Sevgi nədir? Onu bizdə başqasımı yaradır yoxsa o zatən var?



Bəzən belə fikirlər eşidirik: «Sevmədən evlənmək olmaz...», «Evləndiyin  adamı mütləq sevməlisən...», «Ondan başqasını sevə bilmərəm...»
 Bu  kimi fikirlər, sevgini fantastik və mistik bir şey hesab etməkdən  qaynaqlanır. Bu düşüncəyə görə, insanın həyatda xoşbəxt ola biləcəyi  yalnız 1 adam vardır və o adam, möcüzəvi şəkildə gəlib səni tapmalıdır  ya da tale sizi qovuşdurmalıdır. Əgər həmin adamı tapmadınsa və ya ona  qovuşmadınsa vəssəlam, daha səninçün sevginin kitabı bağlandı...
Əslində isə sevgi dediyimiz şey, heç də qeyri-adi və insan iradəsindən  kənar bir şey deyildir! Kimisə sevdiyimiz zaman onu sevməyimizin səbəbi  heç də sırf həmin insanın özü deyil! Çünki bizdə, insanlarda bir çox  qabiliyyətlər zatən doğuşdan vardır, yəni insan, dünyaya ağ kağız kimi  gəlmir; ondakı qabiliyyətlər və hisslər, əvvəlcədən var, ilahidən gəlir,  sadəcə əvvəllər kövrək halda olur.  Yəni məsələn aclıq hissi, insanda  doğuşdan mövcud olduğu kimi, eynilə sevgi hissi də doğuşdan var,  sonradan yaranmır. Biz tutaq ki hansısa xörəyi yeyərkən xörəkdən zövq  almağımızın səbəbi, heç də sadəcə xörəyin özü deyil; həm də bizim aclıq  hissimizdir. Məsələn doyduğumuz zaman, ac olmadığımız zaman artıq xörək  bizə o qədər də maraqlı gəlmir. Sevgi də belədir. Biz kiməsə sevgi hissi  duyuruqsa, aclıq hissi kimi, bunun da səbəbi ən əvvəl bizim  içimizdədir, daxilimizdədir; fitrətimiz və yaranışımız belədir; mütləq  kimi isə tapıb sevməliyik. Afrikada dünyaya gəlsəydik bir neqri  sevərdik. Ya da Avstraliyada aborigenlərin qəbiləsində yaşasaydıq, bir qəbilə adamını sevərdik. Yəni kimisə tapıb mütləq sevərdik. Zatən  sevmiriksə demək bizdə problem vardır. Necə ki bəzən iştahasızlıq olur  və insan, yemək istəmirsə və bu normal olmayan bir haldırsa eləcə də  sevgiyə qarşı mənfi münasibət bəsləyənlər də belədir; onlarda sevgi  iştahasızlığı, psixoloji problem var.
 Bəli, sevgini bizdə kimsə  yoxdan yaratmır, sevgi zatən öncədən Tanrı tərəfindən yaradılıb bizim  içimizə qoyulub. Dünyaya gəldiyimiz zaman, içimizə, başqa hisslər kimi,  bu hiss də qoyulur. Sadəcə insan böyüdükcə və şüuru formalaşdıqca onun  başqa hissləri kimi sevgi hissi də inkişaf edir və dolğunlaşır. Beləliklə də böyük, yetişkin bir insan formalaşır və onun zövqünə və səviyyəsinə  uyğun da zehnində, qarşı cins tipi formalaşır. Və o, bu obraza uyğun  olan, yəni zövqünə uyğun hər hansı bir kəsi bəyənə bilər. Hətta  bəyəndiyi insanların sayı, 1 deyil bir neçə nəfər hətta onlarca adam ola bilər. Amma onlardan hansı biri haqqında düşünməyə başlayarsa bax bu  halda həmin şəxs, onun zehnində yer tutmağa başlayır. Zehində yer  tutmağa başladıqca artıq həmin şey səni öz təsiri altına almağa  başlayır.
 Yəni sən öncə beyninə məlumatlar yükləyirsən sonra da o  məlumatlar səni yönləndirir, sənə «filan şeyi et» deyir. Sən məsələn  Culianı öz zehninə yazsan beynin də Culianı sevdiyini sənə bildirəcək.  Sən Nataşanı beyninə yazsan, beynin də Nataşanı sevdiyini sənə deyəcək.  Sən bir zənci qızını beyninə yazsan beynin də sənə o qızı sevdiyini  deyəcək. Sən heç kimi beyninə yazmasan beynin də sənə kimisə sevdiyini bildiriş etməyəcək. (Sadəcə hansısa bir məqam olur ki həmin adam, sənin  diqqətini cəlb edir(məsələn onunla iş yoldaşı olursan ya da sadəcə  hardasa üz-üzə gəlirsən) və onun barədə düşünürsən. Yəni hansısa bir  hadisə sadəcə qığılcım rolunu oynayır).
 Bax bütün məsələ budur; insanda  doğuşdan mövcud olan bir boşluğa, kimisə yerləşdirirsən. Düzdür o boşluğa  hər kəs yerləşməz amma bir çoxları yerləşə bilər. O boşluq, konkret  filankəs üçün nəzərdə tutulmayıb, sadəcə doldurulmaq üçün nəzərdə  tutulub.
 Əsas odur ki bunu biləsən! Bu boşluğun, yalnız və yalnız  filankəs üçün nəzərdə tutulmadığını, o boşluğa uya biləcək 1-dən artıq  insanın, hər zaman mövcud olduğunu və «yalnız onu sevə bilərəm» kimi  şeylərin ancaq filmlərdə və romanlarda olduğunu qəbul edəsən!...
Psixoloq Yunis Dürüst
 

0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub