Əxlaqi normalar

      Təəssüflər olsun ki, nikah anlayışı artıq çoxdan təhrif olunmuş, həyat yoldaşlarının vəzifələri haqqında təsəvvürlər zəifləmiş və ər-arvad münasibətlərinin müqəddəsliyi alçaldılmışdır. ALLAHIN insandakı surəti bu cür təhrif olunur və əzablar və şər üçün qapılar açılır.

      Əxlaqsızlıq indiki dünyada baş qaldırmış başlıca günahdır.İndiki kimi heç vaxt əxlaqsızlıq öz mənfur başını bu cür kobud şəkildə qaldırmamışdır. Görünür, insanlar çaş-baş vəziyyətdədirlər və xeyirxahlığı sevənlər əxlaqsızlığın kobudluğu, gücü və vüsəti qarşısında aciz qalmışdırlar. Bir çoxları ALLAHDAN o dərəcədə uzaqlaşmışdırlar ki, Niaqara şəlaləsinin axınını tərsinə çevirib, sularını üzüyuxarı axmağa məcbur etmək mümkün olmadığı kimi, onların da idraklarını təmiz və müqəddəs olana yönəltmək qeyri-mümkündür. 

      İnsanın idrakı təmizlik və müqəddəslikdən əxlaqsızlığa, azğınlığa və cinayətə bir saatın içində çevrilmir. İnsana İlahi surətvermək yaxud əksinə, ALLAHIN surətinə bənzər yaradılmış insanı şeytana bənzər etmək üçün vaxt tələb olunur. Biz baxa-baxa dəyişilirik. İnsanın Yaradanın surətinə bənzər yaradılmasına baxmayaraq, o, öz idrakını elə tərbiyə edə bilər ki, nə vaxtsa ikrahla yanaşdığı şeylər indi xoşuna gələ bilər. Onun idrakı tədricən zəifləyir və əgər insan özü öz mənəvi və əqli qüvvəsini şərə tabe edirsə, onu xilas etmək mümkün deyil. Cavan və ya qoca olmasından asılı olmayaraq hər bir adam, atdığı hər bir addımda məsləhət üçün ALLAHA müraciət etməyin vacibliyini dərk etməyənə qədər öz təhlükəsizliyini təmin edə bilməyəcəkdir. 

       Qadının davranışı. Cazibədar görünməyə çalışan qadınlar çox vaxt ağılsız hərəkətlərə yol verirlər. Bu maraqlı oyun kimidir, onlar könüllü surətdə oyuna gedirlər. Ərli və subay qadınlar çox zaman özlərini idarə etməyi bacarmırlar. Onlar subay və evli kişilərin diqqətini cəlb edirlər və əxlaqi bünövrəsi zəif olanlar dərhal təsir altına düşürlər. Qadın özünü utancaq və təmkinli apardığı təqdirdə yaranmayacaq fikirlər indi baş qaldırır. Ehtiyatlılıq və təmkin göstərərək, hər hansı özünə sərbəstlik hallarından qorunaraq, həddindən artıq diqqətə cavabsız qalaraq, lakin yüksək əxlaqi səviyyəni və şəxsi ləyaqəti qoruyaraq, bir çox bədbəxtliklərdən yaxa qurtarmaq olar.

      Öz yanında ədəbsiz kəlmələrin və ya söz atmaların səslənməsinə yol verən qadın ALLAHA xoş gəlməyən tərzdə hərəkət edir; nalayiq rəftara və ədəbsiz təkliflərə yol verən qadınlar öz qadın ləyaqətlərinin qayğısına qalmırlar. 

       Sədaqət. Ər və ata nikah əhdlərinə sədaqətini böyük səylə qorumalıdır. O, elə ehtiyatlı davranmalıdır ki, gənc qızlara və evli qadınlara İlahi qanunların yüksək normalarına uyğun gəlməyən şeyləri təlqin etməsin.

      Biz hər bir ailənin birliyini, saflığını və müqəddəsliyini qoruyan divarların yıxılması özündən məhv olmuş çoxlu insan taleləri ilə üzləşirik. Qadın yad kişiyə öz ailə problemləri haqqında danışır və ərindən şikayətlənirsə, öz hərəkəti ilə ərinə xəyanət etmiş və ailəni qorumaq üçün ucaldılmış divarları yıxmış olur. 

