"TƏCRÜBƏXORLUĞ”UN SƏBƏBİ

Xüsusən də bizim cəmiyyətdə, bizim insanlarda bir «təcrübə hərisliyi», bir «təcrübəxorluq» var. Əlaqəsi oldu-olmadı, hər kəs, hər məqamda «təcrübə»dən danışır. Bir «təcrübə rüzgarı”, alıb başını gedir.

Məsələn bir adam, deyək ki evliliyinin 3-cü ilindən sonra, öz həyat yoldaşı ilə aralarında soyuqluq yaranmasını, bir „təcrübə“ kimi qəbul edərək, „evlilik cəmi 3 il çəkir“ kimi bir „qanunauyğunluq“ kəşf edir.

Ya da hansısa yaşlı bir insan, öz gəncliyini, boş-boş şeylərə sərf edib deyə, „adam öz gəncliyinin qədrini qocalanda bilir“ deyə bir „aksiom“ qayırır.

Və ya kimsə, „filankəslə mən çox çörək kəsmişəm ona görə də onu yaxşı tanıyıram“ deyə bir „qayda“ düzəldir.

Əsil həqiqət isə budur ki, insanların özlərindən „təcrübə“ deyə bir şey qayırmasının ya da təcrübəni şişirdib hər şeyin fövqündə görməsinin səbəbi, elə AĞILSIZLIQdan başqa bir şey deyil!

İnsanda əgər ağıl, yetərincə yoxdursa, onun nəzərində önəmli olan şey, ağıl ola bilməyəcəyinə görə, təbii olaraq başqa bir şey olacaqdır (mütləq mənada havasızlıq mümkün olmadığı kimi, insanın önəm verəcəyi bir şey, mütləq olacaqdır).

Və ağılsızlıq da 2 səbəbdən qaynaqlanır; 1)Sırf zəkasızlıqdan qaynaqlanan ağılsızlıq. 2)Məsuliyyətsizlikdən (əxlaq zəifliyindən) qaynaqlanan ağılsızlıq.

Yəni bir insanın tutaq ki öz evliliyinin 3-cü ilində partnyoru ilə arasındakı münasibətin qırılmasını, bir „təcrübə“, bir „qanunauyğunluq“ və dolayısıyla da normal bir şey kimi qəbul etməsinin, əxlaqsızlıqla əlaqəsi bu şəkildə ola bilər; o, bir həyat yoldaşı kimi, məsuliyyətsiz davrandığı üçün və öz üzərinə düşənləri yerinə yetirmədiyi üçün, partnyoru ilə münasibəti qırılmışdır. Lakin o, məsuliyyətdən qaçaraq, problemin özündən qaynaqlanan səbəbini və özünün günahkar olmasını qulaq ardında vurub, günahkarı, başqa yerdə axtarıb aradan sivişmək istəyir; „onsuz da 3-cü ildən sonra belə olur“ deyərək, bir mənada „mənlik bir şey yoxdur, həyatın qaydası belədir“ söyləmək istəyir.

Bax bu, məsuliyyətsizlikdən (əxlaq zəifliyindən) qaynaqlanan ağılsızlıqdır.

Sırf zəkasızlıqdan qaynaqlanan ağılsızlıq isə belə ola bilər; zəka zəif olduqda təbii olaraq özünü normal idarə etmək mümkün olmadığı kimi, normal bir evliliyi idarə etmək də zatən mümkün deyildir. Xüsusən də qarşındakı insan da əgər zəkidirsə onun gözləntiləri də yüksək olacaqdır və üstəlik də arada, onu sənə bağlayacaq başqa bir amil də olmadıqda, artıq bu evliliyin idarə edilməsi, tam bir strategiya, həssaslıq və zəka gərəkdirəcəkdir.

Bu durumda da evliliyini, xoş niyyətinə baxmayaraq idarə etməyə potensialın çatmaması və bundan yola çıxaraq da, „evlilik ancaq 3 il çəkir“ kimi bir varsayıma meyillənilməsi, məhz zəkasızlığa dayalı bir „təcrübəxorluq“dur.

Halbuki əslində çox açıq-aydındır ki evlilik, əgər normal və sağlam əsaslara söykənirsə o, labüd olaraq elə əbədi də davam edə biləcəkdir. Əgər davam etmirsə demək ki tərəflərdən ən azından biri, sağlam dünyagörüş və xarakterə sahib deyildir.

Həmçinin elə yuxarıdaki 2-ci örnək barədə də eyni şeyləri söyəmək olar; „adam öz gəncliyinin qədrini qocalanda bilir“ kimi bir qondarma aksiom da elə 2 növ ağılsızlıqdan qaynaqla bilər; əqli ağılsızlıq və ya əxlaqi ağılsızlıq.

