Gələcəyin enerji mənbələri

İqlim dəyişikliyi üzrə hökumətlərarası şuranın noyabrda dərc edilmiş son hesabatında parnik effekti yaradan qazların havaya atılmasının kəskin surətdə azaldılması məqsədi ilə təxirəsalınmaz tədbirlər görülməsinin vacibliyi vurğulanıb.

Bədbin proqnozlar fonunda alimlər və Fortune 500 reytinqli nəhəng kompaniyalar bu problemin həlli istiqamətində iş aparırlar. Bu işlərin bəziləri fantastik görünsə də, heç biri əlçatmaz deyil.

Enerji sahəsinə böyük gələcək vəd edən innovasiyalar isə bunlardır:

 1. Karbon qazının tutularaq ləğv olunması

Bu, energetikanın inkişafına təkan verəcək texnologiya olmasa da, havada zərərli qazın miqdarının azalmasına kömək edə bilər. Texnologiya kömürlə işləyən elektrik stansiyalarında karbon qazının yığılaraq yeraltı anbarlarda saxlanılmasına hesablanıb. Onun Avstraliya və ABŞ-ın elektrik stansiyalarında nümayiş etdirilən sınağı bu texnologiyaya marağı xeyli artırıb.

 2. Yeni nəsil atom enerjisi

2011-ci il Fukusima AES-də baş vermiş qəzaya qədər belə hesab edilirdi ki, atom enerjisi təhlükəsiz texnologiyalar əsasında əldə olunur. Həmin qəza bu təsəvvürü alt-üst etdi. Atom enerjisi sahəsində yeni ideyalar kiçik atom reaktorlarının tikintisi ilə bağlıdır. Kiçik anbarı xatırladan atom stansiyaları nəhəng meqapolislər əvəzinə, çox da iri olmayan rayonları elektrik enerjisi ilə təmin etmək üçün istifadə edilə bilər. Yeni reaktorların bəziləri şüalanmanın yayılmasının qarşısını alan passiv təhlükəsizlik mexanizmləri ilə təchiz olunacaq. Bundan başqa, qaz və neft hasilatı sahəsində istifadə olunan üzən platformalar üstündə AES yaratmaq planları üzərində də iş aparılır.

 3. Nüvə sintezi

Əgər ekoloji təmiz elektrik mənbəyi varsa, o da nüvə sintezidir. Nüvə sintezi zamanı ətraf mühitə hiss ediləcək hər hansı bir zərər vurmadan çoxlu miqdarda enerji almaq olar. Düzdür, həmin texnologiyanın inkişafı üçün uzun müddət lazım gəlsə də, bu sahədə indidən aktiv tədqiqatlar aparılmaqdadır.

 4. Dəniz küləyi

Belə hesab edilir ki, dəniz küləyindən istifadə texnologiyası yalnız 25 ildən sonra kütləvi şəkil alacaq. Belə ki, aeronavtikanın köməyi ilə dəniz küləyindən maksimum enerji almaq üçün aktiv surətdə texnoloji mənimsəmə gedir. Elektrik tələbatının üçdə birini külək enerjisi təşkil edən və 2020-ci ilə qədər bu göstəricini 50 faizə qədər artırmağı planlaşdıran Danimarka kimi ölkələrdə bu proseslər daha aktiv inkişaf edir.

5. Geotermal enerji

Bəzi analitiklər yaxın on ildə geotermal enerjinin daha da inkişaf edəcəyi qənaətindədir. Belə ki, onlar alimlərin bu texnologiyanın rəqabətə davamlı mənimsəmə metodunu tapacaqlarına əmindirlər. İslandiya kimi ölkələrdə alimlər bir neçə illərini belə resurslardan istifadəni nəzərdə tutan texnologiyaların inkişafına, onları daha məhsuldar geotermal elektrik stansiyalarına çevirməyə, qaynar su və maqma ehtiyatlarına çatmaq üçün birbaşa vulkanlarda quyu qazılması layihələrinə sərf ediblər. Onların məqsədi artıq gələn onillikdə belə texnologiyaları inkişafına nail olmaqdır.

6. Kosmik texnologiyalar

Kosmik texnologiyalar energetika sahəsində hələ ki, elmi fantastika hesab edilir. Lakin NASA və U.S. Naval Research Lab 25 ildən sonra kommersiya istismarına buraxılması planlaşdırılan bu texnologiyanın inkişafına investisiya yatırır.

7. Günəş enerjisi

Günəş işığını, suyu və karbon qazını, məsələn, benzin kimi uzun müddətə qədər saxlanıla və istifadə edilə bilən kimyəvi enerjiyə çevirmək ideyası çoxdandır ki, alimlər üçün cəlbedici hədəf olaraq qalır. Düzdür, elm hələ bu layihəni reallığa çevirmək səviyyəsinə qalxmayıb. Lakin Harvard universitetinin, Massaçuset texnologiya institutunun və Şimalı Karolina tədqiqat mərkəzinin alimləri son illər bu sahədə müəyyən irəliləyişə nail ola biliblər.

Hazırladı: MushviG.H\Mənbə:www.hafta.az

 

2 şərh

azadmamedov90
Ən asası isə İnsan enerjisidir- MatrİX filmində bunu göstərirlər ) həqiqətən də bizdən istifadə edənlər var.
kurdamir
Maraqlı idi. Bəs enerji-yə nə olub?