Kitabı necə oxumalı?

Əvvəla əgər sən bir kitabı oxuyarkən ləzzət alırsansa demək ya sən çox dahi və çox zəkisən ki o kitabın məzmunu sənə tanış və rahat gəlir; ya oxuduğun kitab, əyləncəli və nəfsə xoş gələn kitabdır (məsələn, bədii ədəbiyyat); ya da kitab, dərin olsa da sən onu əyləncəli formada və nağıl kimi oxuyursan.
Kitab sənə rahat gəlirsə, demək ya zatən bildiyin şeyi oxuyursan; ya çox lazımsız və nəfsə xoş gələn bir şeyi oxuyursan; ya da lazımlı bir şeyi, lazımsız formada oxuyursan.
Kitab; ləzzət deyil, döyüşməkdir, mübarizədir!...
Əgər yeni şeylər qazanmaq üçün və əqlini inkişaf etdirmək üçün oxuyursansa; o halda mütləq ki o kitab, məntiqini və təfəkkürünü zorlayacaqdır, zehnən və fizikən yorulacaqsan, nəticə etibarilə, sənə, instinktiv olaraq xoş olmayan bir təsir verəcəkdir.
Kitabı oxuyarkən ləzzət alırsansa demək zatən mənasız və faydasız bir iş görməkdəsən.
Kitabdan necə faydalanmaq lazımdır?   
                                           
Bir kitabdan yetərincə fayda götürmək üçün; onun hər səhifəsini ayrıca bir kitab, hər sözünü də ayrıca bir səhifə qədər diqqətlə oxumaq lazımdır. Bir cümlədə adətən nəinki 1, hətta məsələn 4-5 və ya daha artıq mətləb gizlənə bilər. Bu mətləblərin hər birini kəşf edib fərqinə varmadan zatən nə onları bir-biri ilə əlaqələndirmək mümkündür nə də bütövlükdə o cümləni yetərincə əxz etmək imkan daxilində deyil.
Bir örnək verək, məsələn belə bir cümlə ilə qarşılaşsaq;
"İslam dünyası, Aristotel fəlsəfəsi və məntiqi ilə, VIII əsrin başlarından etibarən, müsəlmanların fəth etdikləri Suriya və ətrafında qarşılaşdılar".
İndi bu cümlədə çoxsaylı məqamlar gizlidir:
1) "İslam dünyası" nə deməkdir, bu anlayışa nə daxildir?
2)«Aristotel fəlsəfəsi və məntiqi» nə deməkdir?
3) Ümumiyyətlə «fəlsəfə» nədir, «məntiq» nədir?
4) «Qarşılaşma» nə deməkdir, nə anlam ifadə edir, bu proses necə və formada həyata keçə bilər?
5) Niyə məhz «VIII əsrin başlarından etibarən» (daha öncə və ya daha sonra deyil)?
6) Niyə məhz «Suriya və ətrafında»?
7) «Fəth» nə deməkdir, hansı formada həyata keçir və «müsəlmanların fəth etdikləri» deyərkən bu proses, necə həyata keçib, hansı nəticələr doğurub?
Əvvəla ona görə cümləni anlamaq üçün bütün detalları çözmək lazımdır ki; əgər bu detallardan hətta sadəcə biri belə, yanlış bir məlumat və ya yetərsiz bir yarğılamanın sonucu isə; bu, zəncirvari olaraq bütün digər mənaları da etkiləyə biləcək və bütövlükdə cümlənin mahiyyətini sual altına almaqla qalmayacaq həm də bizim, o cümləni və onun anlamını doğru varsaymamız nəticəsində bəlkə də hətta çox mühüm bir məsələdə, yaddaş və şüurumuza yanlış bir məlumat ötürülmüş olacaq və ümumi zehin və qavrama sistemimizə mənfi təsir etmiş olacağıq. Başqa sözlə desək əgər bir cümlənin hansısa bir hissəsində yanış varsa o zaman bu, təkcə bir detalda deyil ümumilikdə bütün cümlədə anlamı təhdid edən bir amildir və bu da o deməkdir ki biz bu səhvin fərqinə varmadan, qəbul etdiyimiz cümlə ilə bərabər yanlış bir informasiya əxz etmiş olacağıq.
Odur ki hər bir cümləylə və cümlənin hər bir detalı ilə, belə desək savaşmaq və döyüşmək gərəkir.
Ümumiyyətlə əgər kitabdan doğrudan da tam faydalanmaq istəyiriksə neçə kitab yox necə bir kitab oxuduğumuzu çözməliyik və sonra da o kitabı, «oxuyub bitirməmiz gərəkən bir kitab» deyil, bir HƏYAT kimi görməliyik. Çünki zatən bir kitab əgər əqli bir kitab isə və güclü bir zehinin məhsulu isə demək zatən o mütləq ki 100 faiz nisbətində olmasa belə, böyük nisbətdə həyatı və ümumi düşüncə sxemini əhatə və ifadə edir. O, bəlkə sizə həyatı rəsm edərkən tam dolğun və bütün rəngləri ilə ifadə etmir amma bir və ya bir neçə rəng və ya ştrix əksik olsa belə, ümumi plan və sistem zatən yetərincə bəlirgin və aydındır. Odur ki bir (əqli) kitabı oxuyarkən; hər şeyi, rəsm çəkən bir rəssam kimi düşünüb, hər nöqtə və detalın əhəmiyyətinin, bütünlükdə o mənzərənin yaranmasında önəmli olduğunu diqqətdən qaçırmamaq gərəkir. Hər detala nə qədər çox həssaslıq və peşəkarlıq göstərsək; bu, ümumi mənzərənin və dolayısıyla da kitabın ümumi məzmununun, və beləliklə bizə ola biləcək və bütün həyatı, zehnimizə oturdacaq təsirinin də maksimum olmasını təmin edəcəkdir.
Bəli, bir çoxları, hər kitabı, həyatın ayrıca bir detalı kimi düşünsə də əslində belə deyildir; hər (əqli) kitab, ayrılıqda elə həyatın özüdür və o kitabın hər sözü və cümləsi də həyatın bir ştrixti və hissəsi deməkdir.
Önəmli olan, neçə kitab oxumaq deyil; necə bir kitab oxumaqdır və onu nə formada oxumaqdır!...
Təkcə 1 kitabla, həyatı çözmək və dünyaları fəth etmək olar!...
Müəllif: Yunis Dürüst

0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub