Damarların funksiyalarının pozulması

Arterial hipertenziyalar.

Yüksək arterial təzyiq dəqiq həkim müayinəsi və müalicəsi tələb edən bir xəstəlik və ya simptom olub, hazırda dünya əhalisinin hər dördüncü nəfərində rast gəlinir. Hipertonikləri ən çox narahat edən əlamətlər baş ağrıları, zəiflik və ürək nahiyəsində ağrılardır. Əmək qabiliyyəti azalır, xəstənin ümumi əhval-ruhiyyəsi getdikcə pisləşir. Müalicə olunmadıqda miokard infarktı, ürək çatmamazlığı, insult, böyrək çatışmazlığı və s. kimi ağırlaşmalara gətirib çıxarır.

Əgər arterial təzyiq ən azı 2 dəfə təkrar-təkrar 140/90 mm c. s.-dan yüksək olarsa o zaman arteiral hipertoniya haqqında düşünmək olar. Arterial təzyiq sakit vəziyyətdə oturaq halda ölçülməlidir.Arterial hipertenziya-  arterial təzyiqin (AT) 140/90 mm.c.süt-dan yuxarı qalxmasına deyilir.

 

Klassifikasiya

Sistoloik arterial təzyiq

Diastolik arterial təzyiq

Optimal AT

<120

<80

Normal AT

120-129

80-84

Yüksək AT

130-139

85-89

Arterial hipertoniya – I dərəcəli (yüngül)

140-159

90-99

Arterial hipertoniya – II dərəcəli (mülayim)

160-179

100-109

Arterial hipertoniya – III dərəcəli (ağır)

>180

>110

İzolə olunmuş sistolik arterial hipertoniya

>140

<90

 

Yalnız sistololik AT-in yuxarı qalxması, diastolik AT-in isə normal qalması halları (sistolik AT >160mm.c.s.,diastolik AT <90 mm.c.s.) yaşlı şəxslərdə damar divarının boşalması nəticəsində əmələ gələ bilər.

Arterial hipertenziya birincili və ikincili olur. Birincili arterial hipertenziya – Hipertoniya xəstəliyi ayrıca bir xəstəlik olub əsas və aparıcı əlaməti AT-in qalxmasıdır.

İkincili arterial hipertenziya simptomatik hipertoniya adlanır və bu zaman arterial hipertenziya başqa xəstəliklər nəticəsində əmələ gəlir.

Simptomatik hipertoniya (ikincili hipertoniya)

Simptomatik hipertoniyaya aiddir:

  1. Böyrək mənşəli hipertenziya – böyrək arteriasının stenozu, aterosklerozu, pielonefrit, qlomerulonefrit, böyrəkdaşı xəstəliyi və s.
  2. Endokrin(hormonal) mənşəli hipertenziya – İtsenko – Kuşinq sindromu, feoxromositoma, hiperaldosteronizm, qalxanabənzər vəz xəstəlikləri(zob), hiperparatireoz, oral kontraseptivlərin qəbulu və s.
  3. Sinir mənşəli hipertenziya – Neyrosirkulyator distoniya(NSD), kəllə-beyin travmaları və s.

 

Əlamətlər:i Arterial təzyiqin qalxması çox zaman əlamətsiz olur və yalnız təsadüfən ölçmə zamanı aşkarlanır. Əlamətlər olduqda isə bu adətən özünü başağrıları(təzyiq çox yuxarı qalxanda), başgicəllənmə, ürəkdöyünmə, ümumi halsızlıq şəklində göstərir.

Bundan başqa arterial təzyiqin qalxması digər orqanların(göz, böyrəklər, beyin, ürək və s.) fəaliyyətinə mənfi təsir göstərir və onları zədələyir.

Simptomatik hipertoniyanın digər əlamətləri əsas xəstəlikdən asılıdır. Belə ki, böyrək mənşəli hipertenziyada beldə ağrılar, nikturiya(gecələr kiçik bayıra çıxma), İtsenko-Kuşinq sindromunda piylənmə, feoxromositomada arıqlama və s.

