Mexiko 1968, Qara Qüvvə Alqışı: Meksikada qaçdıqdan sonra niyə Amerikada sürünməliyik?

1968-ci il, oktyabr.
Mexiko şəhəri Yay olimpiya oyunlarına ev sahibliyi edir. Bu vaxta kimi yalnız inkişaf etmiş ölkələrdə keçirilən bu yarış iki ilkə imza atdı. Belə ki, Meksika inkişaf etmiş ölkələrin sırasına daxil deyildi və Olimpiya oyunları əvvəllər heç vaxt Latın Amerikası və ya ispandilli ölkədə keçirilməmişdi. Olimpiya komitəsi tərəfindən atılan bu addım ölkələr və xalqlar arasında ayrıseçkiliyin olmadığına bir nümunə idi. Lakin Olimpiya oyunlarının beşinci günündə baş verən hadisə bütün idman dünyasını silkələdi. 




ABŞ-ı 200 metrlik məsafəyə qaçışda təmsil edən iki qaradərili idmançı vətənlərində, dünyanın ən inkişaf etmiş ölkələrindən birində, insan hüquqlarının kobudcasına pozulmasına qarşı laqeyd olmadıqlarını hamıya göstərməyi düşünürdülər. Qarşılarına yarışda ilk iki yeri tutmağı məqsəd qoyan Tommie Smith və John Carlos Amerika bayrağının havalara yüksəlməsini özlərinə məxsus şəkildə alqışlamağı planlaşdırırdılar. Onların məşqlərdə çəkdiləri zəhmət hədər olmadı. Onlar medalarını qazandılar, istisna o idi ki, Smith birinci, Carlos isə yalnız üçüncü yerə çıxdı. Gümüş medal isə avstraliyalı atlet Peter Norman'a çatdı.



Beləliklə idmançılar medallarını qəbul etmək üçün podiuma yaxınlaşır. Dünyanı şoka salmağa hazırlaşan Afroamerikalı cütlük, növbəti saniyədə özü şoka düşür. Onların planlarından xəbərdar olan avstraliyalı idmançı onları dəstəklədiyini bildirir: "Siz jestinizi göstərən vaxt mən də sizə qoşularaq İnsan Hüquqları Olimpiya Layihəsinin isimliyini sinəmdən asacam". Normanın qeyd etdiyi Olimpiya Layihəsi bir il bundan qabaq qızıl medalçı Tommie Smith'in şərikliyi ilə yaradılmışdı. Təəccüb içində qalmış Smith nitqini itirir, lakin elə bu zaman həmvətəni sanki onu yuxudan ayıldır: "Tommie, mən əlcəyimi olimpiya şəhərciyində unutdum. Əlcəysiz bizdə heç nə alınmayacaq!"  Lakin avstraliyalı gənc bu dəfə də onların köməyinə çatır: "Narahat olmayın. Hərəniz Tommie'nin əlcəyinin bir tayını taxa bilərsiniz, onsuzda alqış vaxtı havaya yalnız bir əlinizi qaldıracaqsınız." Özünü itirməyən idmançılar podiuma yaxınlaşır və tarix yazır.



1968-ci il ABŞ tarixinin ən uğurlu dövrlərindən deyildi. İnsan hüquqları müdafiəçiləri və görkəmli şəxsiyyət sayılan Robert F. Kennedy və Martin L. King soyuqqanlılıqla qətlə yetirilir, Vyetnamda müharibə tərəfdarı olan prezident Lyndon B. Johnson Ağ Evi Vyetnamdakı vəziyyəti bir qədər də korlayacaq Richard Nixon'a "təhvil verməyə" hazırlaşırır. Bərabər hüquq tələb edən Afroamerikalılar müxtəlif ittihamlarla azadlıqdan məhrum olurlar. "Vətənə qalib qayıtdıqda xoş qarşılanacayıq, amerikalılar birinci oldu deyə bizi havaya atıb-tutacaqlar, yer tuta bilməyəndə isə nigger'lər uduzdu deyirlər". "Meksikada qaçdıqdan sonra niyə Amerikada sürünməliyik?". Bu fikirlərnən podiuma yaxınlaşan Smith və Carlos medallarını boyunlarından asırlar. Bu zaman onların ayaqlarında yalnız qaraların kasıblığını simvolizə edən qara corablar olur. Smith boynunda qaraların qürurunu təmsil edən şərf asır. Carlos isə bütün fəhlə sinfi ilə həmrəy olduğunu göstərmək üçün yaxasını açıq saxlayır  və boyunbağısını aşkara qoyur. Sonradan o bunu aşağıdakılarnan izah edir: "Biz bunu ağaclardan asılmış, heç vaxt ruhlarına dua oxunmamış, Afrikadan Amerikaya gətirələrkən qayıqlardan Atlantik okeanına atılmış fərdlər üçün etdik".
Doğrudan da onların buna haqqı var idi. Mən özüm "Qara Qüvvə Alqışı" (Black Power Salute) təsvir olunan şəkli görəndə yadıma illər əvvəl gördüyüm aşağıdakı şəkil düşmüşdü:



