İlaxır çərşənbə

Bayramınız mubarək !!!Sonuncu çərşənbə artıq yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. Təbiət oyanır, bütün ətaf aləm canlanır. 
Folklorşünas Məhəmməd Məmmədovun sözlərinə görə, İlaxır çərşənbə bir sıra bölgələrdə, xüsusilə Naxçıvan, Urmiya, Təbrizdə özünün təntənəsi ilə hətta Novruz bayramını geridə qoyur. İlaxır çərşənbənin özünəməxsus adət-ənənələri, ayinləri, oyunları var. Bu çərşənbə torpağın və özündən əvvəllki 3 mühüm ünsürün — su, od və yelin oyanması əkinçik həyatının başlanmasına işarədir. 

Bayrama necə başlamaq lazımdır?
Bu çərşənbədə insanlar səhər tezdən bulaq başına və ya su üstünə gedərlər, suyun üzərindən tullanar, ürəklərindəki arzu-diləkləri suya danışarlar. Ədalətsizlik edənləri, nahaq qan tökənləri suya tapşırarlar. Bu, əhali arasında geniş yayılıb. 

Axırçərşənbəyə bir neçə gün qalmış evlər təmizlənər. Deyilənlərə görə, bu bayramda təzə paltar geyinmək uğur gətirər. Küsülülər barışar, nəs danışılmaz, içki içmək, nalayiq işlər görmək olmaz. Axırçərşənbə günü insanın əməli, niyyəti, nəfsi də təmizlənmiş olar.

Axırçərşənbə gününün ertəsi günü ev sahibi bir ovuc buğda götürüb evin damına atar və bununla da evinə bərəkət-bolluq arzu etmiş olar. Bundan başqa, ev sahibi və ya ailə üzvlərindən biri kuzədə bir parça qara kömür, bir ovuc duz və bir neçə qara qəpik qoyar, sonra onları damdan atardılar. Deyilənə görə, kömür qara günün, duz acgözlük, gözüşorluluq, qəpik isə yoxsulluğun nişanəsidir. Ona görə də əcdadlarımız bununla özlərini yoxsulluqdan və bu kimi şeylərdən qurtarmağa çalışarmışlar. 

Süfrəyə nə qoyulmalıdır?
İlaxır çərşənbədə süfrədə şamların qoyulması mütləqdir. Yeməklərin şahı plovdur və mifoloji anlamda götürsək, düyü bərəkət rəmzidir. Sözsüz ki, yazın gəlişi, təbiətin oyanmasının nişanəsi — səməni də olmalıdır. Eləcə də şəkərbura, paxlava kimi şirniyyatların olması bolluğa işarədir. Səməni xonçası hazırlayıb, bütün kənddə evləri gəzərlər, evində qara bayram olan və ya bayramı qeydə edə bilməyənləri bu xonçaya qonaq edərlər. Bundan başqa, kasıb insanların evlərinə bayram nemətləri aparmaq lazımdır. Bu bayram bir daha sübut edir ki, Novruz xeyirxahlıq, humanizm və bərabərlik bayramıdır. 
Byram sufrəsi

Bayram necə qeyd edilir?
Ən mühüm ayinlər axşam vaxtlarında icra olunur. Üzərlik, tonqallar yandırılır və “ağırlığım-uğurluğum odda qalsın” deyilir. Çox vaxt nişanlı qızlar tonqalın ətrafında dövrə vurur və deyirlər ki, “sizi görüm alovlu-ocaqlı olasınız”. Yəni həmin insanların xoşbəxtolma arzuları ön plana çəkilir. Un çuvalının ağzı açıq qalır ki, bərəkət paylananda bağlı qalmasın. 

