Yeni il bayramı

Yeni il Bayramı — ilin sonuncu günündən növbəti təqvim ilinə keçid ilə əlaqədər keçirilən ən populyar bayramdır. Dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Hər şeyin əvvəli olduğu kimi bu bayramın da öz tarixçəsi var. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir.

Yeni il nə vaxt olur?


Görəsən, planetimizdə neçə Yeni il bayramı var? Bu, heç də asan sual deyil.
Əvvəlcə, Yeni ili, ənənəvi olaraq, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qarşılayanlardan başlayaq: bunlar MDB məkanı ölkələri, Avstraliya, Şotlandiya, İtaliya, Avstriya, Yaponiya, Rumıniya, Kanada, ABŞ, Finlandiya və bir çox başqa ölkələrdir. Bunun ardınca Yeni il yanvarın 14-də Yunanıstana qonaq gəlir və Müqəddəs Vasili günü adlanır. Uşaqlar çəkmələrini səxavətli Vasilinin onların içinə hədiyyə qoyacağı ümidi ilə sobanın yanına qoyurlar və arzularına çatırlar.
Sonra Ay təqviminə uyğun Yeni il gəlir. Onun dəqiq tarixi yoxdur, çünki yazın ilk təzə Ayı (hilal) çıxanda qeyd olunur. Ay təqvimi ilə Yeni il bayramını Çində, Malayziyada, Vyetnamda, Sinqapurda, Koreyada, Monqolustanda və Asiyanın digər ölkələrində, habelə buddizmə sitayiş edənlər keçirirlər.
Müsəlmanların Hicri təqvimi ilə Yeni il birinci ayın ilk günü daxil olur. Bu tarix hər il dəyişir.

Sonra hər il gecə ilə gündüzün bərabərləşdiyi gün — martın 21-dən 22-nə keçən gecə qarşıladığımız sevimli Novruz bayramı gəlir. Novruz Əfqanıstan, İran və Pakistanda, Orta Asiya respublikalarında və ölkəmizdə qeyd olunur. Növbəti gün, martın 22-də Yeni il Hindistanı haqlayır. Qeyd etmək lazımdır ki, Hindistanda Yeni il kimi qeyd olunan səkkiz tarix var. Aprelin 1-də — zarafatlar və oyunlar günündə Yeni ili Odessada və Birmada qarşılayırlar. Aprelin 13-də Yeni il Şri-Lankaya və Nepala, 14-də isə Laosa gəlir. Mayya tayfaları Yeni ili iyulun 16-da qeyd edirdilər. Cibuti və Nigerdə Yeni ili avqust ayında, Suriyada sentyabrın 1-də, Efiopiyada sentyabrın 11-də,Qambiyada oktyabrın 7-də, Yəməndə noyabrın 18-də, Okeaniyada və Havay adalarında noyabrın ortalarında qarşılayırlar. Yəhudilər Yeni ili (Roş xa-Şana) Tişrey (sentyabr) ayının1-ci və 2-ci günü qeyd edirlər.
Oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Hellouin (Samayna) adı ilə məşhur olan kelt Yeni ilini Şotlandiya, İrlandiya və Men adasında qarşılayırlar.
Yeni ili nə vaxt bayram etmək başlıca şərt deyildir. Əsas odur ki, qarşıdan gələn hər Yeni il insanlara xoşbəxtlik bəxş etsin.

Yeni il bayramının tarixi


Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış. Həmin dövrə aid gil kitabələrdən biri üzərində yazılmış mətnə görə, bu bayramda “qul ağaya çevrilərmiş”. Yeri gəlmişkən, “Karnaval” sözü babil dilindən tərcümədə “gəmi-dəniz” deməkdir. Bu da Mərdükün Dəclədə üzməsilə bağlı ayinlərdən gələn ifadədir. Bayram günlərindən birində Mərdükün dəhşət ilahəsi, ilanbaşlı Tiamatla döyüşü səhnəsi canlandırılarmış. Nəticədə, əlbəttə ki, Mərdükün qalib gələrmiş. Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb.
Başqa bir mənbəyə görə, Qədim Şərqdə hələ İran dövlətinin yenicə yaranmağa başladığı dövrdə iranlıların artıq təqvimləri var imiş. Onlar bilirmişlər ki, ilin bir günü var ki, həmin gün ən qısa gündüz ən uzun gecəylə növbələşir. Və bu gündən sonra həyatverici Günəş səmada get-gedə daha çox bərq vurur, təbiət oyanmağa başlayır və həyat cansıxıcı qış – yəni ölüm üzərində qələbə çalır. Qədim hindlilər və farslar müasir təqvimlə dekabrın 22-nə təsadüf edən həmin günü “Günəş qapısı” adlandırarmışlar. Sonralar həmin gün Günəş Tanrısı Mitranın doğum günü kimi qeyd edilməyə başlayır. Möhtəşəm İran dövlətini diz çökdürən romalılar Mitranı da özününküləşdirirlər. Qədim Romada təqvim aylarındakı günlərin sayı müxtəlif idi. Hətta rüşvət verib onları dəyişdirmək də olardı. Lakin bir gün dəyişməz idi. Yeni il həmişə yanvarın 1-i gəlirdi və Mitranın doğum günü — İşığın Qaranlıq üzərində qələbəsi günü də bununla üst-üstə düşürdü.
Əsrlər keçdi. Roma dövləti rəsmi olaraq xristian dövləti kimi tanındı. Və məlum oldu ki, İsa Peyğəmbərin doğum günü də elə dekabrın son günlərinə təsadüf edir. Beləcə bu bayram həm yeni ilin gəlişini, həm həyatın ölüm üzərində qələbəsini, həm də Milad gününü özündə birləşdirmiş oldu.
Yanvar (latınca «Yanvarus») qədim Roma ilahisi Yanusun şərəfinə adlandırılmışdır.Qriqori təqvimində ilin 1-ci ayıdır. Qriqori təqvimi 1582-ci ildə qəbul edilmişdir. Rusiyada I Pyotrun fərmanına əsasən Yuli təqviminə keçilmişdir. Həmin fərmana görə yanvarın 1-i — İsa peyğəmbərin təvəllüd günü ilin əvvəli kimi qəbul edilmiş və XVIII əsr 1701-ci il yanvarın 1-dən başlanmışdır.
1918-ci ildə Sovet Rusiyası hökumətinin başçısı V.İ.Leninin imzaladığı dekretlə Qriqori təqvimi qəbul edilmişdir. Beləliklə, Qriqori və Yuli təqvimləri arasında XX əsrdə 13 günə bərabər olan fərq aradan qaldırılmışdır. 1918-ci il yanvarın 31-dən sonrakı gün fevralın 13-ü hesab edilmişdir. Azərbaycan Respublikasında illərin hesablanması üçün əvvəlki kimi, yenə Qriqori təqvimindən istifadə olunur. Buna müvafiq olaraq, yanvarın 1-i istirahət günü kimi qeyd edilir.
2006-cı ildən başlayaraq, yanvarın 1 və 2-si bayram günləri hesab edilir və iş günü olmayan istirahət günləri kimi qeyd olunur.

Yolka


Yeni il bayramını al-əlvan, bərli-bəzəkli şam ağacısız təsəvvür etmək qeyri-mümkündür. Əlbəttə, bu şam ağacı təbii küknar ağacından olsa və yarpaqları ətir saçsa daha gözəl olardı. Amma təbiəti qorumaq xatirinə süni şam ağacları ilədə da keçinmək olar. Bəs Yeni il bayramında yolka bəzəməyin mənası nədir? Çoxları şam ağacları bəzəmək ənənəsini də xristian diniylə əlaqələndirir. Əslində isə, həyat rəmzi olan şam ağacının bəzənməsi tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə əkin Allahının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər. Druidlər palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edirdilər. Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən Adəm və Həvva bayramının rəmzi idi.
Yeni ilin şam ağacı haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində küknar ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Yeni dünyaya — Amerikaya yolkanı burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ evin qarşısında bu mərasim keçirilir. Beləcə şam ağacı bütün dünyada məşhurlaşıb.

Santa Klaus və ya Şaxta baba


Cəmiyyətimizdə rus dilindən (Дед Мороз) tərcümə edilən Şaxta baba kimi tanınan şəxsin dünyanın müxtəlif ölkələrində fərqli adları var: Sant Nikolas, Nikolas of Mariya, Santa Klaus, Pere Noel, müqəddəs ata Kristmas bunlardan bəziləridir. Yeni İl Bayramını, qış bayramını körpələrin öz doğma babalarından belə çox sevdikləri Şaxta babasız təsəvvür etmək mümkün deyil. Saç-saqqalı tamam ağ, başında qardan papaq olan bu mehriban qocanı dünyanın müxtəlif yerlərində müxtəlif cür adlandırsalar da, bu adlardan ən çox populyar olanı Santa-Klausdur.
Bu obrazın yaranma tarixi əsrlərin dərinliyinə gedib çıxır və onunla bağlı ta qədimdən bəri yaranan əfsanə və rəvayətlər zaman keçdikcə dəyişikliklərə uğrayaraq şəkildən şəklə düşüb. Hazırda dünyada qeyd olunan “Yeni il” bayramının bir çox ənənələri Miladdan qaynaqlandığı üçün Şaxta baba-Santa Klaus obrazının əsli də xristian dünyasında axtarılır.
Bugünkü Türkiyə Cümhuriyyətinin Muğla(Demre) vilayətinin Patara şəhərində Santa Klaus kilsəsi mövcuddur. Patara antik dövrdə mövcüd olmuş Hiziya dövlətinin şəhərlərindən biridir. Nikolas adlı bu keşiş 3-cü əsrin axırlarında Patara şəhərində varlı tacir ailəsində anadan olmuşdur. Orta yaşlarında rahib Nikolas Patara şəhərinin baş keşişi seçilmişdi. Əfsanəyə görə həmin şəhərdə kasıb bir kişinin 3 qızı vardı. Bu qızlar cehiz üçün pul tapa bilmirdilər. Keşiş Nikolas bundan xəbər tutub bir gecə gizlincə bu qızların evinə gəlir. Pəncərədən və bacadan evə qızlar üçün pul kisəsi atır. Qızların cehiz pulu düzəlir. O gündən xristianlar maddi problemi olanlara müqəddəs Nikolasın kömək edəcəyinə inanırlar. Keşiş Nikolas öləndən sonra onun qəbri milyonlar ümid yeri olmuşdur. Nikolas 343-cü ildə 65 yaşında vəfat etmişdir.1087-ci ildə müsəlman türklər Patara və Mura şəhərlərini fəth etmişdilər. Bundan sonra xristian tacirlər bir gecə gizlicə keşiş Nikolasın qəbrini açmış, sümüklərini oğurlayaraq, Bari adasına aparmışdılar.
Xristian dünyasında Şaxta baba Müqəddəs Nikolay kimi tanınır. Provaslav kilsəsi Müqəddəs Nikolayı səyahətçilərin himayədarı hesab edir. Katoliklər isə onu kasıblara və uşaqlara yardım edən müqəddəs hesab edirlər. Müqəddəs Nikolay sonralar Mərkəzi və Şimali Almaniyada Weinachtsmann (alman dilində Weinachten — milad, mann isə kişi deməkdir), İngiltərədə isə Father Christmams – Miladın Atası adlandırılıb. Avropalı mühacirlərlə Birləşmiş Ştatlaradək gedib çıxan Müqəddəs Nikolay burada artıq Santa Klausa çevrilib. Şimali Amerika ədəbiyyatında və təsviri sənətində Santa Klaus öz ağ saqqalı, qırmızı kürküylə 8 maral qoşulmuş arabasında milad gecəsi peyda olaraq sobaların borusundan evlərə daxil olur və sobanın yanından asılmış corabların içinə uşaqlar üçün hədiyyələr qoyur.
Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır. Avropa ölkəsi olan Fransada Şaxta baba Per Noel — yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər. Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar.

