meydanında çardaq altında əyləşmişdilər, lakin buranın günəş altında oturmaqdan fərqi yox idi. Rüstəmin alnından tər muncuq-muncuq axmağa başlamışdı. O, hər şeyi gözəl planlaşdırmasına — qızla görüşü axşama deyil, günorta saat üçə təyin etməsinə sevinirdi. Axşam hava sərinləyəndə dostları ilə görüşəcəkdi və dənizkənarı parkdakı kafelərin birində hisə verilmiş pendirlə soyuq pivə içəcəkdi. Rüstəm istidən yana-yana həmin görüşün xəyalını qurdu və içinin də tədricən sərinlədiyini hiss etdi.
  
 Sonra o, gah önündəki masaya, gah da qonşu masalara nəzər saldı, cəsarətli olmaq istədi, üzünü qaldırdı, amma gözlərinin hara baxdığı məlum olmayan qıza müraciət edə bilmədi. Həvəssiz-həvəssiz meydanda gəzişən, addımlayan insanlara tamaşa etdi. Onun kimi bir çox qızlar da qara eynək taxmışdılar. Amma bu qızdan fərqli olaraq, onların hamısının üzündə hərəkət sezilirdi, həyat ifadəsi mövcuddu. Kimisi gülürdü, kimisi gülümsəyirdi, kimisi danışırdı. Rüstəmin qarşısındakı qız isə daş kimi susmuşdu. Bəs, o? O da susmuşdu, axı. 
  
 Nitqini nə qədər yaxşı hazırlamışdısa da, sözləri, ifadələri incə-incə ölçüb-biçmişdisə də, indi sanki hər şeyi unutmuşdu. Amma danışmağın, bir şey söyləməyin nə qədər vacib olmasını da dərk edirdi. İki il öncə təsadüfən görüşdükləri bu kafedə hər şey necə də fərqli idi? O, dostu ilə bu kafedə görüşmüşdü və bu qız onun dostunun eyni sinifdə oxuduğu bir qızla yan masada əyləşmişdi. Rüstəmgil onların masasına qoşuldular və Rüstəm bu qızı özünə sevdirmək, onun azacıq rəğbətini qazanmaq üçün dəridən-qabıqdan çıxmış, dayanmadan çənə döymüşdü. O, həmin nitqinin təffərrüatını xatırlamasa da, çox coşğun, həvəsli, əmin danışdığını xatırlayırdı. İndi isə bu qızla ayrılmağa bir söz belə tapmaqda aciz qalmışdı.
  
 Qız ona kənardan mum heykəli xatırladırdı. Danışmayan, tərpənməyən, hərəkətsiz mum heykəli. Və Rüstəmə, doğrudan da, elə gəlirdi ki, indi o, nitqini söyləyib, qurtardıqdan sonra — əlbəttə, buna müvəffəq olsa — ayrıldığı bir insan yox, iri qara eynəkli bir mum heykəl olacaqdı. Amma məgər bu idi mi qızın xasiyyəti? Təbiət belə mi yaratmışdı onu? Xeyr. Bu dodaqlar həmişə gülümsəməzdimi, bu əllər həmişə onun əllərini axtarmazdımı, bu qız həmişə coşğu ilə, həyəcanla məşğul olduğu rəssamlıqdan, incəsənətdən danışmazdımı? Bu qız azyaşlı şirin qız uşağı tək həmişə şad, şən və oynaq olmazdımı? 
 Rüstəm qızın rəftarındakı qəribəliyin onda yaratdığı məyusluğu tədricən əzələlərinin boşalmasında hiss etdi və bu məyusluğu dağıtmaq üçün üzünü çevirib, yan masada yenicə əyləşmiş açıq-saçıq geyimli qızlara baxdı. Amma çox keçmədən qarşısındakı qız kimi onun da qara eynəklərə malik olmadığını və qızın onun gözlərinin istiqamətini yaxşı gördüyünü anladı. O, hara baxacağını, nə edəcəyini, bu susqunluğun nə qədər belə davam edəcəyini təsəvvür edə bilmirdi. Özünü nə qədər sıxsa da, gücənsə də, ağzından bir kəlmə də çıxmırdı. O, çox gözəl anlayırdı ki, bu gün ayrılmaqla təkcə özünü qızın həyatından aparmırdı. O, həmçinin bu iki ildə birgə qurduqları planları, hər xırdalığını düşündükləri və birgə gerçəkləşdirməyə niyyətləndikləri gələcəyi də özü ilə aparırdı. Bəlkə də, Rüstəm bu görüşlə qızın həyatının çox iri bir parçasını qoparıb aparacaqdı. Amma Rüstəm bu barədə düşünməyə həvəsli deyildi, o inanırdı ki, qız onu tədricən unudacaq – eynilə onun qızı günlərin bir günü qəflətən unutduğu kimi.
 
