Xoşbəxt pişik

Dünən bir nəfər məşhur rəssam qadının əsərləri sərgisinin təntənəli açılışı idi. O sərgiyə getmək bizə də nəsib olmuşdu. Hamı tanış adamlardı. Küçədə dözülməz isti vardı. Bu, çıxış edənlərin hərarətini daha da artırırdı. İştirak edənlərdən məşhur rəssam bir qadın ümumi əhvali-ruhiyyədən vəcdə gələrək, qızğın bir nitq söyləyərkən birdən səsini dəyişdi:

– Dostlar, dünən gecə bir yuxu görmüşəm.

– Yəqin ki, qorxunc yuxu idi? – deyə şair maraqlandı.

– Bunu sonra siz özünüz müəyyən edərsiniz. Burada yuxu yozmağı bacaran varmı?

Rəssam öz yuxusunu danışmağa başladı.

– … Küçə adamla dolu idi. Hərə öz yolu ilə gedir, hərə öz işi ilə məşğuldu. Mən də gedirdim. Birdən izdihamın içərisindən bir səs eşidildi: “Eyyyy!”. Hamı geri çevrildi. Biz də o dəqiqə dayandıq…

– Bəs siz niyə durdunuz? – deyə heykəltaraş soruşdu.

– Heç özüm bilmədim ki, niyə dayandım. Dayandıq, vəssalam. Hamı dayandı, mən də. Bir də, əzizim, axı bu, yuxu idi. Burada nə iradəbazlıqdır… Bir azdan sonra bir əmr verildi ki, hərə təbaşirlə öz dövrəsinə dairə çəksin. Bu yuxularda olduğu kimi, o dəqiqə hamının əlində təbaşir göründü. Lakin izdihamın içərisindən kiminsə səsi eşidildi: “Mənim təbaşirim yoxdur!”. Bunun cavabında deyildi:

– Kimin təbaşiri yoxsa, dairəni qoy qələmlə çəksin!

Bəziləri avtoqələm, bəziləri isə karandaş çıxarıb, döşəmənin üstünə dairə çəkməyə başladılar. Mən də ciblərimi axtardım, portfelimi araşdırdım, ancaq nə təbaşir tapdım, nə qələm. Məni qorxu bürüdü. Titrəməyə başladım. Məndən başqa bir neçəsinin də qələmi yoxdu. Bu adamlar qorxa-qorxa səsləndilər: “Bizim heç nəyimiz yoxdur”. Cavabında bu səsi eşitdik: “Kimin qələmi yoxsa, dairəni barmaqla çəkməlidir!”.
Beləliklə, mən dabanım üstündə hərlənərək, havada barmağımla dairə çəkdim…

– Dairəni niyə çəkdin? – deyə yanımda durmuş novellaçı maraqlandı.

– Məgər belə hallarda “nə üçün?” soruşarlar? Yuxuda “nə üçün” və “niyə” olmur. Yuxu oldumu, hər şey bitdi.

– Elədir, yuxuda da adam məntiq axtarar? – deyə artist söhbətə qarışdı.

Hamı mübahisəyə qoşuldu. Yuxu məntiqli olurmu? Və nəhayət bu qərara gəldilər ki, yuxuda məntiq axtarmaq lazım deyil.

Rəssam qadın öz söhbətinə davam etdi:

– … Hə, belə. Hamı dairə çəkəndən sonra həmin adam komanda verdi. “İndi qoy hərə öz dairəsində dursun. Dairədən kənara çıxmaq qadağandır”. Biz yerimizdəcə donub qaldıq. İtaətkarlıqla bu dairələrdə durub bir addım ata bilmirdik.

– Siz nə üçün dairədən çıxa bilmirdiniz? – deyə şair sual verdi.

– Çıxa bilmirdik.

– Nə üçün?

– Olmazdı, vəssalam! Әgər qadağan olunubsa, necə çıxa bilərdik. Qa-da-ğandı! Başa düşmürsünüz?

– Xeyr, axı, nə üçün olmazdı?

– Axı, əzizim, bu, yuxu idi. Heç “nə üçün”ün yeridir? Bundan başqa… biz dairənin içərisində dustaqdıq.

Novellaçı dedi:

– Yaxşı, axı, sizin ki, dairəniz yoxdu!..

– Barmağımla havada çəkmişdim… Doğrudur, gözə görünmürdü, ancaq vardı… Beləliklə, durub, hamımız nə isə gözləyirdik. Nəhayət, dairədə durmaq məni usandırdı. Ondan necə çıxmaq üçün baş sındırmağa başladım…

– Addımınızı atıb çıxaydınız da.

– Doğrudan da…

– Cənablar, insafınız olsun! Axı, mən dedim ki, bu yuxu idi…

– Hə-əə?..

Dairədən çıxmaq arzusu ilə çırpınırdım. Bir anlığa öz-özümə fikirləşdim: “Görəsən təsəvvürümdə tutduğum dairəni silib, kənara çıxsam nə olar?” Barmaqlarımın arxa tərəfi ilə xəyalımda tutduğum dairəni silmək üçün əlimi uzatmışdım ki, birdən haman adam səsləndi: “Heç kəs öz dairəsini silməməlidir!” Mən eləcə yerimdə donub qaldım… İndi bizim işimiz necə olacaq, fikirləşdim ki…

– Siz gərək əvvəlcədən dairəni çəkməyəydiniz… – deyə artistin səsi eşidildi.

