Qaçqın uşaq

            Bu yaz ağacların çiçək vaxtı yağınlıq olmamışdı deyə bütün meyvə ağaclarının üstü meyvə ilə dolu idi.Həyətdə gəzişirdim, qarlı, şaxtalı qış keçirmişdi bu torpaq, sudan doymuşdu, torpaqdan münbütliyin qoxusu gəlirdi.Gömgöy ot ayaq altında əzildikcə xoş bir qoxu yayılırdı.Quşlar şən-şən oxuşur, ayağımın altından hərdən bir tapdalanmaqdan canını qurtarmağa çalışan çəyirtkələr hoppanır, yetişmiş, yerə, ağacların dibinə tökülmüş meyvələrdən qopardıqlarını işgüzarlıqla yuvalarına daşımağa cəhd edən qarışqalar və cürbəcür həşəratlar qaynaşırdı bu bol məhsul verən torpağın bir parçası olan balaca həyətdə.

Həyətin ortasında səliqə ilə çəpərlənmiş balaca bir dirrik vardı. Ləklərdə badımcan, pomidor, istiot şitilləri əkilmişdi. Bir qıraqdan çəpər boyu basdırılmış lobya şaxları sarmaşsın deyə dayaq əvəzinə çəkil ağacının çubuqları basdırılmışdı dibinə. Anamın əlinin səliqəsinin, zəhmətkeşliyinin bariz nümunəsi idi bu dirrik.Qışda, ağaclar budanan vaxt atam kəsmişdi bu çəkil çubuqlarını, dəstə ilə bağlayıb həyətin bir qırağına yığmışdı ki, lobya əkəndə dibinə basdırsın. Basdırmışdı da. Qışdan kəsilən, suyu qurumuş bu çubuqlar Yerə basdırılandan sonra canlanmışdı, bu münbüt torpaqdan  qidalanmışdı, əksəriyyəti göyərib yarpaqlamışdı.

            Meyvələrinin ağırlığından budaqlarını yerə sallamış cavan ərik ağacının dibində, həyətin ortasından keçən su arxının üstündə oturdum. Ağacın dibi yetişmiş, yerə tökülərək əzilib pırsımış əriklərlə dolu idi. Düz on doqquz il idi bu ağacların belə gətirdiyini görməmişdim… Hər il ağacların üstündə olan tək-tük meyvələrin dadına baxmaq üçün ya min bir əziyyət ilə ağacın üstünə çıxardıq, ya da çıxa bilmədiyimiz, əl çatmayan yerdə olanları da daşla, ağac parçaları ilə vurub yerə salmağa çalışardıq. Atam da həyətin otunu dəryazla çalanda bizim meyvələrə atdığımız, boşa keçən, həyətin ortasına düşən daşlara dəyib “ağzı qayıdan”  dəryazı itiləyə-itiləyə bizi danlayardı həmişə...

            İndi bu ağacların bir belə meyvə gətirməyi qəribə gəlirdi mənə. Çünki Ağdam işğal olunan ildən bəri belə bolluq olmamışdı, həmin ili də “qaçhaqaç” düşdü, hamı evini-eşiyini atıb göydən yağan ölümdən canını, ailəsini qurtarmağa çalışdı. Biz də İsmayıllı rayonuna köçdük. Ağaclar da, meyvələr də sahibsiz qaldı...Arabir atışma səngiyəndə evimizə baş çəkməyə gələn atam bu sahibsiz həyətdə sahibsiz qalan meyvələrdən yığıb gətirərdi bir maşının yük yeri tutacaq qədər. Bir az yeyərdik, qalanı xarab olardı, qalıb xarab olanları da anamın atmağa əli gəlməzdi… Bizi dilə tutmağa çalışar, meyvələrin xarab yerlərini kəsib atar, qabığını soyar, az qala yalvarardı:

            -Anan saa qurban, ala ye dayna, bəs atan ermənin qabağından gedib o zülümnən yığıb gətirib. Niyə yemirsiniz Allahın verdiyi bu gül kimi meyvələrdən???

Yalvarmağını bir faydasının olmadığını görəndə də bizi qorxutmağa çalışardı:

            -Bax yeməsəniz ağaclar küsər sizdən, deyər mənim meyvəmi yemirsiz, mən də ta sizə meyvə vermiyəjəm. Bu gün-sabah qayıdajıyıq kəndə, onda da küsdürdüyünüz ağacların meyvəsinə tamarzı qalajıyıq, tapmıyajıyıq vallah...

Anam bu sözləri elə inamla deyirdi ki, qorxurdum ağaclar küsər, biz kəndə qayıdanda meyvə gətirməzlər, ürəyim bulanana qədər yeyirdim həsrət qaldığımız həyətin həsrət qaldığımız meyvələrindən. Amma anamın dediyi “bu gün-sabah” yaman uzun çəkdi...Düz iki il kəndə gedə bilmədik, iki ildə çox şey dəyişdi…

Atəşkəsdən sonra, mənfur ermənilərin işğal edə bilmədiyi, ancaq bir-iki kilometrliyində post qurduğu, hər qarışına bir igidin qanı axdığı kəndə cammatın yavaş-yavaş qayıtdığını, qonum-qonşuda olanların gəldiyini, təhlükənin nisbətən azaldığını görüb atam bizi də evimizə gətirdi.Amma bizim kimi qaçqın düşmüş bir milyon adam evinə gələ bilmədi, iki yüz minə yaxın ailənin başçısı-Atası bizimkindən fərqli olaraq öz arvad-uşağını doğma elinə-obasına apara bilmədi...

Və meyvə ağacları da “küsdü” bizdən. Daha ondan sonra bol məhsul vermədi heç biri… Elə bil Allahın qəzəbi keçdi Azərbaycan Xalqına. Doğma yerlərindən Zorla ayrılana qədər, düşmən gülləsi qabağına əliyalın çıxıb həlak olan igid oğlanlarını itirənə qədər, didərgin düşənə qədər işğal olunmuş rayonların hamısını sakinləri xoşbəxt və firavan yaşayırdılar. Ağdam da bu xoşbəxtlər cərgəsində idi, bəlkə də ən xoşbəxti idi. Lakin özümüzdən və özgələrdən olan düşmənlərin gözü götürmədi bu xoşbəxtliyi. Müharibə başlayandan heç kim inanmırdı ki, erməni dığaları Ağdamı işğal edə bilər, heç kim inanmırdı ki, bu Müharibə bu qədər uzun çəkəcək. Başda oturan “başsızlar“ da buna inanmırdılar. Hər gün yalandan vədlər verirdilər; “sabah qoşun gəlir”, “Ay camaat narahat olmayın, panikaya düşməyin, Filan yer getsə Başıma güllə çaxaram” və s. Qoşun gəlmədi, əvəzinə küçədə, parkda, bazarda “oblava” eləyib səriştəsiz, güllə atmağı, silah tutmağı bacarmayan, bəzi “fərasətlilər” kimi qaçıb gizlənməyə yer tapmayan Azərbaycan oğullarını gətirib qırğına verdilər. “Filan”  yerlər işğal olundu, minlərlə dinc sakin öldürüldü, analarımız, bacılarımız əsir götürüldü, ama Qeyrətdən boğulub “başına güllə çaxan” olmadı...

Müharibə evlərini, var-yoxlarını, doğma el-obalarını əllərində aldığı azmış kimi, ciblərində olan, gizlinclərində mingünlük üçün saxlanılan pulların da axırına çıxdı işğal olunan rayonların sakinlərinin. Xarici ölkələrin  humanitar yardımlarına, səhra çadırlarına möhtac elədi Azərbaycan xalqının hər yeddi nəfərindən birini bu Müharibə...Tale üz döndərmişdi onlardan, Allah da eşitmirdi onların dualarını,  yıxmırdı   “baisin evini”...

Ağaclar da küsmüşdü insanlardan. Atəşkəsdən sonra evimizə dönmüşdük, atam həyədəki kol-kosu təmizləmişdi, ağacların quruyan budaqlarını arıtlamışdı, həyəti sulamışdı və yaz gələndə rəngbərəng çiçəklərə bürünmüş ağaclara baxıb dedi ki, “Allah qoysa bu il meyvələr yaxşı bar verəcək”. Amma Allah qoymadı yaxşı bar versin meyvə ağacları, yazın gəlişi ilə yağışlar da başladı nə başladı. Çiçəklərin hamısını döyüb yerə tökdü yağış. Sanki bu torpaqlara axıdılmış nahaq qanları yumaq istəyirdi yağış. Dayanmadan yağırdı, bütün var-yoxları kimi işlədikləri zavodları, fabrikləri  də əllərindən çıxmış, müharibənin əzib suyunu çıxardığı kəndlilərin də Allaha yalvarmaqdan başqa çarələri qalmamışdı. Ancaq yağış kəsmirdi və hələ bundan sonra da on səkkiz il hər yaz dayanmadan yağacaq, meyvə ağaclarını meyvəyə həsrət qoyacaqdı. Əkini-biçini ləngidəcəkdi. Çünki torpağın bağrına  nahaq qanlar çox axıdılmışdı. Bu qan  qanla yuyulmalı idi, yuyulmadı. “Allah bilən məsləhətdir” deyib müharibə adı gələndə, müharibə başlama təhlükəsi hiss olunanda sinəsində ürəyi quş ürəyi kimi çırpalanan  adamların acığına Allah da belə “məsləhət bilib” yağışla yuyurdu bu qanı. Bu yağışlar insanların əkinini, məhsullarını zay elədiyi kimi özlərinin də sıxıb suyunu çıxarırdı, ürəklərini üzürdü. Kasıbçılıq, yoxsulluq, qıtlıq hər evdə hiss olunurdu.

