Ağzı qıfıllılar.

İki nəfərin bildiyi sirr deyildir.
"Qurdlar Vadisi" filmi
Mildə olan, Mildə qalır.
"Yaşıl Mil" filmi
Bildiyimiz kimi bizim xalqımızın ən gözəl xususiyyətlərindən biri informasiya ötürmək qabiliyyətinin çox yüksək olmasıdır. Müasir dövrümüzdə, KİV-lərin sürətlə inkişaf etdiyi bir zamanədə bu çox sevindirici haldır. Bir qonşunun digər qonşunun həyatında baş verən yenilikləri bilməsi onun təbii haqqıdır. Bunun üçün də hər məhlədə xususi informasiya şöbəsi var. Bu şöbəyə məhlənin ən öndə gedən xalalarından biri başçılıq edir. Hər axşam tum süfrəsində bütün qonşuların şəxsi həyatı müzakirə olunur. Kimin qızı hansı oğlana kitab verdi, kimin oğlu hansı qızla mesajlaşır və s. və s. İndi bəzi qara fikirli insanlar deyəcək ki bu qeybətdir. Lakin bu informasiyanın azad hərəkətidir.


Ən çox vüsət almış hallardan biri də "rəfiqə söhbətləri"-dir. Çox sevindirici haldır ki, rəfiqələr bir-birinə o qədər inanır ki, hətta nişanlısının həyatında baş verən hadisələri bir-birlərinə danışırlar. İndi bəzi qara qəlbli insanlar deyəcək ki, iki insan arasında olanları başqası bilməməlidir, bu intim həyatdır. Amma güvən başqa şeydir. Düzdü bəzi hallarda rəfiqənin də rəfiqəsinə məlumat çatır. Bu artıq başqa mövzudur. Bilirsiniz ki, mövzudan yayınmağı sevmirəm. 

Hə, bu yerdə Kərəmin gözləri dolur. Bəzi xarakteri zəif insanlar isə ona verilən informasiyanı sirr kimi saxlıyır. Məncə bu sırf paxıllığın əlamətidir. Axı niyə qonşu qızının xəstə olması barədə məlumatı ictimayət bilməməlidir? Axı niyə bir evdə baş verən hadisələr barədə qonşuların xəbəri olmamalıdır? Bəlkə bir yerdə oturub bir ailənin həyatında baş verən intim probləmlərin həllini tapa bilər müdrik xalqımız. Bu arada, intim sözü pis söz deyil, şəxsi deməkdir. Deyəsən mövzudan yayındım. 

Çox xahiş edirəm, qara fikirli olmayın! Xalqımızın informasiya mənbəyi olan üzvlərinə "satqın", "çənəsiboş" və bəzi yaza bilməyəcəyim ağır ifadələr işlətməyin. İnformasiya hər kəsin haqqıdır. Hər kəsin danışmaq hüququ var. Çox xahiş edirəm.

Bu günlük bu qədər. Unutmayın, əsəs odur ki, insanın ürəyi təmiz olsun, çənəsi olmasa da olar.

5 şərh

Ferbara
Ətrafındakılardan xəbərdar olmaq yaxşı şeydi. Amma çərçivəsində, detalsız.
Voogar
Nə qədər çox bilirsən, o qədər az başa düşürsən.
Ferbara
Bunu az başa düşdüm. Deməli, çoxbilmişəm? )))
Voogar
Çoxbilmiş olmasanız da, çox bilmisiz. :)
2ral
«Kimin qızı hansı oğlana kitab verdi»-siyahını uzatmaq da olar:
Kitabın adı,süjeti xətti,içində sevgi səhnələrinin olması,kitabı yazanın keçmiş həyatı,kitabın içində qızın hansı səhifədə hansı sözü yazmaq ehtimalı və s.