FEYSBUKUN VƏ HƏYATIN SİRLƏRİ” KİTABI 1-Cİ PARÇA: “ÖN SÖZ” VƏ FEYSBUK

“Necə xoşbəxt olaq; bunun üçün nə etmək lazımdır?” “Ümumiyyətlə, xoşbəxtlik nədir, necə bir şeydir?”....bu bütün insanların-yaşından, cinsindən, peşəsindən, təhsilindən, maraqlarından, dünyagörüşündən asılı olmayaraq hər kəsin bilmək istədiyi, cavabını öyrənmək istədiyi sualdır. Əlbəttə, bu da təbiidir, çünki hər kəs xoşbəxt olmaq istəyir! Bu sual, tarixən hələ ilk bəşər övladından bəri insanları düşündürmüş və onların beynini məşğul etmişdir. Bax, elə qarşınızdakı kitab da bu məqsəd üçün yazılmışdır; xoşbəxtliyi tapmaq və ona çatmaq üçün! Və bu mövzu, hər birimizi maraqlandırdığı üçün, məncə, elə birlikdə bu suala cavab tapmalıyıq; hamımız bir yerdə, xoşbəxtliyi aydınlaşdırıb sonra da ona qovuşmalıyıq. Odur ki, kitab, başdan sona qədər, sizinlə söhbət və ünsiyyət şəklində olacaqdır. Məhz birlikdə, həqiqəti aydınlaşdıracağıq.

Ən birinci mən düşünürəm ki, xoşbəxtliyin nə olduğunu aydınlaşdırmaq üçün həyatın özünü aydınlaşdırmalıyıq, onun müxtəlif məsələlərini çözməliyik. Yəqin ki, bu fikrə siz də etiraz etməzsiz. Elə isə, gəlin, məhz HƏYATı çözək!

Lakin, hazırki yaşamımızı, gündəlik həyatımızı təsvir edərkən, bir məsələni, bir reallığı gözardı etmək olmaz; İNTERNET! Bəli, internetin həyatımızdaki önəmli rolunu görməzdən gələ bilmərik, odur ki, istəyirsiz, öncə elə bundan başlayaq. Amma, internet deyərkən mən, elə FEYSBUKdan bəhs etmək istəyirəm; niyə məhz feysbukdan-bax, buna ilk mövzumuzda aydınlıq gətirəcəm.

Kitab, əslində, 2 hissədən ibarətdir: feysbuk və real həyat. Feysbukla bağlı hissə, bəlkə də bəzilərinizə çox da maraqlı gəlməyə bilər, hətta kitabı oxuyanlar arasında, heç feysbuk istifadə etməyənlər də ola bilər, ancaq yenə də oxumanızı tövsiyyə edirəm. Çünki, bu bölüm, əsas mövzuya girişdir; bunu oxumadan, həyati məsələlərə keçməmək məsləhətdir…

FEYSBUKLA BAŞLAYIRIQ;

 ...İNTERNET, sayt (“site”), quql (“Google”), imeyl (“e-mail”), vikipediya (“Wikipedia”), yutub («Youtube”), mesencer (»Messenger”), skayp («Skype»), tvitter (“Twitter”), votçap (“Whatsapp”), instaqram (“İnstagram”), FEYSBUK (“Facebook”)… Bütün bunlar, bu gün bizim həyatımızın önəmli anlayışlarıdır… Bunlar olmadan, yaşamımızı, gündəlik fəaliyyətimizi təsəvvür etmək çox çətindir… Amma, diqqət etdinizsə, bunları yazarkən birincisini (İNTERNET) və sonuncusunu (FEYSBUK) böyük hərflərlə yazdım. Bu, heç də səbəbsiz deyil! Əvvəla, internet sözünü böyüklə yazmağımın səbəbini təxmin edin! Bəli, düz tapdız! Böyük hərflərlə yazılan internet sözü, əslində, bütün bu anlayışların hamsının, necə deyərlər, anasıdır! O olmasaydı, zatən o birisilər də olmazdı! İndi burda, bəlkə də deyəcəksiz ki, ona qalsa, kompüter olmasa idi, heç internetin özü də olmazdı. Mən sizinlə razı! Elə isə gəlin, kompüteri ata, interneti də ana hesab edək.

