Uçuruma gedirik

Çayxanada “şap” deyə, sillə səsi eşidildi. Nərd, domino, kart oyunu dayandı, danışıq səsləri kəsildi. Başlar səs gələn tərəfə çevrildi. Şilləni yeyən yekəpər biri idi. Şillə vuran isə əksinə, arıq, sısqa, balaca idi. Nəhəngin sol yanağında sısqanın barmaqlarının izi hələ də qalmışdı. Polis belə, bəli, polis belə bu barmaq izindən kimin vurduğunu asanlıqla aydınlaşdıra bilərdi.

Çayxanadakılar nəhəng kişinin bu sısqanı altına alıb, əzəcəyini zənn etdilər, amma belə olmadı.

Yekəpər “şikayətçiyəm” – deyə, bağırdı.

Heç kəsdən səs çıxmadı. O, daha sonra:

“Hamınız gördünüz” -deyib, boyu çiyinlərinə belə çatmayan sısqaya “getdik bölməyə” deyə, səsləndi. Sısqa əhəmiyyət vermədi.

Yekəpər sürətlə çölə çıxdı. Çayxanadakılar oyunlarına, söhbətlərinə davam etdilər.

Az sonra o, yanında bir polislə qayıtdı. Polisə sısqanı göstərib:

“Budur o!” – deyərək, oturanları göstərdi: “Bunlar da şahiddirlər”.

Polis sısqa ilə onu masalarına yaxın oturmuş dörd nəfərlə birgə bölməyə apardı. Bölmədə nəhəng kişi hələ də qıpqırmızı olan sol yanağını tutaraq, “rəis, bu adamdan şikayətçiyəm, məni şillələdi. Bunlar da gördülər”, dedi.

Rəis əvvəlcə zərərçəkmiş və təqsirləndirilənin, sonra şahidlərin adlarını çap maşınında yazdırdı. Zərərçəkmiş vuranı heç tanımadığını, şahidlər isə biz bir şey görmədik deyirdilər. Rəisin “şillənin səsini də mi eşitmədiniz?” sualına “yox” cavabı verirdilər. Şahidlər nə bir şey görmüş, nə də eşitmişdilər.

Qısa boylu arıq adam:

— Bəli, – dedi – inkar etmirəm. Bu adama yaxşı bir şillə vurdum.

Rəis niyəsini, bu adamla arasında problemin olub-olmadığını, onu təhqir edib-etmədiyini soruşdu.

“Aramızda hər hansı bir problem yoxdur. Mən heç onu tanımıram da”.

-Bəs, niyə vurdun?

Sısqa anlatmağa başladı:

“Dünən axşam işdən evə gəlib, gördüm ki, işıqlarımızı kəsiblər. Çünki pulunu ödəyə bilməmişdik. Bütün gecəni qaranlıqda keçirtdik. Gecə yata bilmədim. Anam da iki ildir xəstədir, mədə ağrısı öldürür zavallını. Həkim bir dərman yazır, dərmanı atdıqdan sonra ağrıları keçir. Amma bu zamanda dərman hardadır?

Səhər yuxudan oyandım, sol tərəfimi hiss eləmirdim. Yatdığımız otağın pəncərəsinin şüşəsi üç ay əvvəl qırılıb. Şüşə də tapa bilmirik, heç yerdə yoxdur. Pəncərəni yorğanla bağlamağa çalışdıq. Amma faydası olmadı. Səhərə qədər külək, soyuq evin içinə dolub. Sol tərəfim işləmir. Yataqdan qalxdım, üzr istəyirəm ifadəmə görə, ayaqyoluna getdim. Çöldə də bir yağış yağır ki, tut ucundan göyə çıx, üstəlik su gəlmir. Otağa girdim, tir-tir titrəyirik. Bir az odun almışdıq, o da bitdi. Odun tapmırıq almağa.

Qəzetçi qəzet gətirmişdi. Hər səhər işə getməmişdən qəzet oxuyuram. Qəzetə baxdım, “Gözəllik müsabiqəsi”, “Galatasaray liqa çempionu oldu”, “Abidin Davər Şiləbinin gəmisi işlədilməyə-işlədilməyə çürüdü” kimi başlıqlar gördüm.

Özümü evdən çölə atmaq istədim. Elə evdən çıxırdım ki, icra məmuru və ev sahibinin vəkili gəldi. Kirayə borcumuza görə, ev sahibi bizi məhkəməyə vermişdi. Evdən aparacaq bir şey tapa bilmədilər. Heç vaxt istəməzdim ki, icra məmurları evimə gəlsin. Qorxurdum ki, aparacaq bir şey tapa bilməzlər, bu da mənim də qüruruma toxunar. Amma qorxduğum başıma gəldi. Vəkil:

— Bu divanı götürək,– dedi. Əlini divan bildiyi şeyə atmışdı ki, şəkər çuvallarının üstündəki köhnə şalvarlar, cırıq yorğanlar, əskilər ortaya töküldü.

Bu dəfə “Radio!” dedi. “Bu radio bəlasını əlimdən alsa idilər, rahatlaşardım. İlin on ayını təmirdədir. İşlə, qazan, radionun təmirinə ver. Onsuz da bizi bu hala gətirən o lənətə gəlmiş radiodur” deyə, düşündüm.

Qapıdan çıxarkən arvadım:

— Qız məktəbə getmir, – dedi.

— Niyə?

— İdman müəllimi şortik və ağ idman ayaqqabısı istəyib. Olmasa, dərsə buraxmayacam deyib.

— Yaxşı, yaxşı.

— Zeytun yağı da yoxdur.

Özümü evdən çölə atdım. Onsuz da işə gecikmişdim, öz-özümə “bu gün getməyim” dedim.

Yağış yağırdı. Bizim tərəfdən tramvayı yığışdırıblar. Avtobus da yarım saatdan bir gəlir, minmək mümkün deyil. Ağzına qədər dolu olur. Dolmuşlarda da vəziyyət eynidir.

Maşınlar yanımdan keçir, amma heç biri saxlamırdı. Su da yavaş-yavaş ayaqqabımın içinə dolurdu. İslandım. Tir-tir titrəyirdim. Bir dəliqanlı yanıma gəlib “bağışlayın” dedi. Mən saatı soruşacağını zənn etdim, amma cavan “dünənki futbol matçından xəbəriniz varmı?” deyə soruşdu.

Tövbə, Ya Rəbbi. Bir az daha yeridim. Bir az irəlidə çayxana var idi. Üst-başımdan su axa-axa ora girdim. Masaya oturub çay istədim. Yanımda da bu şillə vurduğum adam oturub qəzet oxuyurdu. Mən öz-özümə “mənim bu halım necə olacaq? Sonumuz necə olacaq?” deyə, düşünərkən, bu adam hirslə əlindəki qəzeti masanın üzərinə tulladı.

-İlahi, məmləkət uçuruma gedir,– deyə bağırdı.

Onun da mənim kimi dərdli olduğunu zənn etdim. Danışarıq, dərdimizi bölüşərik deyə,

— Nə oldu, əfəndim? Bağışlayın, işinizə qarışmaq kimi olmasın, amma nəyə bu qədər əsəbləşdiniz?

— Daha nə olsun, bəyəfəndi? Ölkədə hakim yoxdur! Varsa, namussuzam! Dünənki oyunda hakim yenə saxtakarlıq edib.

Bu sözdən sonra mənə nə oldu, bilmədim. Vallah, mən də heç nə anlamadım, rəis. Həyatım boyunca heç kəsə çırtma vurmamışam. Sanki bədənimdə hansısa bir düyməni basmışdılar. Sağ əlim elektrik vurmuş kimi, birdən-birə havaya qalxdı. Cənabi allah elə bil sağ qoluma Zal oğlu Rüstəm pəhləvanın qüvvətini verdi, bu adamın üzünə yağlı bir şillə çəkdim.

Mən inkar etmirəm, şilləni yapışdırdım. Amma istəyərək deyil, vallah- billah heç bir qəsdim yox idi. Hər şey iradəm xaricində baş verdi. Sonradan ağlım başıma gəldi. “Bu adam indicə məni parçalayacaq”, dedim ürəyimdə, qorxdum. Amma artıq olan olmuşdu.

Rəis yekəpərə baxıb, dişlərini qıcıdı. Sağ qolunun biləyini qaşıyaraq, ona “uzatmayın, barışın”, dedi.

Şilləni yeyən “barışmaram” deyə, etiraz etdi.

Əsəbləşən rəis üzünü çap maşınında yazan polisə çevirərək:

— Yaz! – dedi. “İddiaçı tərəf “məmləkət uçuruma gedir” demiş, məmləkətin yüksək mənfəətlərinə və hökumətin mənəvi şəxsiyyətinə …..”

Bir daha yekəpərə tərəf dönüb:

— Barışın! – dedi.

İri adam əlini hələ də qırmızı olan sifətinə sürtərək:

— Oldu əfəndim, barışarıq,- deyə, cavab verdi.

Tərcümə: Səlim Səlimli
Həmçinin oxu: Xadimə tutmaq istəyirdik,axırı nə oldu?
 

2 şərh

pascal
Sonda rəisin verdiyi hədə biçimli qərar, bizim də güc sturkturlarındakı məmurların istifadə etdiyi qorxu priyomlarındandı. Hər yerdə hər zaman işə yarayırmış, demək. :))

Sadaf
cox maraqli idi cox sagolun