İndi bu ağacların bir belə meyvə gətirməyi qəribə gəlirdi mənə. Çünki Ağdam işğal olunan il belə bolluq idi. On doqquz il keçib  o vaxtdan. Bəlkə artıq torpaq “yuyulub”? Bəlkə on doqquz ildi başqa yerlərdə, başqa şəhərlərdə, başqa rayonlarda məskunlaşmış Ağdamlıların, Fizulililərin, Kəlbəcərlilərin, Laçınlıların, Şuşalıların, Ağdərəlilərin, Xocalılıların el-oba həsrəti ürəklərindən yuyulub???

Əslində on doqquz il çox uzun zamandır. İndi hərbi xidmətə çağrılan  on səkkiz yaşlı çağırışçılar qorumağa getdikləri, lazım gəlsə müharibədə iştirak edib azad etməyə çalışacaqları “doğma” el-obalarını görməyiblər axı. Yaşamadığı, bağlanmadığı, uğrunda ölmək üçün o torpağın  üstündə hansısa bir əmlakı, itirməyə qorxduğu bir şeyi olmayan, buna baxmayaraq on doqquz ildi həsrətlə onların gəlməyini gözləyən el-obaları, torpaqları üçün müharibə etməyə, savaşmağa hazırdırmı bu gənclər?

On doqquz ildi bu ağacların bizimlə “barışmasını” arzulamışam. Amma indi bu barışmaq məni qorxudur. Təbiətin bu barışması nəyə işarədir? Yoxsa vaxt keçdikcə Azərbaycan xalqının çəkdiyi zülümlər, hər yeddi nəfərdən birinin didərgin düşməsi, öldürülən günahsız adamların, əsirlikdə qalan, itkin düşən Azərbaycanlıların dərdini də yuyub aparıb bu on doqquz illik zaman və yağış???

 

 

 

1992...

 

            Biz uşaq idik bu Qarabağ savaşı başlayanda.Allah heç kəsə belə uşaqlıq göstərməsin.Məəttəl qalırdım bu cammata o zamanlar. Göydən mərmi yağırdı, “atışma” dediyimiz o gurhagurda heç nə olmayıbmış kimi hamı işində-gücündəydi.Hər səhər tezdən atam tələsik üzqırxan maşınla üzünü maşınlayar, bir stəkan çayı yarı-yarımçıq içər, darvazanın ağzında gözləyən, şəhərdə işləyən kənd adamlarını da maşına yığıb özü demiş “dalın kəsirdi” şəhərə...

            Biz də məktəbə gedərdik. Məktəb evimizin yanındaydı,yaxın idi deyə bəlkə də bizi məktəbə buraxırdı anam.Hər halda indi belə fikirləşirəm.Yoxsa bizi niyə o gurhagurda məktəbə yollasın ki???

-Ayə, axşam gördün “snaryad” nətər düşdü?

— Niyə görmədim ki, babamgilin tolasını dağıdıb eyy, içindədə heyvanlar.

            İlk dəfə həmin gün gördüm bu göynən ulaya –ulaya keçən, hər dəfə atıldığını eşidəndə “allah sən saxla” deməkdən dili yara olan nənəmin qorxduğu bu “zəhrimarın” dağıdıcı gücünü. Tövləni yerlə-yeksan eləmişdi.Hələ də şokdan ayılmayan ev sahibləri bu dağıntıya baxmağa gələn kənd sakinləri ilə birlikdə kənarda durub, arxa ayaqlarını mərmi dağıtmış, bap-balaca buzovun başına yığılmış uşaqlara tamaşa edirdi.

            -Allah istəyib ki, yaxınlıqda heç kim olmayıb...

            -Yazığın beş baş malı qırılıb,allah bunların tufağın dağıtsın

            Camaatın səsi batmışdı elə bil, hərdən gələn hənirtidən bu sözləri güclə başa düşdüm. “Allah bunların tufağın dağıtsın”.Bu qarğışın kimə edildiyini hamı bilirdi,bu qarğışı gündə yüz dəfə top atılsa, yüzündə də anam, nənəm qarğıyırdı… Hərdən elə yana-yana qarğıyırdılar ki, elə bilirdim səhər televizoru açanda ermənilərin “tufağının ” dağıldığı xəbərin eşidəcəyik. Sonralar başa düşdüm ki, qarğış da kar eləmirmiş  murdarlara.

İndi parça-parça olmuş buzova baxırdım, buzovun gözləri açıq idi və bir anlıq baxışlarım bu gözlərə sataşdı. Bir damla yaş süzülüb iri qara gözün çuxurunda iz salmışdı, oradaca qurumuşdu.Bu dilsiz –ağılsız heyvanın aldığı yaradan dərhal ölmədiyini, əziyyət çəkdiyini söyləyə-söyləyə durmuşdu ev sahibəsinin gəlini. Özünü çox qəribə aparırdı gəlin, süst qalmışdı, birdən görürdün yenə başladı dil deyib ağlamağa.

-Ay Allah, bu nə işdi, bu nə zülümdü gətirirsən bizim başımıza?Bu dilsiz –ağılsız körpələrin nə günahı var?

Mən bu qadını başa düşmürdüm, adam da buzova görə bir belə ağlayar?? Arxadan bir arvadın “Ağlama ay qız, allahın o dörd balana yazığı gəlib dayna, təki ölən mal-heyvan olsun” deməsindən sonra anladım ki, o, Anadır. “Dilsiz-ağılsız körpələr” deyəndə öz övladların nəzərdə tuturdu ana.Dörd oğlu vardı, böyük oğlu məndən bir sinif yuxarı oxuyurdu...

 

            Bura dərsdən qaçıb gəlmişdik, ama parça-parça olmuş buzovu görəndən hər şey yaddan çıxmışdı. Müharibənin nə olduğunu başa düşmürdük, ulaya-ulaya gedən “snaryadların” qabilyyətinə bələd deyildik indiyə kimi… İnsanları öldürə biləcəyini başa düşürdük, atıldığı andan hara düşəcəyini də təxmini təyin edə bilirdik, hətta adlarını da bilirdik: “alazan”, “kristal”. “qrad” və s. Amma indi gördüyüm mənzərə içimdə qəribə bir hiss oyatmışdı...Sarsılmışdım.

            Mərmi düşən tövləyə baxmağa gələnlərin sayı əməlli-başlı artmışdı. Küçədə adam əlindən tərpənmək olmurdu. Qonşuluqda yaşayan, əyri ayaqları, məzəli yerişi olan, bərkdən-bərkdən danışan adam isə dil boğaza qoymurdu:

            -Seyid Lazım ağanın cəddi haqqı, “gupp” eləməynən bildim ki, sən öl kəndə düşəjək bu. Mən də, bu dey tolanın o başına çatmışdım, gördüm ə yox ey, bu deyəsən yaxınlara düşəjək,özümü atdım arxın içinə. Nətəhər partdadısa elə bildim başımı yarısını apardı. İncəvara bir yerimə bir şey olmadı. Amma düz səhərə kimi qulağımı cüyültüsündən yata bilməmişəm.

            Qulaq asanların çoxu bilirdi ki, onun danışdığının böyük əksəriyyəti yalandır, kənddə hamı ona “gopçu” deyirdi. Bəlkə  də o heç mərmi düşəndə burda olmamışdı, amma indi bu heç kimə maraqlı deyildi. Hamı bu dağılmış tövləyə, üzərinə qan sıçramış divarlara baxa-baxa başqa şey fikirləşirdi...

 

***

 

            1992-ci il yeni girmişdi.Yanvar və fevral ayları çox soyuq keçmişdi. Yeni il Bayramı günü necə vurhavur, gurhagur düşmüşdüsə Nənəmin bişirdiyi plov stolun üstündə qalmışdı.Atam tez-tez həyətə çıxıb maşını işə salıb sonra söndürürdü ki, birdən “bir şey olsa” maşın işə düşməz. Biz — mən və qardaşlarım bilmirdik bu “bir şey olsa “nədir. Bilmirdik ki, tezliklə  bu “bir şey” olacaq və biz bir neçə zənbilə pal-paltar yığıb ev-eşiyimizdən çıxmağa məcbur qalacağıq...

            İlk dəfə soyuq bir qış günündə  “qaçhaqaç” oldu. Müharibənin bu üzü də varmış. Bu müharibədə vuruşanlar hər nə qədər də qorxmaz və cəsarətli olsada evdə ağlayan körpə uşaqları və qocaları nisbətən təhlükəsiz bir yerə, döyüş bölgəsindən uzaqda yerləşən rayonlara çıxartmaq haqqında fikirləşməliydilər. Kəndimiz  Ağdama gedən yolun üstündə idi, evimiz də bu yolun lap kənarında. Bir gecə maşınların səsinə, siqnal, hay-küy, qışqırıq səsinə oyandım. Məndən başqa evdə hamı ayaq üstündəydi. Bayırdan göy gurultusuna bənzər gurultu gəlirdi, bu atılan topların səsi idi, hərdən bu gurultular bərkiyirdi, bu zaman evimizin pəncərələri də cingilti salırdı...

            Nənəm divanın üstündə oturub öz-özünə danışırdı dodağının altında,bir şeyə hirslənəndə, ya da bir çeydən narazı qalanda belə eləyirdi həmişə. Mən yuxulu idim, üşüyürdüm, gözlərim anamı gəzdi, onun səsi o biri otaqdan gəlirdi. Paltar şkafını açıb yanında əlləşirdi, otağın ortasında bir neçə zənbil vardı, içi də dolu idi paltarla. Otağın qapısı ağzında durub bir az anama baxdım, bayırdan maşın səsi,gurultu siqnal səsi getdikcə daha çox gəlirdi. Pəncərədən həyətə boylandım, evimizin qabağında çardaq vardı, altında işıq yanırdı və bu zəif işıqda atamı gördüm. Atam bayırda anamın paltar yığdığı zənbilləri maşına  yükləyirdi.  Balaca qardaşım da durmuşdu yuxudan və ağlamağını saxlaya bilmirdi. Bibim də onu qucağında yelləyə-yelləyə sakitləşdirməyə çalışırdı...Anam bizi geyindirdi, balaca zərli pulqabısını da paltosunun cibinə soxuşdurdu, əlimizdən tutub çölə çıxartdı.

            Nəysə ki, hamımız maşına yığıldıq, nənəmdan başqa. Atam nə qədər elədi ki, “ay arvad gəl gedək, səhər səni yenə gətirəcəm”, nənəm razı olmadı.

            -Mən evimi qoyub heç hara getmirəm, ölsəmdə burda öləcəm.

            Atam nənəmin tərsliyini bilirdi, ona görə də hirslə öz-özünə söyüb-söylənərək çöldən darvazaya bir kilid vurub oturdu maşına. Küçənin başına, asfalta yaxınlaşdıqca yoldan keçən maşınların çoxluğu, hay-küy, qışqırıq, siqnal səsləri artdı, qaranlıqda  maşınların işıqlandırdığı yolda yüzlərlə insan, maşın, traktor və s. bir-birinə yol verməyərək  basabas salırdı. Hamı əsəbi idi, hamı həyəcanlı idi, hətta maşınımızın içində də qəribə bir ağır sükut vardı, bayaqdan zırıltısı kəsməyən balaca qardaşım da səsini kəsmişdi, hərdən hıçqırtısı gəlirdi.

            -Buranı birtəhər çıxsaq, qabaqda yol enlidi, belə basabas olmayacaq.

             Atam gözünü addım-addım gedən maşınlar olan yoldan çəkməyərək dilləndi. Kəndin içində yol əslində ensiz deyildi,  kolxoz hesabına kəndin içindən keçən yolun hər iki tərəfinə səki döşənmişdi, elektrik dirəkləri basdırılmışdı, gecələr bu işıqlar yananda kəndimizə xüsusi gözəllik verirdi...

            Lakin indi bu basabasda  maşınlar dörd-beş cərgə getdiyi üçün yol mənə çox dar görsəndi.Bir kilometr  sonra kəndinmiz qurtarırdı, əkin sahələri və üzüm bağlarının arası ilə Ağdam-Ağcabədi şosse yolu başlayırdı. Atam dediyi kimi bu yol həm enli, həm də kənarları boşluq idi. Böyük maşınlar, traktorlar bu boş kənarlarla gedir, balaca maşınlar isə asfaltda şütüyərək uzaqlaşırdı. Bir az getmişdik ki, gördük yolda  maşınlar yenə sıxlaşıb, atam öz-özünə danışırmış kimi dilləndi:

            -Deyəsən avariya olub.

            Həqiqətən də yolda qəza baş vermişdi, iki maşın toqquşmuşdu, biri çevrilərək yolu kəsmişdi, atam maşını saxlamadı, bir qıraqdan yer tapıb keçən maşınların arxasınca sürdü...Ağcabədi rayonuna, atamın dostugilə gedirdik.Gərginlikdən, həyəcandan yorulub əldən düşmüdük, bir saata yaxın idi yolda idik, çatmağımıza az qalmışdı, yuxum gəlirdi...

            Səhər gözümü açanda özümü başqa otaqda gördüm, yerdən salınmış yorğan döşəkdə anamın yanındaydım. Anam oyandığımı görüb başımı sığalladı. Atamı soruşdum. Atam gecəylə də qayıtmışdı kəndə. Hələ tez idi, deyəsən ev sahibləri yuxudan durmamışdı. Bir az sonra qapı açıldı və ev sahibinin qızı bizi oyatmağa gəldiyini söylədi. Geyinib aşağı düşdük, evləri iki mərtəbəli idi, çox böyük ev idi. Bizdən savayı bu evə başqa da pənah gətirənlər var imiş. Ağdam şəhərinin sakini olan, gecəynən evlərini tərk etmiş bu ailənin beş uşağı vardı. Həyətdəki ayaqyolunun qabağında növbəyə düzülmüşdülər, sakit, səbrlə. Boyunlarını büküb durmuşdular və mən burdan onlara baxa-baxa “Böyük Vətən Müharibəsindən” bəhs edən filmlərdə “nemes”lərin əsir götürdüyü “bizimkilərə” oxşatdım onları. Bir azdan biz də bu ayaqyolunun qabağında növbəyə duracaqdıq… İlk dəfə öz evimiz üçün darıxdım. Ağlamağım tutdu, nə qədər eləyirdim özümü saxlaya bilmirdim, ev sahibi anamın məni kiridə bilmədiyini görüb yaxın gəldi:

            -Bəlkə tualetə getmək istəyir?

            -Ağlama anan qurban, gedirsən tualetə?

            Anam bunu ev yiyəsinin xətrinə soruşurdu, bilirdi niyə ağlayıram, çünki anam məni üzümə baxıb başa düşürdü həmişə. Indi də baxırdı üzümə, çox pərişan idi. Mən anama nə deyəcəyimi bilmirdim. Yaxşı ki, bu vaxt atam böyük darvazadan içəri girdi. Çox sevindim, ağlamaq yadımdan çıxdı.Qaçdım atamın üstünə.Atam məni qucağına aldı,üzümdən öpüb yerə qoydu, ev yiyəsi ilə, sonra da digərləri ilə görüşdü, pilləkənlə yuxarı çıxdılar, çıxa-çıxa vəziyyəti soruşan ev yiyəsinə “əşşi, elə ciddi bir şey yoxdu, şəhərin camaatını qəsdən panikaya salıb qaçırdırlar ki, evlərini yarsınlar” deyə cavab verdiyini eşitdim. “Elə ciddi bir şey yoxdu”. Nə yaxşı oldu.

            Ev yiyəsinin təkidinə baxmayaraq atam bizi maşınına yığıb kəndə gətirdi. Həyətimiz mənə o qədər doğma gəlirdi ki, o qədər darıxmışdım ki, bir günün içində...Nənəmin yanına gəldim, çıxıb divanda onun yanında oturdum, dünən nələr olduğunu bilmək istəyirdim.

            -Nənə, ay nənə, dünən çox atdılar?

            -Yox nənən qurban, bekara şeydi, qorxma.

            -Sən niyə biznən getmədin ki?

            -...

            — Gecə tək yatanda qorxmadın bəs?

            -...

            -Ta məndə qorxmayacam, mən də getməyəcəm atsalarda.

***

            Müharibələr həmişə bir insanın hansısa axmaq bir ideyası və ya fikri ucbatından baş verir. Tarixi oxuyanda da, müharibələrin səbəbləri barədə araşdırmalara baxanda da həmişə bu qənaətə gəlmişəm öz-özlüyümdə. Kimisi atasından ona qalmış hökmranlıqdan istifadə edib atasından da çox torpaq zəbt eləmək istəyib, kimisi qənimət ələ keçirmək istəyib, kimisi bütün dünyaya hakim olmaq istəyib, kimisi əzazilliyi ilə cammatı cana doydurub qan tökülməsinə səbəb olub, kimisi hansısa bir millətin bir fərdinə, bir nəfərinə  olan qəzəbini bütün milləti qırmaqla soyutmaq istəyib və s. Axı allah insanları yaradanda, onların bədəninə ruh verəndə bəşəriyyəti məhv etmək üçün yaratmayıb, Onun yaratdığını dağıtmağa, Onun xəlq etdiyini məhv etməyə kimin haqqı çatır ki?  Ancaq insan nadan bir məxluqdur. Yaşadığı həyatda hansısa bir mövqeyə sahib olduqda, yolunu azır, necə ki, adi insanlar kimi bu dünyaya lüt gələn Şahzadələr bir az böyüyəndən sonra atalarının öldürüb, hakimiyyətə keçməyə can atırlar. Sonra da öz axmaq ideyalarını həyata keçirmək üçün özlərinə bir neçə həmfikir tapırlar. Nəhayətində də müharibələr başlayır, aşağı təbəqədən olan, kasıb-kusub, rəiyyət uşaqları da döyüşçüyə çevrilir, vuruşur və qəhrəmancasına həlak olur. Beləliklə İgidlik haqqında əfsanələr, nağıllar yaranır, tarix yazılır.  Müharibələri başlayanlarında, basqın edənlərində, müdafiə olunanlarında əlində səbəbləri var, hər kəs özünə haqq qazandırır, lakin  nəticə birdir. Bütün Hallarda insanlar ölür, insanlar yaralanır, şikəst olur, uşaqlar atasız, analar övladsız, arvadlar ərsiz qalır...

            Bəs onda niyə müharibələrə, savaşlara etiraz edənlər yoxdur? Axı döyüşçüsüz döyüş yoxdur. Bu döyüşçülər də kasıb-kusubdur, bunların içində araqarışdıranlardan, ideya irəli sürüb müharibə salanlardan heç kim yoxdur. Hərdən bir tarixi kinolara baxanda kralların, şahların döyüşdə hamıdan qabaqda getdiyini göstərirlər. Lakin bu heç vaxt belə olmayıb, bu sadəcə belə olmağını istəyən rejissorların təxəyyülünün məhsuludur. Heç vaxt krallar müharibələrdə öndə olmayıb, heç indi də öndə olmur.

            Qarabağda gedən savaşda da belə idi, başda oturanların burdan xəbəri yox idi. Xəbəri yox idi ki. Xocalıda əsrin faciəsi törədilib, qocalara, qadınlara, uşaqlara divan tutulub, Kəlbəcərdə dinc əhalini köçürmək üçün gələn vertolyotlardan biri sən demə düşmən vertolyotu imiş...Mühasirəyə düşmüş rayondan başqa çıxış yolu olmadığı üçün, özləri qalıb son damla qanına qədər döyüşməyi düşünən, qocaları, qadınları,  uşaqları birinci növbədə köçürməyi düşünən oğlanların da bundan xəbəri yox idi..Xəbərləri yox idi ki, cammatı  ermənilərə əsir aparır bu ümüdlə yola saldıqları vertolyot...Hardan bilsinlər axı? Düşmənin də vertolyotu bizim vertolyot kimi  rus istehsalı idi, pilotlar da düşmənlərdə olduğu kimi bizdə də ruslardan idi. Çünki, başda oturan  “başsızlar”bilmirdilər ki, bu dövlətə müdafiə olunmaq üçün, ya da ki, heç olmasa “qaçmaq üçün” vertolyot lazım olacaq və bu vertolyotları sürməyə də pilot lazım olacaq. Sovet İttifaqı dağılanda Azərbaycanda olan, Azərbaycanın payına düşən vertolyotları sürməyə adam tapılmadı. Onda da məcbur olub rus zabitlərini pilot kimi işlətdilər.

             Başda oturanların burdan xəbəri yox idi, xəbəri yox idi ki, indi əlinə silah verib savaşa göndərdiyi bu Sovet Ordusunda xidmət keçmiş  cavanların əksəriyyətinin bu silahdan istifadə etməkdən xəbəri yoxdur. Çünki, hamısı əsgərlikdə “xozzvodda”, “stroybatda” zadda olub, onları əsgər kimi yetişdirməyiblər, onları əsgərlikdə ruslara nökər, hambal işlədiblər… “Oblavada” tutulub gətirilən cavanlara isə silahdan istifadə eləməyi öyrətməyə nə vaxt vardı, nə də şərait.

 

            Bu müharibə qeyri-bərabər idi. Çünki, bir istiqamətdə döyüşən, Müdafiə olunan iki batalyonun belə bir-birindən xəbəri yox idi. Rabitə yox idi. Silah –sursat çatışmırdı. Sovet Ordusunun  gedərkən apara bilmədiyi patronları, qumbaraları atıb qurtarmışdılar, rayonun cavanları ciblərinin pulu ilə Gürcüstandan silah alıb gətirirdilər. Ov tüfəngi ilə könüllü gəlib vuruşanlar da gülləsini özü ilə gətirirdi. 

***

            İlk dəfə qaçhaqaçın həyəcanını, qorxusunu bir günlük evimizi tərk edəndə, “şəhərin camaatını qəsdən panikaya salıb, qaçırdıb, evlərini yarmaq istəyənlərin” istəyinə nail olduqları vaxt hiss elədim...

            9-10 yaşında olan uşaqları həmişə ataları ilə qorxudarlar, bizi də anam onun sözünə baxmayanda atam ilə hədələyərdi. Bu hədə həmişə keçərli olardı, çünki, atam çox ağır təbiətli adam idi, ciddi görkəmi, tünd xasiyyəti vardı, hərdən bizi döyərdi həddimizi aşanda. Aydın məsələ idi ki, bu döyülməyin dadını görən bir də dadmaq istəməzdi. Qorxardıq atamdan. Ancaq bu qaçhaqaç məni atamın döyməyindən də pis qorxuzmuşdu.

            Evimizə qayıdandan bir-iki gün sonra Ağdam şəhərinin yaxınlığında, Qullar kəndində yaşayan bibimgil biz yaşadığımız evə köçdülər. Bibim müəlimə idi, üç uşağı vardı, ikisi oğlan, biri qız. Bibimgilin bizə gəlməyinə çox sevindik, bibimi çox istəyirdik. Həm də uşaqlar bizimlə yaşıd idi, onlar bizə gələndə oynamaqdan yorulmazdıq, doymazdıq. İndi onların bizə gəlməsinə sevinirdim.

            -Bibi, nə vaxt gedəssiniz, çox qalassınız bizdə?

            Cox istədiyim, gəlməyinə sevindiyim qonaqların hamısından soruşurdum bu  axmaq sualı və anam da həmişə danlayardı məni bunun üstə. Mən nə vaxt gedəcəklərini öyrənmək istəyirdim, çünki uşaqlarnan oynamaq çox maraqlı idi, qonaqlar da bu maraqlı oyunları yarımçıq kəsib qəfildən gedəndə özümü çox pis hiss eləyirdim. Ona görə bəribaşdan öyrənmək istəyirdim nə qədər oynamağa vaxtımız olduğunu.

            -Bilmirəm başına dönüm. Belə getsə deyəsən bir xeyli burda qalajıyıq… Qalmağımızı istəmirsənsə çıxaq gedək.

            Axırıncı sözləri bibim qəsdən deyirdi. Qalmaqlarını istəyirdim, həm də çox istəyirdim.

            -Yox ey, istiyirəm çox qalasınız. Allah eləsin lap çox qalın.

            Bibimin əri gülümsəyərək:

            -Ə qarğış eləmə bizə- dedi. Anam gözünü ağartdı, pərt oldum, mən axı pis söz demədim. Tez onların yanından qaçıb uşaqlarla oynamağa qoşuldum...

 

           

            Fevral ayının axırlarında atışma səsləri daha tez-tez eşidilməyə başladı, partlayan mərmilərin səsi daha yaxından gəlirdi və biz hiss eləyirdik ki, düşmən yaxınlaşır. Atam yenə hər gün işə gedirdi, lakin tez də qayıdıb gəlirdi. Bibimin əri də atamla gedirdi hər gün. O, öz kəndlərində kolxozda briqadir idi. Atamla gedirdi, lakin hərdən ya atamdan tez qayıdırdı, ya da gec.Hər axşam evdə oturub çay içə-içə eşitdikləri, gördükləri barədə söhbət edirdilər, mən də söhbətlərinə diqqətlə qulaq asırdım.

            -Vallah belə getsə deyəsən bu Ağdamı da verəcəklər..

            -Xocalını yaman vururlar, aeroportu dağıdıblar bu gün.- Bibimin əri atamın sözünə qüvvət verirmiş kimi əlavə elədi.

            -Şəhərə, bazarın içinə bu gün ikisi düşüb, xeyli adam yaralanıb. –Atam fikirli-fikirli çayından bir qurtum aldı:-Gərək uşaqları bir yerə çıxardaq.

             Bu söhbətdən bir neçə saat sonra gecənin yarısı şiddətli atışma səslərinə, mərmilərin gurultusuna oyandıq… Və son bir neçə ayda şkaf əvəzinə paltarlarımızı içində saxladığımız zənbilləri tələsik maşına yığıb yenə tərk elədik kəndimizi… Bu dəfə bir neçə gün geri qayıda bilmədik. Çünki, atam kəndə gedib qanıqara qayıtmışdı. Xocalı deyilən bir şəhəri ermənilər almışdılar, camaatı qırmışdılar...

            Bir neçə gündən sonra kəndə qayıtdıq. Səhər  məktəbə gedəndə gördüyüm mənzərə məni təəcübləndirdi. Məktəbimizdə tanımadığım adamlar vardı, uşaq, böyük, qadın, qoca. Məktəbimizə qaçqınlar yerləşmişdi. Məktəbimizi sevirdim, dərsə gəlmək, sinif yoldaşları ilə oynamaq xoş idi, lakin məktəbdə yaşamağı, yatmağı-durmağı ağlıma belə gətirmirdim.  Heç təsəvvür belə eləməzdim ki, nə vaxtsa, kimsə bizim dərs keçdiyimiz sinif otaqlarında çarpayı qoyub yata bilər...

