Türkiyənin iqtisadi siyasəti (1980-2005)

Türkiyə dövrün əvvəlindən etibarən yeni bir iqtisadi inkişaf mərhələsinə qədəm qoymuşdur. Hələ bir neçə on illər boyunca davam edəcək bu inkişafın təməlində aşağıdakı proqram məqsədləri dayanır: 1) iqtisadiyyatın dövlət tənzimlənməsinə yenidən baxılması və iqtisadi həyatda dövlətin birbaşa iştirakından tədricən imtina edilməsi; 2) iqtisadiyyatın bütünlüklə bazar və rəqabət prinsiplərinə uyğunlaşdırılması; 3) iqtisadi yüksəlişin sürətləndirilməsi və modernləşdirilməsi üçün xarici amillərdən və ehtiyatlardan hərtərəfli istifadə olunması xarici malların və kapitalın ölkədə azad fəaliyyətinə lazımi şərait yaradılması; 4) sənayeləşdirmənin idxal yönümlü modelindən ixrac yönümlü modelinə keçilməsi. Qeyd edək ki, bu məqsədlər 24 yanvar 1980-ci ildə S.Dəmirəl hökumətinin qəbul etdiyi iqtisadi stabilləşdirmə proqramında da öz əksini tapmışdı. Həmin proqramın əsas müəlliflərindən biri baş nazirin yanında və Dövlət Planlaşdırma Təşkilatında müşavir vəzifələrində çalışan T.Özal olmuşdur. Elə o da 12 sentyabr hərbi çevrilişindən sonra ölkədə həyata keçirilən iqtisadi kursun başında durdu və B.Ulusu hökumətində iqtisadi məsələlər üzrə dövlət naziri və baş nazirin müavini, sonralar isə baş nazir kimi iqtisadiyyatın liberallaşdırılması və bazar münasibətlərinin bərqərar olması istiqamətində bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə rəhbərlik etdi. Türkiyənin Avropa Birliyində tam hüquqlu üzv kimi təmsil olunması həmin tədbirlərin başlıca qayəsini təşkil edirdi. Belə hesab edilirdi ki, "ümumi bazar"a girməklə ölkə ixrac yönümlü və yüksək keyfiyyətli məhsullar buraxan iri istehsal sahələrini genişləndirmək və dəstəkləmək, müasir texnologiyadan və elektrik hesablama maşınlarından istifadə etmək imkanları qazanar.

Yeni iqtisadi kursla bağlı tədbirlərin görülməsi xronoloji baxımdan iki mərhələni əhatə edir. Birinci mərhələ 1980-1983-cü illərə, başqa sözlə desək, hərbçilərin hakimiyyəti dövrünə düşür. İkinci mərhələ isə 1983-cü ilin sonlarından başlamışdır və başlıca istiqamətlərini bu gün də qoruyub saxlamaqdadır. Onu da deməliyik ki, hər iki mərhələdə tətbiq olunan iqtisadi kurs ümumi cəhətlər baxımından eyni olsa da, bəzi fərqlərə də malikdir.

Birinci mərhələ konseptual baxımdan onunla xarakterikdir ki, bu dövrdə 1981-ci il İzmir iqtisad konfransının qəbul etdiyi müddəalar və istiqamətlər həyata keçirilmişdir. Həmin müddəa və istiqamətlər isə ölkədə qarışıq iqtisadiyyatın inkişaf etdirilməsi, mövcud valyuta nəzarəti sistemindən imtina edilərkən hakimiyyətin ehtiyatlı olması, dövlət bölməsinin məhdudlaşdırılması və s. kimi məsələləri ehtiva edirdi.

İkinci mərhələdə isə hakimiyyətin planları və tədbirləri daha qətiyyətli və daha cəsarətli xarakter daşıyırdı və 1983-cü il hökumət proqramında rəsmi şəkildə elan olunmuş azad bazar iqtisadiyyatına keçilməsi, özəlləşdirmə və s. kimi yeni məsələlərin gerçəkləşdirilməsinə yönəlmişdi.

Qeyd edək ki, hər iki mərhələdə son məqsədə çatılması üçün bir sıra başlıca şərtlərin bərqərar olmasına xüsusi önəm verilmişdir və onları belə qruplaşdırmaq olar:

birincisi, inflyasiyanın artmasını aşağı salmaq üçün əmək haqqının olduğu səviyyədə saxlanılması, sərt maliyyə və kredit siyasəti tətbiq edilməsi, bank faizlərinin xeyli artırılması, iqtisadi dövlət təşkilatlarına ayrılan xərclərin ixtisar edilməsi, vergi islahatının keçirilməsi;

ikincisi, ixracın gücləndirilməsi üçün daxili bazarı daraltmaq hesabına əmtəə bolluğu yaradılması və onun xarici bazara çıxarılmasının təmin edilməsi, xarici ticarətlə məşğul olan şirkətləri dəstəkləmək və həvəsləndirmək məqsədilə əlverişli maliyyə-kredit siyasəti yürüdülməsi, türk mallarının rəqabətə dözümlü səviyyəyə qalxmasına nail olunması, sənayenin ixrac malları istehsal edən sahələrində yeni və modern müəssisələr qurulması;

üçüncüsü, valyuta əldə edilməsinin yeni yollarını aramaq və dövlət büdcəsindəki kəsiri ləğv etmək üçün xaricdə işləyən türk vətəndaşlarının pullarının ölkəyə gəlməsinə əlverişli maliyyə şərtləri yaradılması, xarici turizmə hərtərəfli dəstək verilməsi, xaricdə müxtəlif tikinti və podrat işlərinə yardım göstərilməsi, xarici kapitalın ölkəyə daha çox cəlb edilməsi, türk vətəndaşlarının xarici banklarda saxladığı valyutanın ölkəyə gətirilməsi məqsədilə lazımi tədbirlər görülməsi;

dördüncüsü, sənayedə struktur dəyişiklikləri etmək və açıq iqtisadiyyat qurmaq üçün idxalın liberallaşdırılması, başqa sözlə, proteksionist tədbirlərin tədricən aradan qaldırılması və daxili bazarda azad rəqabət şəraitinin yaradılması, sərt maliyyə siyasəti, yüksək bank faizləri və s. vasitəsilə yerli şirkətlərin rəhbərlərində daxili bazarın daralması şəraitində istehsal prosesinin təşkili və idarə olunmasının daha səmərəli formalarını aramasına həvəs yaradılması, daha çox ixrac malları istehsalına və iqtisadiyyatın ixrac sahələrinə kapital qoyuluşuna iqtisadi marağı artırmaq məqsədilə əlverişli və etibarlı şəraitin formalaşdırılması, yeni şəraitdə rəqabət dözümlü olmayan şirkətlərin uyğun istehsal sahələrində uğur qazanmış şirkətlərlə birləşməsinə dəstək verilməsi;

beşincisi, dövlət bölməsini yenidən qurmaq üçün dövlətin maliyyə imkanlarının başlıca infrastruktur sahələrinə yönəldilməsi, energetika, nəqliyyat, rabitə və s. kimi iqtisadi dövlət təşkilatlarının yeniləşdirilməsi, onlardan bəzilərinin özəlləşdirilməsi, bürokratik idarə aparatında çalışanların çox sayda ixtisar edilməsi;

altıncısı, özəl bölmənin gəlir və investisiyalarını gücləndirmək üçün əmanətlərin artım faizinin inflyasiya səviyyəsindən yuxarıda saxlanılması, bank sisteminin rəqabət dözümlülüyünə təminat yaradılması, kapital bazarının genişləndirilməsi, vergi islahatı aparılması, daşınmaz əmlak və qızıl ticarətində möhtəkirliyin qarşısını almaq məqsədi ilə lazımlı tədbirlərin görülməsi.

Deməliyik ki, sadalanan bu tədbirlərin gerçəklənməsi üçün kifayət qədər çoxlu əməli addımlar atıldı və biz də onların bəziləri haqqında məlumat vermək istərdik.

1980-1983-cü illər dövründə ilk olaraq güzəştli qiymətlər sistemindən imtina edildi. Kəndlilərə gübrə və digər aqrotexniki vasitələr alınması üçün verilən dotasiya ləğv olundu. Əlbəttə, bu tədbirlər heç də hamı tərəfindən normal qarşılanmırdı. Təsadüfi deyildir ki, 1982-ci ilin yanvarında T.Özal hökumət adından qəti olaraq bildirdi ki, "güzəştli qiymətlər sistemi siyasəti, bəzi istisnalar saxlanılmaqla, ləğv olunmuşdur".

Sənaye məhsullarına qiymət qoyulması liberallaşdırıldı. Qiymətlərə Nəzarət Komitəsi ləğv olundu və onun funksiyası Sənaye və Texnologiya Nazirliyinə verildi. Yeni qaydaya görə öz məhsuluna qiymət qoyan hər hansı müəssisə lazımi deklarasiyanı həmin nazirliyə təqdim etməli idi. Nazirliyin narazılığı olmazdısa, qiymət qüvvəyə minirdi. Tədqiqatçıların müşahidələrinə görə bu tədbir qısa zaman kəsiyində müəssisələrin gəlirlərinin artmasına zəmin yaratdı və istehsal xeyli canlandı. Bu, ilk növbədə iqtisadi dövlət təşkilatlarında birləşən müəssisələrə aid idi.