Yaxşı, bəs, o birisi kəlimənin sirri nədir, hansı ki, onu da böyük hərflə yazmışam? Bəli, feysbuk sözünü, sizcə, niyə böyüklə ifadə etmişəm? Bax, bunu, ola bilsin, bəziləriniz çözə bilmədiniz. Eybi yox, qoy, səbəbini özüm deyim: razılaşın ki, feysbuk, necə deyərlər, kompüterin və internetin (atanın və ananın) ən böyük övladıdır! Yəni, o birisilər-quql, imeyl, mesencer, skayp, tvitter, votçap, instagram...bunlar da övladdır, hər birisi bir qız və ya oğlandır, amma feysbuk ən böyük övladdır! Ola bilər, indi bir çoxlarınız etiraz edəcəksiz və deyəcəksiz ki, “ona qalsa, mən heç feysə o qədər də girmirəm, daha çox votçapda oluram”. Ya da başqa biriniz deyəcək ki, “mən, ümumiyyətlə, sosial şəbəkələrə elə də maraq göstərmirəm”...və sair etirazlarınız ola bilər. Tamam, amma “feysbuk ən böyük övladdır, internetin və kompüterin ən önəmli anlayışıdır” deyəndə bunu nəzərdə tutmuram ki, bizim bütün gənclərimiz, hamsı feysbuk istifadəçisidir, yaxud da feysdə hər gün hər kəs aktiv olur və ya feysdən başqa sosial şəbəkələr maraqsızdır… Yox! Sadəcə olaraq, bunu deyirəm ki, daha doğrusu, mən demirəm, fakt budur ki, feysbuk qədər ikinci belə marağa səbəb olan, insanların əksəriyyətinin dillər əzbəri olan, onların həyatında yeni bir həyat açmış olan başqa bir sayt, başqa bir şəbəkə, başqa bir “internet övladı” yoxdur! Bəli, feysbuk, 7-dən 77-yə qədər hər kəsin həyatının mühüm bir parçasıdır; şagirddən tutmuş müəllimə, tələbədən tutmuş professora qədər, fəhlədən tutmuş müdirə, evdar xanımdan tutmuş qulluqçuya qədər, jurnalistdən tutmuş həkimə, hüquqşünasdan tutmuş siyasətçiyə, sənətçidən tutmuş yazara qədər, neftçidən tutmuş mühəndisə qədər, bərbərdən tutmuş satıcıya qədər və ən nəhayət, proqramçıdan tutmuş şirkət rəhbərinə qədər, hər bir kəsin gündəlik yaşamının ayrılmaz parçasıdır. Xüsusən də, gənclər üçün, cavanlar üçün bu ad, az qala öz adları qədər tanışdır, öz isimləri qədər doğmadır… Çox az, barmaqla sayılacaq qədər az gənc tapılar ki, bu adla tanış olmasın, bu isimə yad olsun...

Bəs, yaxşı, hər kəsə tanış olan, səhər-axşam gənclərimizin dilindən düşməyən, həyatlarının ayrılmaz bir parçası olan, çoxlarımızın, belə desək, “ikinci həyatı” olan, bəzilərinin, hətta onunla “yatıb-qalxdığı” feysbuk nədir, nə mənaya gəlir, sirri nədədir?.. O, yaxşı bir şeydirmi, yoxsa pis bir şeydir?.. Bizim ona bu qədər böyük önəm verməyimiz, hər həftə, bəzən, hətta hər gün saatlarla ona vaxt sərf etməyimiz, həyatımızı onsuz təsəvvür edə bilməyəcək dərəcədə bağlanmağımız doğrudurmu?.. Biz düzmü edirik onun üzünə həyatımızın qapısını bu qədər açırıq, az qala ailəmizin üzvütək onu doğma hesab edirik?.. Və necə olur ki, biz ona belə böyük önəm veririk?.. Necə olur ki, dünyada yüzmilyonlarla insan və təkcə elə bizim ölkədən yüzminlərlə insan bu şəbəkənin üzvü, onminlərləsi isə aktiv istifadəçisidir?...

Əziz dostlar, bir az səbrli olsanız, sizinlə birlikdə feysbukun mənasını, önəmini, funksiyalarını xırdalayıb, bütün məsələlərinə və sirlərinə bələd olacağıq.

Bəli, etiraz eləmirsinizsə və hazırsınızsa, artıq başlaya bilərik. Başlayaq!

Amma öncə istəyirsiz, gəlin, feysbukun yaranma tarixinə, yəni işin başlanğıcına, hər şeyin əvvəlinə xəyali bir səyahət edək. Beləliklə;

                                                            (Davamı olacaq)

Müəllif: Yunis Durist


Feysbuku və həyatı açıqlayan və 100-dən çox anlayışın izahını verən kitabda həm məlumatlar, həm də tövsiyyələr verilir, davranış və qərarlarımızın altqatı açıqlanır. Bu kitabda hər kəs özünü tapacaq-sən, dostun; tanıdığın, tanımadığın insanlar… Gələcəkdə səni gözləyən mənfi olayların qarşısını indidən almaq və doğru qərarlar vermək üçündür bu kitab!
Kitabı 40 faizədək endirimlə bu yerlərdən əldə edə bilərsiz; “Elmlər”də, metronun əsas çıxışı ilə üzbəüz olan bütün kitab-dəftər mağazalarından. “Nizami” metrosunun yaxınlığında-“Furqan” dini mağazasından. «Torqovı»da- “Ali Nino” mağazasından, “Nizami” muzeyinin kitabxanasından və Prezident kitabxanasından (“Kitab Evi” mağazası). “28 May”da: “Kitab Evim” mağazasından. Onlayn formada isə (bütün bölgələrə və ölkə xaricinə çatdırılma ilə) “alinino.az” və “kitabevim.az” saytından və feysbukda “Bakumoz Books” səhifəsindən sifariş edə bilərsiz. Astarada isə “Astara Book House” mağazasından ala bilərsiz.
Ali Nino linki: www.alinino.az/catalog/knigi-na-azerbaydzhanskom-yazyke/feysbukun_v%C9%99_h%C9%99yat%C4%B1n_sirl%C9%99ri_/

0 şərh