 

***

            Bizim kəndimizin adı Evoğlu kəndidir. Adlar taleləri özünə uyğunlaşdırar, bu kəndin sakinləri də ev oğulları idi. Müharibənin qızğın vaxtında belə bu kəndi tərk etmədi bu kəndin cavan-cahıl oğlanları. Qonşuluqda olan Qaradağlı və Rzalar kəndləri ilə bitişik idi kəndimiz. Əslində bu üç kənddə hamı bir-birinə qohum idi, kəndlər kimi insanlarda qaynayıb-qarışmışdı bir-birinə. Bu kəndlərin hər birində orta məktəb vardı, gözəl Mədəniyyət evi vardı, Musiqi məktəbi vardı. Bu kəndlər Sovet hökuməti vaxtı bir kolxoz idi və bu kolxoz bərəkətli torpaqlara sahib idi, əməksevər və zəhmətkeş camaatı vardı, kolxozun da bunların hesabına gəliri, pulu çox olardı. Həm də bu kəndlərdə elini-obasını sevən yaxşı ağsaqqallar, kolxoz sədrləri vardı, onlar da tikmişdilər məktəbləri, mədəniyyət evini və s. İndi bu məktəblər qaçqınların pənah gətirdiyi, məskunlaşdığı yerlərə çevrilmişdi. Bu məktəbləri tikənlərin heç yatsalar yuxularına da girməzdi ki, nə vaxtsa burda Azərbaycan xalqının övladları məskunlaşacaqlar, öz doğma  yurd-yuvalarını tərk etməyə məcbur qalacaqlar...

            Biz də ağlımıza gətirməzdik ki, nə vaxtsa bizim məktəbə qaçqınlar  yığışacaq. Amma bu gün siniflərin hamısında Ağdamın müxtəlif kəndlərindən didərgin düşmüş ailələr vardı və məktəbin bütün şagirdləri kimi mən də əlimdə çanta koridorda çaş-baş qalmıışdım. Nə edəcəyimizi, hara gedəcəyimizi bilmirdik. Məktəbimizin direktoru o yan-bu yana qaçmaqdan yorulub əldən düşmüşdü. O dünən axşamdan ayaqüstə idi. Evoğlu məktəbinin  tikilməsində böyük zəhməti olmuşdu Direktorumuzun, tikildiyi gündən qorumuşdu, dağılmağa qoymamışdı, indi canfəşanlıqla soydaşlarımızın yerləşməsinə köməklik edirdi. Bu əlacsız insanların şkafı, stolu, özləri ilə gətirə bildikləri digər ev əşyalarını divarlara vura-vura, suvağı uçura-uçura siniflərə yığmasına da dillənmirdi, sanki görmürdü. Başqa vaxt olsaydı divardakı bir cızığa görə məktəbi bir-birinə vurardı amma...

            Direktorumuzun adı Allahyar müəllim idi. Evoğlu kəndində anadan olmuşdu, kasıb ailədə böyümüşdü, oxumuşdu, kəndimizin ilk ziyalılarından idi. Orta boylu, ciddi görkəmli, tez əsəbiləşən adam idi Allahyar müəllim. Əvvəllər kəndimizdə məktəb balaca bir tikilidə olub, ibtidai məktəb imiş, dördüncü sinifdən sonra bizim kənddən olan şagirdlər Qaradağlı kəndindəki məktəbə gedirlərmiş, səkkizinci sinifə qədər orada oxuyurlarmış.  Sonralar 80-ci illərdə Evoğlu məktəbinin bünövrəsi qoyulub, məktəbin tikilib başa çatmasında Allahyar müəllimin böyük əməyi olmuşdu. Tikiləndən sonra da məktəbdə direktor olmuşdu. İbtidai məktəbin olduğu köhnə binada da uşaq bağçası açılmışdı.

            İyirmi ildən artıq idi məktəbi göz bəbəyi kimi qoruyurdu, indi məktəb hayında deyildi, qaçqınlara kömək eləmək üçün yuxarı sinif şagirdlərinin hərəsini bir işə buyururdu. Bir qədər sonra direktorun müavini əllərində çanta əl-ayağa dolaşan aşağı sinif şagirdlərini bir yerə toplayaraq iki gün dərs olmayacağını, bu vaxta qədər əlavə sinif otaqları düzəlişdiriləcəyini bildirdi. Hamıya evə getməyi tapşırdı.

            İki gündən sonra məktəbə gəldik. İdman zalımızı fanerlə dörd yerə bölmüşdülər, dörd sinif burda düzəltmişdilər, koridorda partaları düzüb bir sinif düzəltmişdilər. Əlavə olaraq iki balaca sinif otağı da boş idi, çox kiçik və darısqal olduğu üçün ora qaçqınlar yığılmamışdı. Bir də məktəbin həyətində anbar kimi istifadə edilən bir tikilidə iki sinif düzəltmişdilər. Beləliklə bizim məktəb iki didərginliyin şahidi oldu, bir evlərini, el-obalarını tərk etmiş insanların didərginliyinin, bir də soyuq, küləkli kolidorda, idman zalında, uçuq anbar binasında dərs keçən, isti sinif otaqlarından ayrılıb didərgin düşən uşaqların didərginliyinin...

            Digər qonşu kəndlərdə də vəziyyət acınacaqlı idi. Kolxozun idarə binası, Mədəniyyət evi, musiqi məktəbi əsgərlərin kazarmasına çevrilmişdi. Qaradağlı kənd orta məktəbinin ikimərtəbəli binasını hərbi-səhra hosbitalı eləmişdilər. Məktəbin şagirdlərinə kənd sakinlərinin boş tövlələrində, uşaq bağçasının binasında dərs keçirdilər. Rzalar məktəbini də əsgərlər kazarma kimi istifadə edirdilər. Bu məktəbin şagırdləri də kənddə bir neçə tövlə binasında və kənddəki yaşayış olmayan bir evin boş otaqlarında dərs keçirdilər… Bu ağır şəraitdə dərs keçən uşaqların nə dərs oxumağa həvəsi vardı, nə də bu dərsləri keyfiyyətli keçməyə müəllimlərin şəraiti vardı. Müharibə dolanışığa, gün-güzarana zərbə vurduğu kimi, təhsilə də zərbə vurdu. Bu müharibənin fəsadları bir neçə il keçəndən sonra daha çox hiss olunacaqdı...

 

 

***

 

            ...Novruz bayramı yaxınlaşırdı, əvvəllər buna çox sevinərdik, fevral ayı girəndən yumurta döyüşmək başlardı. Anam demiş  “tülkü kimi toyuqları güdürdük”,  yazıq toyuq qaqqıldamağına peşman olardı, yumurtası soyumamış götürüb döyüşmək üçün küçəyə qaçardıq. Uşaqların hay-küyü küçəni başına götürərdi. Udmağın və ya uduzmağın heç bir fərqi yox idi bizim üçün, əsas o idi ki, əylənirdik. Bayrama qədər hər həftənin ikinci günü, çərşənbə axşamı tonqal qalayardıq, üstündən atlanardıq, tonqal öləziyib közü qalanda da közün içinə bir neçə kartof basdırıb gedərdik evə, bişəndən sonra gəlib götürmək yadımızdan çıxardı, o biri həftə ocağın yerini qurdalayanda yanıb qaralmış kartofları görəndə xatırlayardıq ki, bura kartof basdırmışıq...

         İndi Novruz bayramı yaxınlaşırdı, lakin bu bayram əvvəlkilərə bənzəmirdi. Heç kimi bayram düşündürmürdü, heç kim bayram əhval-ruhiyyəsində deyildi. Uşaqları da çölə-bayıra buraxmırdılar. Erməni quldurlarının Xocalıda törətdiyi vəhşilik, cəlladlıq sanki insanların gözünü qırmışdı. Burda hamı müharibəni başqa cür təsəvvür edirdi, burda yaşayan insanlara görə müharibə başqa cür olmalıydı. Müharibə etmək, vuruşmaq olardı, ancaq uşaqlara, qadınlara, qocalara toxunmaq olmazdı, onları bu cür vəhşiliklə qətlə yetirmək olmazdı...

             Xocalı hadisəsi haqqında “yuxarıdakıların”  deyəsən heç məlumatı yox idi. Çünki, televiziyada Xocalı işğal olunarkən  “3-4 nəfərin öldüyü, bir neçə adamın da yaranlandığı”  barədə məlumat yayılmışdı. Burda isə hamı bilirdi ki, Xocalıda soyqırım törədilib, uşaqdan böyüyə hamı bundan danışırdı.

            -… Milləti yaman qırğına verdilər bu köpəkuşağı.