Sənaye kapitalın gəlirinin artmasına dövlət tərəfindən dəstək verilirdi. Bank faizləri üzərində nəzarət bir qədər yumşaldı. Bu, imkan verdi ki, banklarda saxlanılan əmanətlərin məbləği artsın.

İqtisadi dövlət təşkilatlarında birləşən müəssisələrin yenidən qurulmasının müxtəlif variantları hazırlandı. Onların holdinqlərdə birləşməsi və ştatların ixtisar edilməsi bu qəbildən olan tədbirlər idi. İqtisadiyyatda dövlət bölməsinin inhisarı tədricən aradan qaldırılır, yalnız bu bölmənin əlində cəmləşmiş sahələrə özəl bölmənin daxil olmasına hüquqi imkan yaradılırdı. Bütün bunların nəticəsi kimi 1983-cü ilin oktyabrında iqtisadi dövlət təşkilatları haqqında qanun qəbul edildi. Qanuna görə həmin təşkilatlar muxtariyyət və qarışıq iqtisadiyyat prinsipləri əsasında fəaliyyət göstərmək hüququ qazanardılar. İqtisadi tələbat, istehsalın səmərəliliyi və rentabellik isə həmin fəaliyyətin məzmununu təşkil etməli idi.

Dövlət müəssisələri aşağıdakı qaydada təsnif olunurdu. Onlardan birincisi "iqtisadi dövlət təşkilatları" adlanırdı və bura Etibank, Sumerbank və s. kimi iri dövlət müəssisələri daxil idi. Kapitalı bütünlüklə dövlətə məxsus olan həmin müəssisələr iqtisadiyyatın kommersiya prinsiplərinə əsaslanan sahələrində fəaliyyət göstərirdi. İkincisi "ictimai iqtisadi quruluşlar" idi. Onlar sayca az olub, iri inhisar birliklərinin, dəmir yollarının və s. idarə edilməsi sahəsində və istisnasız olaraq dövlət kapitalı əsasında fəaliyyət göstərirdilər. Üçüncüsü isə müəyyən səhmdar müəssisələr idi. Onların fəaliyyəti dövlətin və digər səhmdar təşkilatların kapitalına əsaslanırdı. Kapitalının 50%-i dövlətə məxsus olan bu cür müəssisələr dövlət səhmdar təşkilatları hesab olunurdu.

Ümumiyyətlə 1980-1983-cü illərdə həyata keçirilən liberallaşdırma kursunu belə dəyərləndirmək olar: tətbiq olunan qarışıq iqtisadiyyat konsepsiyası müasir iri istehsal sahələrində, infrastrukturda, bank sistemində dövlət bölməsinin üstünlüyünü qanuni əsaslarla möhkəmlətməklə yanaşı bu bölməyə daxil olan müəssisə və təşkilatların öz fəaliyyətlərində daha çox daxili bir muxtariyyət qazanması və onların təşkilati quruluş baxımdan özəl bölmə, o cümlədən xarici şirkətlərlə daha çox yaxınlaşmasını nəzərdə tutmuşdur.

Deməliyik ki, məhz bu kurs T.Özal hökumətinin 1984-cü ildən sonrakı dövrdə daha ciddi addımlar atmasının əsası oldu. İqtisadi liberallaşdırma siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu və onun da məzmununuda özəlləşdirməyə geniş meydan verilməsi dururdu. Bu baxımdan qəbul olunan bir sıra qanunları sadalamaq və onların mahiyyətini qısa şəkildə açıqlamaq istərdik.

T.Özal hökumətinin ilk qanunu 1984-cü ilin fevralında qəbul edildi və o da iqtisadi dövlət təşkilatları haqqında idi. Qanun dövlət müəssisələrinin yeni fəaliyyət prinsiplərini təsbit etdi. Burada dövlət müəssisələrinin özəl kapitalla əməkdaşlığına önəm verilir, onların tədricən özəlləşdirilməsi üçün təşkilat-maliyyə üsulu və metodları müəyyənləşdirilirdi. Özəl kapitala hüquq verilirdi ki, dövlət müəssisələrini, o cümlədən səhmdar qurumları müəyyən şərtlərlə müəyyən müddətə istismara götürsün, yaxud onların istismarında iştirak etsin.

1984-cü ilin iyununda qəbul edilən qanun yeni yaranmış Koordinasiya Şurasına hüquq verirdi ki, bütün növlərdən dövlət müəssisələrin "ləğv edilməsi, başqasına verilməsi, satılması və istismara verilməsi haqqında" qərar qəbul edə bilər. Bunun ardınca 1986-cı ildə bir sıra qanunlar verildi və onlar artıq birbaşa özəlləşdirmə ilə bağlı idilər. Onlara əsasən iqtisadi həyatda dövlət inhisarı tədricən aradan çıxır, özəl kapital iri istehsal sahələrinə girə bilirdi. Çay və siqaret istehsalında özəl bölmənin yaranması, bir sıra özəl avia-şirkətlərin qurulası buna misaldır. Artıq 1990-cı ildə iri dövlət şirkətlərinin özəlləşdirilməsinə başlanıldı. Beləliklə də ölkə iqtisadiyyatı bazar münasibətlərinə uyğunlaşdırılır və bu da nəticə etibarilə məhsuldarlığı və rəqabəti artırırdı. T.Özalın sözləri ilə desək, bu siyasət ona gətirirdi ki, 1) iqtisadi qərarların çox böyük hissəsi bazar tərəfindən qəbul olunurdu; 2) kapital xalq kütləsinə diffuziya edir, onlar öz passiv əmanətlərini iqtisadiyyata qoyur və ondan gəlir əldə edirdilər; 3) dövlət ehtiyatları yeni infrastrukturların qurulmasına yönəldilirdi; 4) istehsal dinamizmi artırdı, əsl iqtisadi rəqabət yaranır, daha ucuz və daha keyfiyyətli mal istehsal olunurdu; 5) yeni texnologiya tətbiqi ixrac mallarının rəqabət qabiliyyətini artırırdı və s. və i.a.

Artıq 80-ci illərin sonlarında T.Özal bildirirdi: "qarışıq iqtisadiyyat" adlı söz oyunu qurtardı. İndi qarışıq iqtisadiyyat yoxdur, azad bazar iqtisadiyyatı rejimi var və həm də orada oyun qaydaları dəqiq müəyyən edilmişdir. Hər kəs həmin qaydaları bilir. Dövlətin roluna gəlincə, o, bu qaydalara əməl olunmasını izləməlidir. İzləməlidir ki, bu sistem azad işləyir və ya müəyyən müdaxilə nəticəsində azadlıq pozulur.."

Tədqiqatçıların rəyinə görə, qısa zaman ərzində -cəmisi altı ildə,Türkiyə iqtisadiyyatında misilsiz dəyişikliklər baş verdi ki, bu, dünyanın heç bir ölkəsinin təcrübəsində görünməmişdi. Artıq bundan sonra T.Özalın fikrincə Türkiyə liberallaşdırmanın üç növünə ehtiyac duyurdu: 1) düşüncənin liberallaşdırılması; 2) vicdan azadlığının liberallaşdırılması; 3) işgüzarlığın liberallaşdırılması.

Qeyd edək ki, yürüdülən iqtisadi siyasətin Türkiyə üçün çox uğurlu olduğunu tarixçilər yekdilliklə təsdiqləyirlər. Təkcə bunu göstərmək kifayətdir ki, həmin dövrdə ümumi milli gəlirin illik artımı orta hesabla 8% idi. Elektrik enerjisi və polad hasilatı, avtomaşın, məişət texnikası, paltar və ayaqqabı istehsalı bir neçə dəfələrlə artmışdı. Dənli və texniki bitkilər, ət və süd istehsalının artım sürəti əhalinin artım sürətindən xeyli yüksək idi. Bu da imkan verirdi ki, ölkə kənd təsərrüfatı məhsulları ixracını artırsın. Həmin dövrdə Türkiyənin müasir sənaye ölkəsinə çevrilməsi prosesi faktik olaraq başa çatdı. Hakimiyyət orqanlarının təsərrüfat mexanizmi ilə əlaqələr sistemi bütünlükdə yenidən quruldu, iqtisadi proseslərə hər cür bürokratik müdaxilələrə və köhnəlmiş nəzarət formalarına son qoyuldu.