Yeni il mesajları


  • Hər yeni il bir başqa gözəl… 20… yeni il sizlərə həyatınız boyunca unuda bilməyəcəyik gözəlliklər yaşatsın. Yeni iliniz mübarək olsun!!!
  • Hər kəs bir başqasına kömək etsəydi, hər kəsin işi edilmiş olar. Yeni il paylaşmalarımızın ili olsun. Xoşbəxtlik, sağlamlıq və sevinclər gətirsin. Xoşbəxt illər diləyirəm.
  • Heç səhv etməyən insan ümumiyyətlə heç bir şey edə bilməz. 20..-cu ildə səhvlərimizin az, müvəffəqiyyətlərimizin davamlı olması diləyiylə xoşbəxt illər..
  • Sahib olduqlarımızla yaşamağı öyrənmək bir müddət, bir iştirak, yəni həyatımızın yoğurulmasıdır. Gələcək illər varlığımızı zənginləşdirəcək. Yeni il ilk addım… Nə qədər illər, xoşbəxt illər.
  • Gül üçün tikana razı olarsınızmı, yoxsa tikanı da gülü də rəddmi edərsiniz? Yeni illərdə güllərlə dolu günlərin tikanları sizi düşmənləri qoruyan çırtlayar olsun. Xoşbəxt İllər!!
  • Harada həyat varsa, orada ümid də vardır. Yeni ildə bütün ümidlər və müvəffəqiyyətlər səninlə olsun. Xoşbəxt İllər diləyirəm.
  • Zamanı edə bilməyəcəyimizi şeyləri istəməklə keçirdiyimiz deyilər. Halbuki gücümüz bütün zamanları məcbur edər. Yetər ki özümüzə və dostlarımızın gücünə inanaq. Yeni ildə inancımızı gücləndirməmiz və xoşbəxt olmamız diləklərimlə..
  • Dünyanı dəyişdirmək istəsən ürəyinə inan, dostlarına güvən, sevginə sarıl… Yeni il sənin müvəffəqiyyətlərinin açarıyla bütün qapıları açacaq… Xoşbəxt İllər!!
  • İnsan, hədiyyəsini ürəyi ilə birlikdə verməzsə nə dəyəri vardır. Yeni illər Tanrının bizlərə verdiyi hədiyyədir. Ən xoşbəxt günlər səninlə olsun… Hədiyyəsinlə ucal..
  • Ən pis günümüz heç gülmədiyimiz gündür. Yeni ilin dolu dolu və geniş ən səmimi gülümsəmələrə açılması diləyiylə xoşbəxt illər..
  • Yeni il bizlərə müqəddəs olsun… Yeni il sizlərə də müqəddəs olsun… Sağlamlıq, müvəffəqiyyət və xoşbəxtlik dolu olsun.
  • .-cu ildə də heç ümidsiz qalmamağın və xəyallarına qovuşmağın diləyimlə. Yaxşı və sağlam illər!
  • Qardaşlığın doğulduğu, sevgilərin birləşdiyi, bəlkə durğun, bəlkə yorğun, yenə də xoşbəxt, yenə də ümidli, yenə də sevgi dolu nə qədər illərə!
 

4 şərh

burla xatun
Novruz bayramı və Yeni il. Nə yaxşı ki bu bayramlar var.
Zeynal
Mən bildiyimə görə Yeni il müsəlmanların bayramı deyil.Niyə millətimiz bu bayramı böyük coşğu ilə qeyd edir?
bahar

Bu bayramlar olmasa,insanlar bir-birlərinə qarşı daha soyuq və mərhəmətsiz olarlar.


Doğurdanda,«nə yaxşı ki, bu bayramlar var»

Sadeadam
He eziz müselmanlar indi yadınıza düşdü müselmanlıq belke burda yazanların çoxu harama el atanlardir o hansi ki yeni ili haram buyuram erebistan alimi yuxusunda peygemberi gördüyünü iddiya edir ve peyğemberin adi ile çirkin emellerini reallaşdıran o yeni ili qadağan eden bezi müselman dövletleri o hansi ki silah alveri narkotik alveri edenler he?? Besdirin cahillik etmeyin pullu memurlari hergün bahalı içkiler içib qadınlarla kef eden müselman devletleri he cahillik etmeyin