            -Mən iki-üç gün ondan sonra getmişdim rayona, Meçidin qabağı dolu idi adamla. Hamı özünün qohumun, əqrabasın axtarır. Allah haqqı eləsi var idi ki, başı, qolu olmayan, parça-parça olmuş bir cəsədi qucaqlayıb ağlamaqdan özündən getmişdi. Adamın başının tükü biz-biz dururdu.

            -Yaman qırdılar camaatı, yaman. Təkcə camaatı qırmadılar eyy, camaatın gözünü də qırdılar. Hansı ata-ana uşağın qoyar ə, gəlsin burda innən belə bu cəlladdarın qabağına? Kim gözü görə-görə uşağın atar odun içinə? 

            Əslində düşmənin də məqsədi elə bu idi, məqsəd camaatı qırmaqla bərabər Azərbaycanlıların iradəsini qırmaq idi. Necə ki,  sonralar  bu qırğında iştirak eləmiş, indi başda oturan bir erməninin özünün etiraf elədiyi kimi: “ Biz əslində Xocalıdakı hadisələri törətməklə  nəyə qadir olduğumuzu göstərmək istədik, bu insidentə barmaqarası baxanlara Xocalı hadisəsi bir mesaj idi.”

            Bu qırğın haqqında vaxtında düzgün informasiya verilmədi dünyaya,  indi haqqımızı tələb eləyə bilmirik ona görədə. Heç kim inanmaq istəmirdi Xocalı qırğınına, nə qədər foto şəkillər, video çəkilişlər olsada “bizə yazığı gəlməsini”  istədiyimiz  “Xarici ölkələr”  bunu qəbul etmirdi. Deyirdilər ki, qırğın  olmuşdusa niyə həmin ərəfədə bu barədə bir məlumat olmayıb, niyə sadəcə televiziyada Xocalı işğal olunarkən  “3-4 nəfərin öldüyü, bir neçə adamın da yaranlandığı”  barədə məlumat yayılıb. Əslində  düz də deyirdilər, düşmənlər kolda-kosda bir sümük qırığı tapan kimi bütün dünyaya car çəkib bu sümüyün onların ulu babalarına məxsus olduğunu söyləyirdilər, bu torpaqlara yiyələnməkdən ötrü hər alçaqlığa əl atırdılar, “bizimkilər”  isə bu boyda Əsrin faciəsini, qırğını gizləməyə, ört-basdır eləməyə çalışırdılar...

            İndi Novruz Bayramı yaxınlaşırdı, amma bu boyda dərdin arasında heç kimin yadına bayram düşmürdü. Bircə uşaqlardan başqa. Axı biz uşaq idik, bizim nə günahımız vardı ki,  bir xoş söz eşitməyə, bir nəvazişə möhtac qalmışdıq. Hamı, valideynlərim, qonum-qonşu, qohum-əqraba, hamı, hamı gərgin idi, əsəbi idi bu aralar. Hətta yumurta döyüşündə üç yumurta udub gələndə belə anamın üzü gülmədi,  gülə bilmədi. Başqa vaxt olsaydı, fərasətimə, qalibiyyətimə sevinər, məni tərifləyərdi, mənim də ürəyim sinəmə sığmazdı, sevincimdən qanadlanıb uçardım. Amma indi… İndi çox təəssüf ki,  “başqa vaxt” deyildi.Yumurta döyüşmək də moddan düşəcəkdi birazdan, çünki, yumurta tapan kimi kəndin içindən keçən, əsgər aparan maşınları saxladıb əsgərlərə verəcəkdik yumurtaları, onlarda bu yumurtaları aparıb yeyəcək, nənəm demiş, “gözlərinə işıq gələcək” və düşməni qovacaqdılar...Uşaqlardan biri qaynanmış yumurta gətirmişdi bir dəfə əsgərlər üçün. Çatmaqaşlı, hündürboylu, seyrək, uzun saqqalı olan bir əsgər də bişmiş yumurtaları ondan alıb tərifləmişdi həmin uşağı:

            -Balaca, sən nə ağıllı oğlansan.  Nə yaxşı bişirib gətirmisən yumurtaları, yoxsa çiy yumurta içməkdən bu “soldatlar” az qalırdılar qaqqıldayalar — deyib əliylə yük maşınından boylanan əsgərləri göstərmişdi. Onun bu sözünə əsgərlər də, biz də gülmüşdük. Sən demə yumurtaları bişirməyə yer tapmırlarmış… Bu hadisədən sonra hamı bişmiş yumurta gətirirdi əsgərlərə. Bir dəfə də, əsgərlərdən biri qonşu küçədə yaşayan bir uşağa bir neçə patron vermişdi beş yumurta və bir banka da qatığın əvəzinə. Bu patronları bir-bir hamımız əlimizə alıb baxmışdıq, axşama qədər bu patronların “sahibi” olan o uşağın dalınca o yan-bu yana qaçmışdıq. Sonralar həmin əsgərin “səhv”i ucbatında artıq heç kim əvəzsiz əsgərlərə heç nə vermədi… Kimisi avtomat patronu, kimisi pulemyot patronu, kimi barıt, kimisi papaq, kəmər, su flyaqı, əlcək, hətta buşlat belə verirdi bir neçə yumurtaya, qatığa, təndir çörəyinə və s.

            Bayrama hazırlaşırdıq, bizim hazırlaşmağımız tamam başqa idi, çır-çırpı yığar, lopalar düzəldərdik, axırıncı çərşənbə axşamı torba atmağa getmək üçün özümüzə xüsusi paltarlar hazırlayardıq. Elə geyinərdik ki, heç kim tanınmazdı. Bu bayram başqa bayramlara bənzəməyəcəkdi, çünki indi qardaşımla mənim əsgərlərdən alıb yığdığımız əməlli–başlı “cəbbəxanamız” vardı; səkkiz avtomat gülləsi, üç ədəd  “traser” dediyimiz alovsaçan güllə, on bir ədəd qumbaratan mərmisindən çıxarılmış, nazık vermişelə oxşayan barıt, bir ovuc qədər qara barıt, iyirmi ədəd də pistolet gülləsi. Bütün məhəllədə olan uşaqların hamısında demək olar ki, bu cür güllələrdən, barıtdan və sairdən var idi. Hətta kəndin yuxarısında olan nisbətən böyük yaşda olan uşaqlar traktorun “forsunka”  deyilən hissəsindən avtomat gülləsi ata bilən, əldəqayırma silah da hazırlamışdılar. Bu “forsunka” sonra əməlli-başlı populyarlıq qazandı, kənddəki cavanların əksəriyyətində  “forsunka” vardı. Lakin bundan atəş açmaq çox təhlükəli idi, tez-tez kənddə “forsunka” atanların hansınınsa əlini-üzünü yaraladığını eşidirdik. Buna görə də bizim “forsunka”mız yox idi.

            Qonşumuzun iki oğlu müharibədə idi. Onlardan birinin olduğu batalyon kəndə yaxın yerdə yerləşdiyi üçün hərdən sakitçilik olanda  evlərinə gəlib baş çəkirdi. Bir gün yenə evlərinə gəlmişdi, biz küçədə futbol oynayırdıq, onu görən kimi yanına qaçıb  patron istədik. Cibindən ucu yaşıl rənglənmiş  bir neçə patron çıxardıb bizə uzatdı:

            -Bu o biri güllələrdən deyil ey, “trasuyşi”di. Atılanda dalında alov çıxır.

            Bizdə də belə güllələrdən var idi, Əsgərlərdən almışdıq. Bu güllənin alov saçmasını görmüşdük, hərdən gecələr belə güllələrdən göyə atırdılar. Arxasınca qırmızı işıq saça-saça getməsini ulduzların axmasına bənzədirdim.

            Verdiyi  “hədiyyəni” daha da qiymətə mindirmək üçün patronun birini əlimizdən aldı, hasarın dibinə boşaldılmış pambıq çöplərinin yanında aşağı çökdü, patronun ucluğunu laxladaraq ehtiyatla çıxardı. İçindəki barıtı küçəyə atılmıış boş  siqaret qutusunun içinə boşaltdı. Sonra güllənin ucluğunu çevirib arxa tərəfini bir məftil parçası ilə azca qurdalayıb oydu, bir çimdik barıt tökdü oyduğu yerə, pistonu arxası üstə yerə qoyub güllənin ucluğunu tərsinə pistonun yuxarı baxan ucuna taxdı. Şamdana şam taxırdı elə bil… Bizə üzünü tutub:

            -Biraz dala çəkilin.- dedi.

            Sonra güllənin oyub barıt tökdüyü arxa hissəsinə kibrit çəkib od vurdu. Od düşmüş barıt fışıltı ilə yanmağa başladı və bir saniyədən sonra içinə xüsusi maddə doldurulmuş alovsaçan güllə alışdı, qıpqırmızı alov saçmağa başladı. Bir xeyli yanandan sonra  alov yavaşıdı və söndü. Qonşunun oğlunun bizə göstərdiyi  “fokusu” çox bəyəndik.

            -Birini də elə, birini də elə. –Az qala yalvarırdıq. Lakin o, tələsdiyini söyləyib çıxıb getdi. Gedərkən nə ağlına verdisə bizə möhkəm-möhkəm tapşırdı:

            -Birdən siz də belə eləmək isdiyərsiniz eyy. Bax güllə açılar əlinizi, ayağınızı yaralayar haa!

