Özümüzdən başlamasaq...

Əbdürrəhim bəy Haqverdiyevin «Mirzə Səfər» hekayəsini oxumayan bəlkə də çox adam olar, amma yazıçının «Mirzə Səfər», «Papaq» və «Bomba» hekayələrinin motivləri əsasında Cahangir Mehdiyevin quruluş verdiyi «Evlənmək istəyirəm» filminə yəqin ki, çoxları baxıb və bu dialoqu az qala əzbər bilirik:

«Bir dəfə bir nəfər şəxs dəftərxanaya gəlib, кatibdən öz кağızından dоlayı məlumat istəyir, кatib cavab verir кi, кağızın Mirzə Səfərdədir, üzünü ağardar, apararsan. Şəxs Mirzəyə tərəf gəlir:
 
– Mirzə, mənim кağızımı, mümкün isə, yaz aparım.
 
– Dayan, bu saat yazaram, əlimdə özgə iş var.
 
– Bilirsiniz, mən Həsən ağanın qоhumuyam?
 
Mirzə qələmi əlindən buraxıb кişinin gözlərinin içinə baxdı.
 
– Dоğrudan Həsən ağanın qоhumusan?
 
– Dоğrudan.
 
– Sən Allah, Həsən ağanın qоhumusan?
 
– Vallah, dоğru deyirəm.
 
– Sən Həzrət Abbas, Həsən ağanın qоhumusan?
 
– Həzrət Abbas haqqı Həsən ağanın qоhumuyam.
 
– Deyinən sən öl, Həsən ağanın adamıyam.
 
– Sən öl, Həsən ağanın adamıyam.
 
– Bəs elə isə, gəl, min mənim bоynuma. Neynəyim Həsən ağanın qоhumusan? Gözlə, vaxtında кağızın hazır оlar, apararsan.»

Yazıçı hekayədəki bu dialoqla hələ əsrlər öncə insanlarımızın necə düşüncəyə sahib olduğunu oxucusuna ustalıqla çatdırır. Əhməd bəy xaricdə təhsil alıb gələn bir gənc olsa da, aldığı təhsillə öz doğulduğu yerə, insanlara, millətinə xeyri dəyməyən bir «ziyalıdır.»  O, həmin dəftərxanada qayda-qanuna məhəl qoymayan, növbə gözləməyə belə tənəzzül etməyərək öz nüfuzlu qohumunun adından istifadə edib, işini tezləşdirən bir tip kimi təqdim olunur.

Üstündən yüzillər keçməsinə baxmayaraq həmin epizodu olduğu kimi götürüb, analiz etsək, hadisəni o zamanla indi arasında qarşılaşdırıb, günümüzün reallığıyla müqayisə aparsaq görərik ki, dəyişən heç bir şey, heç bir fərq yoxdur. Hekayənin ana fikri bu günümüzü özündə əks etdirərək hələ də öz aktuallığını qoruyur.
Təhsilli gənclərimizin, savadlı insanlarımızın gün-gündən çoxaldığı bir zəmanədə yaşasaq da insani keyfiyyətlərimizin, haqqı tələb etmək cəsarətimizin, Mirzə Səfər kimi cəsarətli, şərəfli, vəzifəcə özündən böyük olana boyun əyməyən, halal zəhmətilə yaşayan namuslu məmurlarımızın azaldığını görürük. Sivilizasiyaya, müasirliyə doğru inkişaf getdikcə zehinlər, düşüncələr geriləyir, cılızlaşır sanki. Qorxaqlıq, öz haqqını tələb etməmək, cəsarətsizlik insanların ruhuna hakim kəsilir.

Üzeyir bəy Hacıbəyov, C.Məmmədquluzadə, Ə. Haqverdiyev, M.Ə.Sabir və bir çox belə yazıçılarımız həm öz əsərləri ilə, həm həyat fəaliyyətləri, xidmətləri ilə hələ o dövrdə insanlarımızda özünüdərki, inkişafı, milli şüuru oyatmaq üçün əllərindən gələni edir, bu yolun da təhsildən, elmdən keçdiyini anlatmağa çalışırdılar.
Zamanla inqilablar, müharibələr, nələr, nələr görərək, çətin periodlar keçən bu millət yavaş-yavaş oyanışa doğru getməyə başladı. Təhsil də aldıq, bilik də, savad da… İllər, əsrlər keçib o zamandan. Bu günümüzdən dönüb o zamana boylansaq müqayisə olunacaq çox işlər görə bilərik. Geyimimizdən başlayaraq ta ətrafımızda gördüyümüz hər şey dəyişib. Bəs şüurumuz, mənəviyyatımız necə, o da inkişaf edib, dəyişibmi?!
Bax, buna tam əminliklə kimsə  «Bəli, dəyişib!» deyə bilməz. On illər, yüz illər keçsə də hələ də beyinlər XVIII-XIX əsrdən qalmadır. Təəssüf ki, elə o hekayədəki kimi, xaricdə (elə öz məmləkətində də) təhsil alıb qayıdan  təkəbbürlü, lovğa, özündənrazı, növbə mədəniyyəti bilməyən, kimsənin haqqını gözləmyən, özünü hər kəsdən üstün tutan, özünü inkişaf etdirməyən, deyingən və narazı «savadlılarımız», özünü göstərmək xətrinə oxuyan, «daydayına» arxalanan «təhsilli» əhməd bəylərimiz var və artmaqdadır da. Və hələ də həyatın anlamını madiyyatda axtaran, vəzifədə görən həsən ağalar, hacı kəmyablarımız da var olmaqdadır.

Demək ki, avamlıq, cahillik, mənəviyyatın kasadlığı, cəmiyyətin inkişafdan qalması təkcə təhsil almaqla bitmirmiş. Əvvəl içindəki qaranlığı aydınlatmalı, sivilizasiyanı, müasirliyi, mədəniyyəti, inkişafı içimizdə yaratmalıyıq. Qarşımdakının mənə qarşı münasibət və davranışını necə görmək istəyirəmsə, eləcə də mən ətrafımdakılarla elə davranmalıyam. Bir sözlə, özümüzdən başlamasaq, dəyişəsi deyilik.

1 şərh

Ferbara
 Düşündürən yazıdı. :)

Təhsildə elmlə bərabər mənəvi dəyərlər də öyrədilməlidi. Bildiyim qədərilə məktəblərdə oğru olmamaq, böyüklərə hörmət etmək, zəifi qorumaq və s. bunun kimi detallar dərsliklər vasitəsilə öyrədilir. Amma bunlar bir-birilə ümumi həyat dərsində bağlanmır. Ona görə çox uşaqlar dərk eləmir öyrədilənləri. Deyilən konkret detallara robot kimi əməl edirlər və qarşıya çıxan oxşar hadisələrdə necə davranacaqlarını bilmirlər. Uşaqlara iradə möhkəmliyi, mərdlik, əzmkarlıq da tarix dərslərindəki keçmiş qəhrəmanları misal çəkməklə öyrədilir. Amma uşaq məktəbdən çölə çıxıb öyrəndiklərini tətbiq etmək istədikdə öz böyüklərindən lağ mənbəyi olur ki, bu da onu mənəvi cəhətdən sındırır, onlar kimi edir.