İşdə sığortalanmağın əhəmiyyəti

Bu ildən əmək müəssisələrində işəgötürənlər işçilərlə icbari sığorta müqaviləsinin bağlanmasını mütləq qaydada təmin etməlidirlər. Əks halda onlara qarşı «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununa əsasən müəyyən sanksiyalar tətbiq edilə bilər.

İş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsizlik texnikasına əməl edilməsi, işçilərin sağlamlığının qorunması, əməkdaşların qayğısına qalınması artıq zamanın tələbidir. Ona görə də icbari sığorta haqqında Qanunun işçilərin sosial müdafiəsinin gücləndirilməsi, əməklə məşğul olan hər bir kəsin mənafeyinin qorunması baxımından çox mühüm əhəmiyyətə malikdir.

Sirr deyil ki, bəzi işəgötürənlər sahibkarlığı ağalıq etmək kimi başa düşərək, öz obyektlərində çalışanların əməyinə qul əməyi kimi baxır, işçilərin əmək hüquqları ilə hesablaşmır, əməkdaşların təhlükəsizliyinin, sağlamlığının qorunmasının təmin edilməsi barədə ümumiyyətlə düşünmürlər. Bu da ondan irəli gəlir ki, işsiz adamlar nəyin bahasına olursa-olsun pullu iş tapıb öz ailəsini dolandırmaq barədə düşünürlər. Sağlamlıqlarını təhlükə altına ataraq heç bir müqavilə bağlamadan ən ağır və səhhətə ziyanlı işlərdə belə işləməyə razı olurlar. Səhhətlərində bir problem yarananda və ya iş qabiliyyətini itirdikdə isə, sahibkar tərəfdən heç bir maddi kompensasiya verilmədən işdən azad edilirlər. Ortada heç bir hüquqi sənəd olmadığı üçün, peşə fəaliyyəti zamanı aldığı xəsarətə görə işçinin sahibkardan maddi yardım tələb etməyə hüququ olmur, yalnız məhkəməyə müraciət etsə, onda bəlkə işəgötürəndən hansısa bir məbləği ala bilər. Məhkəmə çəkişmələri də o qədər uzun və yorucu olur ki, zərər çəkənin üstəlik əsəbləri də korlanır.

Yuxarıda qeyd olunan neqativ halların qarşısını almaq məqsədilə icbari sığorta haqqında Qanun həm dövlət, həm də özəl sektorlarında işəgötürənlərin öhdəsinə böyük məsuliyyət və vəzifələr qoyur. Onlar əmək müqaviləsi ilə bərabər əməkdaşlarla icbari sığorta müqaviləsinin də bağlanılmasını təmin etməli, sığortaçıya müəyyən edilmiş məbləğdə sığorta haqqını da ödəməlidir. Sığorta tarifləri Nazirlər Kabinetinin qərarı ilə işçilərin risk qruplarından asılı olaraq müəyyən edilmişdir. Ən aşağı riskli hesab olunan qrup üzrə sığorta tarifləri əməkhaqqının 0,2%-i, ən yuxarı risk qrupu üçün 2%-i qədər müəyyən edilib. Əslində, bu tariflər elə də yüksək deyildir, əgər sahibkar işçilərə məvacib təyin edərkən avtomatik olaraq ödəyəcəyi sığorta haqqını da nəzərə alsa, həmin sığorta haqqı işəgötürənin büdcəsinə ziyan gətirməz. Məsələn, bir işçi üçün ayda 300 manat xərc nəzərdə tutan sahibkar, işçiyə 295 manat maaş yazıb yerdə qalan 5 manatı isə sığorta haqqı kimi ödəyə bilər. İcbari sığorta müqaviləsi bağlandıqdan sonra işəgötürən özü xeyli üstünlüklər qazanır. Belə ki, əmək prosesi zamanı baş verə biləcək hər hansı bir sığorta hadisəsi zamanı işçiyə dəyən ziyanın maddi cəhətdən kompensasiya edilməsi sahibkarın deyil, sığortaçının öhdəsinə düşür. Ona görə də sığorta hadisəsi baş verəndə işçi ilə işəgötürən arasında əvvəlki kimi narazıçılıqlar yaranmır, iş gedib məhkəməyə kimi çıxmır. Əksinə işəgötürən belə situasiyalarda zərər çəkənin hüquq və mənafelərini sığortaçı qarşısında müdafiə edə bilər.

Qanuna əsasən işəgötürən işçilərə öncədən onların hüquq və vəzifələrini, habelə icbari sığortanın şərtlərini və qaydalarını izah etməli, işçilərin ilkin və vaxtaşırı icbari tibbi müayinədən keçirilməsini təmin etməlidir. Bütün görülən tədbirlərə baxmayaraq sığorta hadisəsi baş verərsə, işəgötürən bu barədə 3 iş günü ərzində sığortaçıya məlumat verməlidir ki, xəsarət almış işçi ona dəyən zərərə görə vaxtında kompensasiya ala bilsin, həm də, zəruri olduqda sığortaçı sığorta hadisəsini isti-isti araşdıra bilsin. Sığorta hadisəsi zamanı əməyin mühafizəsi qaydalarına və əməyin mühafizəsinə dair təlimatlara riayət etmədiyi üzə çıxdıqda sığorta olunan kompensasiyadan məhrum oluna bilər.

