Quldurlar

Qazıgöy körpüsündə gənc bir qadın:

— Ay haray!.. Çantam, çantam! Tutun, qaçır!!! – deyə bağırdı.

Qələbəlik bir-birinə qarışdı. Yalın ayaq qaçan bir oğlan körpü pilləkənlərini üç-üç atıla-atıla qaçırdı.

Gənc və gözəl qadın isə sağa-sola dönərək:

— Nə olar ki, onu tutsanız! – deyə yalvarırdı.

Oğru qaçıb gözdən itəndən beş dəqiqə keçməmişdi ki, gənc bir polis, əli çantanı oğurlamış oğrunun çiynində oraya gəldi.

— Çanta kimindir?

Bu qara, təptəzə, böyük bir çanta idi. Gənc və gözəl qadın sevinclə qələbəlik içindən çantaya tərəf atıldı.

— Mənimdir… Sizə çox təşəkkür edirəm.

Yalın ayaq oğrunun əynində tutacaq bir şey olmadığı üçün polis onun uzun saçlarından yapışmışdı. Əynindəki köhnə əsgər şalvarının yırtıqlarından oğru uşağının çılpaq və kirli bədəni görünürdü.

Polis gənc qadına:

— Lütfən, polis idarəsinə gedək! – dedi.

— Nə üçün? Çanta mənimdir. Bu adamın onu əlimdən qapdığını hamı gördü.

— Orada sizdən ifadə alacağıq. Oğrunu məhkəməyə vermək üçün lazımdır…

Oğru ilə polis qabaqda, qadın isə arxada gəlib polis idarəsinə daxil oldular. Polis komissarı qadına qulaq asandan sonra üst-başından leş qoxusu gələn oğruya ikrahla baxdı.

— A gədə, utanmırsan? Eşşək boydasan… İşləsənə!

Oğru başı aşağı ona qulaq asırdı.
— Nə üçün oğurluq edirsən, hə?
Oğru başını ağır-ağır qaldırdı:
— Onların özü görəsən nə işlə məşğuldurlar?
— Səsini kəs… Bu saat səni…
Komissar sözünün dalını deməyib gənc qadına müraciət etdi:
— Xanım əfəndi, çantanızda nə var?
— Pulum var… dodaq boyası, ayna və pudra qabım…
— Çantanızda nə qədər pul var?
Qadın cavab vermədi. Komissar əlini stolun üstündəki çantaya uzadanda qadın ona tərəf atıldı.
— Qarışdırmayın, rica edirəm, içində məhrəm şeylərim var.
Komissar çantanı açıb içindəkiləri çıxartdı. Orda qadının dedikləri, bir az xırda pul və iki yüz dollar vardı.

Komissar:
— Bu pulları haradan almısınız? – deyə soruşdu.
— Mənim heç kəsdən şikayətim yoxdur. Çantamı verin, çıxım gedim.
— Gedə bilməyəcəksiniz!.. Pulları haradan almışınız?
Gözəl qadın başını aşağı dikdi:
— Onu mənə bu gün səhər madam Eleni vermişdir.
Oğru başını qaldırıb komissara baxdı və dodağı qaçdı.
— Madam Eleni dediyin adam harada yaşayır?
Gənc qadın fısıldayırmış kimi adresi dedi.

Komissar, polis, oğru və gənc qadın bir polis maşınına minib madam Eleninin apartmanına (Şəhərlərdə mənzilləri kirayə verilən xüsusi böyük ev- red) getdilər. İlk girdikləri otaqda biabırçı vəziyyətdə olan bir kişi ilə qadına rast gəldilər. Komissar qapısını açdığı altı otağın hamısından da belə bir vəziyyət görürkən bağırdı:

— Deməli belə, altı aydan bəri yorulmadan axtardığımız gizli görüşlər təşkil edən Eleni sənsən? Bu dolları sənə kim verdi?
— Bir müştəri var, adı Rza bəydir…

Biabırçı vəziyyətdə tutulan kişilər kişi olduqları üçün azad edildilər. Qadınlar isə kişi olmadıqları üçün Axırqapıdakı xəstəxanaya (İstambulda zöhrəvi xəstəliklər müalicə edilən xəstəxana. Buraya gətirilən qadınlar adətən fahişələr olur və orada ilk müayinə edilən hər hansı bir qadının adı fahişələr siyahısına salınır – red) göndərildi. Sonra polis, komissar, oğru, gözəl qadın və Eleni polis maşını ilə Rza bəyin apartmanına getdilər. Rza bəy apartmanın yeddinci mərtəbəsində inşaat işlərinə nəzarət edirdi.

