Bu Həftənin Filmləri! (Fevral 8-14)

Bu həftə Bakının kinoteatrlara 4 film daxil olur. Filmlərdən üçü ABŞ, biri isə Türkiyə istehsalıdır. Şəhərin bütün böyük kinoteatrlarında nümayiş olunacaq «Deadpool» filmi ilin ən gözlənilən filmlərindən sayılır.
Bu yazıda filmlər haqqında məlumat əldə edə və mənim subyektiv fikirlərimlə tanış ola bilərsiniz.

 Posters

1. BY THE SEA   —   DƏNİZ KƏNARINDA

 by the sea


Romantik dram janrında olan bu film, əslində 2015-ci ilin istehsalıdır, lakin bizim torpaqlara nədənsə bugünlərdə gəlib çıxıb.
Romatik film. Fevralın ikinci həftəsi... Söhbəti tutduz? Filmin nümayişi məhz 14 fevrala hesablanıb.
By the Sea ötən əsrin 70-ci illərində Fransada yaşayan və yola getməyən amerikalı ər-arvaddan bəhs edir. Filmdə baş rolları əsl həyatda da ər-arvad olan Brad Pitt və Anjelina Jolie ifa edir. Filmin prodüserləri də elə Pitt-Jolie cütlüyüdürlər, yola gedirlərmiş. Filmin rejissoru da Anjelina Jolie-dir. Filmin ssenarisini də Jolie özü yazıb. Bir sözlə maraqlı bir şeyə oxşamır.

www.youtube.com/watch?v=HSSYRFxmdXM


2. HOW TO BE SINGLE   —   TƏK OLMAĞIN QAYDALARI

 HTBS
 
Daha bir romantik film, bu dəfə isə komediya tərzində. Yuxarıdakı filmdən fərqli olaraq bu nəinki bu ilin filmidir, hətta Bakıda premyerası ABŞ-dakından bir neçə saat əvvəl baş tutacaq.
Filmdə baş rolu Hollivudun Toppuş-bacısı Rebel Wilson canlandırır. «Tək Olmağın Qaydaları» subaylıqdan həzz almağa çalışan gənc qadınlar haqqındadır – bəli sən demə Amerikada belə də olurmuş. Sevgilinizlə getmək istəsəniz… yəqin ki, onunla getdiyiniz axırıncı film olacaq.

www.youtube.com/watch?v=cjxnoW_NXr8


3. KARDEŞİM BENİM   —   Tərcüməyə ehtiyac var?

kb 

Türk filmidir. Baş rolları Burak Özçivit və Murat Boz canlandırır. Məşhur aktyorlardır, eşitdiyimə görə. Özüm tanımıram, iş yoldaşım dedi. Treylerdə görünür ki, romatika da var, komediya da, drama da. Adi vaxtda deyərdim ki, getməyin bu filmə, amma yuxarıdakı 2 filmlə müqaisədə 14 fevralda getmək üçün daha samballı kinoya oxşayır. 

və nəhayət....

4.  DEADPOOL   —   DEDPUL

DEAD POOL 


«Dedpul» filminin eyniadlı qəhrəmanı Marvel komikslərindən çıxmış bir personajdır. Marvel barədə anlayışı olmayanlar üçün deyim ki, bu Superman və Batman-dən başqa tanıdığınız bütün super-qəhrəmanları yaratmış komiks dərgisidir. 1991-ci ildə komiks qəhrəmanı kimi təqdim edilmiş Dedpul, kinodebütünü 2009-cu ildə etmişdir. İlk əvvəl bu komiks personajı mənfi qəhrəman kimi yaranmış, sonra isə sadəcə olaraq anti-qəhrəmana çevrilmişdir. (Əgər mənfi qəhrəman və anti-qəhrəman anlayışlarının fərqini bilmirsinizsə, deyim ki, anti-qəhrəman adətən yaxşı oğlan olur, amma hərəkətini və ağzının danışığını bilmir).
Dedpulu digər Marvel qəhrəmanlarından fərqləndirən əsas cəhət onun qəhrəmanlıq komikslərinə yumor qatmasıdır.
Dedpul qardaş bundan öncə artıq bir filmdə iştirak edib. 2009-cu ildə X-Men Origins: Wolverine filmində Deadpool ikinci dərəcəli qəhrəman idi. Həmin filmdə olduğu kimi qarşıdan gələn kinoəsərdə də personajı məşhur aktyor Ryan Reynolds canlandıracaq. Lakin buna baxmayaraq personaj 7 il əvvəl çəkilmiş filmdəkindən bir qədər fərqli olacaq. Düz başa düşmüşəmsə Deadpool da X-Men «ailəsinin» üzvüdür (ah bu mutantlar, daim bir zibil qaynadan mutantlar...).
Qeyd etməyə dəyər ki, film qisas mövzusundadır və 18+ kateqoriyasındadır. Əgər döyüş, komediya və fantastika janrlarına ağız büzmürsünüzsə bu filmi bəyənə bilərsiniz. Dedpul öz növündə ilin ən vacib filmlərindən biridir. Komiks filmləri pərəstişkarlarına isə filmə baxıb-baxmamağa dair heç nə demirəm. Onsuz da mənim fikrim onlara maraqlı deyil, bu filmi onlar çoxdan gözləyirlər.
Film şəhərimizin kinoteatrlarında ayın 11-indən etibarən həm rus, həm də türk dillərində nümayiş olunacaq. Çində isə filmin nümayişi qadağan olunub. Azərbaycan 1:0 Çin! Biz hər zaman irəlidəyik! 

www.youtube.com/watch?v=pw6nUYLDU1k 


Bu həftəlik bu qədər! 
Türkel. 
 

5 şərh

Türkəl
Yoldaşlar, daha bir cəhd göstərib bu tərzdə həftəlik yazılar yerləşdirmək istəyirəm. 
Bu yazını birinci gün yerləşdirməyi planlaşdırmışdım, lakin bəzi şəxsi problemlərə görə yalnız dünənə çatdırdım. 
Mənə lazım olan sizin bunu oxuyub öz fikirlərinizi bildirməyinizdir, əsasən də tənqidi fikirləriniz. Tərif desəniz əvvəlcədən təşəkkür edirəm, amma mütləq bəyənmədiyiniz tərəfləri də bildirin.
Çox sağ olun. 
azadmamedov90
Türkəl, TV-lərdə olan o aparıcılar sənin sözlərini istifadə etməlidirlər, həqiqətən də oxuduqda maraqlı olur.
 Bu filmlərin ən yaxşısı deadpool filmidir, artıq ötən ildən traileri göstərib bizi şişiriblər, baxmağa dəyər. təəssüf ki mən baxa bilməyəcəm. Ama sizlrə uğurlar. Sənə də bu işdə uğurlar.
Türkəl
Xoş szölərə görə çox sağ ol.
Deadpoola bu səhər baxdım, çox bəyənmədim. Amma zalda hamı gülürdü. Bəlkə sənin də xoşun gələrdi.
azadmamedov90
Dəyməz. Torrent ilə endirib baxacam. X-Men, Civil vvar, super və bat man filmləri də davamlı olaraq bu ili çox maraqlı edəcək. bir tərəfdən orta şərqdəki problemlər, və digərləri də həmçinin bizə bu yollarla unutdurulacaq bir neçə saatlıq.
Türkəl
Hər belə cümləndən sonra səni real həyatda tanımaq istəyim daha da artır.