Azərbaycanda dil hüququ

Hər bir insan başa düşməlidir ki, dil qədər insanlığın, mədəniyyətin, mənəviyyatın və s. inkişafına təsir edəcək digər bir vasitə yoxdur. Dilin yaranması ilə insan özündə heç nə ilə müqaisə olunmayacaq yaradıcı bir güc, bir enerji mənbəyi tapmışdır. İnsan dilin köməyi ilə nəinki öz ağlının, zəkasının, təfəkkürünün enerjisindən istifadə etmək imkanı qazanmış, həm də bütün yaradıcılıq mənbələrindən, təbiətin ona bəxş etdiyi enerjisindən ağılla, şüurla istifadə etməklə milyon illər ərzində yaradıla biləcək bir çox məqamları bir neçə ilə yaratdı, öhdəsindən gələ bildi.
Dilçi alimlərin söylədikləri kimi, insan dilin mənalı-məzmunlu aləminə daxil olmuş halda işləyir, düşünür, hərəkət edir, yaşayır, yaradır. Mahiyyətcə insanın özünün yaşaması üçün, dil qidalandırıcı mühitdir.

Eyni zamanda o insanın şüurlü və şüursuz davranışını əmələ gətirən bütün psixi əlamətlərin əsas iştirakçısıdır.
Ağızdan çıxan söz nəinki insanın davranışına, əxlaqına, mənaviyyatına, dini-mənəvi dəyərlərinə təsir göstərir, onunla yanaşı insan orqanizmində gedən fizioloji proseslərə, qanın kimyəvi tərkibinin dəyişməsinə, biokimyəvi dəyişikliklərin əmələ gəlməsinə səbəb ola bilir. Digər tərəfdən dil, insanın ətraf mühiti qavramasını, təfəkkür tərzini və ictimai əxlaqını, özünü idarəetmə qaydalarını müəyyənləşdirə bilir. Elə bu səbəbdən də insan, əsasən dilin müəyyənləşdirdiyi şeyləri qavraya bilir, dərk edə bilir. İnsanlarda dilin təşəkkülü və inkişafı insanların yeni əmək alətlərinin ixtirasına, heyvanların əhliləşdirilməsinə, bitkilərin əkilibbecərilməsinə, kosmosa çıxmasına, yeni-yeni texnologiyaların yaranmasına gətirib çıxarmışdır.
Hər bir xalq da keçdiyi yola, inkişaf mərhələrinə, yaşayıbyaratdığına, görüb-götürdüyünə uyğun dil yarada bilmişdir.
Azərbaycan insanı da təkamülün təbii mərkəzində olduğu üçün onun tarixi kimi yaratdığı dil də qədim tarixlidir, ulu dildir, zəngin dildir, istənilən fikri ifadə etməyə qadir dildir. Dilin təmiz qalması, inkişaf etməsi, zənginləşməsi, itirilməməsi üçün onun daşıyıcıları özünə hörmət edib, doğma dilini, ana dilini, vətən dilini hər cür müdaxilədən müdafiə etməlidir. Dövləti olan xalq, millət bir az da qabağa gedib, ana dilini yaratdığı qanunla məkrli siyasətlərdən xilasa əsgəri sücayət göstərməlidir.
Azərbaycan deyilən bir torpaqda tarixən oğuz türkləri və onlarla yanaşı digər türk tayfaları yaşamışlar. Bu torpaqlarda zaman-zaman müxtəlif dövlətlər formalaşmış, bəzən də xarici işğallar başqa bir dövlətin yaranmasına səbəb olmuş, torpaqlarımız müxtəlif müsibətlər çəkdiyi kimi, onun xalqı və xalqın dili də ayrı-ayrı «dil təzyiqləri»nə məruz qalmışdır.
Lakin, dünya sivilizasiyasının bünövrəsi sayılan şumerlər dövründə də həmin vaxtdan günümüzə qədər də Azərbaycanda türk dili özünü qoruyub saxlaya bilmişdir. Əlbətdə bunun əsas səbəbi bu torpaqlarda türklərin yaşaması zəminlik yaratmışdır. Azərbaycan torpaqlarında yaşayan türklərin ana dilinə bu və ya digər səviyyədə xələl gətirən amillərə əsasən qonşu ölkələrin basqınları zamanı dövlət dilini öz dillərinə uyğunlaşdırmaq, yaxud Azərbaycan torpaqlarında türk dilini biryolluq məhv etmək məqsədləri dayanırdı. Belə ki, ərəblər ərəb dilini, farslar fars dilini, ruslar rus dilini və s. məcburən türk tayfalarına sırımaq istəsələr də şükürlər olsun ki, istər Şimali Azərbaycanda, istər Cənubi Azərbaycanda, Borçalıda, Moldavada, Dağıstanda, İraqda, Anadoluda, Əfqanıstanda, Türkmənistanda Azərbaycan türkcəsi bu və ya digər səviyyədə olsa da hələ də yaşamaqdadır. Hazırda adları çəkilən Azərbaycan torpaqlarında dil fərqi siyasi quruluşa uyğun tərzdədir. Bununla yanaşı bu torpaqlardakı türk dilində onun ayrı-ayrı çalarları, xüsusən yaşayış tərzi və məşğuliyyətlərlə əlaqəli sözlər öz qədim mənalarını olduğu kimi saxlamaqdadır.