Yəni bir var ki adam, zəkalı, dolayısıyla da kapasitəli olduğu halda, öz gəncliyini və potensialını, mənasız şeylərə sərf edib sonra bilə-bilə günahı öz boynundan atmaq və özünü təmizə çıxarıb suçluluq psixologiyasından yaxa qurtarmaq üçün, bilərəkdən, şüuraltında özünə bunu inandırmağa çalışır ki, „əslində hər kəs gəncliyini boşa verir“...

Yəni bu, sırf əxlaq zəifliyindən qaynaqlanan „təcrübəxorluq“dur.

Eyni zamanda əgər bir kəs, o qədər də potensialllı və zəki deyilsə, təbii ki, gəncliyində çox da ciddi şeylər yapa bilməsi mümkün deyildir. Beləliklə də o, səmimi olaraq özünün bacarıqsızlığından  yola çıxıb „demək ki hər kəs gəncliyini boş verir“ kimi, zəka və analiz qabiliyyətinin yetərsiz olmasının gətirdiyi bir varsayıma qapıla bilər.

Halbuki çox açıq-aydın bir həqiqətdir ki insanın, gəncliyini dolu keçirməsi üçün sadəcə zəki və məsuliyyətli olması yetərlidir. Əgər bunlardan biri yoxdursa zatən gənclik, dəyərli keçə bilməz. Necə ki bütün zəki və məsuliyyətli insanlar, gəncliklərini dəyərli keçirmişlər.

Ya da elə üçüncü misalı götürək; „filankəslə mən çox çörək kəsmişəm ona görə də onu yaxşı tanıyıram“ kimi bir baxış acısı da, „təcrübəxorluq“dan başqa bir şey deyil; çünki əvvəla bir insanla “çox çörək kəsmək” ya da çox ünsiyyətdə olmaq, hələ onu tanımaq anlamına gəlmir. Bir kərə ağıl və məntiq (analiz qabiliyyəti) əgər zəifdirsə; əldəki təcrübə nə qədər çox olsa da, ondan nəticə çıxarmaq, yenə də çətin məsələdir. Digər tərəfdən də bir kəsi tanımaq üçün mütləq də onunla yaxından ünsiyyətdə olmaq və təcrübə gərəkmir; məsələn bu insan əgər indiyəqədər filan əməllərin sahibi olubsa və bunu biz biliriksə o halda onun bu vaxta qədərki əməllərindən yola çıxaraq, onunla heç ünsiyyətdə olmadan da, sırf ağıl və analiz ilə, onun necə birisi olduğunu asanlıqla bilə bilərik. Hətta ağıldan başqa bir yol da var; istər inanaq istər inanmayaq, metafizik (sezgisəl) metod da var; bir insanın sifət ifadəsi, onun bütün mahiyyətini və xarakterini özündə əks etdirir (məsələn cinayətkarların, bir qayda olaraq neqativ və mənfi yüklü sifət ifadəsinə sahib olması, bir təsadüf deyildir). Beləliklə insanların neçə faizinin bu qabiliyyətə sahib olub-olmamasından asılı olmayaraq, insanı tanımaq üçün belə bir 3-cü metodun olması da bir reallıqdır.

Yəni insanı tanımaq üçün ya da bir olayı çözmək üçün, bəzi halllarda təcrübədən daha asan və daha praktik olan, daha 2 yol da var(ağıl və bəsirət).

Di gəl ki əxlaqı zəif olan birisi, hətta zəki olsa belə, düşünməyə də tənbəlliyi olan birisidir və ən saçma şeylərə də bəzən inana bilir. Odur ki indiki halda o, ağlına əziyyət verməyərək, və (şüuraltında həsəd hissinin də təsiri ilə) başqalarının da „ağlının işləməsini istəməyərək“, bir insanı tanımaq üçün mütləq onunla yaxından ünsiyyətdə olmaq gərəkdiyinə özünü qapdırmış ola bilər.

Eyni zamanda bu yanılqı həm də əqli zəiflikdən də qaynaqlana bilər; zəkası zəif olan birisi üçün zatən ağıl qüvvəsi işləmədiyi üçün, o, özündə olmayan bir qüvvənin potensialı barədə də təsəvvür sahibi ola bilməz və beləliklə də onun üçün həyatda yeganə prinsip, zatən yalnız „başın daşdan-daşa dəyə-dəyə öyrənilməsi“ (təcrübə) ola bilər.

Bir sözlə, insanların və özəlliklə bizim toplumun, çıxarsama və analizə qapalı olmasının və „təcrübəxorluğ“unun səbəbi, elə ağılsızlıqdan başqa bir şey deyildir (əxlaqi və əqli ağılsızlıq).

Bir kərə bu, aydındır ki təcrübə, ağıldan daha önəmli ola bilməz; əgər kiminçünsə önəmlidirsə demək ki o, ağılsız olduğu üçün, özündə olmayan şeyin təsirini də hiss edə bilmir...

 

Yunis Dürüst

 

0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub