KİNO: Dönüklər (The Departed)
Sənin yaşında olanda mənə deyirdilər ki, bu həyatda polis də ola bilərsən, quldur da. Mənsə bugün deyirəm ki, kimsə sənin üzünə tapança tutanda bunun heç bir fərqi yoxdur. Mən çalışmışam ki, yaşadığım mühitin məhsulu olmayım, əksinə ətrafımdakı mühit mənim məhsulum olsun. Mən gənc olanda irlandlara ən cındır işləri də vermirdilər, 20 ildən sonra isə bizim arıtq öz prezidentimiz oldu, qəbri nurla dolsun.....
Reliz: 2006
Rejissor: Martin Scorsese
Ssenari: William Monahan
Baş rollarda: Leonardo Dicaprio, Matt Damon, Jack Nicholson, Mark Wallberg, Vera Farmiga, Martin Sheen, Ray Winston, Alec Baldwin və başqa
"Dönüklər"-də Çin istehsalı olan "İkiqat Yerdəyişmə" filminin ideyasından istifadə edilib. Lakin burda Çin Triadası əvəzinə İrland mafiyası, Honq-Konq polisi əvəzinə isə Boston şəhərinin (Massaçuets ştatı) qanun keçikçilərinin həyatı əks olunub. Yalnız əsas fikir hər iki filmdə eynidir. Mafiya üzvlüyünə polis işçisi qəbul olunub, qanunu qorumaq isə cinayətkara tapşırılıb. Onların hər ikisi qurd kimi ağacı içəridən çürütməlidirlər. Amma nə vaxtsa onların fəaliyyətinin nəticələri hər iki tərəfdə şübhə doğurur. Cərgədə satqın var və o tapılmalıdır. Hər iki agentə bir-birini tapmaq və aradan çıxartmaq tapşırığı verilir.
Skorsezenin mafiya mövzusunda çəkdiyi digər filmlərdən ("Təhlükəli Küçələr", "Yaxşı Oğlanlar", "Kazino") fərqli olaraq burada söhbət italyan mafiyasından yox, irland quldurlarından gedir. Digər və daha böyük fərq filmdə mənfi və müsbət qəhrəmanların mövcud olmasıdır.
Ona yeganə yaxın adam olan anasının vəfatından sonra Billi Kostiqanın (Leonardo DiKaprio) həyatda itiriləsi heç nəyi yoxdur. Polis akademiyasını yüksək nəticələrlə bitirən gənc, polis sıralarına cəlb olunmaq istəyir. Lakin onun qarşısına şərt qoyulur. Boston polisi ona xüsusi iş təklif edir. O rəsmən işə qəbul olunmayacaq, saxta ittiham əsasında bir neçə ay türmədə yatacaq, azadlığa çıxdıqdan sonra isə Frank Kostellonun (Cek Nikolson) quldur dəstəsinə qoşulacaq. Yalnız bundan sonra o polis informatoru kimi fəaliyyət göstərərək şərəfli xidmətə başlaya bilər. Hər addımı risk olan Billi qanuna xidmət etmək üçün cani rolunu ifa edir və bəzən əslində hansı cəbhəyə qulluq etdiyi özünə də qeyri-müəyyən olur.
Uşaqlıqdan valideynlərini itirmiş Kollin Sallivan (Met Deymon), Frank Kostellonun himayəsi altında böyüyür. Onun təkidi ilə Akademiyanı bitirir və Bostom polis departamentində elit şöbədə işə düzəlir. Quzu dərisi geymiş qurd rolunu oynayan Kollin iş yoldaşlarının bütün planlarını "atasına" açıqlayaraq departamentin işini alt-üst edir və Kostello ələkeçməz qalır. Lakin sonda Kollin özünü tələdəki kimi hiss edir.
Tabe olduqları qurumların taleyi YALNIZ onların fəaliyyətindən, ayıq-sayıqlığından asılıdır. Onlar sistemin hissəsi deyillər, sistemin özüdürlər..... lakin bunu yalnız onların özləri belə düşünür, etdikləri iş həyatları üçün nə qədər təhlükəli olsa da, onlar yalnız şahmat oyununda piyadadırlar.
"Dönüklərə" ən azı aktyor heyətinə görə baxmağa dəyər. Baş rolların ifaçılarından başqa filmdə Vera Farmiqa, Rey Uinston, Alek Boulduin, Maykl Şin və Mark Uollberq yer almışdılar. Sonuncu hətta roluna görə Oskar mükafatına da namizəd oldu. Deyərdim ki, serjant Diqnamı oynadığına görə Uoullberq ikinci plan aktyoru nominasiyasında mükafata daha çox layiq idi, amma Oskarı başqa aktyora verdilər. Buna rəğmən "Dönüklər" 80-ci Oskar təltifetmə mərasimində Ən yaxşı kino, Ən yaxşı rejissura, Ən yaxşı uyğunlaşdırılmış ssenari və Ən yaxşı montaj nominasiyalarında qalib gəldi. Skorsezenin filmdəki rejissor işini tam qimətləndirmək üçün isə filmə mütləq baxmaq lazımdır, özüdə ki, dəfələrlə.... İlk baxışdan "sadə mafiya filmi" təəssüratı yaradan "Dönüklər"də kimlik krisizi - insanın özünü tanıması kimi psixoloji məsələlərə toxunulur.
Rejissor filmdə mənfi və müsbət qəhramanları bir-birinə bənzədərək sanki xeyir və şərin arasında bərabərlik işarəsi qoyur. Bir növ yin-yanq anlamı əmələ gəlir.
Filmin musiqisinə isə söz ola bilməz. Adəti üzrə klassik roka üz tutan Skorseze filmində müasir irland rokundan da istifadə edir.
* Mətnin yazılmasında copy-paste prinsipindən istifadə olunmamışdır.
* Müəllifin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.
12 şərh
Dəvət elədiyi üçün biganə qalmayan dostuma təşəkkürlər.
Ümumiyyətlə sizə filmin soundtrek albomunu əldə etməyi məsləhət görərdim. Skorsezenin musiqi zövqünə söz ola bilməz.