Şəhid ucalığı

      Şəhidlik ən öncə anamıza ana olan vətəni, ata-babalarımızdan bizə miras qalan torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümünü göz önünə alıb döyüşə atılmaq deməkdir.

      Belələri ölüb getsələr də, zaman-zaman xalqın xatirəsində yaşayırlar. İgid oğulları olan xalq yada, namərdə baş əymir, qələbələr qazanır. Ən yeni tariximizin qanlı səhifələri bunu bir daha aydın şəkildə əks etdirir. 1990-cı ilin müdhiş 20 Yanvar gecəsi. Qırmızı imperiyanın qoşunları ölkəmizin paytaxtı Bakı şəhərinə yeridildi. Haqq səsini ucaldan xalqın iradəsini qırmaq, azadlıq arzusunu beşikdəcə boğmaq üçün. Şaxtalı, qaranlıq bir gecədə dinc əhalini gülləbaran etdilər.

     Tanklar qarşısına çıxan nə vardısa, tırtılları altında qoydu. Çoxmərtəbəli evlərin pəncərələri, eyvanları güllə yağışına tutuldu. Xalq baş verən hadisədən xəbərsiz olsun deyə Azərbaycan televiziyasının enerji bloku partladıldı. Ən dəhşətlisi isə o idi ki, günahsız, əliyalın qadınları, qocaları, uşaqları belə qətlə yetirirdilər. Xalq o vaxta kimi inandığı, güvənc yeri sandığı sovet ordusunun bu vəhşiliyinə qarşı etiraz səsini ucaltdı.

      Ən ağır gündə xalqın bütün təbəqələri, sıravi vətəndaşlardan tutmuş ziyalılara qədər hamı yumruq kimi birləşib o ağır günləri birlikdə yaşadı. Öz şəhidlərini son mənzilə el adəti ilə ən yüksək səviyyədə yola saldı. Qırmızı qana dönmüş qırmızı qərənfillər şəhid tabutlarını, küçə və meydanları süslədi, bəzədi, əzizləyib oxşadı. O vaxtdan da qırmızı qərənfil xalqımızın azadlıq mübarizəsinin simvollarından birinə döndü. Nalə qoparan qaboyun yanıqlı səsi ürəkləri riqqətə gətirərək insan hönkürtüsünə, göz yaşlarına çevrildi. Bu zülmə dözməyənlərin isə ürəyi əbədi susdu. Ümummilli lider Heydər Əliyevin verdiyi layihəyə əsasən, şəhidlərin uyuduğu ərazidə məqbərə ucaldıldı, onların məzarları adlarına layiq şəkildə hörüldü. Qanlı 20 Yanvar günündən artıq 22 il keçir. Xalqımız bu günü hər il hüzn günü kimi qeyd edir.

       Lakin 20 Yanvar həm də xalqımızn şanlı mübarizə tarixinin qanla yazılmış səhifəsidir. İllər ötdükcə bu gün qəhrəmanlıq tarixinin ibrətamiz bir səhifəsinə çevrilir. Hər bir itkinin bir “qazancı da olur. Həmin qazanc da o oldu ki, xalqımız yadlara — Sovet İttifaqı rəhbərlərinə bel bağlamağın əbəs olduğunu, imperiyanın əsl üzünü, mahiyyətini birdəfəlik başa düşdü. Yatanlar da sanki ayıldı, milli müstəqillik mübarizəsi daha da alovlandı və nəticədə çox keçmədi ki, ölkəmiz öz suverenliyini əldə etdi.

      Şəhid adlarının əbədiləşdirilməsi üçün onların adına küçələr, təhsil ocaqları verilib. Müxtəlif yerlərdə büstləri qoyulub, ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub.

       İndi respublikamıza gələn ayrı-ayrı dövlətlərin rəhbərləri, nümayəndə heyətləri kədər və qürur yerimiz olan bu məkana baş çəkərək məqbərə önünə gül çələngi, şəhid məzarları üstünə tər çiçəklər qoyurlar.

       Şəhidlər ölmürlər. Onların igidliyi, qəhrəmanlığı zaman keçdikcə əfsanəyə dönür, nəsildən-nəslə ötürülür, şeirə, dastana çevrilir:

       Dağılar duman da, dağılar çən də,
       Həm Allah sevinər, həm də ki bəndə,
       Dava qurtaranda, üzlər güləndə
       Şəhidlər qayıdar yenə bu yurda.

       Bir oğul evlənsə, bir gəlin köçsə,
       Aşıq sinəsində sazıyla ötsə,
       İgidlər, ərənlər girəndə bəhsə
       Şəhidlər qayıdar yenə bu yurda.

       Bir dəli gülüşün uğuntusunda,
       Körpə bir uşağın qığıltısında,
       Elin şad günündə, elin yasında
       Şəhidlər qayıdar yenə bu yurda.

       Yananda hər evdə toy-bayram şamı,
       Sevinər el-oba,sevinər hamı...
       Həftədə bir dəfə — cümə axşamı
       Şəhidlər qayıdar yenə bu yurda.

       Yayılsın bu sədam şəhərə, kəndə,
       Dedim sözlərimi ürək dinəndə.
       Bütün Azərbaycan bütövləşəndə
       Şəhidlər qayıdar yenə bu yurda.

      «Azərbaycan” qəzeti

0 şərh