            Görünür sonra başa düşmüşdü ki, o “fokusu”  bizə göstərməkdə səhv eləyib. Amma artıq gec idi. Səhəri gün onun tapşırmasına baxmayaraq, bizə verdiyi digər dörd patronu onun elədiyi kimi  “Alov saçan Şam”  düzəldib, uşaqların yanında fokus göstərib forslandıq...

            “Allah saxlayanda, saxlayır.” Bizi də allah saxlayırdı. Amma hərdən allahın “saxlamadıqları” da olurdu… Bizdən  iki yaş böyük bir oğlanın əlində pulemyot gülləsi açıldı, sol əlinin bütün barmaqlarını kəsdilər hərbi qospitalda...

 

            Səbrsizliklə gözlədiyimiz axrıncı çərşənbə axşamı gəlmişdi, günortadan çır-çırpı, kol-kos toplayıb böyük tonqal hazırlamışdıq. Hava çiskinləyirdi, bərk soyuq idi, külək çisəkli havanı sovururdu. Qalın geyinməyimə baxmayaraq üzümü, əlimi soyuq bıçaq kimi kəsirdi. Anam tez-tez bayıra çıxıb qardaşımla məni evə gəlməyə çağırırdı, kim idi ona qulaq asan. Atamın evdə olmamasından istifadə edib hərdən anamın sözündən çıxırdıq. İndi də məhəlləmizdə yaşayan digər uşaqları gözləyirdik, qulağımız səsdə idi. Hələki küçədə sakitlik idi, görünür uşaqlar havanın qaralmağını gözləyirdilər. Evə girdim, soyuq olduğu üçün odun peçini qalamışdılar. Bizim kənddə qaz var idi, lakin müharibə başlayandan qazı kəsmişdilər, biz də camaat kimi odun peçi düzəltdirmişdik qonşumuz İbrahim dayıya… İbrahim dayı yaşlı kişi idi, yaman da məzəli adam idi, ustalıq edirdi, qoca vaxtında ev üstü vururdu, hörgü hörürdü. Qıvraq idi, qaz kəsiləndən onun işi özü demiş “xod” gedirdi, dəmir vərəqələri müxtəlif ölçülərdə kəsirdi, sonra bu kəsik dəmirləri birləşdirərək peç düzəldirdi, mən də onun peç düzəltməyinə həmişə maraqla baxırdım...

            İndi İbrahim dayının düzəltdiyi peçin istiliyi evimizi əməlli-başlı isitmişdi. Gödəkcəmi soyunub divanın üstündə, nənəmin yanında oturdum. Nənəm başımı sığalladı, evdə ağır bir sükut vardı, hiss eləyirdim ki, mən evə girdim deyə susdular, anam peçin üstündə cızıldayan çaydandan stəkana çay süzüb stolun üstünə qoydu. Sakitcə divanda yerimi rahatlayıb stola bir az da yaxın oturdum, isti çayı nəlbəkiyə töküb üfürə-üfürə soyutmağa başladım. Özümü məşğul göstərməyə çalışırdım, lakin nə barədə danışdıqlarını bilmək istəyirdim. Anam öz-özünə danışırmış kimi dilləndi:

            — İndi bu bayram günü bu köpəkuşağı yenə içib keflənəjək, atışma salajaqlar vallah.

            Nənəm narahat-narahat yerində qurcalandı:

            -Balam bu Elxan harda qaldı görən? –dedi. Atamı nəzərdə tuturdu.

            Bir andaca bu ağır sükutu, bu narahatçılığı anladım, anamın səsi qulağımda əks-səda verdi sanki; “bu köpəkuşağı yenə içib keflənəjək, atışma salajaqlar”- çeçədim, ağzımdakı qənd parçasını uda bilmədim, boğazım kilidləşdi sanki. Öskürə-öskürə durub çölə qaçdım. Qardaşım və bibim oğlanları papaq atmağa getməmiş onları geri qaytarmaq lazım idi...

            Həyətdə bir iki dəfə çağırdım:

            -Anar, ay Anar!

            Anar qardaşımın adı idi. Cavab gəlmədi, darvaza açıq idi, darvazadan çölə qaçdım. Anamın arxadan məni səsləməsinə fikir vermədən qaçırdım, qaça-qaça fikirləşirdim ki, indi ermənilər içib kefləniblər, topları, qradları bizə tərəf tuşlayıblar, bu dəqiqə atacaqlar, aləm qarışacaq bir-birinə, qaçaqaç düşəcək və biz də qardaşımı, bibim oğlanlarını bu qarışıqlıqda tapa bilməyəcəyik, onları qoyub getməyə məcbur olacağıq… Qaça-qaça fikirləşirdim və həm qaçmaqdan, həm də bu qara-qura fikirlərdən nəfəsim çatmırdı, az qalırdı  ürəyim dayana. Küçənin başına çatıb, asfalta tərəf burulanda qardaşımı və bibim uşaqlarını gördüm. Üç-dörd nəfər də başqa uşaq var idi yanlarında. Onların yanına çatıb dayandım, həyəcanlanmışdım. Güclə özümü ələ alıb qırıq-qırıq nəfəs ala-ala -“Bu saat ermənilər atacaq, qaçaqaç düşəcək, anam deyir tez evə gəlsinlər” – dedim. Həyəcanım uşaqlara da sirayət eləmişdi deyəsən. Dərhal sağollaşıb hərə öz evlərinə tərəf qaçdı. Biz də evə tərəf qaçmağa başladıq...

            Həmin axşam anam necə demişdisə eləcə də oldu. Birinci bizim əsgərlər göyə güllələr atmağa başladılar, görünür bu bayram günündə evlərində yox səngərdə olduqları üçün “göyə” acıqları tutmuşdu...

            Sonra düşmən başladı atəşə və əməlli-başlı atışma düşdü. Nə yaxşı ki, atam və bibimin əri gəlmişdilər, onların evdə olması bizi toxdadırdı.

            ...Yenə Atamın maşınına doluşduq, yenə kəndimizi tərk eləməyə məcbur olduq, yenə nənəm evdə qaldı, nə qədər yalvarsaqda bizimlə getmədi, “ölsəmdə burdan heç yana getməyəcəm, evimdə öləcəm”

dedi yenə...

 

            Ağcabədi rayonu bizim kənddən 30-40 kilometr aralıda yerləşir. Əslində o qədər də uzaq məsafə deyildi, lakin atışma güclənəndə Ağdam rayonunun sakinlərinin əksəriyyəti bu rayona, bu rayonun kəndlərinə, qohum, dost-tanış evlərinə pənah gətirirdi. Biz də atamın dostunun evinə gəlmişdik.

 

 

 Bir neçə gün burda qaldıq, nəhayət ara sakitləşəndə qayıtdıq kəndimizə. Atam  burda yaşamağın gün-gündən daha təhlükəli olduğunu görüb bizi Sumqayıtda yaşayan əmigilə aparmağı qərara almışdı. Biz buna sevindik. Çünki, həmişə atam işlə əlaqədar Bakıya gedəndə biz də getmək istəyərdik, lakin atam bizim göz yaşlarımıza baxmaz, bizi aparmazdı. İndi əmimgilə gedəcəkdik və hiss edirdik ki, orda deyəsən çox qalacağıq. Bir neçə gündən sonra  səhər tezdən anam bizi oyandırdı, hazırlaşıb, maşınımızı yükləyib Sumqayıta yola düşdük...

 

            İnsan övladı hər şeyə alışır, hər çətinliyə uyğunlaşır. Bu müharibə də bizi köçməyə alışdırmışdı, ilk dəfəkindən fərqli  olaraq, sonralar evimizi tərk edib gedəndə artıq məni ağlamaq tutmurdu. Əvvəlki kimi pis olmurdum. Sakitliklə, susqunluqla qarşılayırdım evimizdən getməyə məcbur qalmamızı. Bunu valideynlərim də hiss eləmişdi. Hətta atam –“Daha yekəlib, yekə kişi olub də, bilir ki, kefimizdən çıxmırıq evimizdən, bu köpəkuşağı rədd olub getsinlər, ondan sonra qayıdıb gələciyik.”- deyə şərh eləyirdi bu susqunluğu. Bəlkə də düz deyirdi, bəlkə də böyümüşdük bu bir neçə ayda, axı müharibələr uşaqları tez “böyüdür”.

            Yadımdadır, birinci dəfə “qaçhaqaç” düşüb evimizi tərk edəndən sonra, kəndə qayıtmıışdıq, məktəbə getdik böyük qardaşım Anarla. Məktəbdə hər kəs evlərini necə tərk etmələrindən, necə qorxmalarından, hara getdiklərindən danışırdı. Sinif müəlliməmiz də heç kimin sözün kəsmirdi, hamını dinləyirdi,  uşaqlar da bir birinin sözünü ağzında qoya-qoya  hay-küylə başlarına gələni danışırdı. Arada bir sual verirdi müəlliməmiz, söhbətə istiqamət vermək üçün.