Bu bayramda dünyasını dəyişmiş qohumların ruhlarını sevindirmək lazımdır. Deyirlər ki, həmin vaxt ruhlar evlərin bacalarında oturarlar. Ailəsinin, övladlarının necə dolandığı ilə maraqlanarlar. Ona görə həmin bayramlarda evlərdə şənlik qurular, müxtəlif yeməklər bişirilər, həmin insanların adlarına müxtəlif şirniyyatlar hazırlanardı. Burada əsas məqsəd ruhların öz övladlarının dolanışığının yaxşı olmasını görmək, o dünyaya ürəklərində qubar aparmamaqdır. 

Adət-ənənələrimiz
İlaxır çərşənbədə tonqal qalayanda yaş ağacdan istifadə olunmaz. Ərgən qızlar xeyli aralıda arxası qapıya tərəf durub ayaqlarındakı ayaqqabının sağ tayını qapıya doğru atarlar. Əgər ayaqqabının baş tərəfi qapıya doğru düşürsə, bu, həmin il qızın ailə qurub köçəcəyinə işarədir, yox əgər ayaqqabının arxası qapıya tərəf düşəcəksə, onda qız hələ bir qədər də gözləməli olacaq. 

İlaxır çərşənbədə havanın necə asılı olmasıdan asılı olmayaraq, insanlar həmişə tarlaya çıxar, əkinə əl qoyub küt qoşar, bunu edə bilməyənlər isə heç olmasa torpağı 2-3 dəfə belləyərdilər. Burada məqsəd torpağı yuxudan oyatmaq və artıq əkinçilik vaxtının yetişdiyini xəbər verməkdir. 

İlaxır çərşənbədə qapıpusma və başqa fallar var, insanlar ürəklərində niyyət edib qapı pusarlar. Niyyətləri ilə evdən eşitdikləri sözlər arasında müəyyən uyğunluqlar tapmağa çalışarlar. Bu uyğunluq tapılarsa, o zaman arzularının reallaşacağına inanarlar.

Bu bayramda gənclər səhərə qədər yatmazlar, şənlənib, oxuyub-oynayarlar. Bu sonuncu çərşənbədə insanlar qorxuya, çətinliklərə, uğursuzluqlara sinə gərərək yeni ilə təzə bir ruh, sağlam əhval ruhiyyə ilə çıxmaq arzusunda olarlar. 
tonqal

İlaxır çərşənbə falları 
Məhəmməd Məmmədov bu bayramla bağlı bir neçə falın olduğunu dedi. Düzdür, tez-tez fala inan, faldan qalma desək də, bayramda belə adət-ənənə hamımıza maraqlıdır. Deməli, ulduz- iynə falına görə, İlaxır çərşənbədə su ilə dolu kasaya uclarında pambıq sarınmış iki iynə salırlar. Əgər suya düşən iynələr ulduz tərəfdən bir-birinə yaxınlaşırlarsa, deməli həmin insanın ürəyində tutduğu arzu çin olacaq. Yox əgər iynələr bir-birindən aralı düşərsə, onda bu, niyyətlərinin baş tutmamasına bir işarədir.

Bu bayramda gənc qızlar nişan üzüyünə tük bağlamaqla onu suya salarlar. Sonra üzüyü suyun üzərində saxlayıb, onun neçə dəfə fırlanmağını sayarlar. Üzük neçə dəfə fırlanarsa, demək gənc qız həmin yaşda ailə həyatı quracaq. 
uzuk falı

İlaxır çərşənbədə sevən oğlanlar sevgilərini etiraf etmək üçün bacadan ucuna balaca dəsmal bağlanmış şal sallayarlar. Şalın ucuna bağlanmış həmin yaylığı evin böyükləri açıb qızın qoluna bağlayarlarsa, bu, razılıq əlaməti demək idi. Əgər razı deyillərsə, həmin dəsmala şiriniyyat qoyub onu geri qaytararlar. 