      Siz öz fikirlərinizi idarə etməlisiniz. Bunu etmək asan deyil; qətiyyətli, hətta ağrılı səylər göstərmədən bunu edə bilməzsiniz. Bununla belə, bu borc hər bir insanın üzərinə qoyulmuşdur. Siz öz düşüncələrinizə görə ALLAH qarşısında cavabdehlik daşıyırsınız. Əgər siz boş xəyallara dalaraq, fikrinizi əxlaqsız mövzular üzərində cəmləşdirirsinizsə, ALLAHIN qarşısında fikirlərinizi həyata keçirən zaman günah işlədə biləcəyiniz dərəcədə günah işlətmiş olursunuz. Yalnız əlverişli şəraitin olmaması bu fikirlərin reallaşmasına mane ola bilər. 

        Boşanma. Yeni bağlanmış nikah romantik parıltı ilə əhatələnmişdir və onu təsəvvür etmək üçün imkan yaradan və nikah əhdi ilə əlaqədar təfəkkürdə böyük cavabdehlik hissi oyadan bu xüsusiyyəti kənarlaşdırmaq çox çətindir. Bu əhd iki şəxsin taleyini elə möhkəm tellərlə bağlayır ki, o telləri ölümdən başqa heç nə qıra bilməz.

      Nikaha girmək qərarını ciddi şəkildə düşünüb-daşınmaq gərəkdir, çünki bu insanın bütün yerdə qalan həyatını təyin edən addımdır. Kişi də, qadın da ciddi şəkildə düşünməlidirlər ki, bir yerdə yaşadıqları müddətdə qarşılarına çıxan hər cür çətinliklərdə bir-birinə sədaqəti saxlaya biləcəklərmi. 

      Məsihin boşanma haqqında söylədikləri. İsa Məsihin yaşadığı vaxtlar ər amansız şəkildə ən əhəmiyyətsiz şeylər üstündə, yaxud qadını uşaqlarından ayırmaq və evdən qovmaq məqsədilə arvadını boşaya bilərdi. Bu, böyük biabırçılıq sayılırdı və boşanmış qadın bundan az əziyyət çəkmirdi. Bu adət böyük bədbəxtliklər və günahlara səbəb olurdu. Özünün dağdakı moizəsində Məsih aydın şəkildə elan etdi ki, ailə bağlarının qırılmasına yalnız nikah əhdinə xəyanət səbəb ola bilər. İsa dünyamıza gəldi ki, bizim səhvlərimizi düzəltsin və Allahın surətini insanda bərpa etsin. İnsanlara öz qanun normalarını təyin etmək azadlığı verilməmişdir ki, bununla ALLAH Qanununu tapdasınlar və öz istədikləri kimi yaşasınlar. Qadının öz ərini, ərin öz qadınını tərk etməsi üçün ALLAH yalnız bir səbəb göstərmişdir — bu, zinadır. 

       Ölkənin qanununa görə qadın ərindən boşanmış hesab edilə bilər, lakin ali qanuna görə hələ də ALLAHIN gözündə evli sayıla bilərlər. Ölkə qanunlarının boşanmaya icazə verməsinə baxmayaraq, keçmiş həyat yoldaşları Müqəddəs Kitaba, ALLAH Qanununa əsasən ər və arvad qalmaqda davam edirlər. 

       Ər və arvad bir-birlərinə hörmət və bağlılıq hisslərini möhkəmlətməlidirlər. Onlar öz sözlərinə və hərəkətlərinə diqqət yetirməlidirlər ki, qarşı tərəfi əsəbləşdirən və kədərləndirən şeylər söyləməsin və etməsinlər. Həyat yoldaşlarından hər biri qarşı tərəfin qayğısına qalmalı, qarşılıqlı bağlılığı möhkəmləndirmək üçün əlindən gələni etməlidir. Bir həyat yoldaşı kimi öz vəzifənizi məhəbbət və xeyirxahlıqla yerinə yetirin. Hər ikiniz birləşərək bir bədən olmağın yolu haqda düşünməlisiniz. Mülayimlik və nəvaziş həyatınızı təəccüblü şəkildə dəyişə bilər.
 

3 şərh

sevil1
Diqqetle oxudm/ exlaq haqinda tam dolgun tesevur yaradan teqdir.
Ramil
Diqqətinizə görə minnətdaram.