Rəssam qadın dedi:

– Doğrudur, gərək çəkməyəydik. Ancaq olacağa çarə yoxdur. Dairəni çəkdim və içində dustaq oldum. Dövrəmdəki adamlara baxdım. Onların da işi çətindi. Məndən sağ tərəfdəki dairədə bir şikəst dayanmışdı. “İyirmi ildir ki, ayaqlarım tutulub, – dedi, – və bütün bu müddətdə hərəkətsiz düşüb qalmışam. Ancaq indi buradan çıxmaq arzusu içimi yaxıb-yandırır”. Mən ondan soruşdum: “Axı, sizin ayaqlarınız şikəstdir, necə gedərsiniz?” O dedi: ” Bu dairənin ləzzətini daddıqdan sonra, mənə elə gəlir ki, buradan lap qaça da bilərəm… Әgər qadağan olmasaydı, indicə çıxıb qaçardım”.

Məndən arxada, yerdə bir qadın uzanmışdı. Diqqətlə baxdım. Qadın ölmüşdü. Bəli, bəli, ölmüşdü, ancaq danışırdı. Ölmüş qadın deyirdi: “Әgər bu dairələri dağıtsaydılar və mən gəzə bilsəydim…” Mən dedim: “Axı, siz canlı deyilsiniz, bu barədə fikirləşməyə dəyərmi?” Qadın dedi: “Öləndən bəri mən bir dəfə də olsun, gəzmək arzusuna düşməmişdim, lakin çəkilmiş dairədən kənara çıxmaq bizə qadağan olunan kimi məndə gəzməyə böyük bir həvəs oyanmışdır. Әgər bu dairədə olmasaydım, heç ağlıma gəlməzdi ki, mən də siz canlılar kimi hərəkət edə bilərəm”.

Qarşımda bir gənc gördüm. Zavallını iflic vurmuşdu. O da dua edirdi: “Eh, nə olaydı, bir adam tapılaydı, bu dairəni dağıdıb məni xilas edəydi!” Mən dedim: “Axı siz heç barmağınızı da tərpədə bilmirsiniz. Bundan başqa dövrənizdə heç bir dairə də yoxdur”. İflic vurmuş gənc dedi: “Bəli, siz haqlısınız, mən əlimlə dairə çəkməmişəm, onu ancaq xəyalən cızmışam, ancaq yenə də onun içərisindən heç cür çıxa bilmirəm!”
Bir sözlə, hamımız, intizar və naməlumluq içərisində əzab çəkirdik. Ordan-burdan səslər eşidilirdi:

– Eh, bir nəfər gəlib, bizi buradan çıxarsaydı! Haradadır, elə bir xilaskar ki, cəsarət edib bu dairələri silsin…”

Yavaş-yavaş hamı bu barədə danışırdı. Mən də onlardan geri qalmırdım. Hava qaraldı, gecə düşdü. Mən dəli olmaq dərəcəsinə gəlirdim. Birdən kiminsə səsini eşitdim: “Әgər biriniz dairədən çıxarsa, mən də onun dalınca çıxmağa hazıram. Әgər biriniz ayağınızı dairənin xətti üstünə qoyarsa, mən də belə edərəm”. Bir azdan yenə səs eşidildi: “Әgər bir nəfər çıxarsa, mən də…” Nəhayət, bu səs ümumi bir bağırtıya çevrildi: “Belə bir cəsur adam yoxdurmu? Bəs o haradadır? Biriniz barı çıxınız?”
Belə bir adam hamı ola bilərdi, ancaq heç kəs ağız açıb, “mən” demədi.

Elə bu zaman bir pişik göründü. Qaranlıqda onun gözləri köz kimi qızarırdı. Pişik sanki heç bir şey olmayıbmış kimi gəzişirdi. Yuxarı çıxır, aşağı düşürdü. Heç kəs də ona toxunmurdu. Mən pişiyə baxıb öz-özümə dedim: “Bax, həyat buna deyərəm!.. Kefi istədiyi kimi gəzir…” Məni həsəd bürüdü. Eh, mən də pişik ola bilsəydim… O, nə qədər xoşbəxtdir!..

Başqaları da dilləndi: “Biz də pişik olsaydıq…” Pişik isə sanki bizə acıq verirmiş kimi boş, qaranlıq küçələrdə gəzirdi.

Bu zaman yuxudan ayıldım. Məni soyuq tər basmışdı… Hə, sizin aranızda elə bir adam tapılar ki, bu yuxumu yozsun?

Orada olanlar içərisində belə bir adam tapılmadı.

Bir yazıçı dedi:

– Adamlar əgər insan kimi yaşamağı öyrənməsələr, hətta pişiklərə də həsəd aparacaqlar.

Sonra əlavə etdi:

– Mən bu barədə yazacağam.

– Nə üçün?

– Bəlkə sizin yuxunun iştirakçılarından biri öz dairəsindən sıçrayıb çıxa. Biri çıxan kimi o birilər də onun dalınca çıxacaqlar.
 

5 şərh

Ferbara
Dairədən çıxmağa həvəslənənləri də sənlə eyni dairədə olanlar çıxmağını istəmir. Onlara qulaq asmamaq isə onlara hörmətsizlik olur.
ShiringulMusayeva
Uşaq vaxtı Əziz Nesinin "İndiki uşaqlar möcüzədir" əsərini oxumuşdum.Kitabı oxuyur və bərkdən gülürdüm.Axırda anam əsəbiləşdi və mən kitabı götürüb baxçamıza çıxdım.Orada da səsimə qonşu uşağı gəldi.O kitab oxuyan deyildi, amma mənə qoşulub gülürdü. Nə isə dediyim odur ki, möhtəşəm yazıçıdır.
Ferbara
Maraqlı gəldi. Oxuyacam. :)
pascal
Orijinaldan oxu, Ferbara. Əziz Nesinin əsərləri orijinalda daha maraqlıdır. Mizah, yumor anlayışı tərcümə olunduqda təsirin itirir.
Ferbara
Düz deyirsən. Axtarıb orijinalı oxuyaram. :) Təşəkkür. :)