İcbari sığortanın əsas üstünlüklərindən biri onun mənəvi əhəmiyyətidir. Sığortası olan işçi əmək prosesində bədbəxt hadisə nəticəsində xəsarət alarsa və ya peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirərsə, onda o, maddi yardım üçün kiməsə ağız açmalı olmur, kimsənin yanında özünü xəcalətli hiss edib mənəvi əzab çəkmir. Sığorta hadisəsinin dərəcəsindən asılı olaraq sığortaçıdan maddi kompensasiya alaraq öz sağlamlığının bərpası ilə məşğul olur. Sığorta olunanların bir sıra hüquqları da vardır ki, onlardan vaxtlı-vaxtında istifadə etmək işçilər üçün çox xeyirli ola bilər. Belə ki, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürənin hesabına ilkin və vaxtaşırı icbari tibbi müayinələrdən keçə, həm də istehsalatdan ayrılmadan və ya ayrılmaqla təhlükəsiz əmək metodlarına, əməyin mühafizəsi qaydalarına dair ödənişsiz təlim ala bilərlər. Bütün bunlar isə, təbii ki, işin keyfiyyətini müsbət təsir göstərir.

Sonda onu qeyd edim ki, hər hansı bir müəssisədə, təşkilatda sığorta hadisəsinin baş verməsi heç kim üçün arzuolunan hal deyildir, ona görə də ümid etmək olar ki, İcbari sığorta haqqında Qanun ölkəmizdə sağlam və normal iş şəraiti formalaşdırmaqla istehsalatda baş verən bədbəxt hadisələrin, bu hadisələr nəticəsində xəsarət alanların sayını xeyli azaldacaq, işəgötürənlərin işçilərə qarşı qayğı və məsuliyyətini daha da artıracaqdır. Vüqar Haqverdiyev

9 şərh

2ral
bir işçi üçün ayda 300 manat xərc nəzərdə tutan sahibkar, işçiyə 295 manat maaş yazıb yerdə qalan 5 manatı isə sığorta haqqı kimi ödəyə bilər-dəlinin yadına daş salıb bunun mexanizmini öyrətdiyin üçün sahibkarlar sənə təşəkkür edəcək:)
Hagverdiyev

bu məsələnin psixoloji həllidir:))



Hagverdiyev
mən bir şeyi də qeyd edim ki, indi maaşdan o qədər vergi şıxırlar ki, bu sığorta haqqı onların yanında toya getməlidir. gəlir vergisi, həmkarlar, pensiya fondu bunlar birlikdə əmək hqqının 17 faizini təşkil edir. bu da o deməkdir ki, maaşı 490 manat olan işçi əlinə 400 manat alır.
tenqo
Gəlir vergisi ilə, pensiya fonduna ödəniş cəmi 17 faiz edir elə, həmkarlara ödəniş nə qədərdi bilmirəm. Əlavə etsək bu faiz çoxalacaq.
Hagverdiyev
haqlısıniz...gəlir vergisi 14 faiz, pensiya 3 faiz...cəmi edir 17 faiz...həmkarlar da səhv etmirəmsə ya 1,5 ya da 2 faizdir...ümumilikdə hamısı bir yerdə təqribən 20 faiz edir. Vergilərin belə yüksək olması bəzi özəl təşkilatlarda əmək haqlarını hesablamasında saxtakarlığa səbəb olur. Belə ki, maaş kağızda öz məbləğindən çox aşağı yazılır. Məsələn nağdı 500 manat alanın dokumentdə maaşı 150 manat göstərilir ki, onun vergisi az olsun. Ancaq bu düz deyildir. Çünki, gələcəkdə pensiyaya çıxanda bunun ziyanı olacaq…
tenqo

Dediyiniz müəssisələrdəkı işçilər bunu yaxşı anlayır, amma işini itirməmək üçün məcburi bu vəziyyətlə barışmalı olur. Təsəlli kimi də cavan işçilərin bəziləri bu sözləri işlədir: "Əşşi, pensiya yaşına kimi yaşayım, bunun özü böyük şeydir".


Vergilərin lap aşağı faizində belə qeyd etdiyiniz tendensiya dəyişməyəcək və müəssisələr eyni üsulla işləyəcək. Çünki vergi nəzarətini həyata keçirənlər buna göz yumur və onları bu işə təhrik edir. Vergi auditorunu müəssisənin «abarotu» və «abarota» görə alacağı «dolya» maraqlandırır.


Verginin dərəcəsi aşağı salınmasa belə, həqiqi vergi nəzarəti olsa və vergi qanunvericiliyinin pozuntusuna görə maliyyə sanksiyaları qat-qat artsa, müəssisə rəhbərləri qorxularından bu yola əl atmayacaq. Ancaq vergi dərəcəsi nisbətən aşağı salınsa, çox yaxşı olardı.

Hagverdiyev
fikirlərinizlə razıyam!
tenqo
Çox güman elə bu da avtomobillərin icbari sığortası kimi formal xarakter daşıyacaq. Onsuz da dolayısı ilə yenə də işçiyə yüklənəcək həmin ödəniş. Bizim bir çox yerli sahibkarlarımız bu işdə ustadır.
Hagverdiyev
Biz gərək hüquqlarımızı və onlardan istifadə etməyi yaxşı bacaraq ki, icbari sığorta formal xarakter daşımasın...