Söylənilən ərazilərdən bir az da fərqli olaraq müstəqil Azərbaycan Respublikasında Azərbaycan türkcəsinin səviyyəsi xeyli yüksəkdir və dövlət idarəçiliyi dili hüququnu özünün Konstitusiyası ilə təsbit etmişdir. Azərbaycan Respublikası özünün siyasi inkişaf yolunu Qərblə, ABŞ-a tutduğundan, onun qapıları bütün dünyaya taybatay açıqdır və bu da
Azərbaycanlı mənəviyyatına pis təsir göstərdiyi kimi Azərbaycan türk dilinə də öz mənfi təsirlərini göstərməkdədir.
Bu təsirlərin ilk amili kimi ingilis dilini misal göstərməliyik. Hazırda ingilislər bu dillə bütün dünyanı öz müstəmləkələrinə çevirmişlər. Azərbaycan Respublikasının nə insanları, nədə ki, dövlət qurumları məsələyə ciddi yanaşmırlar. Azərbaycan tarixində bu məsələ həmişə bu günkü kimi olmuşdur. Fars dilindən azad olmamış ərəbə üstünlük vermişik, fars və ərəbdən xilas olmamış rus dilini əzizləmişik. Hazırda da köhnə dillərdən öz dilimizi təmizləməmiş ingilis dilinə mehr salmışıq. Bütün bunlar Azərbaycan türkcəsini korlamaqla, bizə yad olan və tam məna əks etdirməyən sözlərin dilimizdə özünə yer almasına gətirib çıxarır.
Bütün dünyada «yuvarlaşmaq, eyniləşmək, bərabərləşmək» siyasəti yürüdüldüyündən biz ayıq-sayıq olmalıyıq, dövlətimizi, xalqımızın milli mənəviyyatını və Azərbaycan türkcəsi olan dilimizi göz bəbəyimiz kimi qorumalıyıq.
Qeyd edək ki, müstəqil Azərbaycan dövləti tarixində bu məsələ unudulmasa da iş sonacan aparılmamış və günümüzdə də ona nəzarət o qədər də ürəkaçan deyildir.
Məlum olduğu kimi 1999-cu ilin 21 fevralını YUNESKO Beynəlxalq Ana Dili Günü kimi elan etmişdir. Bunun da əsas səbəbi dünya xalqlarının ana dili uğrunda mübarizəyə qalxması olmuşdur. Bu xüsusən xırda xalqlar və dövlətlər üçün daha təhlükəlidir ki, Azərbaycanda bu qəbildəndir.
Dünyanın bir çox xalqları etiraf edirlər ki, Azərbaycan türk dili musiqiyə çox yatımlıdır, şirindi, sözlər boğazda «qaynadılmır», zəngindir, istinilən bir fikri bu dildə ifadə etmək heç bir çətinlik yaramır və s.
Hər bir xalqın ana dili özü üçün əzizdir, şirindir, əvəzedilməzdir. Amma, bununla yanaşı digər xalqlarda olan dilçi alimlərin, dilçi mütəxəssislərin hər bir vicdanlısı və Azərbaycan türkcəsini bilən mütəxəssisləri öz imkanları çox geniş olan bu dilin üstünlüklərini dəfələrlə qeyd etmişlər.
Azərbaycan vətəndaşlarının özləri də dilləri haqqında yüksək fikirdədirlər. Bildiyimiz kimi hər bir dili yaşadan həmin dilin daşıyıcıları, ona beynəlxalq nüfuz qazandıran isə xalqın yetirdiyi tarixi şəxsiyyətlər olmuşdur. Azərbaycan türkcəsinin qorunub saxlanılmasında və bu gün dünya dilləri içərisində öz layiqli yerini tutmasında tarixi xidmətləri olan Mahmud Kaşğarinin (XI əsr), Mahmud Qaramanoğlunun (XIII əsr), Məhəmməd Füzulinin (XIV əsr), Şah İsmayıl Xətainin (XV-XVI əsr) və başqalarının, xüsusəndə aşıqlarımızın, XX əsr dilçi alimlərimizin, yazıçılarımızın xidmətləri böyükdür.
Hazırda dilimizlə bağlı xeyli məqamlar narahıtçılıq yaradır. Belə ki, bütün əcnəbi iş adamları Azərbaycanda ancaq öz dillərində fəaliyyət göstərir, ofislərinə vurulan löhvələri öz dillərində yazır, işə götürdüyü Azərbaycan vətəndaşını onun dilini mükəmməl bilməsi müqabilində işə götürəcəyi şərtini qoyur ki, bu da Azərbaycan Konstitusiyasına ziddir. Televizorlarımızda, mətbuatımızda, şifahi danışığımızda xeyli əcnəbi sözlər, dilimizin məna çalarları ilə uyuşmayan ifadələr özünə yer almışdır.

Nazirliklərin, universitetlərin, dövlət idarələrinin hamısının qapısında vurulmuş lövhələr bir tərəfdə Azərbaycan türkcəsindədirsə, digər tərəfdə ingilis dilindədir. Belə hal o zaman ola bilər ki, Azərbaycan Konstitusiyasında dövlət dili iki dil qəbul edilmiş olsun. Və ya Sovetlər Birliyində olduğu kimi respublika səviyyəli və SSRİ səviyyəli dillərdən istifadə olunsun. Azərbaycan dövlətçiliyində onun dilinin yuxarıda qeyd etdiyimiz kimi başına dəfələrlə oyunlar açılmışdır. Əgər, ХХ əsri yada salırıqsa 1918-1920-ci illər müstəqil Cümhuriyyətə qədər Azərbaycanın dövləti yox idi, dil ancaq yerli əhali arasında ünsiyyət vəzifəsini görürdü. Oxuyanlar, yazanlar isə əsasən ərəb, fars, rus dillərində oxuyur yazırdılar. Müstəqil Cümhuriyyətimiz isə dövlət dilini Azərbaycan türkcəsi — qısaca türk dili kimi qəbul etdi, ərəb əlifbasından imtina etməklə latın qrafikalı Azərbaycan əlifbasını qəbul etdi. Qırmızı imperiya latın qrafikalı əlifbamızı bizə çox gördü, Gürcülərin, Ermənilərin əlifbasına toxunmadı. Amma, azərbaycanlılar kiril adlanan rus əlifbasına keçməli oldu.

ХХ əsrin ortalarında böyük yazıçımız — xalq yazıçısı Mirzə İbrahimov Azərbaycan Sovet Sosialist Respublikasının Ali Soveti Rəyasət Heyətinin Sədri işlərkən ölkənin Konstitusiyasına dövlət dili kimi türk dili əvəzinə (türkdən söhbət gedə bilməzdi) Azərbaycan dili fikrini salmaq istərkən çox böyük təzyiqlərlə üzləşdi, işdən çıxarıldı amma əqidəsindən dönmədi. SSRİ məkanında siyasi abu-hava nisbətən yumşaldıqda, ХХ əsrin 70-ci illərində Azərbaycan SSRİ-nin Konstitusiyasında Azərbaycan dili fikri öz əksini tapdı.
ХХ əsrdə Azərbaycan özünün 2-ci dəfə müstəqilliyini elan edərkən Azərbaycanın dövlət dili olaraq türk dili və əvvəllər işlədilmiş latın qrafikalı Azərbaycan əlifbasını yenidən dövlət dili və dövlət əlifbası hüququnu təzədən qazanmış oldu. Bu çox doğru bir addım idi. Lakin, bu da uzun sürmədi, çox çətinliklər, mübahisələr, məcburiyyətlər hesabına olsa da Azərbaycan Respublikasının dövlət dili olan türk dili Azərbaycan dili ilə əvəz edildi. Əlbətdə ən azı bu dəyişiklik türk dili əvəzinə Azərbaycan türkcəsi kimi dəyişdirilsəydi daha məqsədyönlü olardı.
Dövləti təsdiqləyən bütün əlamətlərdən ən vacibi onun dili məsələsidir. Dil burada yaşamış və yaşayan insanların kimliyindən, tarixi kökündən xəbər verən məsələdir. Biz öz kökümüzün, torpağımızın, dilimizin, tarixi qaynaqlarımızın üzərinə kölgə salmamalıyıq, nəyə isə şübhə oyatmamalıyıq, xüsusən də hər bir məsələ elmi araşdırmalarla öz təsdiqini tapdıqda.
Dilimizin Azərbaycan türkcəsinin, hazırda Azərbaycan Respublikası çərçivəsində ümumi inkişafına hüquqi münasibət heç də ona verilmiş haqq səviyyəsində deyildir. Bir çox məsələlərdə hərcmərclik hökm sürdüyü kimi burada da qanun işləmir, televizorlarda kim necə istəyir danışır, mətbuatda kim necə istəyir yazır və bütün bunlara cavabdeh olan dövlət idarə və bu idarələrin məmurları öz vəzifələrini sanki unutmuşlar.
Dil, hər bir xalqın hər bir dövlətin mövcudluğu deməkdir, gəlin onu yaddan çıxarmayaq, dil hər birimizin minilliklərdən süzülüb gələn mənəviyyatımız və mənəvi-əxlaqi dəyərlərimizdir, gəlin ona hörmətlə, qanuni tələbkarlıqla yanaşaq, hüquqi statusuna riayyət edək.

 
 

1 şərh

şərh silinmişdir