7 Avqust 1930. Bu insanlar heç bir məhkəməsiz, və polisin iştirakı ilə vəhşicəsinə edam edilmişdir. Bundan cəmi 38 il sonra isə qaradərili amerikalılar zolaqlı və ulduzlu bayrağı səmalara yüksəltməli idi.
Lakin onlar ABŞ-ın himni səslənməyə başlayarkən əllərini yumruq şəklinə saldılar. Bayraq havaya qalxdıqca onlar sinxron şəkildə başlarını aşağı salaraq gözlərini yerə dikdilər və əllərini havaya qaldırararaq Amerika bayrağını utanc, lakin qürur hissi ilə alqışladılar. Əlbəttə onların bu hərəkəti cəzasız qalmadı. 1936-cı ildə Nasist alqışına heç bir etiraz göstərəməyən Olimpiya Komitəsi Smith və Carlos'a qarşı sərt tədbirlər göstərməyə hazırlaşdı. Əvvəl idmançıların medallarını əllərindən almağı düşünən komitə, sonra fikrini dəyişərək daha yumşaq qərara gəldi və onları olimpiya şəhərciyindən qovdu. Lakin avstraliyalı sprinterin bəxti daha da az gətirdi.

Tommie Smith və John Carlos Amerikada tənqidlə qarşılandı. Onlar və ailə üzvləri mütəmadi olaraq ölüm hədələri alırdılar. Lakin vaxt keçdikcə hər şey öz yerini tutdu. Olimpiya qəhrəmanlarının hər ikisi idmançı karyeralarını NFL-də reqbi oyunçuları kimi davam etdirilər. 1990-cı illərə kimi isə onlar artıq ölkələrində qəhrəman statusu almışdılar. 2005-ci ildə isə onlara San Xose Dövlət Universitetinin kampusunda abidə ucaldı.



Peter Norman vətəninə döndükdə, onu elə qarşıladılar ki, elə bil o heç gümüş medal udmayıb və Mexikoda gördüyü yeganə iş Avstraliyanı biabır etmək olub. 200 metr məsafəyə qaçmada Avstraliyanın ən yaxşı uğuruna imza atmasına və ölkəsində ən yaxşı sprinter olmasına baxmayaraq Normanı 1972-ci il Olimpiya çempionatına göndərmirlər. Norman 43 yaşına kimi, qanqrenaya yoluxana kimi qaçmaqla məşğul olur. Bundan sonra isə həyat yoldaşı onu tərk edir, o alkoqol və ağrıkəsicilərə qurşanır. 2000-ci il. Yeni əsrin başlanğıcı. Fikirlərin və baxışların tamamilə dəyişdiyi dövr. Olimpiya məşəli Sidneyə gətirilir. Avstraliya olimpiya komitəsi yarışların bütün tarixi dövrü dövlət bayrağını ucaldan medalçıları yarışın keçirildiyi stadionun ətrafında şərəf dövrəsi vurmağa dəvət edir. Lakin rekordsmenə dəvət gəlmir. Bundan xəbər tutan Amerikalılar vaxt itirməyərək yarışlar keçirilən vaxtı Normanı öz VİP məkanlarında qonaq edirlər. 6 il sonra Norman keçirtdiyi infarktdan 64 yaşında dünyasını dəyişir. Tommie Smith və John Carlos onun tabutunu daşımaq üçün Avstraliyaya gəlirlər.



2008-ci ildə Peter Normanın qardaşı oğlu kinomatoqraf Matt Norman 1968-ci ildə baş vermiş hadisə haqda "Alqış" (Salute) filmini hazırlayır. Sosial-siyasi mövzuda çəkilmiş filmdə rejissor əmisinin həyatı haqda geniş məlumat verir, və həmin hadisənin cəmiyyətə təsirini təhlil etməyə çalışır.