            -Kim deyər, evinizdən çıxıb gedəndə kim ən çox “pis olub”, kim ağlayıb?

            Müəlliməmizin bu sualı bizi düşünməyə məcbur elədi. Bayaqdan dil boğaza qoymayan sinif yoldaşlarım, içi mən qarışıq, cavab verməyə çətinlik çəkirdik. Bəlkə də hamı mənim kimi ağlamışdı, bəlkə də bu körpə uşaqların hamısının balaca ürəyindən qara qanlar axmışdı, heç kim qayğısız uşaqlığının keçdiyi evi tərk eləmək istəməz axı. Həm də göydən mərmi yağa-yağa, olüm qorxusu çəkə-çəkə… Hər halda heç kim dillənmək istəmirdi. Heç kim ağladığını boynuna almaq istəmirdi.

            -Mən bilirəm ki,  hamınız pis olmusunuz, hamınız ağlamısınız, heç kim istəməz ki, ev-eşiyini atıb getsin.-Müəlliməmiz öz sualına özü cavab verdi.-Sizin üzünüzə baxanda necə acı çəkdiyiniz hiss olunur. Amma, bir şeyi yadda saxlayın ki, indi müharibə gedir, bu müharibədə düşmən bizi öldürə bilər, ona görə də valideynləriniz sizi təhlükə sovuşana qədər bur az uzağa aparırlar. Bu sadəcə sizin həyatınızı qorumaq üçündür. Belə vaxtlarda valideynlərin sözünə baxmaq, onları incitməmək lazımdır.  Bir də yaddan çıxartmayın ki, “Allah uzaq eləsin” ermənilər bizim rayonu, hətta lap bizim kəndi işğal eləsələr belə, siz yenə də Ağdamlı olaraq qalacaqsınız. Hara  getsəniz, hansı rayonda müvəqqəti yaşamağa məcbur olsanız belə yenə Ağdamlısınız! Bunu unutmayın!

            Hamı səsini içinə çəkib qulaq asırdı. Müəlliməmiz davam elədi:

            -Siz bizim gələcəyimizsiniz. Hər pis hadisənin, hər pis günün bir xeyirli tərəfi vardır mütləq. Məsələn, siz bir neçə gündür ki, burda yoxsunuz, hərəniz bir kəndə, bir rayona, qohumlarınızın, tanışlarınızın evinə getmişdiniz. Bax, sən mənə de görüm hara getmişdiniz?-Qabaq sıradakı partada oturmuş bir uşaqdan soruşdu.

            -İmişliyə, əmimgilə.

            -Nə qədər vaxt idi onlara getmirdin?

            -Çoxdannan getmişdik bir dəfə...

            -Bəs siz hara getmişdiniz?-Müəlliməmiz bu dəfə məndən soruşdu.

            Tez ayağa qalxıb:

            -Ağcabədidə atamın dostu var, onlara getmişdik müəllim — dedim.-Amma mən heç onlara getməmişdim, birinci dəfə idi gedirdim – deyə ikinci sualı gözləmədən əlavə elədim.

            -Otur. – Müəlliməmiz oturmağıma işarə elədi və sözünə davam elədi:

            -Bax görürsünüz, hamınız kimgiləsə getmisiniz, bəlkə də indiyə kimi getmədiyiniz, tanımadığınız adamların evinə getmisiniz. “Qaçaqaç” olmasaydı bəlkə də siz heç ömürünüz boyu indi getdiyiniz yerlərə getməyəcəkdiniz. Çoxunuz dağları, meşələri, çayları, dənizi görməmisiniz. Böyük şəhərləri, hündür binaları görməyənləriniz də var aranızda.  Amma bu gün danışan uşaqlar kimi siz də bəlkə müxtəlif rayonlara, böyük şəhərlərə, dağların qoynunda olan rayonlara, meşələrə, çayların sahillərinə gedəcəksiniz. Bu imkandan yararlanın. Məcbur qalıb getmiş olsanız belə, o yerlərin də hamısının Azərbaycan torpağı olduğunu unutmayın! Vətənimizin hər qarışı gözəldir, getdiyiniz yerləri yaxşı-yaxşı gəzin, insanları ilə dostluq eləyin. Bir vaxt gələcək ki, bu günləriniz bir xatirə kimi yaddaşınızda qalacaq, özünüzdən sonra gələn nəsillərə, övladlarınıza danışacaqsınız. Necə ki, hər il 9 may günü, Qələbə bayramı kəndimizdən Böyük Vətən Müharibəsində iştirak edən veteran babalar gəlib sizə müharibədən, faşistlərdən danışırlar, siz də eləcə bu gördüyünüz çətinliklərdən, getdiyiniz yerlərdən danışarsız...

            Müəlliməmiz belə danışdıqca gözümün önündə öz yaşlı vaxtımın xəyalını canlandırmağa çalışır, balaca uşaqlara müharibə haqqında danışdığımı təsəvvür edirdim. Bu söhbət məni və bütün sinif yoldaşlarımı bu müharibəyə başqa gözlə baxmağa yönləndirdi. Ümüd verdi sanki bizə müəlliməmiz. Bu müharibədə ölməyəcəyimizə inandırdı, göydə uçuşan mərmilərdən birinin nə vaxtsa düşüb bizi də öldürəcəyindən qorxmamağa inandırdı bu bir neçə kəlmə söz. Hər dəfə atışma başlayanda qorxuya üstün gəlməyə çalışırdım, tezliklə bunun başa çatacağını, səhər uşaqlarla bu gecə kimin daha çox qorxduğu üstündə mübahisə edəcəyimizi, uşaqlardan kimisə zarafatlarımızla cırnadacağımızı düşünürdüm...Ulaya-ulaya gedən, guppultuyla düşüb kimlərisə öldürən mərmilərin səsin eşitməməyə çalışırdım. Əslində bunu etmək çox çətindir, 10-11 yaşlı uşaq üçün lap çətindir. Hər nə qədər qorxuğumuzu biruzə verməməyə çalışsaqda, hisslərimizi cilovlamağa çalışsaqda əslində qorxurduq. Bunu bir neçə dəfə hiss eləmişdim, toplar gur-gur guruldayanda, baxışlarım təsadüfən qardaşımın üzünə sataşanda, onun qanı qaçmış, bəm-bəyaz olmuş sifətini görəndə hiss eləmişdim. Tez qaçıb güzgüdə özümə baxmışdım. Güzgüdən bənizinin qanı qaçmış, dodaqları göm-göy olmuş, gözləri sanki quyunun dibindən  mənə baxan  uşağı görmüşdüm...Allah heç olmasa bundan sonra heç bir Azərbaycanlı uşağa bu hissləri yaşatmasın...

 

            İndi Sumqayıta gedirdik, daha evimizdən çıxıb getdiyimiz üçün pis olmurdum. Müəlliməmizin səsi qulağımdan getmirdi: “Çoxunuz dağları, meşələri, çayları, dənizi görməmisiniz. Böyük şəhərləri, hündür binaları görməyənləriniz də var aranızda.  Amma bu gün danışan uşaqlar kimi siz də bəlkə müxtəlif rayonlara, böyük şəhərlərə, dağların qoynunda olan rayonlara, meşələrə, çayların sahillərinə gedəcəksiniz. Bu imkandan yararlanın. Məcbur qalıb getmiş olsanız belə, o yerlərin də hamısının Azərbaycan torpağı olduğunu unutmayın! Vətənimizin hər qarışı gözəldir, getdiyiniz yerləri yaxşı-yaxşı gəzin, insanları ilə dostluq eləyin. Bir vaxt gələcək ki, bu günləriniz bir xatirə kimi yaddaşınızda qalacaq, özünüzdən sonra gələn nəsillərə, övladlarınıza danışacaqsınız.” İndi fikirli-fikirli oturmuşdum və Sumqayıta çatmağımızı səbrlə gözləyirdim.

                                                                                                                      

            Sumqayıtda yaşayan əmimin adı Xanoğlan idi. Atamın dediyinə görə lap cavanlıqdan bu şəhərə gəlmiş, burda işləmiş və burda da yaşamışdı. Ciddi sifətli, sakit görkəmli, hündür boylu, kök, zəhmli bir adam idi Xanoğlan əmi. Maşın ustası idi, əzilmiş maşınların dəmirini düzəltməkdən əlləri də dəmir kimi idi. Əmimgilin yaşadığı bina Sumqayıtda “Şoferlər domu” – yəni “sürücülər evi” kimi tanınırdı. Bu binada yaşayanların hamısının demək olar ki, maşını var idi, Sovet hökumətinin vaxtında avtobus, tramvay, troleybus, taksi sürücülərinə  bu binadan ev verilmişdi. Binanın adı da qalmışdı “Şoferlər domu”. Evin qabağından troleybus xətti keçirdi. Hər tərəfdə beş mərtəbəli, doqquz mərtəbəli binalar var idi. Biz bu binaların arası ilə keçib əmimgilin yaşadığı evin qarşısında dayananda artıq axşam düşürdü. Atam maşında olan bağlamaları və çantaları yerə boşaltdı, sonra maşını sürüb  dayanacaqda saxladı.

                                                                                                                Ardı var...

 

0 şərh