Bundan başqa, səhər tezdən lal su gətirilir, mərasimdə iştirak edəcək qızlar hərə bir əşyasını, məsələn, sancaq və ya üzüyünü suya atarlar. Sonra suyun üstünü parça və ya güzgü ilə bağlayarlar. Axşamüstü balaca oğlan uşağı suyun ağzını açar, oradakı əşyalardan birini götürər, bu zaman qadınlardan biri üzünü başqa istiqamətə çevirərək müəyyən vəsfi-hal söyləyər. Sonra həmin insanın ürəyində tutduğu niyyət ilə vəsfi-hal arasında bir uyğunluq axtarılar. Bununla da niyyət tutan insanın arzsusunun həyata keçib-keçməyəcəyi müəyyənləşdirilər. 


Növbəti bayram falı isə belədir: İki alma götürüb, ona xəlvəti bir işarə qoyulur. Ürəkdə niyyət edilir, sonra balaca uşağı almalardan birini götürməyə çağırarlar. İşarə qoyulan alma seçilərsə, onda arzu çin olar. 

Gənc və subay qızlar duzlu qoğal yeyərlər. Deyilənə görə, axşam yuxuda ona su verən gənc oğlan onun qisməti olarmış. 


Bayramınız mübarək! 

Mənbə: 
ANS PRESS

Həmçinin bax:
Novruz bayramı və çərşənbələr 

6 şərh

pascal
Mükəmməl bir ilaxır çərşənbəsi topiki. :)
Gələn günləriniz bayram şamları kimi al-əlvan olsun, ocaqlarınız gur yansın, sağlığınız sizi heç vaxt tərk etməsin. Neçə bundan da gözəl bayramlara çıxaq, inşallah!
_BUMERANQ_
Bayramın ən gözəl tərəfi bəzi adət-ənənələrdi. Məsələn fallar. Qızların bir yerə toplanması. Keçən il daha maraqlı idi, rəfiqələrimlə birlikdə idim bəlkə də ona görə.
BaRLeLiTa
Bayram abu-havası yaradan topik oldu nəhayət. Novruz gələndə hər il novruz fallarına böyük həvəsim yaranırdı, o həvəsin sayəsində demək olar ki, çoxsunu etmişəm (qulağ falı, düzlü kökə, üzük falı daha nələr nələr) nəticələridə nə yaxşı ki, həyata keçmiyib. Odur ki, fala inanma faldan da qalma :)
Bol ruzi bərəkətli, yaxınlarınızın ətrafında sevinc dolu bir bayram keçirməyi və ən əsası da mehriban olmağı arzu edirəm istifadəçilərimizə. Yaxın və qohumlarınızdan yalnız xoş xəbərlər alıb sevinəsiz, qəm qüssə sizlərdən uzaq olsun.
_BUMERANQ_
Amin. Arzulara mən də qoşuluram. Mən də elə də çox inanmıram, amma bu günə qədər qulaq falı səhv çıxıb deyən görməmişəm. 
Amma digərləri maraq üçün yaxşıdı. Duzlu kökə ilə bağlı çox əhvalatlar bilirəm (gülməli) məlumata görə əksəriyyətə su verilmiyib, bir qisim su verənin üzünü görmüyüb, digər qisim isə qonsuluqdakı ağsaqqalla dirəşib. (yəni ağsaqqal su verib, o isə götürməyib. :) 
Bu kimi əhvalatlardan sonra bu falı sınamaq fikrindən daşınmışam. 
BaRLeLiTa
Qulaq falına ilk dəfə çıxanda qapıya yaxınlaşan kimi elə gülüş səsləri eşidmişdim ki, gəl görəsən nəticəsi amma kədər dolu oldu, mən o qədər ümüdlü ikən xəyallarım puça çıxdı desəm yanılmaram :)
Duzlu kökəni yeyib yatan rəfiqəm yuxusun da indi ki, həyat yoldaşın görmüşdü, indi bunnan nə kimi nəticə çıxarmaq olar bilmirəm :) 
:)))) mən gördüyüm yuxunu çox gülməli sayırdım, sən demə mənim gördüyüm yuxu bu əhvalatların yanında heçnə imiş ki :) 
Cavid
İlaxır çərşənbəniz mübarək əziz və dəyərli dostlar