DƏLİLXORLUQ

Bir çoxları, “Polemikalar, dartışmalar, bütün hallarda faydalıdır. Çünki bu halda həqiqətlər ortaya çıxır. Beləliklə fikirlər ortaya qoyulmalı, hər kəs öz dəlilini gətirməlidir” kimi bir düşüncədədirlər. Halbuki bu fikir, əvvəla bu anlama gəlir: “İnsanların hamsında ya da ən azından həlledici qismində, universal(güclü) ağıl deyə ümumi bir sistem vardır və beləliklə də hər kəs, eyni qədər həqiqəti görə bilər”.
Bir kərə bu önmühakimənin özü yanlışdır. Çünki əvvəla doğrudan da insanların hər birində və ya çoxunda, ümumi və yetkin bir ağıl sistemi olsaydı zatən ən birinci elə tarixdən bəri, az qala hər bir məsələ və istiqamətdə, fərqliliklər mövcud olmazdı. Məsələn adicə elm və ya fəlsəfə məvhumunun özünün nə olduğu barədə hər kəsin qəti olaraq görə biləcəyi vahid bir təsəvvür və ya konsensus yoxdur.
Çünki əvvəla insanların heç də hamsı, həqiqətləri dərk edəcək gücdə deyil digər tərəfdən də dərk edəcək gücdə olanların belə, heç də hamsı onu qəbul edəcək yapıda deyillər. Belə olduğu halda da hansısa bir məsələdə ortaya nə qədər dəlil qoyulsa belə, nəticədə hər kəsin dəlili, onun öz ağlının və əxlaqının məhsulu olacağına görə; kimsi ya ümumiyyətlə anlamadığı üçün kimsi də sırf öz mənafeyinə xoş gəlmədiyi üçün öz dəlilində və fikrində israr edəcəkdir ki bu da insanların mütləq çoxluğu deməkdir. Bu mütləq çoxluğun da, bütün ciddi və geniş çaplı polemikalarda önəmli rol oynacağını nəzərə aldıqda bu aydınlaşır ki ən azından böyük həqiqətlərin ya da əqli faktların müzakirəsi zamanı, əksər hallarda reallıqlar ortaya çıxa bilmədiyi kimi, əksinə sağduyusuz çoxluğun fikrinin daha ön plana keçməsi, daha güclü ehtimalı təşkil edir. Beləliklə bir polemika zamanı, həqiqətin ortaya çıxmasından çox, onun daha da ört-basdır edilməsi ehtimalı daha güclüdür.

Sadəcə olaraq məsələ budur; hansısa fikirlə qarşılaşdıqda, həmin fikirdən bir etkiləşim və təsir ala bilməyən və o fikri, ağlına otuzdura bilməyən (ağlı yetməyən) insanlarda; o fikrə qarşı, instinktiv bir aqressiya və əks-təsir yarana bilir. Onlar, həmin fikrə ulaşa bilməmələrinin səbəbinin özlərindən qaynaqlandığının fərqində olmadıqları kimi, bu ulaşılamama durumunun kökünü məhz xarici aləmdə və obyektin özündə axtarmağa meyilli olurlar; beləliklə də o fikrin, bir əsasa və bir anlama otura bilmədiyi fikrinə qapılaraq; təbii olaraq bu durumda ola biləcək ən yaxın ehtimallı yanılqıya-təcrübəxorluğa meyillənirlər; «bu fikri hansı əsasla irəli sürürsən», «dəlilin nədir» ya da; «heç bir araşdırma aparmadan (təcrübə keçirmədən!) özündən bir şeylər uydurursan» kimi düşüncələr, məhz qavrama zəifliyinin, instinktiv boşluqların  və ya məsuliyyətsizliyin sonucudur. İnsanlar, irəli sürülən hər hansı bir fikirdə, bir məna görə bilmədiyi zaman bunu, məhz fikrin özündən bilir və fikirdə məna tapa bilməmələri də son nəticədə onlar üçün; o obyektdə yəni fikrə münasibətdə, bir «gücsüzlük» effekti yaradır; və «güc» və "şou" axtarmağa meyillənib, «təcrübə» ya da «dəlil» tələb edirlər...
Halbuki bunlar açıqdır: 1)Əvvəla heç də hər şeyin, birbaşa açıqlaması yoxdur. 2) Bir müəllif, bir fikri, ətraflı izah etməyə borclu deyil. 3)Ümumiyyətlə «hansısa fikrə mütləq dəlil lazımdır» deyə bir şey də yoxdur.
Məsələn mən deyirəm ki 5 dəqiqə sonra zəlzələ olacaq. İndi əgər həqiqətən də mən bunu deyərkən güvənilir bir qaynağa ya da içsəl bir duyuma və keçərli bir hissə (sezgi) əsaslanıramsa lakin bunu təbii olaraq açıqlaya və təməlləndirə bilmirəmsə və ya bunun elmi bir açıqlaması yoxdursa; onda mənim, o fikri irəli sürmüş olmağım, (buna bir dəlil olaraq nəyisə göstərə bilməsəm belə) məntiqsiz və ya saçmadırmı?...
Reallıq budur ki nəinki hansısa bir fikri, tam əsaslandırmadan irəli sürmək, hətta heç bir əsaslandırma olmadan irəli sürmək belə, özlüyündə yanlış və ya anlamsız bir şey deyildir. Əgər bir fikri, əksəriyyət anlamırsa ya da hətta heç kim belə anlamırsa belə, yenə də bu fakt, o fikrin, irəli sürülmə haqqını keçərsiz qılmır və ya onu önəmsiz etmir.
Sadəcə olaraq ortaya atılan hansısa yanaşma, hətta əsaslandırılaraq irəli sürüldükdə belə, ona qarşı əks təpkilərin olacağı açıq və netdir. Çünki insanların mütləq əksəriyyətində ya ümumiyyətlə ağıl yoxdur ya da ağıllarını dondurublar. Belə olan halda; hisləri aşan və məntiqə toxunan hansısa bir fikir, məntiqini toxunulmaz və passiv saxlamaq istəyən insanlarda narahatlıq və əks təsir yaradır; ya da ümumiyyətlə ağlı olmayan insanlarda, anlamaqda zorlandıqları şeyə qarşı ikrah oyadır.
Və nə qəribdir ki rasional mütəfəkkirlərə, tarixən «masabaşı (stulüstü) filosoflor» və onların fikirlərinə də «masabaşı düşüncələr» deyilməsi də təsadüf deyildir; bu, eynilə «hardan çıxardırsız bunları, heç bir təcrübə aparmadan, heç bir iş görmədən, müşahidə aparmadan, masa başında oturub çalışmaqla, yazmaqla bu iş olmaz» kimi bir şüuraltının sonucudur...

 

Yunis Dürüst

 

0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub