Dayanacaqda qəribə əhvalat

"Neftçilər" metrosunun çıxışında - işdən evə getdiyim yolun üstündəki avtobus dayanacağında həmişə beş-altı fahişə durur. Daha doğrusu, dayanacaqda yox, körpünün altında. Körpünün altı elə dayanacağa bitişikdir. Metrodan çıxıb dayanacağa gedənlər mütləq müştəri gözləyən bu qadınların yanından keçməlidir. Artıq istifadə müddəti çoxdan bitdiyi açıq-aşkar hiss olunan bu "qədim peşə" sahiblərinin azı 35 yaşı olar. Aralarında daha yaşlıları da var.
Hər gün cavan oğlanların, orta yaşlı kişilərin, lap elə ağsaqqal "dayday"ların onlarla söhbətə girişməsini seyr edə-edə marşrut gözləyirik. Kişilərin arasında fahişələrə həm "ciddi", həm də qeyri-ciddi niyyətlə yaxınlaşan var. Yəni ki, ciddi-ciddi qiymət danışıb saunaya, ya da harasa başqa yerə gedirlər. Ancaq cibində pulu olmayanlar elə-belə, sadəcə məzələnirlər.

O gün də beləydi.

Yaxınlığımda durmuş iki qızın söhbətindən məlum oldu ki, fahişələrlə söhbətə girişən oğlanlardan biri bunların tanışıdır. Hətta tanışdan da irəlidir. Sən demə, oğlan indi dayanacaqda avtobus gözləyən bu iki qızdan birinə ürəyini açıbmış. İndi də onu görməyən oğlan fahişələrdən biriylə danışırdı. Bura adamların çox olduğu qarışıq bir yer olduğundan, oğlanın sevdiyi qızı görməməsi normal idi.

- Aldadıb telefon nömrəmi aldı... Hər gecə səhərəcən sevgi SMS-ləri yazır... Mən yatıram, ancaq o yenə yazır. Durub səhər dərsə gedəndə oxuyuram SMS-lərini... İndi gör kimin dalınca sülənir... Hazırlaşırdım ki, ona "hə" deyim. Yaxşı ki, deməmişəm. "Vsyo", qurtardım onunla, nə vaxt qabağıma çıxsa üzünə tüpürəcəm!

Aha, deməli bu uzunsaç qısayubkalı qız tələbədi. Düzdür o, ərini yataqda başqa qadınla tutmuş bir qadın kimi də olmasa, hər halda çox əsəbiləşmişdi. Oğlanın hətta üzünü də yaşlamaq istəyirdi - tüpürcəklə.

O biri qız daha ayıq görünürdü. Rəfiqəsinə deyirdi:

- Aaz, sən sonra onun boynuna heç nə qoyammayacaqsan eee. Yaxşısı budu, elə iş başında tut, sözünü de, biabır elə onu...

Əvvəl qız "nə??" deyib razılaşmadısa da, sonra ağlına batdı. Əllərini belinə qoyub düz oğlan tərəfə getdi.

Hiss olunurdu ki, indicə aləm qarışacaq.

Düz oğlanın iki metrliyində durub, rəfiqəsinə göz vurdu, yəni gör indi bunun başına nə oyun açacam.

Oğlan bədbəxt yaman pis yerdə tutulmuşdu. Yazığın arxası pis tərəfə durduğundan sevgilisini görmürmüş.

Qız hələ də əlini belinə qoyub durmuşdu. Sanki daha da qəzəblənmək istəyir, ya da nə deyəcəyini düşünürdü. Bəlkə də stress atırdı (bəzən adamda belə olur, hədsiz əsəbiləşdiyin məxluqata baxıb stress atırsan).

Ancaq qızın "oyun açmağa" imkanı olmadı. Çünki artıq onu yaşı 15-dən 75-cən səkkiz-doqquz kişi əhatəyə almışdı. Onlardan qızın fahişə olmadığını bilən təkəc mən idim. Hə, demədim axı, mən də orda, qızı əhatəyə alanların arasındaydım. Ancaq məqsədim qızın sevgilisinə nə deyəcəyini, nələr baş verəcəyini öyrənmək idi. Qalan kişilər çoxdandı körpünün altında bu yaşda fahişə görmədiklərindən yazıq qızı dairəyə salmışdılar. Fahişə zənn etdikləri qıza söz atan, onu körpünün ortasına - daha qaranlıq yerə dartıb aparmaq istəyən kim...

Qız kiminsə adını çəkib qışqırmağa başladı. Aydındı. Fahişəylə danışan uğursuz sevgilisini çağırırdı. Oğlan adamları yarıb qıza çatmaq istədisə də, alınmadı. Daha doğrusu alındı, ancaq başqa şey - maraqlı bir mənzərə: oğlan qıza tərəf, qız da oğlana tərəf can atırdı. Oğlanın söhbətləşdiyi fahişə qadın bu uzunsaç qızayubkalı qızın həmkarı olduğunu, onun müştərisini əlindən almaq istədiyini düşünüb, qızın üstünə atılırdı. Başqa kişilər onları ayırmaq əvəzinə, "qaqaş "panyatkan" olsun, çıx get" kimi sözlər deyərək, oğlanı qızdan aralandırmağa çalışırdılar. Yəni, get başqasını tap, bu fahişənin səndən qabaq müştərisi var. Oğlan onlara "fahişə"nin sevdiyi qız olduğunu başa sala bilmirdi. Qız da, oğlan da dəliyə dönmüşdü. Ağız deyəni qulaq eşitmirdi.

Bir də gördüm oğlanın söhbətləşdiyi fahişə qadın qızın saçına əl atdı. Səslər bir az da yüksəldi.

Haradansa iki polis maşını peyda oldu. Onlar oğlanın söhbətləşdiyi fahişə ilə qızı maşına basdılar. Açıq-aşkar hiss olunurdu ki, polislər də qızın fahişə olduğunu zənn edib. Qız and-aman eləyir, polisin biri də "siz hamınız belə deyirsiz" kimi sözlərlə deyinirdi.
Oğlan da bir az hay-küy saldı. Onu da sürüyüb maşına atdılar. Post-patrul maşınları "ulaya-ulaya" getdi.

Tamaşanın sonunda camaat dayanacağa qayıdıb, yenə də marşrut avtobusu gözləməyə başladı. Elə mən də. Söhbətlərdən hiss edirdim ki, məndən başqa real olaraq nəyin baş verdiyini bilmirlər. Hamısı "iki pozğunun davası"ndan danışırdı.

 

Müəllif:Pərvin Abbasov

0 şərh