Yeni iqtisadi kursun uğurunun başqa bir göstəricisidir ki, 90-cı illərdə iqtidarda olmuş digər siyasi partiyalar da ondan imtina etmədilər və həmin kursun davamçısı oldular. Ancaq bununla yanaşı artıq iqtisadi siyasətin bəzi sahələrində tədricən müəyyən sıxıntıların yaranması da aşkara çıxırdı. Bunlar hər şeydən əvvəl ölkənin hüquq və maliyyə sistemində olan bəzi boşluqlardan irəli gəlirdi. Ən sonda dövlət borclarının sürətlə artması, qısa müddətli sərmayələrin istehsala yox, tez gəlir gətirən sahələrə yönəldilməsi, sənaye oliqarxlarının öz gəlirlərini daha çox artırmaq cəhdləri 1994-cü ilin yanvarında ölkə iqtisadiyyatında böhranlı vəziyyət yaratdı. Təbiidir ki, həmin vəziyyətin yaranmasında bir sıra digər daxili və xarici amillər də güclü rol oynamışdır. Qiymətlərin və inflyasiyanın artması korrupsiya və rüşvətxorluğun genişlənməsi, borcların böyüməsi, daxili səbəblərin önündə gəlirdi. Xarici amillərdən ən mühümü postkommunist, xüsusilə də postsovet məkanı ilə sistemsiz ticarətin yaranması, ölkəyə külli miqdarda pul daxil olması nəticəsində istehsalın sistemsiz genişlənməsi və bu sahədə qayda -qanun yaradılmasının istehsalda və ticarətdə bir boşluq doğurmasını göstərə bilərik. Bu sırada Körfəz müharibəsi nəticələrinin ölkə iqtisadiyyatına vurduğu zərərləri də qeyd etmək lazımdır. Günümüzdə, yəni 2001-ci ildə bu zərərin 30 mld dollar məbləğində olduğu söylənilir.

Yaranmış böhranlı vəziyyətdən çıxmaq üçün T.Çillər hökuməti 1994-cü ilin aprelində "sərt iqtisadi siyasət" kursuna başladı. Bu siyasətin əsas qayəsi ondan ibarət idi ki, istehsalatda və maliyyə sistemində itkilərə və məqsədsiz xərclərə yol verilməsin. Nəzərdə tutulan planların həyata keçirilməsi üçün beynəlxalq maliyyə mərkəzləri, ilk növbədə Avropa İttifaqı üzvü olan ölkələr Türkiyəyə kömək göstərdilər. Artıq 1995-ci ildən böhrana son qoyulması və ölkənin yeni inkişaf dövrünə girməsi reallıq oldu. Belə ki, əgər 1994-cü ildə ümumi milli gəlirin artımı 5,5%-ə enmişdisə, bu rəqəm 1995-ci ildə 6,7%, 1996-cı ildə isə 6,7% oldu. Bu artım tempi sonrakı illərdə əsasən yüksələn xətlə getmişdir və iqtisadiyyatın normal inkişafı 2001-ci ilin əvvəllərinədək davam etmişdir. Ancaq bu hələ irəlidə haqqında danışdığımız neqativ halların aradan qaldırılması demək deyildi. Elə bu səbəbdən idi ki, həmin neqativlərin kökünü kəsmək üçün B.Ecevit hökuməti 2000-ci ildə hücuma keçdikdə yenə də maliyyə mərkəzləri, ilk növbədə banklar qanunlarda olan boşluqlardan yararlanaraq onu çıxılmaz vəziyyətə sala bildilər. Türkiyə 2001-ci ilin fevralında güclü bir böhranla üz-üzə qaldı. İnflyasiya və qiymətlər artdı, maaşlar aşağı düşdü, işsizlik çoxaldı, sosial narazılıq baş verdi.

Lakin hökumət öz kursundan geri çəkilmədi. Yaranmış vəziyyətdən çıxmaq üçün özəlləşdirmənin daha sürətlə və daha geniş miqyasda aparılmasının və qanunlarda olan boşluqların aradan qaldırılması məqsədi ilə konstitusiyada bir sıra düzəlişlərin edilməsini nəzərdə tutan tədbirlər paketi hazırlandı.

Qeyd etmək lazımdır ki, həmin tədbirlərin icrası böyük məbləğdə pul tələb edirdi. Odur ki, yenə də Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi iri maliyyə mərkəzləri, eləcə də ABŞ və Avropa İttifaqı üzvü olan dövlətlər Türkiyəyə maddi yardımlar göstərməyə boyun oldular. Bununla yanaşı bir sıra qeyri-istehsal sahələri üzrə dövlət xərclərinə xeyli dərəcədə qənaət edilməsi planlaşdırıldı. Hökumət tədbirlər planının icrasına başladı. Atılan ilk addımlar böhranın qarşısını tam almasa da onun artmasını dayandırdı, aprel ayından etibarən ölkədə nisbi bir stabillik yarandı. Bu sahədə ən böyük uğur isə konstitusiya düzəlişlərinin işlənib hazırlanması və 25 sentyabr 2001-ci ildə TBMM-ə təqdimi və qəbul edilməsidir.

 

0 şərh