KİNO: 8-Cİ MİL (8 MILE)

Əgər küçələrin səsi olsaydı… Onlar sizə bu əhvalatı danışardı.

8-ci Mil (2002)

Rejissyor: Curtis Hanson
Baş rollarda: Eminem, Kim Basinger, Mekhi Phifer, Britanny Murphy.

1995-ci il, ABŞ. Keçmiş qüdrətini itirmiş Detroit. 8-ci Mil adlanan yol şəhəri iki hissəyə bölür. Bir tərəfdə ağların yaşadığı treylerlər (səyyar, daşınan evlər), digər tərəfdə isə qaraların yaşadığı layihə evləri (minimal şəraitli mənzillər). Onları birləşdirən yalnız bir faktor var, rəngləri seçməyən kasıbçılıq.

Əksəriyyətin bu ağ-qara izolyasiya ilə barışdığı vaxt bir nəfər 8-ci Milin əks tərəfinə keçmək istəyir. Lakin hamı onu gülər üzlə qarşılamağa hazır deyil. Burada ağlar azlıq təşkil edir və dilənçilik səviyyəsində yaşayır. Treylerlərdə yaşayan kasıblara qarşı işlənilən xüsusi təhqiramiz ifadə də var: “white trash” – ağ zibil.

8 mile

Jimmy Smith “B-Rabbit” ləğəbi ilə rep deyir. Onun da məqsədi bir gün məşhurlaşıb çətin həyata son qoymaqdır. Lakin dərisinin rəngi ona mane olur. Detroitin rep cəmiyyəti onu qəbul etmək istəmir.B-Rabbit personajı tam uydurma deyil, onun həyatı baş rolun ifaçısı Eminem’in keçmişinə bənzədilib. Eminem şöhrətə 26 yaşında, bəzi reperlərin artıq yaddan çıxdıqları yaşda çatıb. 1999-cu ildə ani sürətdə milyonların sevimlisinə çevrilmiş reper bu vaxta qədər çox çətinliklərlə qarşılaşıb. Səhnədə müvəfəqiyyətə gedən yol şəxsi həyatda uğursuzluq, bir neçə dəfə təslim olmaq fikri və intihar düşüncələri ilə müşaiyət olunub. 90-cı illərin əvvəllərində ağ reperlərin bir neçə solğun cəhdindən sonra (Everlast, Vanilla Ice, Marky Mark və s.) yenilərinin səhnəyə çıxışı əsl problem idi. Sənin bacarığın ikinci plana keçir, “ağ zibil” damğasını daşıdığına görə rəngin gülüş hədəfinə çevrilir.

the crew

Qulaqlarında öz dövrünün ən qaynar rep hiti, o güzgüdə öz əksinə baxır və əlində mikrofon təsvir edərək ürəyində əvvəlcədən hazırladığı sətirləri deyir. O battle (rep döyüşü) üçün hazırdır, lakin səhnədə hər şey planlaşdırıldığı kimi getmir. Onu ciddi qəbul etmirlər. Ona gülürlər. Onu təhqir edirlər: “Elvis, rədd ol 8-ci Mildən! Bura sənlik deyil, qayıt ağ xarabana Vanilla Twice!” İrqçiliyin tərs üzü ilə qarşılaşan B-Rabbit də təslim olmağa çox yaxındır. Lakin daha bir fürsət, daha bir cəhd… ehtiyatla rəqibləri silahsızlaşdırmaq lazımdır, lakin bunun üçün təkcə bacarıq yetmir, onlardan ağıllı olmaq gərəkdir!

Batlle

Filmin resjissyoru daha çox “Los-Angeles Sirləri” (LA Confidential) ilə tanınmış Curtis Hanson’dır. Filmdə baş qəhrəmanın anası rolunu məşhur Holivud aktrisası Kim Basinger ifa edib. Mekhi Phifer isə onu karyerasında təslim olmağa qoymayan David “Future” Porter pesonajını yaradır. Filmdə həmçinin Britanny Murphy, Michael Shannon və Anthony Mackie kimi aktyorlar da yer alır. Future obrazı real həyatda Eminim ən yaxşı dostu olan və onu D12 qrupuna dəvət etmş reper Proof’a bənzədilib, onun adı isə, D12’in digər üzvü Denaun Porter’a oxşadılıb. Proof özü də filmdə kiçik hissəni oynayır. Digər reperlərdən Detroitdə doğulmuş Xzibit və Obie Trice da qısa epizodlarda ekranda görünür.



Tənqidiçilərin və tamaşaçıların müsbət rəyindən əlavə filmin ən böyük uğuru ən yaxşı musiqi nominasiyasında Oskar mükafatı almış ilk rep mahnı alması oldu. Bu yolda “Lose Yourself” “Caetano Veloso & Lila Downs — Burn It Blue” (Frida filmindən) və “U2 — The Hands That Built America” (“Nyu-Yorkun Quldur Dəstələri” filmindən) kimi layiqli rəqibləri qabaqladı.



Bütün bu uğurlara baxmayaraq 8-ci Mil, filmin aktyorları üçün (Michael Shannon istisna olmaqla) düşərli olmadı. Eminem bir daha aktyorluq fəaliyyətinə qayıtmadı. Mekhi Phifer və Kim Basinger nadir hallarda ekranlarda görünür, Anthony Mackie isə rollarını digər “mövsümi” qara aktyorlara uduzdu. DeAngelo Wilson intihar etdi, Proof bar davasında qətlə yetirildi, Britanny Murpy’nin ölümü isə hələ də müəmma olaraq qalır.

Britanny Murphy
Britanny Murphy, 1977-2009

Bir çox “ulduz” filmlərindən fərqli olaraq 8 Mil qəhrəmanın sonsuz uğur qazanması səhnəsi ilə bitmir. İzləyici onun yaşamalı olduğu çətinliklərin şahidi olur. Məhz buna görə film digər oxşar əsərlərdən seçilir və fikrimcə onların arasında etalon hesab edilə bilər. 8-ci Mil pessimistik aurasına baxmayaraq həm də motivasiya mənbəyidir. Bu flmdən zövq almaq üçün rep dinləyicisi olmaq mütləq deyil, belə ki, 8-ci Mil’də musiqi mərkəzi mövzu deyil. Bu məqsədinə çatmaq və özünü doğrultmaq haqqında olan bir filmdir.

loading...
 

2 şərh

MURAD_SEYFULLAYEV
«Stajlı rep dinləyicisi»ndən azı bu qədər maraqlı topik gözləyərdim. ;)

Türkəl, nə qədər də diqqətdən kənarda qalsada, sözün əsl mənasında əməyə qiymət veriləsi topik bax budur.

Replə aram olmadığına görə, görsəmdə, bu filmlə qəti maraqlanmamışam. Lakin sonda qeyd etdiklərinizdən sonra yaxın vaxtlarda baxmağı qərarlaşdırdım. 
Türkəl
Bir dəfə hardasa yazmışdınız ki, filmə baxmadığınıza görə onun haqqında oxumamısınız. Əslində bu yazılar əksinə, əsasən filmə baxmayanlar üçündür ki, film haqqında ümumi məlumatları olsun.