Sonda öz qısa fikrimi bildirmək istərdim. Amerikaya gətirildiyi gündən irqi ayrıseçkiliklə qarşılaşan Afroamerikalılar üçün bu etiraz doqrudan da cəsur addım idi. Lakin qara olub anti-irqçi olmaq olduqca təbiidir. Bu öz hüquqların uğrunda mübarizə aparmaq deməkdir. Bu gün bizə anti-irqçi olmaq və bərabər hüquqlardan danışmaq olduqca asandır. 42 il bundan qabaq isə hamı belə düşünmürdü. Amma onda belə addımın ağ adam tərəfindən atılması müqaisəedilməzdir. Mən onun qəhrəman olduğunu iddia etmirəm. Bəlkə də etdiyi hərəkətlərin hasilatından xəbərsiz idi. Bunun professional və şəxsi həyatına mənfi təsirlərini fikirləşə bilməzdi. Lakin Peter Norman mənim üçün həmişə birlik, həmrəylik və insan hüquqları uğrunda mübarizənin simvolu olacaq.
Siz bu barədə nə düşünürsüz?


*Mətnin yazılmasında copy-paste prinsipindən istifadə olunmamışdır.


*Mətnin bütün hüquqları müəllifə məxsusdur və müəllifin icazəsi olmadan mətni istifadə etmək qadağandır.
 

10 şərh

Arzt
Təsirli və maraqlı hadisədi.Məqsədlərinə çatmaq üçün nümayiş etdikləri əzmkarlıq təqdirə layiqdi.Peter Normanın podiuma yaxınlaşarkən Amerkanları vəziyyğtdən çıxartmaq üçün irəli sürdüyü fikir də yerində düşünülmüş ən məntiqli addım idi.Təşəkkür müəllifə.
şərh silinmişdir
burla xatun
Belə hadisələri oxuyanda adam əsəbiləşir.Avstraliya yaxud Azərbaycan fərqi yoxdur,insanlara heç yerdə qiymət verilmir.
r9perviz
Mənim Normana yazığım gəldi. Heç amerikalılar da onun qədrini bilmədilər, bilsəydilər San Xose Dövlət Universitetinin kampusunda ona da abidə qoyardılar
Türkəl
Yaxşı vurğulanmış məqamdır. Amma bunun da səbəbləri var. Smith və Carlos ABŞ-a qayıtdıqa Norman amerikalıların heç yadına da düşmürdü. Onların qınaq hədəfi yalnız iki idmançı idi. Unutmayaq ki, hadisənin adı da məhz qara idmançılarla bağlıdır. Avstraliyalının burada iştirakı hətta bəzilərinin diqqətindən yayınmışdı. Digər məsələ isə burada Normanın yerinin bilərəkdən boş qoyulmasıdır. İstənilən adam abidədə onun yerində duraraq simvolik şəkildə «Alqış»ı dəstəkləyər bilər.
r9perviz
Bax, bu maraqlı düşüncədi. Amma Salute filminin üz qabığı çox xoşuma gəldi, onun üçün yazmışdım ki, Normana da onlarla birlikdə heykəl qoylsaydı daha yaxşı olardı
Türkəl
Salute'un üzqabığı bir aya yaxındı mənim desktopumu bəziyir :).
Türkəl
Çox təəssüf ki, hadisələrin 42-ci ildönümündə, yəni bu həftə, qızıl medalçı Tommie Smith öz medalını auksiyon vasitsilə satmağa qərar verib. İlkin məbləğ 250.000 dollardır. Bu məbləği ödəməyə razı olana şəxsə medaldan əlavə, idmançının yarışda geydiyi bir cüt Puma ayaqqabısı da veriləcək. Lakin alqış vaxtı Smithin əlindəki əlcək illər əvvəl itirldiyindən auksiyona qoyulmayıb. Auksiyon noyabr ayının 5-ədək açıq olacaq.
burla xatun
Pula ehtiyac var yəqin.Bu da tərifli Amerika
Türkəl
Məbləğ daha çox geniş yatırım həcmindərir. Məncə nəvə-nəticəsinin gələcəyini sığortalayır. Tərifli və tərəfli Amerikada hamı öz qeydini qalmalıdır.