 

Diaqnostikası:

Arterial təzyiqin qalxması aşkar edildikdə ilk öncə aparılması vacib olan müayinə üsulları aşağıdakılardır:

  1. Elektrokardioqramma (EKQ)
  2. Sidiyin ümumi analizi
  3. Hematokrit
  4. Zərdabda Kalium
  5. Zərdabda kreatinin və sidik cövhəri

Müalicəsi: Simptomatik hipertenziyanın müalicəsi əsas xəstəliyin müəyyənləşdirilməsi və müalicəsilə və  arterial təzyiqin qalxmasına görə simptomatik müalicəylə aparılır.

Xəstədə ilkin olaraq arterial təzyiqin yüksəlməsi aşkar edilərsə o, ətraflı müayinə olunmalı, arterial təzyiqin yüksəlməsinə səbəb olan bütün mümkün xəstəliklər istisna edilməlidir.

İlk növbədə bütün xəstələrə həyat şəraitlərini dəyişmək məsləhət görülür:

  • Duzlu qida məhsullarının məhdudlaşdırılması, sutka ərzində istifadə olunan xörək duzunun miqdarının 4.5 qramdan artıq olmaması.
  • Bədən çəkisini azltmaq. Tədqiqatlar göstərir ki,bədən çəkisinin 10 kq-a qədər azaldılması arterial təzyiqin10 mm.c.s. azalmasına gətirib çıxarır.
  • K, Ca, Mg və s. mikroelementlər ilə zəngin olan qida məhsullarının, bol meyvə, tərəvəz və dəniz məhsullarının qəbulu.
  • Alkohollu içkilərin dayandırılması və ya xeyli məhdudlaşdırılması.
  • Siqaretdən imtina.

Arterial hipertoniyanın müalicəsində əsas məqsəd ürək – damar sistemi tərəfindən inkişaf edə biləcək ağırlaşmaların qarşısını maksimal dərəcədə almaqdır. Bir sıra antihipertenziv preparatlar vardır ki, onlar tək halda və bir neçəsi kombinə olunmuş şəkildə təyin oluna bilər. Hər bir pasiyent yadda saxlamalıdır ki, arterial hipertoniyanın müalicəsi uzunmüddətli, praktiki olaraq ömür boyu aparılır. Əgər xəstə həkim tərəfindən təyin olunmuş dərman preparatlarını düzgün qəbul etməzsə və ya ümumiyyətlə müalicə olunmazsa xəstəliyin daha da inkişafına və ağırlaşmalara səbəb olacaqdır.

 

Hipertoniya zamanı zədələnən əsas orqanlar

 

Ürək – Arterial hipertoniya zamanı ürək əzələsinin yükü artdığına görə sol mədəciyin kompensator hipertrofiyası əmələ gəlir.Hipertrofiyaya uğramış ürək əzələsinin qanla təchizatı da artmalıdır. Lakin qanla təchizat artmadığından ürək əzələsində işemiya inkişaf edir. Buna görə də sol mədəciyi hipertrofiyaya uğramış xəstələrdə miokard infarkti, ürəyin ritm pozğunluqları, ürək çatmamazlığı kimi ağırlaşmalar meydana çıxır.

Beyin – Hipertoniyanın hələ ilkin stadiyalarında baş beyinin qanla təchizatı pozulur. Baş ağrıları, başgicəllənmə, qulaqlarda küy, əmək qabiliyyətinin azalması əmələ gəlir. Bu uzun müddət davam etdikdə beyində xırda infarkt ocaqları əmələ gəlir, getdikcə xəstədə yaddaş və intellekt zəifliyinə gətirib çıxarır. Arterial təzyiq qəflətən nəzərəçarpacaq dərəcədə yüksələrsə beyini qidalandıran damarlardan hər hansı biri zədələnə bilər, bu vəziyyət hemorragik insult adlanır.