— Nə işlə məşğulsunuz?
— Heç bir işlə.
— Necə he.! Bu bənnalar, ustalar nə edirlər? Deməli gizlin inşaatla məşğulsunuz!

Oğru başını qaldırıb komissara baxdı, xısın-xısın güldü. Rza bəyin gizlin olaraq inşaat işi gördürməsi haqda akt bağlandıqdan sonra komissar ondan:

— Bu dolları haradan almışınız? – deyə soruşdu.
— Əli bəy verdi.

Komissar əmniyyət idarəsinə telefon edib daha böyük bir örtülü maşın istədi. Onların hamısı Rza bəylə maşına oturub Əli bəygilə getdilər. Komissar Əli bəydən:

— Bunları Rza bəyə sən vermisən? – deyə soruşdu.
— Bəli.
— Nə üçün verdiniz?
— Mənə inşaat dəmiri satdığı üçün…
— İnşaat dəmiri? Onlar haradadır? Bunu almaq üçün icazəniz varmı? Yoxdur? Demək siz gizlindən ehtikarla məşğulsunuz.

Komissar sonra Əli bəydən soruşdu:
— Bəs bu dollarları haradan almışınız?
— Dünən gecə Hüseynin evində udmuşam.

Oğru bayaqdan bəri sallanmış başını qaldırıb komissara baxdı, yenə dodağı qaçdı. Sonra komissar, polis, oğru, gözəl qadın, Eleni, Rza bəy və Əli bəy maşına oturub Hüseynin evinə getdilər. Yaşıl örtüklü stolun üstündə on min lirə, zərlər və oyun kağızları vardı. Ələ keçən altı qumarbaz prokurorluğa göndərildikdən sonra Komissar Hüseyndən:

— Dolları haradan almışınız? – deyə soruşdu.
— Amerika səfərindən qayıdan “Çemişgəzən” gəmisinin mexaniki Nuri verdi.

Komissarla oraya gələnlərin hamısı və Hüseyn maşına minib Nurigilə getdilər. Mexanik Nurinin evində on kilo xalis heroin tapıldı. Nuri dollarları İhsan adlı birisindən aldığını etiraf etdi. İhsan Boğaz (İstanbulun Bosfor boğazı sahilindəki hissələrinin adı) içində, bir təpədəki köşkdə heroin fabrikində cinayət başında tutuldu.

— Dolları kimdən almısan?
— Rəzzandan.
— Rəzzan kimdir?
— Bu Beyrut şəhərindən qaçaq neylon qadın çəmaşiri gətirən adamdır.

Oğru başını ağır-ağır qaldırdı. Komissara baxdı, yenə bic-bic gülümsədi.

Onların hamısı polis maşınına doluşub Rəzzanın evinə getdilər. Rəzzan bu dollarları neylon çəmaşir və plastik dəniz kostyumlarını satdığı Nevindən aldığını söylədi. Gününün çoxunu Parisdə, Londonda keçirən bu xanım indi də yerində tapılmadı.

Polis də:
— Onsuz da maşında daha boş yer qalmamışdır, – dedi.

Oğru başını qaldırıb komissara baxdı və dodağı qaçdı.
Komissar onun üstünə bağırdı:
— Başa düşürük, gədə! Üzümə baxıb az hırılda! Başa düşürük. Onlara baxanda sən çox namuslusan. Elədir ki var…

İşi yüngül olduğu üçün oğru həbsdə üç ay qalıb çıxdı. İndi namuslu bir vətəndaş sayılır və işləyir. O, indi harada bir qadın çantası görsə cüzamlı xəstəyə rast gəlmiş kimi qaçır.

Hazırladı: Cavid Babək

0 şərh