  Birdən sanki zaman dayandı, həyat durdu. İnsanlar yerində donub qaldılar və bu ucsuz-bucaqsız kainatda ancaq və ancaq bu iri qara eynəkli qız danışdı. Yalnız onun zərif dodaqları tərpəndi:-  Eybi yox. 


 Sonra eyni minvalla, qəfildən, anidən yenidən zamanın donu açıldı, saat əqrəbləri ağır-ağır irəlilədilər, küçədə durmuş insanlar yollarına davam etdilər və Rüstəm qarşısındakı qızın az öncə tərpənmiş dodaqlarına qonmuş güclə seziləcək xəfif təbəssümü sezdi. İndi sanki zaman bu qız üçün dayanmışdı və bu təbəssüm bir portretdəki əbədi insan təbəssümü tək bitmək bilmirdi. Onda Rüstəm anladı ki, ömrü boyu bu qızı unutmağa müvəffəq olsa da, bu təbəssümü istəsə də, unuda bilməyəcək. Bu təbəssüm onun hafizəsinə əbədi həkk olunub, onu ölüm yatağına qədər müşayiət edəcəkdi.
 
  Rüstəm içində dərin bir rahatlıq hiss etdi, qollarına güc gəldi, üzü güldü. Sanki quş olub, göy üzündə buludların arasında qanad çalırdı. Sanki o, dünyanın ən xoşbəxt adamına çevrilmişdi və bütün kainat onun sevincini paylaşmağa tələsirdi. Bu təbəssüm, bu yumşaq, mülayim, xırda bir təbəssüm bir anlığa onun bütün əndişəsini əlindən almışdı. Rüstəmə elə gəldi ki, bu qızla yaşadığı son iki ilin bütün acıları, sevincləri, həyəcanları, ümidləri, arzuları yalnız və yalnız bu ecazkar təbəssüm üçün idi. Bu təbəssümü görmək, onu yaşamaq, onu gerçəkləşdirmək istəyi onları son iki ildə hərəkət etdirən, birgə saxlayan yeganə qüvvə olub. 
 
 
 Rüstəm bu düşüncələrlə məşğul olduğu vaxt qız üzündəki o sirli təbəssümü itirməyərək dizlərinin üstündə saxladığı çantasını əlinə aldı, ağır-ağır ayağa qalxdı və geri dönüb, asta addımlarla kafedən çıxdı. Rüstəm şən gözləri ilə onun uzaqlaşan siluetini yola saldı, qədəhindən bir qurtum içdi və saatına baxdı: görüş təqribən yeddi dəqiqə çəkmişdi. “Məsələ tamamdır” — deyib gülümsədi və yenidən yan masadakı qızları seyr etməyə başladı.


Sevgi və məhəbbət
Müəllif: Səməd Səfərov
 Məqalədən istifadə zamanı istinad əsasdır, müəllif hüquqları qorunur 

1 şərh

DrELM
taglerde ilk görüş qeyd olunub, mence son görüş olsaydı daha yaxşı olardı.