Böyrəklər – Arterial hipertoniya zamanı böyrəklərin qanla təchizatı pozulur və getdikcə böyrək toxumasında skleroz əmələ gəlir, bu isə onların funksiyasını pozmaqla xroniki böyrək çatışmazlığının inkişafına şərait yaradır. Böyrək çatışmazlığı özü də arterial təzyiqin daha da yüksəlməsinə səbəb olur.


Xəstəliyin inkişafı bir çox faktorlardan, o cümlədən aparılan müalicədən, insanın həyat şəraitindən və rejimindən, ətraf mühitdən, irsiyyətdən və s. asılıdır. Təəssüf ki, ölkəmizdə olduğu kimi, bir sıra xarici ölkələrdə də pasiyentlər bu xəstəliyin ciddiliyini tam olaraq dərk etmir və çox hallarda müalicədən yayınırlar. Xəstələrin bir çoxu özlərini praktiki olaraq sağlam hesab etdiklərindən hətta requlyar dərman qəbulundan belə imtina edirlər.

Ateroskleroz.

    

Ateroskleroz — Arteriya intimasında plazma mənşəli aterogenik lipoproteinlərin toplanması nəticəsində yaranan iltihabi-fibroproliferativ prosesdir. Ateroskleroz ateromalar və ya ateromatoz və ya fibroz-yağlı lövhələr damar mənfəzinə doğru qabaran və mənfəzi daraldan, tunica medianı zəiflədən və ciddi ağırlaşmalar törədə bilən intimal zədələnmələrlə xarakterikdir.

  

Ateroskleroz əsasən elastik tipli arteriyalarla (məs,aorta,yuxu və qalça arteriyaları)böyük və orta ölçülü əzələ tipli arteriyalarda (məs, koronar və dizaltı arteriayalar) olur.

      

Bədəndəki qan damarlarının bir qisiminin və ya hamısının sərtləşməsi nəticəsində, elastikliyini itirməsinə; xalq arasında damar əhənglənməsi tibb dilində isə Arterio Skleroz və ya Atheremo deyilir. Səbəbi, qan damarlarının iç qatlarındaki hüceyrələrin elastikliyini itirib, zəifləməsi və ya qandakı yağlı maddələrin yığın edərək, damarı darlaşdırmasıdır.
Əlamətləri baş gicəllənməsi, baş ağrısı, titrətmə, gedərkən səndəlləmə, düşünmə və öyrənmə gücündə zəifləmə, əsəbilik və ya damarın sərtləşdiyi bölgələrdə ağrılar ilə müşahidə olunur. İlk ifadə olunanlar görüldüyündə tədbir alınacaq olsa, qorxulacaq bir şey yoxdur. Xəstənin sevinc və cəsarətini itirməməsi və həkimin tövsiyələrini yerinə gətirməsi yaxşılaşmada atılacaq ilk əhəmiyyətli addımdır.
Damar sərtliyi diaqnozu qoyulan kimsə, pəhriz saxlamalı, spirt və siqaret kimi kef verici maddələri buraxmalı, yumurta, kərə yağı və bənzəri yeməkləri tərk etməli, duzu da azaltmalıdır. Ayaq damarlarında meydana gələ biləcək hər hansı bir xəstəliyi önləmək üçün də dar ayaqqabı geyməkdən qaçınmalıdır.

Aterosklerozdan xilas olmaq üçün 1-) Siqareti və spirti mütləq buraxmaq lazımdır 2-) Sağlam qidalanmaq lazımdır, yəni az heyvani qida çox tərəvəz və meyvə yemək lazımdır. Əgər cola, aşırı qəhvə və qara çay içirsinizsə bunları azaltmaq lazımdır. Mümkünsə qatqı maddəsi ehtiva edən konserv, şokolad vs. maddələr yeməmək məsləhətdir. 3-) Köklük təhlükəlidir, bunun üçün mütləq arıqlamaq lazımdır. 4-) Mümkünsə həftədə ən azı üç gün idman etməli və ya hər gün ən azı yarım saat gəzinti etmək lazımdır. 5-) Əgər xolesterol, diabet və yüksək təzyiq kimi narahatlıqlar varsa mütləq müalicə olmaq lazımdır.

 

0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub